Nənəmin Dini...

image

Nənə deyəndə mən atamın nənəsini nəzərdə tuturam; onunla o qədər bağlarımız var ki...  Bəzən elə hiss edirəm ki, o hər yerdə mənimlədir.

Adı Şəhribanu idi, amma hamı ona Şərabanı deyirdi. Uşaq vaxtı mən də adının elə olduğunu düşünürdüm. Lakin sonralar bildim ki, Şəhribanu adı Sasani hökmdarı III Yezdəgərdin qızının adıdır və bu ad yarıtarixi, yarımifik bir mənşəyə mailkdir. Adın mənası isə şəhərin qadın başçısı, valisi, həmçinin şəhər valisinin arvadı, şəhərin birinci xanımı, tanınmış qadındır. Əminəm ki, adının mənşəyinin haradan gəldiyini, mənasının nə olduğun heç nənəm özü də düz-əməlli bilmirdi.

Böyük əksəriyyətimizin maraqla izlədiyi “Interstellar” filmi var. Bu filmdən hər kəs özünə uyğun bir məna çıxara bilər. Ümumi məğz isə budur ki, zamanı və məkanı aşan tək şey sevgidir.

 İnsanların haralı olmasından, kim olmasından asılı olmayaraq, onları birləşdirən, bir-birinə bağlayan ən böyük nəsnə məhz sevgidir.

 İki gün öncə dərsdə film haqda tələbələrlə qısa müzakirəmiz oldu. Bu filmin kimə necə təsir etməsi və çıxarılan nəticələr haqqında fikir mübadiləsi etdik. Həmin vaxt yuxularımı xatırladım; daima müjdə, xəbər gətirən yuxularımı…

 Psixologiya deyir ki, insan ən çox kimi sevirsə, zamanla ona çevrilir. Mən də özümdə bunu hiss edirəm, sanki illər keçdikcə nənəmə oxşayıram, onun bir az fərqli formasına çevrilirəm. Sanki nənəm məndə yenidən canlanır, yenidən yaşayır. Bəlkə də belədir, hər birimiz ən çox sevdiklərimizin və ya bizi sevənlərin həyatının davamıyıq, bir-birimizə ömrümüzü bağışlayıb yaşayırıq…

Yazının başlığı nənəmin dinidir. Bəli, onun öz dini var idi.

 Ümumiyyətlə, uşaqlığım bilinən dini məsələlərdən uzaq keçib. Biz Allahla bərabər Tanrını da bilirdik, onun adını eşitmişdik, onunla böyümüşdük. Tanrını qorxulu varlıq kimi təsəvvür etmirdik, onunla bütövləşə bilmişdik. Hətta onu qarğayanlar da var idi, kiməsə acıqları tutanda “Allahın Tanrın qara gəlsin!” - deyərdilər. Nənəm orucu təkcə Ramazanda deyil, adi vaxtlarda da tutardı. Namaz qıldığını heç vaxt görməmişdim.

 Onun sevdiyim xüsusuiyyətlərindən biri daima kənarda dar məqamlar üçün nələrsə saxlamağı idi, nar qabığını belə qurudub saxlayardı.

Onunla qarlı qış gecələrində cəhrədə yunu ipə çevirə-çevirə danışmağımız, elə bil dünən olub. Lampa işığı, içəridə odun sobasının çırtıltısı, eşikdə sazaq və ucqar dağ kəndi, biri ömrünün çoxunu yaşayaraq ağır həyat yolu keçirən nənə, digəri hələ taleyin onu hara aparacağını təxmin edə bilməyən balaca qız uşağı…

Nənəmin mənə “Oxu, müəllim ol!” ideyasını həyata keçirmişəm. Bəlkə də bu onun, öz arzusu idi, həyat şərtləri ilə bağlı özü bunu edə bilməmişdi. Güman ki öz arzusunun mənim simamda gerçəkləşməsini istəmişdi.

Yoxsa niyə göbəyimi kəndimizdə olan məktəbin həyətinə basdırsın ki?!

Aida İsmayılova

Tarix üzrə fəlsəfə doktoru, arxeloq

Soydas.az

Paylaş:

Xəbər lenti