İnsanın qaranlıq labirinti: Dostoyevskinin “Yoxsul insanları”
İnsanın qaranlıq labirinti: Dostoyevskinin “Yoxsul insanları”
“Yoxsul insanlar” Dostoyevskinin ilk romanıdır. Hətta rus ədəbiyyatında toplumdan danışan ilk roman sayıla bilər. Dövrün məşhur tənqidçisi Belinski kitabla tanış olduqdan sonra Dostoyevskini “yeni Qoqol” adlandırmışdır.
Əsər iki nəfər arasındakı(Makar Devuşkin və Varvara Alekseyevna) məktublaşmadan ibarət olsa da, bu məktublar içində başqa insanlara da yer verilir. Hər ikisi təkcə öz talelərindən yox, başqa həyatlar və başqa talelərdən də danışırlar. Bu talelər bizə bir məktub qədər yaxın olur, amma daşıdığı məna bir həyat qədər də ağırdır.
Press enter or click to view image in full size
Əsərdə toplumun vəziyyəti incəliklə təsvir edilib. Deyərdim ki, ədəbiyyatda ağır həyat şərtlərini, səfilliyi, səfaləti, kasıblığı Dostoyevski qədər yaxşı izah edə bilən az adam vardır. Onun romanlarında hər insan öz qaranlığının labirintində özünü axtarır. Çünki insanın ən çılpaq halı bu labirintdə ortaya çıxır.
Təsvir edilən toplumda sosial rifah yıxılıb, ədalətsizlik pik həddə çatıb. Yoxsulluq hər ikisini təkliyə və səfalətə sürükləsə də, dünyaya sorğulayan bir pəncərədən baxmağa da vadar edib. Çünki yalnızlıq insanın öz səsini ilk dəfə eşitdiyi yerdir.
Belə durumlarda insanın içində yaxşılıqla pisliyi, mərhəmətlə laqeydliyi, utanma ilə vecsizliyi ayıran incə xətt bulanıqlaşır. Elə insanın “əsl özü” də həmin bulanıqlığın içində gizlidir. Məktublarda isə bu bulanıqlığa işıq tutulur.
Makar Devuşkin həyatını Varvaraya həsr etmişdir. Onun sevinci ilə sevinir, dərdi ilə dərdlənir. Onun üçün maddi və mənəvi əlindən nə gəlirsə edir, özündən çox onu düşünür. Halbuki Devuşkin özü güc-bəla dolanır. Yaşadığı yerin vəziyyətini belə təsvir edir: ”Bizdə yalançı bülbüllər də sağ qalmır. Miçman beşincisini alıb- bu havada tələf olurlar, neyləmək olar?” Buna baxmayaraq, qazandığı çox az pulu belə Varvara üçün xərcləyir, onun üçün heç bir sıxıntıya girməkdən çəkinmir. Özü 1 rubl belə tapmaqda çətinlik çəkdiyi halda, Varvaraya pul göndərmək üçün borc almaqdan da geri durmur. Sevgi nədir? Bəlkə də elə budur: bir başqasının ehtiyaclarını öz ehtiyaclarının önünə qoymaq. Varvara əvvəl bu vəziyyətdən narahatlığını dilə gətirsə də, durumu o qədər ağırdır ki, zamanla bunu qəbul edir- bəlkə də buna alışır.

Devuşkin Varvaraya böyük bir sevgi ilə bağlıdır, lakin ona sadiq bir dost kimi yanaşır. “Saç-saqqal ağarıb, bu yaşlı vaxtımda eşqə düşmək, eyhamlarla danışmaq mənə yaraşmaz…” Sevgisini həmişə gizlədir və Varvaraya “əzizim”, “canım” kimi sevgi yüklü xitablardan sonra “dostum” deyə səslənir.
Bəs bu həqiqətən sevgidirmi? Ehtiyac içində olan Varvaraya pul göndərməsi “saf sevgidənmi” qaynaqlanır, yoxsa borclu hiss etdirərək asılı vəziyyətdə saxlamaq istəyindənmi?

Hətta məktubların birində “Bəs mən burada tək necə qalacağam?” deyə yazaraq, sevgidən çox asılılıq yaradan bir mənəvi təzyiqə də əl atır.
İlk məktub 8 aprel tarixinə aiddir və “Dünən xoşbəxt idim, çox xoşbəxt idim, xoşbəxtliyimin həddi-hüdudu yox idi!” cümləsi ilə başlayır. Xınaçiçəyi, günəşin işıltısı, quşların cikkildəşməsi, yazın ətrinin xüsusi vurğulandığı bu ilk məktub, bahar əhval-ruhiyyəsində yazılmışdır. Əslində bu qarşıdan gələn çöküşün də xəbərçisidir. Çünki Dostoyevski yaradıcılığında yaxşı əhval-ruhiyyə nə qədər vurğulansa da, bu əksərən qarşıdakı çöküşün ayaq izləridir.
Toplumda sosial statusa verilən hədsiz əhəmiyyət, əsər boyunca Varvara və Devuşkin kimi kasıb insanlara işgəncə verir. Devuşkin çatdıra bilməməsinə baxmayaraq çəkmə və palto almağa məcburdur. Statusu üçün bu vacibdir. Hətta “Bilirsiniz, əzizim, çay içməsən, olmur, adam utanır; buradakılar varlı-hallı adamlardır, onlardan ayıbdır.” deyərək bu durumu açıq təsvir edir. Artıq o və onun kimilər üçün kasıblıq utanc vericidir. Başqa bir məktubda “Mənim üçün fərqi yoxdur, şaxtalı havada şinelsiz, çəkməsiz də gəzə bilərəm; hər şeyə dözərəm, hər çətinliyə tab gətirərəm. Amma insanlar nə deyəcək? Məni narahat edən budur.”
Çayı, çəkməsi, paltosu yoxdur, amma onu narahat edən soyuq deyil, onu içdən-içə yeyib-bitirən “insanlar nə deyər?” sualıdır.
Makar Devuşkin bütün bu bədbəxtliklər qarşısında xəyal dünyasına qaçaraq orada rahatlıq tapır və “xoşbəxt” olur. “Bu gün xeyli xoş xəyallara daldım, bütün xəyallarımda siz vardınız, Varenka!.. Varenka, fikirləşdim ki, başı dərddən açılmayan, narahat ömür sürən bizlər səmada süzən quşların qayğısız və məsum xoşbəxtliyinə qibtə etməliyik.”
Yoxsul insanlar həyatlarını yoxsul bir mühitdə və əlverişsiz şəraitdə davam etdirirlər. Ətraflarında özləri kimi çətin şərtlərdə həyatda qalmağa çalışan insanlar olur. Bu baxımdan əsərdə diqqət çəkən bir neçə obraz vardır. Məsələn, yoldaşı və üç uşağını yaşatmaq üçün mübarizə aparan köhnə məmur Qorşkov belə təsvir edilir: “O qədər zəif, cansız adamdır ki! Dizləri əsir, əlləri əsir, başı əsir…”
Adamın kiçik oğlu yoluxucu xəstəlikdən vəfat edib. Devuşkin baş çəkməyə gedir. Ailənin ağır vəziyyəti qarşısında Devuşkini “Ana ağlamırdı, yazıq eləcə dərdli oturmuşdu. Bəlkə də, uşaqlardan birinin yükündən azad olduqları üçün bir qədər yüngülləşmişdilər.” deməyə məcbur edən kasıblıq, həyatın müqəddəsliyini belə süquta uğratmışdır. Çünki yoxluq ən amansız qatil, onun caynağına düşmüş insan isə ən çarəsiz qurbandır.
Bu hekayə ilə Dostoyevski səfalət mühasirəsində olan insanların çarəsizliyini, ümidsizliyini və ölümlə hər an üz-üzə olmaqlarını açıq şəkildə qabağımıza qoymuşdur.
Sevdiyin və ya doğma birinin əzab çəkdiyini görüb ona kömək edə bilməmək isə yalnız yoxsulluğun deyil, insan acizliyinin yaratdığı ən dərin ağrılardandır.

Yoxsulluq təkcə maddi ehtiyyaclarla məhdudlaşmır. İnsan üçün zəruri olan sosial ehtiyaclar da əlçatmaz olur. Bu hal Varvaranın məktubunda da öz əksini tapır: “Məni özünüzlə teatra aparmaq istəyirsiniz; baha çıxmazmı? Qalereyaya-filana getsək, yaxşı olmazmı? Çoxdandır teatra getmirəm, doğrusu, heç yadıma da gəlmir haçandan. Qorxuram bu həngamə baha başa gələ.”
Göründüyü kimi, hər ikisi sosial və mədəni imkanlardan da çox uzaq düşüblər. Yoxsulluğun caynağında çırpınan bu insanlar üçün artıq hər şey lüksə çevrilmişdir.
Yoxsul insanlar toplumun böyük bir qismi tərəfindən daim narahatedici, hətta təhlükəli olaraq görülürlər. Çünki, bir çoxumuz bunun “bulaşıcı” olduğunu düşünürük. Ona görə də daim təcrid edilmə durumu müşahidə edilir. Bu baxımdan biz roman boyunca yadlaşmanın, ekzistensializmin izlərini görürük. Dostoyevski bu təcridi izah etmir, onu göstərir; cəmiyyətin kasıba münasibəti ən açıq şəkildə Devuşkinin Qoroxovayada şahid olduğu səhnədə üzə çıxır: “Adamlar keçib gedir, hamı tələsir. Elə bil ürəkləri daşdandır, oğlanı acılayırlar: “Rədd ol! Itil burdan! Keçməz!” Bu sözləri eşitdikcə uşağın ürəyi qırılır; gözünün odu alınmış yazıq uşaq yuvasından düşmüş quşcuğaz kimi soyuqda titrəyir. Soyuqdan əli, ayağı göyərir, nəfəsi tutulur. Bir də baxırsan ki, öskürməyə başlayıb. Sonra xəstəlik tapır, mərəz murdar həşərat kimi içini gəmirməyə başlayır, çox keçmir, hansısa üfunətli bir tində ölüm başının üstünü alır; köməksiz, çarəsiz. Bu da onun həyatı! Həyatın bu tərəfləri də var!”

Bu təcridə görə, insanlar cəmiyyət həyatı ilə bütünləşə, toplumla sosial bağlar qura bilmir. Devuşkin də insanlar tərəfindən “yox” sayılır. Bu barədə məktublardan birində belə yazır: “Sizə etiraf edim ki, Varenka, olduqca pis vəziyyətdəyəm, heç vaxt belə pis vəziyyətdə olmamışdım. Sahibəm mənə nifrət eləyir, məni saya salan yoxdur; kasıblıq, borclar… İşdə məmur yoldaşlarım əvvəllər də göz verib işıq vermirdilər, indi isə, anam, lap ağını çıxarıblar. Mən açıb-ağartmıram, hamıdan hər şeyi gizlədirəm, özüm də gözə dəyməməyə çalışıram...”
Bu etiraf yoxsulluğun yalnız cibdə deyil, insanın baxışlarında, duruşunda və varlığında necə dərin iz buraxdığını göstərir.

Devuşkin heç kimdən sevgi görmür, təcrid edilir. İşə gedib-gəlməkdən başqa heç bir məşğuliyyəti olmayan bu adam üçün bəlkə də ölsə üzüləcək heç kim yoxdur.
Qorşkov bir dəfə Devuşkindən kömək istəyir. Məktubda bu belə təsvir edilir: “Vur-tut iyirmi qəpiyim vardı, ertəsi gün ən zəruri ehtiyaclarım üçün saxlamışdım. “Yox, əzizim, verə bilmərəm”,- dedim. “Atam, Makar Alekseyeviç,- dedi,- ümidim sizədir, heç olmasa, on qəpik verin”. Əlacım kəsildi, anam, siyirtmədən iyirmi qəpiyi götürüb ona verdim. Necə olmasa da, xeyir, əməldir! Yoxsulluq ağır dərddir.”
Özü çox ağır vəziyyətdə olsa belə başqa birinə qayğı göstərə bilir. Devuşkin bütün problemlərə baxmayaraq, başqalarına kömək edə biləcək qədər ləyaqətli bir duruş ortaya qoya bilir. Bəlkə də Dostoyevski özü haqqında “kiçik adam”- deyən Devuşkinin içindən “böyük bir insan” çıxarmağa çalışmışdır.
Varvara xəstə və yoxsul durumda yaşayır. Xırda işlərlə məşğul olsa da, nə edirsə etsin, yoxsulluğun əlindən yaxa qurtara bilmir. Devuşkinin yardımları ilə ayaqda qalmağa çalışır. Bütün məktublarında ümidsizlik və ölüm qorxusu hiss edilir. Artıq düşdüyü durumu dəyişdirəcək gücü də qalmayıb. Bu cür ümidsizliklə üz-üzə qalan insanlar çox vaxt möcüzəyə ümid edirlər; Varvara da Bıkovla evlənməyi bir çarə, bir xilas yolu kimi görür.
Məktublaşmalar boyunca Varvara tərəfdə bir sevgi yox, daha çox münasibəti qoruyub saxlama və ehtiyacdan doğan asılılıq sezilir. Çünki həm təkdir, həm də yoxsuldur. Buna görə də Devuşkinə ehtiyacı var. Hətta bəzən(xüsusən xəstə olduğu vaxtlarda) şəfqət göstərməsi üçün Devuşkini evə dəvət edir və beləcə araya soyuqluq düşməsinin də qarşısını alır. Ara-sıra görüşmələrinə baxmayaraq, Varvaranın evlilik qərarını Devuşkin yenə məktubla öyrənir. Hətta toy üçün görülməli işlərin arxasınca da Devuşkini göndərir. Bıkov Devuşkinin varlığından xəbərdardır və etdiyi “yaxşılıqlara təşəkkür kimi” Varvaraya, Devuşkinə çatdırmaq üçün 500 rubl verir. Lakin bu pulun Devuşkinə verilib-verilmədiyini barədə məlumat ala bilmirik. Sonda isə Varvara Devuşkinlə normal sağollaşmadan gedir, üstəlik məktubları da özü ilə aparmır. Beləcə, əsər boyunca Varvara tərəfdə sevgidən çox, duyğu istismarı və birtərəfli fədakarlıq ön plana çıxır.

Bütün bu insanlar romanın adını daşıyan “yoxsul insanlar” sinfini təşkil edir. Yaşadıqları yoxsulluq və səfalət qarşısında ayaqda durmaqda çətinlik çəkən, cəmiyyətlə ayaqlaşa bilməyən, gələcəyə dair heç bir ümidi olmayan bu insanlar tədricən topluma, hətta özlərinə belə yadlaşırlar.
Biz isə yadlaşma dünyasında toplumdan qaçan, lakin özündən qaça bilməyən bu insanların qaranlıq otaqlarında bitməyən monoloqlara, daxili hesablaşmalara, ruhların bulanıqlığına mikroskop altında baxdıq.
Natiq Məmişov
Soydas.az