Aralıq dənizində “Anadolu fırtınası”
Aralıq dənizində “Anadolu fırtınası”
(yazının əvvəli https://soydas.az/az/view/1/322/araliq_denizinde_anadolu_firtinasi)
Əvvəlki yazıda qeyd etdiyimiz kimi əfsanəvi dəniz qazisi Qazi Umur bəyin ölümündən sonra qazi akınlarına liderliyi osmanlılar öz əllərinə aldılar. Belə ki, yarandığı ilk dövrlərdə osmanlıların sahib olduqları torpaqların dənizə çıxışı yox idi.
Anadolunun qərb və cənub sahilləri Karesi, Saruhan, Aydın, Menteşe, Teke və Karaman bəyliklərinin nəzarətində, sahillərdəki adalar isə Bizans, Venetsiya, Genuya, Nakşa dükalığı və Rodos cəngavərlərinin hakimiyyəti altında idi. Lakin bu vəziyyət o qədər də uzun sürmədi. Orxan Qazinin hakimiyyəti illərində (1326-1362) Osmanlı dəniz qüvvələrinin əsası qoyulmağa başlandı.
Mərmərə dənizində bir dəniz gücü yaratmaq məqsədi ilə Orxan bəy kömək üçün Karesi bəyliyindən dənizçilikdən başı çıxan bir komandan və gəmi istədi. Bu istək qarşısında Karamürsəl bəy 24 gəmi ilə İzmit körfəzinə göndərildi. 1327-cü ildə Helenapolis (red: sonradan Karamürsel adlandırıldı) ələ keçirildikdən sonra dövlətinin dəniz qüvvələri formalaşmağa başlamış və bəyliyin ilk "Dərya bəyi" dənizçilik sahəsində son dərəcə məlumatlı olduğuna, dəniz döyüşlərində göstərmiş olduğu qəhrəmanlıqlara, cəsarət və şücaətinə görə “Qara” ləqəbi verilmiş Mürsəl Alp bəy olmuşdur. Osmanlılar ilk tərsanələri Gəmilikdə və Kəmərdə qurularaq gəmilər inşa edilməyə başlandı. Məhz bu gəmilərin köməkliyi ilə Qara Mürsəl bəy gələcəkdə Rumeliyə keçid üçün ən mühüm baza olacaq Kocaelini 1337-ci ildə ələ keçirtdi. Hətta Karamürsəl bəyin öz ixtirası olan və onun adıyla adlandırılan çekdiri tipli kiçik gəmilər (red: karamürsəl gəmisi) uzun müddət Osmanlı donanmasında istifadə olunmuşdur.
Lakin quruluşunun ilk illərində donanma quruculuğu sahəsində ilk rüşeymlər yaransa da, osmanlı dənizçiliyini inkişaf etdirmək, özünü qoruyacaq gücə malik donanma yaratmaq mümkün olmamışdı. Belə ki, 1351-1352-ci illərdə Genuya-Venetsiya müharibəsi zamanı Venetsiya donanmasının osmanlı sahillərinə lövbər salaraq uzun müddət qalması, 1354-cü ildə Gelibolu yarımadasına əsgər çıxarılmasının sal vaistəsi həyata keçirilməsi, 1356-cı ildə şahzadə Xəlilin İzmit körfəzində qayıqla gəzərkən genuyalı korsanlar tərəfindən qaçırılması osmanlıların dənizdə necə zəif olduqlarının, öz sahillərini belə qorumaq gücündə olmadıqlarının bir göstəricisi idi.
Orxan Qazinin 1361-ci ildə Karesi bəyliyini ələ keçirməsindən sonra Edincik, İzmit, Gəmilik və Karamürsəldə qurulan tərsanələrdən də istifadə olunmağa başlandı. Bununla da osmanlılar bu bəyliyin təcrübəli dənizçilərinə və gəmilərinə sahib olaraq dənizlərdəki varlıqlarını daha da gücləndirdilər. Donanmanın hələ tam güclü olmadığı bu dövrlərdə Anadolu türkləri bir çox xristian dəniz döyüşçülərini öz dəniz yürüşlərində iştirak etməyə sövq edirdilər.
Osmanlılara xidmət göstərmiş bu dəniz döyüşçülərindən biri də məşhur genuyalı dənizçi Salgruzo di Negro idi. Həmin dövrdə Venetsiya ilə Genuyanın rəqabətdə olduğunu nəzərə alsaq genuyalı dənizçilərin osmanlılara yardım etməsini və osmanlılarında genuyalılara isti münasibətlər bəsləməsinin başa düşmək o qədər də çətin olmaz. Qazi bəyliklər arasında ən uğurlusu olan osmanlıları digər türk-müsəlman dövlətlərindən fərqləndirən cəhət dənizin əhəmiyyətini başa düşmələri və donanma yaratmağa qərar vermələri idi.
Həvəs və istək deyil əksinə, güclərini mühafizə etmək və genişlətmək məcburiyyəti, böyük dövlətlərinin dünyadakı mövqeyi Osmanlı sultanlarını dəniz gücü yaratmağa məcbur etmişdi. Şəxsi heyəti yerli rumlulardan, döyüşçü qaziləri isə türklərdən ibarət olan Osmanlı dəniz qüvvələri I Murad dövründə (1362-1389) tədricən güclənməkdə idi. Hətta I Muradın o dövrün ən güclu dəniz dövlətlərindən olan Venetsiya və Genuyanın dənizçilərindən pul qarşılığında istifadə etdiyi və təcrübələrindən faydalandığıda məlumdur.
Bu dövrdə Osmanlı donanması sahil ərazilərini qorumaq, yaxınlıqdakı adaları ələ keçirtmək və səfərlər zamanı ordunu Anadolu sahillərindən Rumeli sahillərinə keçirtmək funksiyasını daşıyırdı. I Muradın ölümü və oğlu I Bəyazidin taxta çıxması ilə osmanlı dənizçiliyində bir canlanma başlandı. Ləqəbinə uyğun “ildırım sürətli” qələbələr qazanan I Bəyazid qarşısına qoyduğu planları reallaşdırmaq, Anadolunu tam olaraq nəzarətə almaq, Bizansı ələ keçirmək, Avropada şimşək kimi çaxaraq fəthləri daha da genişləndirmək üçün güçlü donanmaya möhtac idi. Quruda müzəffər yürüşlər davam etdikcə dənizdən gələcək olan Genuya və xüsusilə də Venetsiya təhlükəsinin donanma tərəfindən zərərsizləşdirilməsi şərt idi.
I Bəyazid Sakız adasına, Kiklad adlarına, Eğriboza və Afina ətrafina hücumlar etmək üçün 60 döyüş gəmisi hazırlatmışdı. İldırım Bəyazidin dövründə Aydın, Saruhan və Mentəşə bəyliklərinin fəth edilməsi ilə Osmanlı dənizçiliyi tədricən təşkilatlanmağa başlayırdı. O cümlədən sahil bəyliklərinin korsan gəmiləri də Osmanlı donanmasının inkişafında öz töhfəsini vermişdi. Lakin Ankara məğlubiyyəti I Bəyazidin güclü donanma yaratmaq arzularını puça çıxartdı. Fitrət dövründə səltənət mübarizəsi Osmanlı donanmasının inkişafına öldürücü zərbə vurdu. II Muradın hakimiyyətinin sonrakı illərində osmanlılar 150 gəmidən ibarət donanmaya sahib olsalarda hələ ki, Venetsiya və Genuya kimi dəniz dövlətlərini məğlub edəcək gücdə deyildilər. İlk dövrlərdə osmanlıların dənizlərdəki fəaliyyəti daha çox vur-qaç taktikasına oxşayırdı. Osmanlı donanmasının Mərmərə, Egey və Qara dənizdə güc göstərməsi II Mehmet Fatehin hakimiyyəti illərində baş verdi. Bu donanmada xristianların kalyonları kimi yüksək gəmilər çox az olsada, bu gəmilər düşmənə ziyan verə biləcək və boğaz boyunca əsgər, döyüş ləvazimatı daşıya biləcək gücdə olan döyüş gəmiləri idilər. İrili-xırdalı 350-dən artıq gəmidən təşkil olunmuş Osmanlı donanması Konstantinopolun fəthində mühüm rol oynadığı kimi, sonrakı illərdə Qara dəniz sahillərinin, Egey dənizindəki adaların, Genuya idarəetməsindəki adaların fəth edilməsində, 1463-1479-cü illərdə “Adriatikin kraliçası” Venetsiya ilə aparılan müharibədə, İtaliyaya qoşun çıxarılmasında özünü yaxşı tərəfdən göstərə bilmişdi.
Mehmet Fatehin tədbirləri nəticəsində Osmanlı donanması bir akın donanmasından bir müharibə donanmasına çevrilərək dənizlərdəki fəthləri daha da genişləndimişdi. II Mehmetdən sonra oğlu II Bəyazid quruda böyük ərazilər fəth etməsə də donanmanın inkişafına xüsusi diqqət ayırmışdı. Çünki II Bəyazid Anadolu torpaqlarının Venetsiya və Kipr cəngavərləri idarəsindəki adalar tərəfindən əhatə olunduğunu və Osmanlı dövlətinin dənizdən gələcək təhlükə qarşısında tam sığortalanmadığının fərqində idi. Osmanlı imperiyası XV əsrin ikinci yarısından etibarən məğlubedilməz güclü quru qoşunlarına, zəngin təbii ehtiyyatlara malik böyük əraziyə, kifayət qədər zəngin xəzinəyə malik olsada donanma baxımından rəqibləri qarşısında əzici üstünlüyə nail ola bilməmişdi.
Belə ki, osmanlılar I Bəyazid dövründə 60, II Murad dövründə 150, II Mehmet Fatehin dövründə isə 350-dən artıq gəmidən ibarət donanmaya sahib idilər və görünən də o idi ki, osmanlılar daima donanmadakı gəmilərin sayını artırmağa nail olmuşdular. Gəmi sayları kifayət qədər cəlbedici görünə bilər, lakin problem onda idi ki, inşa edilən gəmilər kiçik və sadə olduğu üçün Osmanlı donanması say baxımından rəqiblərini üstələsə belə texniki və təhcizat baxımından onlardan xeyli geri qalırdı. Bundan başqa Osmanlı donanması qarşısında dayanan ən böyük problem təcrübəli dənizçi və kapitanların demək olar ki, olmaması idi. Donanmaya rəhbərlik edən şəxslər sırf peşəkar dənizçilər yox, quru qoşunlarından gəlmə paşalar idi.
Məsələn Osmanlı donanmasına müxtəlif vaxtlarda rəhbərlik etmiş Saruca Paşa (1390-1392), Baltaoğlu Süleyman bəy (1451-1453), Həmzə bəy (1453-1456), Yunus bəy (1456-1459), Zağanos paşa (1463-1466), Vəli Mahmud paşa (1466-1478), Gödək Əhməd paşa (1478-1480) kimi şəxslər dənizçilik təcrübəsi olmayan, quru qoşunlarında xidmət keçmiş, lakin dövlətinə və sultanına sədaqətlə xidmət göstərdiklərinə görə bu vəzifəyə təyin edilmiş paşalar idi. Osmanlı dövlətinə həm avropalıların donanmaları ilə mübarizə apara biləcək müasir gəmilər, həmdə istedadlı dənizçi və kapitanlar lazım idi. Düzdü ilk vaxtlar dənizçilər yetişdirilməsi üçün müəyyən tədbirlər görülmüş və bu məqsədlə Geliboluda məktəb açılmışdı. Lakin hələ I Muradın hakimiyyət illərində dəniz əsgərləri kimi yetişdirilmək üçün pençik üsulu ilə toplanan xristian uşaqların bir hissəsinın Geliboluya göndərilməsi belə, məsələnin həll yolu demək deyildi. Çünki birincisi, donanma işini öyrənənlərə bu işi öyrədənlərin özlərinin belə dənizçilk təcrübələri yox idi. İkincisi, tədris prosesi qısa sürən bir proses deyildi və uzun müddət tələb edirdi. Üçüncüsü, donanma işini öyrənənlər nəzəri cəhətdən hər şeyi bilə bilərdi, amma bildiklərini praktikada tətbiq edmək, yəni öyrəndiklərini dəniz döyüşlərində tətbiq etmək imkanları yox idi. Dördüncüsü, praktiki cəhətdən təcrübə qazanmağın və bu təcrübəni gələcək nəsillərə ötürməyin özü belə uzun bir zaman alırdı.
Yuxarıda sadaladığımız çətinlikləri tam çılpaqlığı ilə görən və bu problemləri həll etmək üçün əlindən gələni əsirgəməyən şəxs II Bəyazid olmuşdur. Tam əminliklə deyə bilərik ki, XVI əsrin başlanğıcından sonlarına qədər Aralıq dənizində rəqiblərini darmadağın edən, Qırmızı dənizin sahibinə çevrilən, Hind okeanına səfərlər edən qüdrətli osmanlı donanmasının əsasları məhz II Bəyazin hakimiyyət illərində atılmışdı. II Bəyazid kimi ağıllı şəxsiyyət türk korsanlarını (red: dəniz quldurları) dövlətin himayəsinə qəbul edərək, onlardan donanmada istifadə etməklə kadr çatışmazlığı məsələsini həll etməyə nail oldu. Çünki peşələri kafirlərin torpaqlarını yağma etmək olan, uzunmüddətli mübarizə nəticəsində xristian donanmalarına çox yaxından tanıyan türk korsanlar, bütün həyatları dənizlərdə və dəniz döyüşlərində keçirən qorxusuz, təcrübəli dəniz döyüşçüləri idilər. Təsadüfi deyil ki, Osmanlı donanması özünün ən parlaq dövrünü məhz dəniz quldurluğundan gəlmə kapitanların donanmaya rəhbərliyi dövründə yaşamışdı. Qeyd edilən dövrdə II Bəyazidin donanmaya çəlb etdiyi qəhrəman korsanlardan biri də Kamal rəis (red: məşhur Piri rəisin əmisi) idi.
Əslən Geliboludan olan Kamal rəis azap kimi 1470-ci ildə Mahmud paşa ilə birlikdə Eğriboz səfərinə qatılmış, fəthdən sonra adada azap rəisi təyin edilmiş və şəxsi kalyatası (red: çəktirmə tipli döyüş gəmisi) ilə Venetsiya gəmilərinə, o cümlədən Venetsiya aid qalalara qarşı hücumlar etmişdi. 1487-ci ildə İspaniya sahillərinə etdiyi hücumlar zamanı İspaniya donanmasını məğlub edərək Malakkanı yağmalamışdı. 1492-ci ildə Fransa sahillərini, Balear adalarını yağmaladıqdan sonra Maltaya təşkil etdiyi hücumun nəticəsində əldə etdiyi qənimət və əsirlərlə Geliboluya gələrək hədiyyələrini Sinan bəy vaistəsilə Osmanlı sultanına təqdim etmişdi. Aralıq dənizində qəhrəmanlığı, cəsarəti və dənizçilik biliyi ilə ad çıxarmış Kamal rəis rəsmi olaraq 1495-ci ildə sultan II Bəyazid tərəfindən dövlət xidmətinə alınmışdı. 1499-1502 Osmanlı-Venetsiya müharibəsində misilsiz xidmətlər göstərən Kamal rəis Venetsiya donanma rəhbərlərinin və Aralıq dənizinin şərqində olan Venetsiya tacirlərinin 40 il ərzində gördükləri ən tanınmış kapitan idi. 1500-cü ildə Kefaloniyanı fəth edən Kamal rəis 1501-ci ildə 22 gəmidən ibarət donanması ilə venetsiyalılarla aparılan Navarin dəniz döyüşünü qazanaraq 1502-ci ildə Santa Maria adaları ələ keçirtdi. Bundan başqa Anadoludakı Haremeyn vəqflərinin gəlirlərini dəniz yolu ilə İsgəndəriyəyə apardıqdan sonra qayıdarkən məşhur korsan Santurluoğlu ilə apardığı döyüşdə qalib gələrək onu, yüzlərcə əsiri və 5 gəmini İstanbula gətirmişdi. Anavarinin yenidən fəth edilməsinə köməklik göstərən Kamal rəis qənimət olaraq 8 düşmən gəmisini ələ keçirtmişdi. XVI əsrin əvvəllərində Kamal rəisin dəniz axınları sayəsində İtaliyanın altı höküməti (Roma Papalığı, Florensiya, Piza, Milan, Napoli və Venetsiya dövlətləri) Osmanlı imperiyası ilə münasibətlərin normal vəziyyətdə olmasına çalışırdılar. Çünki bu dövlətlərin əsas gəlirləri ticarətdən etdikləri qazancdan ibarət idi.
O dövrün əsas ticarət yollarının Aralıq dənizindən keçdiyini və Aralıq dənizinin şərq hissəsinin isə Osmanlıların nəzarəti altına keçdiyini nəzərə alsaq yuxarıda adı çəkilən dövlətlərin iqtisadi maraqlarına necə böyük zərbənin vurulduğunu anlamaq o qədər də çətin deyil. Sonrakı illərdə əzmi və xarakteri ilə tanınan, “dənizlərin qamçısı” olaraq qiymətləndirilən Kamal rəisin əsas vəzifəsi boğazlarda və Egey dənizində patrul xidməti aparmaqla tacir gəmilərini qorumaq və məmlüklərə kömək məqsədi ilə göndərilən ləvazimatların təhlükəsizliyini təmin etmək idi. Osmanlı akıncı dənizçilərinin piri olan Kamal rəis istər gəmi inşa texnalogiyasında, istərsə də dənizçi yetişdirməkdə əvəzsiz bir şəxs olmuşdur.
Türk dənizçilik tarixinin ən böyük dənizçilərindən biri olan bu məhşur və cəsur donanma kapitanı Osmanlı dövlətinin xidmətinə girdikdən sonra dənizçilikdə və xüsusilə gəmilərin inşasında böyük irəlləyiş baş vermişdi. Özündən əvvəlki dənizçilərlə arasında Kamal rəislə müqayisə ediləcək bir şəxs yox idi. Kamal rəisin Osmanlı donanmasına gətirdiyi ən böyük yenilik gəmilərə uzun mənzilli topların yerləşdirilməsi ilə bağlıdır. Onun gəmiləri həm nəzəri bilgilər üçün məktəb, həm də manevr sahəsi idi. Tarixçi Kamalpaşazadə, Kamal rəis haqqında yazırdı: "Anadan olduğu yer Geliboludur ki, bu diyarın anadan olan oğlanları timsah kimi su içində böyüyərlər. Beşikləri ölüm gəmiləridir. Səhər və axşam dənizçilərin yüksək səsləri ilə yatarlar''.
O cümlədən “Kitabı Bahriyyə” əsərində əmisini xatırlayan Piri rəis onun dənizçilikdə düha olduğundan bəhs etməkdədir. Kamal rəis o qədər məşhur idi ki, hər diyarda ondan fəxrlə bəhs edirdilər. Kafirlər uşaqlarını onunla qorxudaraq tərbiyə edir, Rodos cəngavərləri əzraildən qorxduqlarından daha çox Kamal rəisdən qorxurdular. Təəssüflər olsun ki, Osmanlı donanmasının uğurlarının əsas memarı olan Kamal rəisin donanmasının 1510-cu ildə fırtınaya düşməsi nəticəsində bu məşhur dənizçi həyatını itirdi. Lakin onun ölümündən sonra öz qərəmanlıqları, cəsarətləri və düşmənlərinin canın saldıqları qorxu ilə dillərə dastan olmuş əfsanəvi Oruc və Xeyrədin Barbaros qardaşları sələfləri olan türk korsanlarının işini layıqıncə davam etdirdilər.... (Ardı var.)
Ceyhun Quliyev
Bütöv Azərbaycan Ocaqlarının üzvü
Soydas.az