Bolşevik-erməni birliyinin türklərə qarşı növbəti soyqırımı: Fərqanə faciəsi

image

1989-cu il 3 iyun Axısqa türklərinin tarixində ikinci milli faciə - Fərqanə şəhidləri günüdür. 1989-cu ilin 16 mayından Fərqanədə sovet xüsusi orqanlarının və Moskvadan göndərilmiş xüsusi işlər üzrə müstəntiq Qdlayan başda olmaqla erməni mafiyasının təşkilatçılığı və təhriki ilə türklərə qarşı heç bir əsası olmayan iğtişaşlar başladı. 1989-cu ilin 3 iyununda isə türklərin ilk şəhidləri oldu. Həmin gündən axısqalı qardaşlarımız hər il may ayının 3-də Fərqanə faciəsini yad edir, şəhidlərin ruhuna dualar oxuyurlar.

Vaxtilə, 1944-cü ildə sürgün olunmuş türkləri qardaşları kimi qəbul etmiş özbəklərin səbatsız qismi müxtəlif bəhanələrlə türklərə qarşı yönəldildi. Qatarlarla Kuvasadan və digər yerlərdən eyni formatlı, eyni geyimli kriminal ünsürlər gətirildi və qətllər başlandı. Aldadılmış bir qardaş öz qan qardaşının qatili oldu.

Hadisələrin mərkəzdən təşkil olunduğunu real faktlar təsdiq edir. Bir çox şahidlərin sübutları Fərqanə hadisələrində də türk düşməni ermənilərin rolunu aşkarlayır. Bu hadisələr ərəfəsində Özbəkistanda 37-ci il üslubunda istintaq aparan Qdlyan-İvanov cütlüyü hər vasitə ilə özbəkləri və türkləri qarşı-qarşıya qoymuş, köhnə NKVD üsulları ilə bu iki qardaş xalq arasında düşmənçilik salmış, şantajlarla bir çox cinayətkarı təlimatlandırmış və onları təxribatların və qırğınların əsas təşkilatçıları və icraçıları etmişlər. Həmin ərəfədə təxribata bəhanə tapmaq üçün Axısqa türklərinə ruslara qarşı qalxmaq və onları vilayətdən çıxarmaq kimi təxribatçı təklif də edilmiş, lakin türklər KQB-nin qurduğu məkrli oyuna getməmişlər.

1989-cu ilin 22 iyununda SSRİ DİN qərargahının mətbuat mərkəzinin Fərqanədə həmin vaxta qədər həlak olanların sayı haqqında məlumatı dərc olunur: cəmi 99 nəfər, 69 – türk, 20 – özbək, 10 başqa millətlərdən («Ферганская правда», 22.06.1989). Şahidlərin dediyinə görə, əksər yerdə, deyək ki, Taşlak rayonunda ixtişaşları və türklərə təcavüzü təşkil edənlər arasında yerli əhalidən heç kim olmayıb («Ферганская правда», 19.06.1989). Fərqanə vilayət DTK İdarəsinin rəisi N.Peskov da təsdiq edib ki, qırğınlardan əvvəl RSFSR-dən xüsusilə təhlükəli cinayətkarların gəlməsi qeyd olunub və qırğınlar planlı xarakter daşıyıb («Моя Родина – Грузия». Tbilisi, ноябрь 2001, № 4, с.13). Şahidlərin söylədiyi kimi bir çox cinayətkarlar, o cümlədən Axmedcan Adilovun dəstəsi xüsusi olaraq həbsxanadan buraxılıb.

1989-cu ilin 23 may-8 iyun müddətində davam edən qırğın və qarətlər nəticəsində iyun ayının ortalarına Özbəkistanın Fərqanə, Səmərqənd, Sır-Dərya, Daşkənd, Əndican, Namanqan vilayətlərindən 5.792 türk ailəsi köçür. Sonradan yüzlərlə insan qətl edilir, şikəst olur, işgəncələrə məruz qalır, qarət edilir və didərgin düşür (rəsmi məlumata görə 99 nəfər öldürülüb, 752 ev yandırılıb, mindən çox adam yaralanıb). Köç sonradan daha sürətlə davam edir. Köçkünlər əsasən Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynada müxtəlif bölgələrdə yerləşdirilir.

Lakin Rusiyada təzyiqlərlə üzləşən Axısqa türklərinin böyük bir qismi, əsasən Krasnodar vilayətində yaşayan Axısqa türklərinin ABŞ-a emiqrasiyası məsələsi ortaya çıxır. Bu haqda ilk dəfə 2002-ci ildə xəbərlər yayılmış, lakin Moskvadakı Amerika səfirliyi təkzib vermişdir. Bir il sonra isə prezident Corc Buş Axısqa türklərinə sığınacaq vermək qərarı haqqında bəyanat vermiş, demişdir ki, türklər «terrorizmlə bağlı deyillər və ABŞ-a təhlükə törətmirlər, kifayət qədər sivildirlər və 60 ildir hakimiyyətdən əzab çəkirlər» (http: // www. garetasng.ru).

Bu qərarla türklər ABŞ-da qaçqın statusu, mənzil, yardım, iş, pulsuz ingilis dili dərsləri, 5 ildən sonra isə vətəndaşlıq alırlar. 2004-cü ilin martında ABŞ-ın Rusiyadakı səfirliyi axısqalıların Amerikaya köçürülməsi proqramının açılmasını rəsmən elan etmişdir. Artıq iyulda ilk ailələr köçmüşlər.

Həmin dövrlərdə artıq süqut edən sovet idarəçiliyinin, o cümlədən xüsusi orqanların Fərqanə hadisələrində birbaşa iştirakını həmin dövrdə hadisələrə mərkəzi hökumətin münasibəti sübut edir. Fərqanə faciəsinin baş verdiyi 17 gün ərzində (23 may-8 iyun 1989) sovet hökuməti türkləri xilas etmək üçün dövlət səviyyəsində heç bir ciddi tədbir görmədi, nə fövqəladə vəziyyət, nə xüsusi rejim tətbiq olundu. Həmin günlərdə SSRİ xalq deputatları qurultayı sakit tərzdə öz iclaslarını keçirir, Qorbaçovun riyakar «demokratiya», «perestroyka» oyunu oynanırdı. Özbəkistanın rəhbəri olmuş erməni-pərəst Rafik Nişanov qurultay tribunasından Fərqanədə heç nə olmadığı, istehza ilə «bazarda bir vedrə çiyələk üstə dava düşdüyünü» deyirdi.

Hüquq müdafiəçisi Svetlana Çervonnayanın Avropa Milli Azlıqlar Federal İttifaqının nümayəndə heyətində Gürcüstan və Rusiyaya səfərindən sonra hazırladığı hesabatda yazdığı kimi, «demokratlar» da susurdu və müəllifin dediyi kimi, «demokratlar seçimlə yalnız onları müdafiə edirlər ki, kim bilavasitə və ya bilvasitə bu müdafiənin xərcini ödəyir, necə ki, güclü erməni ticarət-maliyyə lobbisi Dağlıq Qarabağ və Sumqayıt ətrafında şişirdilən təbliğat kampaniyasını ödəyir».

Sovet hökuməti gözləyərək, faciə baş verdikdən sonra formal qərarlar qəbul edir. 1989-cu il 20 iyunda SSRİ Ali Soveti Rəyasət heyəti «Türk-mesxet əhalisinin problemləri üzrə deputat Komissiyasının yaradılması haqqında» qərar çıxarır. Qərarda Fərqanə hadisələrindən sonra yaranmış çətin vəziyyət qeyd olunur. Həmin ilin 14 noyabrında SSRİ Ali Soveti «Zorakılıqla köçürülməyə məruz qalmış xalqlara qarşı repressiv aktların qanunsuz və cinayətkar hesab edilməsi və onların hüquqlarının təminatı haqqında» deklarasiya, 7 mart 1991-ci ildə isə bu cinayətkar zorakı sürgünlər barədə bütün keçmiş qanunvericilik aktlarının ləğvi haqqında qərar qəbul edir. Lakin bu kimi qərar və fərmanların konkret nəticəsi demək olar ki, olmur. Həmin qanunlar ziddiyyətli, bəhanələrə imkan yaradan şərtlərlə dolu olduğundan reallıqda heç nəyi dəyişmir. Ümumiyyətlə, sovet dövründə qəbul edilmiş müvafiq sənədlərin heç biri Axısqa türklərinin probleminin həllinə şərait yaratmır. Bu problemin qalmasında maraqlı olan imperiya dövründə türklərə aid bir çox qərar və qanunlar məqsədli olaraq məxfi verilir, əslində xalqdan gizlədilir və kağız üzərində qalırdı. Əvvəllər Gürcüstan SSR Axısqa, Adıgün, Aspindza, Axılkələk və Boqdanovka rayonlarında yaşamış türklərə – SSRİ vətəndaşlarına ümumi əsaslarla ölkədə məskunlaşmaq və hərəkət etmək hüququ verməsi haqqında SSRİ İctimai Asayişin Qorunması Nazirinin 12 iyun 1968-ci il əmri, SSRİ Ali Soveti Rəyasət Heyətinin «Yaşayış yerinin seçilməsində əvvəllər ayrı-ayrı kateqoriya vətəndaşlar üçün nəzərdə tutulmuş məhdudyyətlərin götürülməsi haqqında» 3 noyabr 1972-ci il 3521-VIII saylı Fərmanı belə mənasız sənədlərdən oldu.

Uzun illər heç bir real səmərəsi olmamış bu kimi gizli sənədlər yalnız son dövrlərdə nəşr olunmuşdur (bax: Н.Ф.Бугай. Турки из Месхетии: долгий путь к реабилитации / сост., авт. предисл. Н. Ф. Бугай.- М.: ИД РОСС, 1994.- 161 с. М., 1994, с. 96-101).

Fərqanə hadisələrindən sonra qaçqınların böyük hissəsi, 40 mindən çox Axısqa türkü Azərbaycana köçmüşdür. Əsasən Özbəkistandan gələn əhali axısqalıların Azərbaycanda ənənəvi olaraq yerləşdiyi bölgələrdən başqa, Bakı, Gəncə, Mingəçevir, Şamaxı, Ağsu, Qəbələ, Əsgəran, Xocalı və digər yerlərdə məskunlaşmışdı.

Ermənistandan 200 mindən çox, Qarabağdan 800 minədək qaçqının yerləşdirilməsi zərurəti ilə üzləşmiş Azərbaycan Özbəkistandan gəlmiş Axısqa türklərinə də eyni qardaş qayğısı ilə yanaşdı. Hələ ilk günlərdə, 1990-cı ilin fevralında Azərbaycan SSR Nazirlər Sovetində xüsusi olaraq keçirilmiş müşavirədə Azərbaycanda Özbəkistandan gəlmiş 30 min köçkün, 5.300-dən çox ailə olduğu, Axısqa türklərinin köçməsi prosesinin hələ də davam etdiyi bildirilmişdir. Axısqa türklərinin ən çox Saatlı, Sabirabad, Qazax, Quba, Xaçmaz, Şamaxı və Ağsu rayonlarında qərar tutduğu, 750-dən çox ailənin yerbəyer edildiyi, 400 ailəyə torpaq sahələri ayrıldığı, qalanlarının müvəqqəti yerləşdiyi və onlar üçün də «lazımi həyat, məişət və əmək şəraiti yaradılması ilə bağlı bütün problemlərin kompleks şəkildə həll edilməsini nəzərdə tutan xüsusi proqram hazırlandığı» göstərilmişdir (Azərbaycan SSR Nazirlər Sovetində müşavirə // Azərinform, 15 fevral 1990). Sonrakı dövrlərdə Azərbaycan hökuməti axısqalılara yardım üçün əlindən gələni etmişdir.

1969-cu ildən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev hələ 1973-cü ildə Saatlının Varxan kəndində axısqalılarla görüşündən sonra onların xahişi ilə Axısqa türkləri gənclərinin ali məktəblərə müəyyən sayda müstəsna hal kimi müsabiqəsiz qəbul edilmələri barədə sərəncam verir və bu, axısqalıların maariflənməsində, sosial-mədəni tərəqqisində misilsiz tarixi rol oynayır.

Türk xalqlarını parçalamaq və axısqalıları diz çökdürmək üçün 1989-cu ilin yazında məlum rəsmi dairənin təşkil etdiyi Fərqanə faciəsindən sonra türklərin Vətən məsələsi son dərəcə kəskinləşir, dünya ictimaiyyətinin diqqətini cəlb edir. Hadisələr göstərir ki, Fərqanə faciəsi siyasi məqsədlər üçün təşkil olunmuşdu və həm də Gürcüstana qarşı yönəlmişdi.

Sovet xüsusi xidmət orqanlarının törətdiyi bu qırğınlar, əslində bir-neçə məqsəd daşıyırdı: birincisi, Axısqa türklərinin qanuni formalarda aparılan milli mübarizəsini sarsıtmaq; ikincisi, Özbəkistanda milli şüurun, türklük şüurunun inkişafını ləngitmək və bəhanə əldə edərək respublikanı tam nəzarətə götürmək; üçüncüsü, Gürcüstandakı milli hərəkatı əsas məqsəddən – azadlıq ideyasından uzaqlaşdırmaq, bunun üçün Özbəkistandan türklərin idarəolunmaz kütləvi axınını Gürcüstana yönəltmək, türklər və gürcülər arasında qanlı toqquşmalar salmaq və Gürcüstanı diz çökdürərək tam nəzarətə götürmək.

Lakin Axısqa türkləri öz əzəli mərdanəliyi, kübarlığı ilə bu hadisədən sui-istifadə etmədilər və Fərqanə hadisələrindən sonrakı digər olaylardan sonra da vətənləri hesab etdikləri Gürcüstana qarşı heç bir addım atmadılar. Hazırda da faciələrdən çıxmış Axısqa türkləri öz vətən mücadilələrini sivil formalarda davam etdirirlər.

Asif Hacılı

professor

Soydas.az

Paylaş: