Bəşəriyyətin yaşını kim dəqiq bilir ki?!
Bəşəriyyətin yaşını kim dəqiq bilir ki?!
Bütün tədqiqatlar, araşdırmalar ehtimallar insanın yaratdığı nəzəriyyədir. Hər dəfə yeni nəsə tapılanda, bildiklərimizin nə qədər az olduğunu görürük. Bir çox şey haqqında köhnə bilgilərimizi yeniləməli oluruq.
Bəs görəsən, keçmiş nə qədər insan üçün maraqlıdır, bəşərin inkişaf yolu neçə insanı dərindən düşündürür?
İnsanlığın yaşını milyon ildən çox deyirlər. Bu yaş təbii ki, insanın özünün təyin etdiyi yaşıdır. Əslində isə insan yaşadığı anların içində mövcud olub, dünyada olduğu müddət onun zamanı olub, vəssalam.
Bizim üçün də elədir; həyatımız, ömrümüz yaşadığımız, içində olduğumuz anlardır. Öləndən sonra fiziki olaraq dünyada olmayacağıq. Heç onu da bilmirəm ki, enerji və ya ruh halında haradasa mövcudluğumuz yenidən davam edəcəkmi?!
İnsana aid ən qədim tapıntıları arxeoloqlar üzə çıxarır, öyrənir və nəzəriyyələr irəli sürürlər. İnsanın hazırladığı, istifadə etdiyi, bəlkə də bir zamanlar ən dəyərli əşyası olan şeylər minillərlə torpaq altında qalır, saxlanılır. Mənə görə yaşı o əşyalara qoymaq olar, insanın isə yaşı bilinmir.
Dünyada hər şey enerjidir. Gündəlik işimlə bağlı arxeoloji materiallarla daima təmasdayam. Onlara toxunmaq elə keçmişə toxunmaqdı, üzərlərində hansısa insanın barmaq izləri var. Nə fərqi var ki, o insan 4-5 min il əvvəl yaşayıb, bu heç nəyi dəyişmir.
Kəndimizdə Pirtəpə adlı hündür yer var. Uşaq vaxtı ora çox gedirdik. Pirtəpədə dairəvi düzülmüş daşlar var idi. Təbii ki, o vaxtlar bunun çox da fərqində olmurduq. Bizim üçün sadəcə bir təpə idi, daşların da xüsusi anlamı yox idi. İndi həmin yerlər yadıma düşəndə o daşların orada o şəkildə düzülməsinin bir mənasının olduğunu anlayıram. Hələ çox qədimdə yaşamış neandertallar da qəbilələrindən biri öləndə ətrafına daşları düzüb oranı manşırlayırlarmış. Bunu sonradan həmin yerə qayıdıb o şəxsi ziyarət etmək üçün ediblər.
Uşaq vaxtı çox işləyən, özünü əlavə işlərlə məşğul edən insanlara deyirdilər ki, əlin daş altındamı qalıb?
Daşın ağırlığının həm real, həm də məcazi mənada işləndiyi bir məsəldir. Ümumiyyətlə, daş ağırlıq, sərtlik, möhkəmlik, donuqluq, susqunluq, gizlilik kimi anlamlar ifadə edib, etməkdə də davam edir. Daşdan istifadə edib ev də tikmək olar, kimisə daşlamaq da. Daşı mütəmadi axını ilə yalnız axar sular əridə bilir.
Bu cür keçmiş deyimlərin maraqlı tərəfi odur ki, onlar bizi hansısa adətə aparıb çıxarır, müəyyən mənada hansısa hadisə ilə bağlı olur. Uşaq olanda böyüklər bizi bir iş üçün buyururdu, biz o işi etməyəndə isə “elə bil üzünə daş yamanıb” deyirdilər. Bu deyimin kökü isə çox uzağa, hətta mezolit dövrünə qədər gedib çıxır; ölən şəxsin ağzına və ya qəbrinin üzərinə daş qoyulması adəti olub.
Təki daşlaşan ancaq yaddaş olsun, insan yox...
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az