Düşüncəsi “rus zənciri”nə bağlı qalanlar
Düşüncəsi “rus zənciri”nə bağlı qalanlar
Son günlər dilimizlə bağlı məsələlər sosial şəbəkələrin gündəmindən düşmür. Sovetlər Birliyinin dağılmasından 35 il ötsə də, bəzilərinin şüurunda bu hələ də yaşayır deyəsən.
1918-ci ildə qurulan və cəmi 23 ay mövcud olan Cümhuriyyət dönəmimizi çıxsaq, 1828-ci ildən başlayan və 1990-cı ilə qədər davam edən rus təsiri altında olmuşuq; əvvəlcə çarizm, müstəmləkəçilik, daha sonra isə sovetlərin təsirləri.
İnsafən deyək ki, çarizmin bizə olan münasibəti sovetlər dövrünə nisbətən daha “mülayim” olub. Sovet bolşevizmi isə milli ziyalılarımızın məhvindən tutmuş, dilimizin və milli kimliyimizin məhvinə qədər bizə hər şeyi etdi. Əslində, buna heç təəccüblənməli də deyilik.
Onlar öz ideologiyalarına uyğun sistem formalaşdırmaq üçün bütün bunları etdilər. Vahid sovet vətəndaşı ideyası yaratdılar, hər şey bir nəfərin iradəsinə tabe olundu. Təkcə ötən bir əsirdə əlifbamızı dörd dəfə dəyişərək, dilimizə çox ağır və sağalmaz zərbələr vurdular.
2012-ci ildə Tatarıstanın Kazan şəhərindən gənc tədqiqatçı Alsu xanım elmi işi ilə bağlı Bakıya gəlmişdi. Söhbət zamanı təəssüflə dedi ki, Bakının mərkəzində adamlar daha çox rus dilində danışır, burda olanda elə bilirsən ki, Rusiyadasan. Düzü, ona deməyə bir söz tapa bilməmişdim. Çünki bizə acı reallığımızı bildirirdi. O ildən artıq 13 il keçib, amma hələ də çox az şey dəyişib. İndi də şəhərdə, hətta dövlət müəssisələrinin çoxunda belə daha çox rus dilində danışan insanlara rast gəlmək olur.
Çox maraqlı bir məqamı xatırlamaq istəyirəm; gürcülər bizdən fərqli olaraq, müstəqillik illərindən başlayaraq, rus dilindən tam imtina etdilər. Rus dilində isə məcbur qalmasalar əsla danışmazlar. Bir dəfə Gürcüstanda sənəd işi ilə bağlı dövlət idarədə idik, gürcü dilini bilmədiyim üçün rus dilində müraciət etməli oldum. Məmur bizə iradını bildirdi ki, bura Rusiya ərazisi deyil, niyə gürcü dilində danışmırsınız? Onlar bunu öz dillərinə olan hörmətsizlik kimi görürlər.
Bizdə isə sanki öz ana dilində danışan insanlara ikinci dərəcəli yanaşma mövcuddur. Xarici dil bilmək, əlbəttə, çox gözəldi, amma gərək öncə öz ana dilində düşünüb danışa biləsən. Hesab edirəm ki, öz ana dilini gözəl bilməyən şəxs başqa dilləri də yaxşı mənimsəyə bilməz.
Mənim rus dili ilə bağlı uşaqlıq travmam var.
İbtidai sinifdə oxuyanda rus dilini bilmirdim; nə üzündən yaxşı oxuya bilirdim, nə də yaza bilirdim. Hər dəfə bu dildə dərs danışmağa çıxanda uşaqlar gülürdü və təbii ki, bu da mənə çox pis təsir edirdi. Bir gün rus dili müəllimiz dedi ki, öyrənmək istəyənlər üçün əlavə dərslər keçəcəyəm. Təbii ki, əlavə dərslərə qatıldım, həvəslə rus dilini öyrəndim. Zamanla özüm də öz üzərimdə işlədim və sonra bilgilərimi təkmilləşdirdim. Bir məsələni etiraf edim ki, elmi işimi yazarkən rus dilini bilməyim mənim çox köməyimə çatıb. Çünki, sovet dövründə əsas elmi əsərlər daha çox rus dilində yazılıb. Amma bununla belə, bu dilimizi ikinci plana salmağa əsas vermir.
Dil düşüncənin ifadəsidir, dil yaddaşdı, dil nəsillərarası əlaqədi, bağdı, bizi keçmişimizə bağlayan tellərdi. Dil təkcə ünsiyyət vasitəsi deyil, o bizim düşüncəmizin “canlanmış” obrazıdır, bizi yaşadan, milli yaddaşımızı diri tutan əsas məfhumdur.
Sovetlər dağılsa da, biz hələ də mili kimlik axtarışındayıq. Uzun illər təsirində yaşadığımız sistem dağılıb, müstəqillik qazanmışıq, amma düşüncə olaraq hələ də “rus zənci”rdən qurtara bilmirik.
Sovetlər birliyinin “parçala, hökm sür” ideologiyasının əksinə olaraq, bu gün vahid bir milli ideologiya ilə ayaqda durmaq istəyirik. Amma sistemsiz, konsepsiyasız, əsaslı addımlar olmadan bu vahid ideologiyanı həyata keçirmək elə də asan deyil.
Dil vətəndir, dil ruhdur, dil kimliyimizdir. Onu itirsək ruhumuzu da itirərik, Vətənimizi də. Onu qorumaq isə hamımızın borcudur.
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az