Belə baxırsan ki, dünyada çox şey dəyişməyib
Belə baxırsan ki, dünyada çox şey dəyişməyib
Bir yerdə oxumuşdum ki, bilmədiyimiz keçmişdən başqa dünyada yeni heç nə yoxdur. Bəzən mənə elə gəlir ki, əksər şeylər isidilib təkrar qarşımıza qoyulan bayat yemək kimidir. Bəzən bunun fərqində oluruq, bəzən də yox.
Bir zaman gəldi fironları tənqid etdilər, Kralları, şahları qəddarlıqda günahlandırdılar, guya dünyaya ədalət, bərabərlik gətirəcəkdilər. Qədim və orta əsrlər dövrünün idarəçiliyini barbarlıqda ittiham etdilər, insan haqlarının tapdandığını yazdılar. Tarix doludur bu haqda yazılanlarla...
Kökü qədim Yunanıstana gedib çıxan demokratiya belə əsli deyildi, çünki necə demokratiya idisə, qadınlarla bağlı heç bir hüquq, haqq yox idi. Qadınlar gedib adicə Olimpiya oyunlarını izləyə də bilmirdilər.
Quldarlığı tənqid edirik, amma bu günün reallıqları ondan elə də fərqlənmir. Dəyişən daha təkmil sistemdir, sadəcə o dövün quldarlığı bəzəksiz-düzəksiz idi, indiki bir az boyanıb, bir az da maskalanıb. İndi qullar həm də diplomludur. Sadəcə onlar indi quldarlara deyil, banklara işləməyə borcludurlar. İndi istirahət günlərinin sayı bir azca çoxalıb.
Dünyada baş verən burjua inqilabları feodalizmi dağıtmaq üçün mübarizə apardı, mütləq monarxiyanı devirmək üçün insanlar öldü. Böyük Fransa inqilabının prinsiplərində insan haqları üçün də yer var idi.
Təəssüf ki, sonradan inqilablar da mürtəce xarakter aldı, hətta terrora belə əl atıldı. “İnqilab öz balalarını yeyir” ifadəsi mənzərəni tam çılpaqlığı ilə izah edir. Fransanın təkrar monarxiyaya qayıtması, sonradan respublika qurulması mərhələləri, sonradan respublika olsa belə Afrikada müstəmləkəçilik siyasəti göstərdi ki, demokratiya ancaq özlərinə xidmət edir.
Maraqlıdır ki, bir zamanlar mütləq monarxiyanı tənqid edənlər güc əldə etdikdən sonra özləri də monarx olmaq sevdasına düşürlər. Görünür ki, hakimiyyətin verdiyi sonsuz gücü heç kim əldən vermək istəmir. İnsan təbiətinin ya xislətinin güzgüsü budur, hökm etmək, hər şeyi öz əlində cəmləşdirmək və s.
Bəli, dünyada insan haqları üçün xeyli iş görülüb, qanunlar qəbul olunub, öz xalqı üçün rifah dövləti qurulub və s. Amma bu bütün xalqlar üçün keçərli olmayıb, onların ərazilərinin bölüşdürlüməsi, istismarı üçün əngələ çevrilməyib.
Rəvayətə görə, Fransa karlı XIV Lüdoviq məhkəmənin sözünü kəsərək “dövlət mənəm” demişdi. Bu gün dünyanı idarə edənlər də o ritorika ilə hərəkət edirlər.Bəs onda XXI əsrin XVII əsrdən fərqi nə oldu ki?!
Dünya Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”nı xatırladır; ağıllıların dəli, dəlilərin ağıllı hesab olunduğu və ya təbliğ olunduğu dövrdəyik. Həqiqi ağıl sağlığını qoruya bilənlərə eşq olsun.
Yenə də ümidliyik, yenə Yaz gəlib, Bahar ümiddir, daha yaxşı olacağına ümiddir.
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az