Gürcüstanda bu tələbələrin bakalavr təhsili dövlət hesabına olacaq

image

Gürcüstanda 2025–2026-cı tədris ilində dövlət universitetlərinin gürcü dili üzrə birillik hazırlıq proqramında təhsil alan, lakin dövlət təhsil qrantı qazanmayan tələbələrin bakalavr təhsili 2026–2027-ci tədris ilindən dövlət hesabına maliyyələşdiriləcək.

Soydas.az xəbər verir ki, bu barədə "Maarif" təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva sosial şəbəkə hesabında məlumat verib.

A. İsayevanın sözlərinə görə, o, bu ilin yanvar ayından etibarən 2025–2026-cı tədris ilində gürcü dili üzrə birillik hazırlıq proqramında təhsil alan, lakin dövlət təhsil qrantı almayan tələbələrin bakalavr pilləsində təhsillərini dövlət hesabına davam etdirə bilmələri üçün Gürcüstanın Təhsil Nazirliyinə və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət edib.

O bildirib ki, məsələ ilə bağlı əvvəlcə şifahi məlumat alsa da, artıq Gürcüstanın Təhsil Nazirliyindən rəsmi yazılı cavab da təqdim olunub.

Nazirliyin cavab məktubunda qeyd olunur ki, 2025–2026-cı tədris ilində dövlət universitetlərinin gürcü dili üzrə birillik hazırlıq proqramına qəbul olunmuş, Gürcüstan vətəndaşı olan azərbaycanlı tələbələr 2026–2027-ci tədris ilində bakalavr pilləsində təhsillərini davam etdirəcəkləri təqdirdə, 30 iyul 2026-cı il tarixli 359 nömrəli qərarla müəyyən edilmiş şərtlər nəzərə alınmaqla, onların təhsil haqqı dövlət tərəfindən tam maliyyələşdiriləcək.

Aygül İsayeva əlavə edib ki, bu ildən etibarən gürcü dili üzrə birillik hazırlıq proqramında təhsil də dövlət hesabına, yəni ödənişsiz olacaq.

Bundan başqa, onun sözlərinə görə, Gürcüstan Ombudsman Aparatı müraciətinə cavab olaraq bildirib ki, cari ildə gürcü dili üzrə birillik hazırlıq proqramına qəbul olunacaq azərbaycanlı abituriyentlər üçün 1202 yer ayrılıb.

Sonda Aygül İsayeva həm bakalavr pilləsində, həm də gürcü dili üzrə birillik hazırlıq proqramında təhsilə başlayacaq gəncləri təbrik edərək, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Soydas.az

Paylaş:

Xəbər lenti