Bəşəriyyət  “Meduza salı” üzərində...

image

“Meduza salı” qəzaya uğramış Fransız gəmisinin tarixçəsini əks etdirən rəsmin adıdır.

 İndi isə hadisənin özü ilə tanış olaq.

Pis naviqasiya səbəbindən "Meduza" təyin olunmuş marşrutdan kənara çıxır. 1816-cı il iyulun 2-də öz rotasından 161 km uzaqlaşaraq, Afrikanın qərbində, indiki Mavritaniyanın qumlu sahillərində saya oturur. Hadisə kapitan Şamaraysın təcrübəsizliyi və bacarıqsızlığı ucbatından baş verir. Onun gəmi kapitanı təyin olunması siyasi səbəblərlə əlaqələndirilirdi.

 Gəmidəki heyət üzvlərini xilas etmə cəhdləri uğursuzluqla nəticələnir. Qərara alınır ki, qorxmuş və panika içərisində olan sərnişinləri 97 km uzaqlıqda yerləşən Afrika sahillərinə freqatın 6 qayığı ilə yola salsınlar. “Meduza freqatı” 160 ekipaj üzvü də daxil olmaqla, ümumi 400 nəfər sərnişin daşısa da, qayıqlara yalnız 250 nəfər mindirilə bilir. Yerdə qalan 146 kişi və bir qadın orada hazırlanan sala minmək məcburiyyətində qalır.

 Ekipajın 17 üzvü isə "Meduza"nın göyərtəsini tərk etmir. Salın sakinlərinin yaşaması üçün qida və su ehtiyatı çox az idi. Aclıqdan və susuzluqdan ağlını itirmiş insanlar salda ölmüş və zəifləmiş yoldaşlarının ətini belə yeyiblər. Hər şeydən təcrid olmuş insanlar yalnız 13 gündən sonra 17 iyul 1816-cı ildə təsadüfən “Arqus” gəmisi tərəfindən xilas edilir. Xilasetmə işlərinin bu qədər uzanması Fransa hökumətinin biganəliyi ilə əlaqələndirilir.

Qəzadan yalnız 15 nəfər xilas ola bilmişdi; bəziləri öldürülmüş və ya öz yoldaşları tərəfindən suya atılmış, bəziləri isə aclıqdan və əlacsızlıqdan özlərini dənizə atmışdılar.

Bu hadisə Napoleonun “100 günlük” hakimiyyətindən sonra yenicə bərpa olunmuş fransız monarxiyasının ictimaiyyət qarşısında nüfuzuna xələl gətirmişdi. Fransız rəssam Teodor Jeriko 1818-1819-cu illərdə çəkdiyi "Meduza salı" rəsmində bu tarixi hadisəni ustalıqla əks etdirmişdi.

Hadisədən çıxarılacaq o qədər nəticələr var ki!..

 Bu gün dünya sanki  bu “Meduza salı” kimidir. Əslində, hər dövrdə eyni olub. Mövcud olmaq, “sağ qalamaq” üçün insan bir-birini öldürür də, ətini yeyir də... Bu istər dövlətlər, istərsə də adi insanlar səviyyəsində eynidir. Sadəcə bunu hərə bir formada edir, gücü yetdiyi qədər edir. Dövlətlərin başında duranlar da insandır. Onları fərqli edən əllərində olan hüdudsuz səlahiyyət və hakimiyyətin təsir vasitələrdi.

Nikkolo Makiavelli Makiavellinin “Hökmdar”ı bu gün də yaşayır, hökmdarlıq edir, bəlkə də yaşamalıdır da…

Yaxud da XVII əsr ingilis filosofu Tomas Hobbsun “Leviafan”ından bu yana dünya nə qədər dəyişib? Məncə, dəyişən fiqurlar və vasitələrdi, başqa heç nə. Görünür ki, məqsəd həmişə vasitələri doğuracaq!

Aida İsmayılova

Tarix üzrə fəlsəfə doktoru, arxeloq

Soydas.az

Paylaş:

Xəbər lenti