Yaltaqlığı bacarmayanlara əlillik təqaüdü verilsin...
Yaltaqlığı bacarmayanlara əlillik təqaüdü verilsin...
Arkadi Raykin deyir: “Yumor hissi olmayanlara əlillik vermək lazım” .
Bu sitatdan istifadə edib “Yaltaqlıq bacarmayanlara əlillik təqaüdü vermək lazım, çünki onlarda pul olmur” - yazmışdım.
Bilmirəm Raykinin bu yumoristik fikrini o vaxt yumoru olmayanlar necə başa düşmüşdü. Amma, mənim bu satirik fikirim, sanki ya havada buxarlandı, ya da yumaxlanaraq azdığı qaranlıqda hələ də işıq axtarır.
Hər zarafatda bir az zarafat var; müasir dövrdə yaltaqlıq bacarmayan adamı həkim-psixoloq müayinəsindən keçirib ona sosial müavinət ayırmaq lazım deyil?
Mövzunu yenidən yadıma salan bu günlərdə Azer Ziyadlının Əziz Nesindən paylaşdığı “yaltaqlığın şərqi və qərbi olmaqla iki növü”nün qısa izahı oldu.
Yaltaqlığın üçüncü Amerikan növünü isə “The Daily Show” proqramından paylaşdığı videoda göstərdi. Bu Trampın üzünə ABŞ vitse prezidentindən tutmuş Ağ Ev “sakinlərinin” az qala hamısının növbə ilə yağdırdığı yaltaq təriflər videosu idi.
Frensis Bekon “Əxlaq və siyasi təcrübələrdən doğan öyüdlər” əsərində yazır: “Çox nadir hallar istisna olmaqla özünü tərifləmək ədəbsizlikdi, amma, öz vəzifəsini, öz peşəsini tərifləmək böyüklükdü.Yaltaqlıq zəiflərin sığınacağıdır, çünki sözlərdə və əməllərdə dürüstlüyün yerini bilmək üçün dərin ağıl və güclü ruh (mütləq ikisi birlikdə) lazımdır. Dövlət adamı nə qədər zəifdirsə, bir o qədər də yaltaqdır. Tərif deyən yaltaqlar 3 cür olur: adi yaltaqlar, hiyləgər yaltaqlar və utanmaz yaltaqlar”.
Burada yaltaqlığın ən mükəmməl növü olan 4-cü növünü də mən yazıram:
Sırağa gün yaxın dostumla onun yeni layihəsi haqqında axşam yeməyində söhbət edirik. O layihəni dəyərləndirmək üçün yarızarafat-yarıcıddi ChatGPT-yə sorğu göndərir. Adam süni intelektin rəyini də öyrənmək istəyir. Aldığı cavabı da mənə olduğu kimi cümlə-cümlə oxuyur. Ona diqqətlə qulaq asdıqca Frensis Bekon təsnifatı üzrə yaltaqların 3 növünün 1-də cəmləşdiyini görürəm.
Bax bu da cansızın xəstə doğulan ruhu..
Yaltaqlıq xarakterdə bir çox başqa şər xüsusiyyətlərin (rəzalətlərin) mənşəyidir ...
Uğurlu Şərifov
Soydas.az