Mәni ürәyimdәn öpәn tәk adam Xaqani Qayıblı oldu
Mәni ürәyimdәn öpәn tәk adam Xaqani Qayıblı oldu
Xaqani Qayıblı Qaraçöp mahalındandır, Qaraçöpün yetişdirdiyi say-seçmә oğullardandır...
Qaraçöpün mәnim hәyatımda әn az iki-üç xatirәsi var. Dәyәrli dostum, qardaşım İlqar İlkin dә ordandır, Xaqani kimi o da bir Tәrәkәmә, Qarapapaq balasıdır…
Sәhv etmirәmsә Qaraçöpә 33-34 il әvvәl getmişdik. Şahin (Ağababayev) vә Anar (Niftәliyev) ilә birlikdә. İlqarın rәhmәtlik anasının – Şaxanım anamızın yasına… Kәndә ayaq basanda gecә yarı idi. Rәhmәtlik Bayramәli әmi (İlqarın atası) bizi bağrına basmışdı, İlham ağabәy bizi öz qardaşı İlqarı qucaqladığı kimi qucaqlamışdı, kiçik qardaşı rәhmәtlik Zülfiqar biz ağabәylәrinin qulluğunda durmuşdu.
O zaman hәsrәtli şair Sәmәd Qaraçöp dә mahalın yeddi kәndindәn birindә, sәhv etmirәmsә Keşəli kəndində yaşayırdı. Onu da evindә ziyarәt etmiş, hәyәtlәrindә çay içmişdik. Zәngin Elat kültürünün son qalalarından olan Qaraçöpün uca evlәri, geniş qonaq otaqlarının qalın yorğan-döşәklәri, Sәmәdin sözü ilә “evlәrin üç addımlığında olan” bol torpaqlı iri qәbirlәri mәnә Dәrbәnddәki insandan böyük balbalları, Oğuz qәbirlәrini xatırlatmışdı.
“Vәtәnin qıraqda qalan yeri” (Sәmәd Qaraçöp) olan bu torpağın normal ölçülәrdәn daha böyük maddi-mәnәvi dәyәrlәr daşıdığını hәr addımda görmәk mümkündü… Qaraçöp hәqiqәtәn dә Böyük idi vә bu böyüklüyünü hәr şeyi ilә hiss etdirirdi…
Universitetdәn sonra Xaqani qardaşımız kimi mәnim dә yolum qürbәtә düşdü. Tәlәbәlik illәrindәn hәlә iki il keçmәmişdi ki, İzmirdә ikәn Qaraçöp balası İlqar İlkindən bir mәktub aldım - hәsrәt dolu, mәnzum-mәnsur bir mәktub… İnsan ancaq öz doğma anasından, qardaşından belә bir mәktub ala bilәr.
Sonradan İlqarı Türk Dünyasında mәşhur edәn “Yalqızlıq” adlı şeir belә idi:
...ölüm kameralarında
azadlığı düşündüyüm qədər yadımdasan.
Eşidirsənmi?
Yiyəsiz küçə itlərinin
ulartısını yuyur yağış
zingildəyir aramızdakı
bir parça torpaq.
Sən məndən nisgilli,
mən səndən uzaq...
... qapını bağla, rahat yat
nə yuxu gör, nə oyan
onsuz da bu yağış altında
ölüm kameraları kimi ağlımdasan...
Bu mәktubun yazılmasından 13-14 il sonra (2010-cu ildә) İzmir Çeşmәdә dostumuz Şahinin (Şahin Әlәkbәrovun) maşınında gedәrkәn İlqar ön qoltuqda oturmuşdu, mәn isә arxada. Birdәn mәn cibimdәn İlqarın bu mәktubunu çıxarıb oxumağa başlayanda Şahin maşını kәnara çәkib mәktubun bitmәsini gözlәmişdi…
İlqar da bu sürprizdәn mat qalmışdı. İlqar mәnә bu mәktubunu yazanda oğlu İlkinin yavaş-yavaş addım atmağa başladığını yazmışdı. Bu mәktub yazılarkәn gәnç yaşda dünyaya vәda edәn anasının adını daşıyacaq gözәl Şaxanım qızı hәlә dünyaya gәlmәmişdi. İndi isә İlkin Ahmed Yәsәvi Universitetini bitirdikdәn sonra Samsun 19 Mayıs Üniversitetindә Yüksәk Lisans (Magistr) tәhsilini tamamlamış, Bakıda iş hәyatına başlamışdır. Nazim әmisini yola salmaq üçün Bakı Beynәlxalq Aeroportuna gәlәn Şaxanım balamız isә BDU-da Antropologiya tәhsili almış, Azәrbaycan EA Etnoqrafiya və Antropoliya İnstitutunda çalışmaqdadır. İnşallah bu il Şaxanım balamızın toyuna gedәcәyik…
Qaraçöpdәn kәnarda yaşayan mәrd Qaraçöplülәr o böyük ürәklәrini dünyanın harasına getsәlәr özlәri ilә aparır vә bu tәәssüb әnәnәsini davam etdirirlәr… Onlardan biri dә әziz tәlәbә yoldaşım, kişi kimi mәrd olan bacımız “Dağlar qızı” Reyhan Әsәd qızı Nәsibovadır.
Yazıçı-tәrcümәçi, vәfalı dost Nәriman Әbdülrәhmanlı vә dostumuz Arzuman Nәbiyevin adlarını da çәkmәliyәm. Qısacası mәn әn az otuz ildәn bәridir ki, Qaraçöpü, onun böyük insanlarını öz doğma kәndim vә doğma kәndçilәrim kimi sevdim, sevirәm vә qalan ömrümdә dә sevәcәyәm…
Xaqani Qayıblı da bu böyük ürәkli insanlardan biridir…
Qaraçöp kimi bir torpağın Xaqani kimi bir oğul yetişdirdiyi mәncә şaşırtıcı deyil…
Mәn onun da adını ilk dәfә İlqardan, can dostum İlqar İlkindәn eşitmişәm. Sonra İbrahim dayı (İbrahim İlyaslı) ondan danışıb, dostum Ehtiram (Ehtiram İlham) ondan danışıb, dostum Asif (Asif Qurban), Hәmid Ormanlı ondan danışıb…
Qulu qardaşımız (Qulu Ağsәs) öz Alsu balasına reportaj verәrkәn qızına vәsiyyәt edirmiş kimi sözlәrinin arasında Alsunun Xaqani әmisindәn danışanda artıq bu adamın heç görmәdiyim, uzaqlarda yaşayan yaxınlarımdan biri olduğuna yәqinlik gәtirdim. Sonra bir dәfә İzmirdә görüşdük onunla, bir elmi konfransda. Qaraçöpdәn, İlqardan, Sәmәddәn… danışdıq. Amma bu görüşümüz dә qısa oldu…
Sonraki illәrdә dә mәn Xaqani Bәyin ancaq mәdhini eşitdim. 50 illiyindәn çox gec xәbәr tutdum, rәhmәtlik Zәlimxan Yaqubun onun haqqında yazdıqlarını oxuyandan sonra. Keçәn il Azәrbaycan Muğam Mәrkәzindә dövlәt tәdbiri kimi keçirilәn 60 illik yubileyindә xәstә olduğum üçün Bakıya gedә bilmәdim.
Keçdiyimiz 2024-cü ilin iyun ayında dәyәrli dostumuz, Elat kültürünün әn böyük şairlәrindcn olan Allahverdi Tәhlәlinin nәvәsinin toyunda Xaqani Bәy ilә görüşdük, qucaqlaşdıq, söhbәt etdik, hәsrәt gedәrdik. Allahverdi Tәklәli uzun zaman tәsirindәn çıxa bilmәdiyim aşağıdaki şeirini dә mәhz Xaqani Qayıblıya sevgilərlə yazmışdı:
Bir sərkərə quzuçuydum Xanımçıxanda,
Bir də gördüm gözlərimi huş alıb gedir.
Handan-hana ayıldım ki, təlik quzumu
Caynağına bir alıcı quş alıb gedir.
Bir sərkərə quzuçuydum Xanımçıxanda,
Torpaq altda xumarlanan dən idim, ay dost.
Mələrtisi dağ mələdən təlik quzu yox,
Yalan olmaz, əgər desəm mən idim, ay dost.
Bir sərkərə quzuçuydum Xanımçıxanda,
Hulla baxan, huş aparan cərmədə qalır.
O alıcı quş dalınca papaq fırladım,
Dost, o gündən papağım da hərmədə qalır.
O gün bu gün qorxusundan qomarğalanıb,
İnanmıram, “ırreh” desəm sürüm yerisin.
Bir təliyin ahı məni tutub o gündən,
Çətin mənim bundan sonra surum yerisin.
Şalaxlanıb çox quzular qoç olsalar da,
Bu dünyanın caynağında təliyəm indi.
Mələrtimi Tanrı belə eşidəmmədi,
O səbəbdən mən hamıya ləliyəm indi.
Ayrıca Azәrbaycandan Kәnarda Yaşayan Diaspora Alimlәrinin toplantısına qatıldıq, yüzillik arzumuza qovuşduq, Xaqani Bәy ilә birlikdә Qarabağa, Şuşaya getdik. Allahımıza şükürlәr olsun. İnşallah Xaqani Bәyin 65 illik yubileyindә ona sürprizlәrim olacaq.
Bu gün isә 61 yaşındadır bu min yaşlı, sәsi özündәn qoca, hamıdan UCA adam…
Xaqani Bәy daş ürәkli bir insanın belә gözlәrini yaşardacaq qәdәr sәmimi vә doğma insandır. Son dәrәcә intellektual, tәpәdәn dırnağa qәdәr vәtәnpәrvәrdir. Bir yazıma görә “Nazim, sәni ürәyindәn öpürәm!” yazmışdı. 57 illik hәyatımda mәni ürәyimdәn öpәn tәk adam -20 Yanvar şәhidi Әlәsgәr Qayıbovun qardaşı Xaqani Bәy olub, bundan ötәsi varmı?!..
Xaqani Qayıblı böyük alimdir, Asiyanın Avropası, Avropanın Asiyası olan Ural dağları qәdәr möhtәşәm, anayurd Altay qәdәr doğmadır. Tәkcә Türkoloq deyil, Uralist vә Altayist deyil, Uralist-Altayistdir. Ural dillәrindәn biri olan Estonca bilәn çox az sayıdakı elm adamlarındandır. Rәhmәtlik Aydın Mәmmәdovun yarımçıq qalmış Altay çalışmalarının davamçısıdır, ünlü Lotmannla çiyin-çiyinә çalışıb Ural araştırmaları yapan fәxrimizdir…
Xaqani Qayıblı vәtәni qürbәtә daşıyan, hәr nәfәsindә onu yaşadan vә yaşayan qürbәtdaşımız, qardaşımızdır. Qürbәti vәtәn kimi qucaqlayıb “vәtәnlәşdirәn” (Qürbәtin dә öz itmiş balası kimi qucaqladığı) bu söz adamı tıpkı bir Qarakәllә İmiri kimi “gәlәcәyi xatırlayan adam”dır. Yaşadığı hәr ildә deyil, bәlkә hәr gündә әlli illik dopdolu bir ömür yaşayan Xaqani qardaşımız “içindәki mәnini tapıb” onun diktәsi ilә hәrәkәt edәn bәxtiyarlardandır.
Xaqaninin şairliyindәn söz etdiyim mәqalәm inşallah yaxın günlәrdә yayımlanacaqdır. Bu nur üzlü qardaşımın üzü suyu hörmәtinә uca Allahın bu möhlәti mәnә verәcәyinә inanıram. Xaqani ağabәy dә daxil dәyәrli dostlar üçün burnumun ucunun göynәdiyini dә elә Xaqani Qayıblının öz sözlәri ilә әrz edirәm:
O mәnәm – Sәndәn ötәri
yağış yağanda darıxan.
Şaxtalı qış gecәlәri
isti yorğanda darıxan…
Xәbәrin yox, yağan yağış
yaddaşıma nәlәr deyir.
Damlalar әllәrin olub
pәncәrәmi döyәclәyir.
Bir bilәsәn uzaqlarda
sәnsiz darıxmaq necәdir!
Çaşıb adını çağırmaq,
Sonra karıxmaq necәdir?!..
… Göy üzünü bulud alsa
Sәn olursan dәrdim-sәrim-
Bilirәm ki, balkondasan
-Üşüyәrsәn, gir içәri!..
Nazim Muradov
KKTC, Lefkoşa
01.03.2025
Soydas.az