Allahverdi Təkləli - 70: Bir ömürlük mədəniyyət missiyası

image

M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuduğumuz vaxtlarda Allahverdi Təkləlini öz aramızda "Kaqan" çağırırdıq. Hansı şəraitdə, necə yaranmışdı, bilmirəm (çox güman rəhmətlik Şaiq Vəlidən qaynaqlanırdı), amma bu ayama onun ruhuna, duruşuna elə oturdu ki, indi, illər ötəndən sonra da, az qala bütün cameə onu məhz belə tanıyır.

Bu müraciət sadəcə bir tələbə zarafatı deyildi; bu, Allahverdinin hələ o illərdə özündə daşıdığı, hər kəsə hiss etdirdiyi qədim və sarsılmaz qarapapaq vüqarının, sufi müdrikliyinin, söz üzərindəki mənəvi hakimiyyətinin adı idi.

Borçalı mahalı tarix boyu Azərbaycan mədəniyyətinə ustad şairlər, söz sərrafları bəxş edib. Bu qədim və zəngin ədəbi mühitin müasir dövrdə ən ləyaqətli davamçılarından biri o məkanın sakral yükünü öz çiyinlərində daşıyan, adı Tiflisin ədəbi mənzərəsi ilə bütövləşən şair Allahverdi Təkləlidir.

Allahverdinin dili əcdadların yaddaşından süzülüb gələn elat enerjisi ilə doludur. O, "arxaikləşmiş" sözləri və etnoqrafizmləri sadəcə işlətmir, qəribə bir ustalıqla onu bədii təfəkkürün ən üst qatına, məcaz müstəvisinə qaldırmağı bacarır. Bu sözlər onun qələmində yağışdan sonra durulmuş göy üzü kimi təmizlənir, parlayır və sehrli bir mahiyyət qazanır. Sənətkar sanki arxeoloq dəqiqliyi ilə yaddaşın alt qatlarından çıxardığı o qədim ifadələri müasir poeziyanın estetik libasına bürüyərək bizə yenidən təqdim edir.

lll

...Dünyanın ən mağmın adamı mənəm,

Dost, mənim heç falım açılan deyil.

lll

Anlarsan məni əhli-hal,

Hal olan vaxtı, yavrum.

Kirpik ucunda göz yaşın

Xal olan vaxtı, yavrum.

lll

Yan baxıb könlümü girov götürdü,

Elə bil bir qırğı bir ov götürdü...

 

Allahverdi Təkləli müasir ədəbi prosesdə sadəcə bir imza deyil, bütöv bir mədəni missiyanın daşıyıcısıdır. O, texnoloji qloballaşmanın və standartlaşmış duyğuların hakim olduğu bir dövrdə, sözü öz ilkin, bakirə və müqəddəs məqamına qaytaran nadir sənətkarlardandır. Onun şeiri müasir oxucu üçün həm də bir yaddaş təzələnməsidir; biz onun misralarında unudulmağa üz tutmuş milli kodlarımızın bədii intibahını görürük.

Allahverdinin müasir ədəbiyyatdakı yeri, əslində, keçmişlə gələcək arasında qurulmuş möhkəm bir körpü rolundadır. Allahverdi Təkləli poeziyası, hər şeydən öncə, genetik kodun və sarsılmaz etnik yaddaşın bədii ifadəsidir. O, klassik qoşma və gəraylı qəliblərini dövrün intellektual ağrıları ilə elə ustalıqla doldurur ki, heç vaxt köhnəlməyən ənənə müasir insanın bir növ ruhsal ehtiyacına çevrilir. İstər klassik üslubda qələmə aldığı yazılarında, istərsə də "sərbəst" şeirlərində Təkləli sübut edir ki, milli köklərə sadiqlik bədii müasirliyin ən güclü qaynaqlarından biridir. Onun bu dik duruşu müasir söz sənətimizdə özünəməxsus maraqlı bir estetik mövqe yaradır.

Allahverdi Təkləlinin zahirən dağı-daşı yerindən oynadacaq ləngəri təbiətindəki qəribə bir uşaq məsumluğu və kövrəkliyi ilə çulğaşır. Hərdən mənə elə gəlir ki, böyük sənətkar Ümmət Qaracaya xitabən yazdığı məşhur şeirindəki uşaq elə onun özüdür:

 

Bir uşaq rəsmi çək, Ümmət Qaraca,

Qürubun qanına batır fırçanı.

Ovunu haqlayan qurd nəfəsitək

hərdən yanı üstə yatır fırçanı.

 

Bir uşaq rəsmi çək, Ümmət Qaraca,

Buludun üstüylə qaçan bir uşaq...

Xiffəti iməkdən təzə day duran,

Özünə gecələr vətən uyduran,

Gilənar çiçəyi açan bir uşaq...

 

Allahverdi Təkləlinin bütün ömür yolu və yaradıcılığı eyni zamanda bir millətin mədəni varlığını spesifik məkanda qorumaq uğrunda verilən fədakar ziyalı mübarizəsinin möhrünü daşıyır.

Gürcüstan Yazıçılar Birliyinin nəzdində Azərbaycan ədəbiyyatı bölməsinin yaradılması birbaşa onun əməyinin nəticəsidir. Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin sədri kimi, Tiflisin bir zamanlar gur olan, lakin zamanla sönməyə başlayan ədəbi ocağını yenidən alovlandırmaq görəvi də onun üzərindədir. Onu və əhatəsindəki dostlarımızı ən gözəl tərəflərindən xarakterizə edən və ucaldan həm də bütöv bir ədəbi mühiti ayaqda tutmaq iradəsidir.

Heç bir kənar kömək və maddi dəstək olmadan, bölmənin bütün işlərini təkbaşına nizamlaması Allahverdi Təkləlinin ana dilinə və soykökünə olan sonsuz bağlılığından xəbər verir. O həm rəhbər, həm təşkilatçı, həm də yaradıcı insan missiyasını öz çiyinlərində təmənnasız daşıyır.

Onun fəaliyyətinin ən mühüm bəhrələri təsis etdiyi "Şəfəq" (Sxivi) və "Körük" jurnallarıdır. Bu nəşrlər Gürcüstanda yaşayan soydaşlarımızın ədəbi tribunasına çevrilib. Jurnalların redaktəsindən tutmuş, dizaynı və çapına qədər hər bir xırda detal şairin əllərindən keçir. Bu, sadəcə bir nəşr fəaliyyəti deyil, milli kimliyin və söz sənətinin yaşadılması üçün qurulmuş bir mənəvi qaladır. Tiflis ədəbi mühitinin dirçəldilməsi naminə gördüyü işlər onun ömür kitabının ən şərəfli səhifələrindən biridir.

Adamın inanmağı gəlmir, amma bu günlərdə gözəl sənətkar, dostum-qardaşım Allahverdi Təkləlinin 70 yaşı tamam olur. Bilənlər bilir ki, başı çox çəkib, keşməkeşli bir həyat yaşayıb, amma heç vaxt uca Yaradana asi düşməyib, əyilməyib, sınmayıb, alnıaçıq, üzüağ bu yaşa gəlib çatıb; istər ictimai xadim, istərsə də bir sənətkar kimi özündən sonrakılara örnək olub.

Mənə yalnız onun yeni yaşını təbrik etmək, nə qədər bayağı səslənsə də, yeni yaradıcılıq uğurları arzulamaq qalır.

Etimad Başkecid

525.az

Soydas.az

Paylaş:

Xəbər lenti