İran Gürcüstanda soydaşlarımıza necə təsir göstərir?

 

image

Marneulidəki İmam Əli məscidində ötən həftə keçirilən cümə axşamı xütbəsi İran İslam Respublikasının Ali dini lideri ayətullah Əli Xamenei və onun rəhbərliyi mövzusuna həsr olunub. Xütbəni məscidin axundu Hacı Hacıyev oxuyub və zalda toplaşanların bir qismi nümayişkaranə şəkildə məsciddə Xameneinin plakatlarını qaldırıb.

Xütbə zamanı həmçinin Fələstin və Qəzza məsələlərinə toxunularaq, günahsız insanlara qarşı edilən zorakılıqlara etiraz və məzlumların müdafiəsi çağırışı səsləndirilib. İmam Əli məscidi yalnız dini ibadət məkanı deyil, eyni zamanda bölgədəki azərbaycanlı müsəlman icmasının tarixi, mədəni və ictimai həyatının mərkəzi kimi çıxış edir və XVIII əsrdən bu günə qədər bölgənin əsas dini məkanlarından biri kimi fəaliyyət göstərir. 

Bəs ibadət yeri olan məsciddə soydaşlarımızın İran dini liderinin portretlərini qaldırması, məsciddə bu cür siyasət yürüdülməsi nə anlama gəlir? Bu hadisə İranın bölgədə soydaşlarımız arasında ciddi təsirlərinə eyham ola bilərmi?  

Məsələ ilə bağlı Gürcüstanda fəaliyyət göstərən “Yurd” Ağsaqqallar Birliyinin sədri Fazil Əliyev Crossmedia.az-a bildirib ki, son dövrlərdə bölgədə müşahidə olunan proseslər göstərir ki, İran müəyyən dini şəbəkələr və ideoloji təsir mexanizmləri vasitəsilə Gürcüstandakı Azərbaycan cəmiyyətinə nüfuz etməyə cəhd göstərir.

 “Bu fəaliyyətlər əsasən dini sektorlar və radikal qruplar üzərindən həyata keçirilir və məqsəd ictimai rəyə təsir göstərmək, dövlət institutlarına qarşı etimadsızlıq yaratmaqdır.

Xüsusilə qeyd etmək lazımdır ki, bu proseslər təkcə ideoloji deyil, eyni zamanda siyasi xarakter daşıyır. İran müxtəlif vasitələrlə – dini təbliğat, maliyyə dəstəyi və təşkilatlanma yolu ilə – bölgədə öz təsir dairəsini genişləndirməyə çalışır. Bu fəaliyyətlər bir tərəfdən dini motiv kimi təqdim olunsa da, əslində geosiyasi maraqlara xidmət edir.

Gürcüstanda Azərbaycan icması arasında bu cür təsirlərin yayılması ciddi təhlükə mənbəyidir. Xalqın dini hisslərindən sui-istifadə edərək, radikal ideyaların təşviqi dövlətin milli təhlükəsizliyi üçün də risk yaradır. Buna görə də bu sahədə preventiv tədbirlərin gücləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və ictimai nəzarətin artırılması vacibdir”.

Fazil Əliyev qeyd edib ki, bəzi xarici qüvvələr, xüsusilə, Ermənistanla əlaqəli dairələr də bu proseslərdən istifadə edərək, Azərbaycana qarşı informasiya və psixoloji təsir kampaniyaları aparırlar. 

“Bəzən cəmi 10–15 nəfərlik bir qrup minlərlə insanın dəstəyi varmış kimi təqdim olunur. Bu isə süni ictimai rəy formalaşdırmaq cəhdi kimi qiymətləndirilməlidir. Təəssüf ki, əksər hallarda biz bu cür kampaniyalara adekvat cavab verə bilmirik. Halbuki, güclü təşkilatlanma və koordinasiya ilə həm milli maraqların müdafiəsi, həm də beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması mümkündür.

Nəticə etibarilə, din pərdəsi altında həyata keçirilən bu cür təsir mexanizmləri regionda sabitliyi pozmağa yönəlmiş strateji fəaliyyətlərdir. Hesab edirəm ki, Azərbaycan da bu təhlükələrə qarşı həm daxili, həm də beynəlxalq müstəvidə sistemli və ardıcıl siyasət yürütməlidir".

Məsələ ilə bağlı “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı Crossmedia.az-a bildirib ki, təşviq edilən və süni şəkildə yönləndirilən bu cür aksiyalar xüsusilə azərbaycanlıların kompakt yaşadığı rayonlarda baş verdikdə daha ciddi narahatlıq doğurur.

“Belə hadisələrin məhz soydaşlarımız yaşayan ərazilərdə baş verməsi təsadüfi deyil və cəmiyyət üçün qəbuledilməz haldır. Son illər ərzində Gürcüstan ərazisində, xüsusilə də Marneuli rayonu və ətraf bölgələrdə müəyyən dini təsir mexanizmlərinin sistemli şəkildə həyata keçirildiyini müşahidə etmək mümkündür. Bu proseslər əsasən məqsədli dini təlimlər, ideoloji yönümlü maarifləndirmə fəaliyyəti və xarici mənbələr tərəfindən maliyyələşdirilən təşəbbüslər vasitəsilə aparılmışdır.

Məlum faktlara əsasən, Marneuli və digər regionlarda kəndlərin sosial-mədəni həyatına təsir göstərmək məqsədilə müxtəlif proqramlar icra olunmuş, bəzi gənclərin, xüsusilə İranın dini yönümlü təhsil müəssisələrində oxuması təşviq edilmişdir. Bu addımlar uzunmüddətli strategiyanın tərkib hissəsi kimi həyata keçirilmiş və regionda ideoloji təsir imkanlarını genişləndirməyə xidmət etmişdir”.

K.Ramazanlı qeyd edib ki, İranla əlaqəli müəyyən dini qrupların maraqları çərçivəsində ideoloji məzmunlu dini ədəbiyyatların Gürcüstan ərazisində çap olunması və yayılması faktları da mövcuddur. 

“Bu nəşrlər vasitəsilə müxtəlif dini-siyasi mesajların cəmiyyətə ötürülməsi və təsir dairəsinin genişləndirilməsi məqsədi güdülmüşdür.

Bütün bu amillər göstərir ki, sözügedən fəaliyyətlər tək-tək təşəbbüslər deyil, uzun illər ərzində mərhələli şəkildə həyata keçirilmiş sistemli bir prosesdir və bu məsələ ictimai və dövlət səviyyəsində ciddi şəkildə diqqət mərkəzində saxlanılmalıdır”.

K.Ramazanlı qeyd edib ki, cümə günü keçirilmiş tədbirdə Xamneyinin şəkillərinin və İran simvollarının qaldırılması guya “müsəlmanlara dəstək” aksiyası kimi təqdim edilsə də, əslində bu, dini yox, siyasi və ideoloji xarakter daşıyır.

“Dünyagörüşü geniş, təhsilli bir insan bu cür davranışı dinlə əlaqələndirməz. Müsəlmanlıq siyasi simvollarla ölçülmür. Təəssüf ki, bəzi hallarda bu aksiyalara cəlb olunan şəxslər, ya kifayət qədər dini və dünyəvi təhsilə malik deyillər, ya da məqsədli şəkildə yanlış istiqamətə yönləndirilirlər. Bu isə vəziyyəti daha da faciəvi edir.

Məlumdur ki, İran daxilində müəyyən dairələr uzun illərdir dini pərdə altında regionlarda təsir mexanizmləri qurur, həm maddi, həm də mənəvi dəstək vasitəsilə radikal qrupları formalaşdırır. Bu fəaliyyətlər İslamın mahiyyətinə zidd olmaqla yanaşı, cəmiyyət daxilində sünni-şiə ayrı-seçkiliyini körükləyir. Halbuki İslamda belə bölücülük yoxdur. Müsəlman müsəlmandır. Dini kimlik heç bir halda siyasi məqsədlər üçün alətə çevrilməməlidir". 

Birlik sədri həmçinin daha təhlükəli məqamın isə bəzi radikal qrupların artıq açıq şəkildə anti-Azərbaycan mövqeyi sərgiləməsi olduğunu qeyd edib:

"Bu, təkcə dövlətimiz üçün deyil, xaricdə yaşayan milyonlarla soydaşımız üçün təhlükəli bir tendensiyadır. Azərbaycan dövləti dünyada yaşayan bütün soydaşlarının – təxminən 50 milyon azərbaycanlının – hüquqlarının qorunması, dilimizin və milli kimliyimizin yaşadılması istiqamətində ardıcıl siyasət yürüdür. Bu baxımdan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı da regional sabitlik üçün mühüm əhəmiyyət daşıyır.

Məhz buna görə İranın müəyyən qruplarının həmin ərazilərdə radikal şəbəkələr formalaşdırması, yerli azərbaycanlılardan istifadə edərək, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq cəhdləri yalnız iki dövlət arasında münasibətləri pozmağa deyil, bütövlükdə regionda sabitliyi sarsıtmağa xidmət edir". 

Elmir Heydərli

 

Soydas.az

Paylaş:

Xəbər lenti