Sadə görünən bir şey, əslində elə də sadə deyil...

image

Psixoloqlar deyir ki, zamanla insan ən çox sevdiyi insana bənzəməyə başlayır. Buna inanmağa başlamışam. Artıq anlayıram ki, dünyadan köçsə də daima ürəyimdə, beynimdə olan, xarakterinin də bir çox xüsusiyyətlərini daşıdığım insana bənzəməyə başlamışam.

Yaş irəlilədikcə görünür bu bənzərlik daha da artacaq. Maraqlısı budur ki, bu bənzərlik daha çox xarakterdə özünü göstərir. Baxmayaraq ki, zahiri görünüşə görə tamam fərqliyik.

 Elə insanlar var ki, onlar dünyadan köçsələr də, sanki bizimlə birgə yaşayırlar; vaxtaşırı elə bil onlarla söhbət edirsən, hansısa məsələni bölüşürsən, ondan məsləhət istəyirsən, öz etiraflarını edirsən.

İnsanların çoxu bunu dəlilik kimi qəbul edə bilər. Amma beynimizdə, ruhumuzda əslində bunları gerçəkdən yaşayırıq.

İnsan doğulduğu yerlə, aid olduğu topluluqla, nəsillə əbədi bağlıdı. O bağlar gözlə görünməyə bilər, amma daxilən, görünməz sıx tellərlə bu bağlar əslində mövcuddur.

Bir insan kimi formalaşmağımızda yediyimiz qidaların, olduğumuz mühitin və hər bir şeyin öz təsiri var. Hər şey ruhumuza, beynimizə, yaddaşımıza həkk olunur. Bəlkə kimsə bu acı gerçəklikdən qaçmaq istəyər,  amma bunu əsla bacarmaz.

Bəzən düşünürsən ki, sən əslində sənə qədər neçə nəslin, neçə insanın yaddaşını özündə birləşdirirsən. Bütöv bir zəncirin halqalarından birisən və bu davamlılıq beləcə də davam edəcək, insanı qəribə hiss bürüyür.

 Bəlkə buna görədir ki, insanlar nəsil artırmağa daha çox meyilidir və buna kodlanıbdır. Ümumi mənada isə insan bütün bəşərin yaddaşını özündə birləşdirir; bir insanda olan hamıda var, hamıda olan da tək bir insanda cəmlənib.

Uşaq olanda atamın nənəsi Şəhribanu nənə mənə həmişə deyərdi ki, oxu, müəllim ol. Nənəmin bu fikri sanki həyatıma da öz təsirini göstərdi. Ali təhsilimi Azərbaycan Dövlət Pedaqoji Universitetində aldım, müəllimlərin işə qəbulu  müsabiqəsini keçib orta məktəbə müəllim kimi qəbul olsam da, sonra imtina edib doktorantura təhsilinə yönəldim. Amma illər sonra yenə müəllim kimi işləməyə başladım. Bu psixoloji məqamı öz həyatımda yaşamışam, illərlə uşaqlıqdan yaşadığım çox şeyin cavabını sanki indi tapıram.

Müasir dünya etnososiologiya, etnopsixologiya kimi sahələrdə elmi tədqiqatlara yönəlib. Əslində, bunun kökü də daha erkən zamanlara gedib çıxır. Qərbdən səyyahlar Şərqə üz tuturdular, onların içərisində yaşayırdılar, adətlərini öyrənirdilər, qeydlər edirdilər.

Maraqlıdır ki, Ruzvelt Yaponiya ilə müharibəyə başlayanda o dövrün görkəmli antropoloqu Rut Benediktə yapon cəmiyyətinin xüsusiyyətlərinin ətraflı təhlilini hazırlamağı tapşırmışdı. O isə bu mövzuda "Xrizantem və qılınc" əsərini yazdı. Bütün general və admirallar bunu oxumaq məcburiyyətində idilər.

 Hesab edilir ki, məhz buna görə müharibənin sonunda amerikalılar yapon Vatikanı kimi tanınan Kiotonun bombardman edilməsinə yol vermədilər. Əks halda, yapon sivilizasiyası məhv ola bilərdi. Bu sadəcə kiçik bir ehtimaldır.

 Şübhəsiz ki, bu kitab sayəsində amerikalılar Yaponiyadakı psixoloji vəziyyəti başa düşməyə çalışmışdılar. Bu haqda Umberto Eko Konstantin Milçinə verdiyi müahibədə danışmışdı. Bəlkə də yaponların barışmazlığı, xarakterini bildikləri üçün oranı bombaladılar.

Göründüyü kimi, sadə görünən bir şey elə də sadə deyil, özündə həm keçmişi, həm də gələcəyi birləşdirir.

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti