Vətənpərvərlik və türksevərlik; mərkəzləşmə və birləşmə
Vətənpərvərlik və türksevərlik; mərkəzləşmə və birləşmə
Yazını əvvəli burada: https://soydas.az/az/view/1/3629/vetenperverlik_ve_turkseverlik
Türk birliyi havada boş dolaşan quru bir ideya deyil, bu addım-adım reallaşan canlı bir prosesdir. Bu prosesi süni şəkildə sürətləndirməyin ayrı, ertələməyin isə başqa bir zərəri ola bilər.
Ortayaşlı türk adamının “vətənpərvərlik” və “türksevərlik” anlayışlarının vəhdət təşkil etdiyini anlaması üçün kifayət qədər qlobal hadisələr də baş verib, kifayət qədər zaman da keçib. Tək qalan şey bu vətəndaşın təcrübədə yaşadığını nəzəri maarifləndirmə işi ilə bərkitmək lazımdı.
Maarifləndirmə işi isə həm lokal, həm də Türk Dövlətləri Təşkilatları (TDT) çərçivəsində qlobal ölçüdə getməlidir. Qlobal miqyas üçün hər kəsin anlaya bildiyi bir ünsiyyət dili olmalıdır. Bu dil çoxumuzun öyrəşdiyi, amma türk adamının ruhuna yad rus dili ola bilməz. Çünki rus dilinin əsas işi başqa xalqaları öz aralarında birləşdirmək yox, onları özündə (rus dilində) mərkəzləşdirmək, rusmərkəzli etməkdən ibarətdir.
Bəs TDT üçün ortaq ünsiyyət dilinin əsas funksiyası mərkəzləşdirmə yoxsa birləşdirmə olacaq?
Bir tərəfi rus, bir tərəfi çin olan azsaylı türk xalqlarının dilinin dialektik müxtəlifliyi folklor mənasında üstünlüksə, qlobal siyasi mənada da üstünlükmü?
Ehtimal edənlər var ki, Anadolu türkcəsinin ortaq dil kimi qəbul edilməsi digər dillər üzərində dominantlıq yaradacaq. Digər qardaş dillər üçün təhlükə olduğu düşünüldüyü üçün TDT bu gün “ortaq türkcə” yaratmaq arxasına düşüb.
Bəs necə bir “ortaq türkcə” yaratmaq olar ki, bu həm yetərli-işlək dil olsun, həm də başqa dillər üzərində Anadolu türkcəsi haqqında deyildiyi kimi dominantlıq edə bilməsin?!
Bu, olacaq iş deyil.
Çünki, ortaq dilin dominantlıq edə bilməməsi üçün o real-praktik səviyyədə olmamalıdır. Bu məsələ əslində TDT quruculuğu işində adına bal çəlləyinə atılmış “ortaq dil axtarışı” adlı qatrandan başqa bir şey deyil.
Ümumiyyətlə, Anadolu türkcəsinin digər türk dilləri üzərində dominantlığı ümumi dilin hansı sahələrində özünü göstərə bilər?
Bu təbii ki, folklor-ədəbiyyat sahəsində nəzərəçarpacaq dərəcədə olmaya bilər. Lakin beynəlxalq siyasi güc komponentləri sayılan elm, texnologiya, hərb və iqtisadiyyat sahəsində çox güman ki, bunu ciddi şəkildə hiss edə bilərik. Bu isə normaldır, hətta Türk dövlətlərinin inkişafı üçün zəruridir. Hamımız bilirik ki, hal-hazırda Türkiyədə elm, təhsil, texnologiya, hərb, iqtisadiyyat, beynəlxalq siyasətin səviyyəsi və coğrafi mövqeyinə görə inkişaf potensialı digər TDT ölkələrindən daha yüksəkdədir.
Hazırda Anadolu türkcəsi varkən və bunu seriallardan, sosial şəbəkələrdən, proqram təminatlarından, Türkiyəyə sıx-sıx səfərlərdən Azərbaycan, Türkistan türkləri normal səviyyədə anlaya bildikləri halda yeni süni ortaq dil axtarışına düşmək TDT ideyasını ertələmək deyilmi?
Əgər Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğıstan və Türkmənistanın cəmi əhali sayı təxminən 83 milyon, Türkiyənin əhalisi isə 88 milyona bərabərdirsə, ortaq dilin bu çoxluq üzərində qurulması daha doğru olmazmı?
Mübahisəli misal da olsa, BMT-də əsas dil ingilis dilidir. Amma, indiyədək heç kim “ortaq dünya dili” yaratmaq çağrışı etmədi. Nyu-Yorka, Vaşinqtona gedəndə dili sərbəst bildiyinə görə sevinərək, ingiliscə danışan, Moskvaya gedəndə dili aksentsiz danışdığına görə öyüncək kimi rusca danışan, indi də Pekin səfəri üçün çincə öyrənməyə başlayanlar, bəs niyə Ankaraya gedəndə Anadolu türkcəsində danışmağı özünə sığışdırmır?
Kim deyir ki, biz anadoluların fransızcadan götürdüyü bütün sözləri mütləq qəbul etməliyik?.
Bəs biz hamımız dualarımızı ərəbcə etmirik!?
P.S.
Bir qırğız əgər öz dilində kitab yazarsa yaxud Tik-Tok’da paylaşım edərsə, bunu ən yaxşı halda 7 milyon qırğız oxuyub-görəcək. Ona görə zamanında Çingiz Aytmatov həm də rus dilində yazırdı. Amma, əgər o öz kitabını ümumi türkcədə yazarsa bunu 200 milyonluq TDT insanı oxuyacaq.
Bu da müəlliflik gəlirinin fərqi.
Dilimizə görə bölündüyümüz üçün ayrı-ayrılıqda sayımızın azdır. Buna görə kitab satışından gəlir əldə edə bilmirik və kitab yazmağa istedadlı adamlarda elə də həvəs qalmır.
Uğurlu Şərifov
Soydas.az