Heç kimin ürəyində dəfn olunmayın, orada qiyamət olmur
Heç kimin ürəyində dəfn olunmayın, orada qiyamət olmur
Mənə elə gəlir ki, insan sevdiyi işlə məşğul olanda həm də özünü tapmış olur. Həyatda başımıza gələnlərin təssadüf olduğuna heç vaxt inanmamışam. Əslində, hər şey qanunauyğun şəkildə baş verir. Hadisələrin bir-birini izləməsi bizi yaşanmalı olan, baş verməli olanlara doğru aparır.
Universitet illərində “Arxeologiya” mənim üçün sadəcə qədim mədəniyyətləri, insanların necə yaşamasını öyrənən bir fənn idi. İndi isə hər gün iç-içə olduğum, yaşadığım, həyatımın ayrılmaz sahəsinə çevrilib.
Hər gün tarixin müxtəlif dövrlərinə aid qəbirlərdən, yaşayış yerlərindən, bəzən də təsadüfən tapılmış arxeoloji materiallarla işləyəndə başa düşürsən ki, onlar təkcə maddi şeylər deyil. Bunlar həm də, mənəvi dəyərdir. Çünki onların bir çoxu kiminsə ya gündəlik işlətdiyi, ya da evində saxladığı məişət, bəzək əşyaları olub.
Kərpiclər, divar bəzəkləri, qapılar kiminsə evində istifadə olunub. Mənə görə onların hər biri aid olduğu dövr haqda təkcə hansısa texniki, maddi mənbə deyil, həm də öz dövrünün, istifadə edən insanların enerjisini daşıyır.
Arxeoloji materiallar tunc dövrü, dəmir dövrü, orta əsrlər və ya daha qədim dövr insanları ilə bizim aramızda bir körpüdür, kommunikasiya vasitəsidir.
Beş il əvvəl muzeyimizin Arxeologiya fondunda tədqiqat aparan alman arxeoloqla qısa söhbətimiz olmuşdu. Söhbət zamanı dedi ki, qazıntı aparan arxeoloq niyə qazdığını bilməlidir, nəyinsə xatirinə hər yeri qazmaq elm deyil. Bəli, arxeologiyanın, arxeoloqun fəlsəfəsi bu olmalıdır, özünə sual verməlidir ki, bu abidəni üzə çıxarmaqla hansı problemi həll etmiş olacaq. Belə deyilsə, o fəaliyyətin faydadan çox zərəri olur. Çünki külli miqdarda üzə çıxarılan materiallar şərh olunub tədqiqata cəlb olunmursa, onların üzə çıxarılmasının heç bir mahiyyəti olmur.
Ötən il professor Lətifə Summererin bir həftəlik elmi seminarlarında iştirak etdim. Dərslər çox maraqlı və interaktiv idi. Lətifə xanım çıxışlarının birində qeyd etdi ki, necə ki insan orqanizminə əməliyyatla müdaxilə olunanda onun orqanizmi bir də heç vaxt əvvəlki kimi olmur, arxeoloji abidələr də elədir. Torpaq altında olduğu kimi əsrlərlə qalan bir abidəyə müdaxilə, üzə çıxarmaq onun daha sürətlə dağılıb məhv olmasına gətirib çıxarır. Ona görə hər abidəyə qazıb müdaxilə etmək doğru deyil, çünki torpağın öz qoynunda qoruduğunu biz qoruya bilmirik.
Bəzən arxeoloji materiallarla insanların taleyi ilə müqayisələr aparıram. Biz də bilərəkdən və ya bilməyərəkdən insanların həyatına müdaxilə edib, onların güzaranını korlaya bilirik. Hətta olur ki, yaxşılıq kimi düşünüb yamanlıq etdiyimiz də olur.
Arxeologiyada ən zəngin materiallar qəbirlərdən tapılır. Qədim insan axirətə inamın ən gözəl nümunələrini qəbrə qoyurdu. Amma mən heç kimə kiminsə ürəyində dəfn olunmağı arzulamıram, çünki orada qiyamət olmur.
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az