Daha insanlar Allahdan qorxmurlar, insanlıq öz-özündən qorxmağa başlayıb

image

Payız bu il sanki tələsdi. Əvvəllər sentyabr ayı avqustun davamı kimi olurdu, isti və bürkülü. Elə bil yay çıxıb getmək istəmirdi, ömrünün sonuna az qalmış insan kimi möhlət alırdı. Bəlkə fəsillər də bir insan kimidi, onların da tək bir ömrü var. Ona görə belə tez getmək istəmirlər...

Görəsən, insan bir ömrə neçə fəsil sığışdıra bilir. Bir neçə insan ömrü yaşayır, yoxsa elə tək bir ömür yaşayırıq.

Bütün insanların mayası birdi, eyni xammaldanıq. Hamımız eyni dünyanın fərqli yerlərində həyatda qalmaq üçün mübarizə aparırıq.

Bilmirəm, “Babil qülləsi” əfsanəsi doğrudurmu?

Allahın özü bilərəkdənmi insanları bir-birindən ayrı saldı, yoxsa bu təbii, tarixi prosseslərin nəticəsi olaraq meydana çıxdı? Hər halda bütün bəşər minilliklər boyu oxşar suallara fərqli formalarda cavablar axtarmaqla məşğuldu. Doğru cavab isə yoxdu, varsada bu cavablar bizi qane etmir.

Hələ XIX əsrdə danimarkalı filosof, teoloq  Sorn Kyerkeqor yazırdı ki, insanlar daha Allahdan qorxmurlar, insanlıq öz-özündən qorxmağa başlayıb.

Kyerkeqorun fikrini həm də o təsdiqləyir ki, insanlar başqa insanları cəzalandırmaq üçün qanunlar da yaradıb. Hətta olur ki, bu qanunlara məhəl qoymayıb özləri də fiziki, psixoloji, mənəvi və s. cəzalar da verirlər.

Maraqlı məqamlardan biri də odur ki, insan bu dünyada cəzasını verə bilmədiyi bir insana axirətdə cəza diləyir. Onun cəza alması üçün “Qiyamət günü”nü gözləyir; ya bu dünya, ya o biri dünyada onun cəza alacağı təsəllisi ilə yaşayır.

Hətta düşmənini öldürməklə ürəyi soyumayan, onun başını kəsib qədəh düzəldən hökmdarlar da olub tarixdə. Doğrudur, burada müəyyən inanc da var idi ki, bununla düşmənin bütün gücünü alırsan, onu tamamilə yox edirsən.

İnsan təbiət qüvvələri qarşısında aciz qalanda fövqəltəbii bir qüvvənin varlığına inandı, onu razı salmaq üçün qurbanlar verdi. Amma özü bir az güc tapan kimi özünü onun yerinə qoymağa çalışdı.

 İbtidai insanların yaratdıqları miflər də onların həyatı kimi sadə və bəsit idi. Bu günün insanı isə daha miflə maraqlanmır, o yeni texniki dünyanın artıq bir hissəsidir. Əvvəllər təbiətlə iç-içə olan insan ona uyğun miflər yaradırdı, bu günün insanı isə artıq süni intellektlə danışır.

Bilmirəm, gələcək insanlarda yaddaş olacaqmı, onlar da oturub əcdadlarının necə yaşaması haqda düşünəcəklərmi?! Yaddaş insanın mənəviyyatını diri tutan məfhumdu, biz unutduqca dəyişirik, özümüzdən uzaqlaşırıq, özümüzə yadlaşırıq.

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti