Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun anım günüdür

image

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.  1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər  "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

 İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

1983-cü ildən AYB-nin üzvü olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin  sədri seçilib.1994-cü ildən ölənə qədər Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub. 1995–2005-ci illərdə Milli Məclisin deputatı olub.

Rəsmi nümayəndə heyətinin tərkibində 1995–2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞ-da, İsveçdə, İsveçrədə, Qırğızstanda, Türkiyədə, Fransada və İraqda  işgüzar səfərlərdə olub.

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmağlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

Zəlimxan Yaqub Məmməd Araz mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H,Z. Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib.

2005-ci ildə  "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.

2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.

2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir.

Zəlimxan Yaqubun görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf etdiyi "Əbədiyyət dastanı" poeması haqqında şair-publisist Əli Rza Xələfli  "Ölməzlik nəğməsi" ("Vətən" nəşriyyatı, 2013) adlı kitab yazmış və nəfis tərtibatda çap etdirmişdir.

2016-cı ildə Xalq şairi Xəlil Rza Ulutürkün "Əbədi Prometey" adlı kitabı nəşr olunmuşdur. Kitabı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu nəşrə hazırlamış və "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla çap olunmuşdur. Kitabda, Zəlimxan Yaqubu "Əbədi Prometey, əbədi Səməndər quşu" adlandıran, onu "şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı" hesab edən, hələ 30 il bundan əvvəl "Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur", — deyən X.R.Ulutürkün Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi məqalələri, vaxtilə gündəliyində onunla bağlı etdiyi qeydlər toplanıb.

Zəlimxan Yaqub 9 yanvar 2016-cı ildə böyrək çatışmağlığından vəfat edib. Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

 

Soydas.az

Paylaş:

Xəbər lenti