Azərbaycanda rusdilli təhsilinin ideoloji təzahürləri
Azərbaycanda rusdilli təhsilinin ideoloji təzahürləri
“Atam dağ kimi arxamda dayanıb” - cümləsində “гора” kimi tərcümə olunan dağ sözü rus dili qramatikasında kişi yox, qadın cinsinə aiddir. Şüurlu insan üçün ilk baxışda burada qeyri-adi heç nə yoxdu, əgər xarakterin formalaşmasında şüuraltının rolunu nəzərə almasaq…
BAKU TV-də rusdilli məktəblərlə bağlı verliş gedir. Sabir Rüstəmxanlı ilə Ayaz Salayev danışır.
Ayaz Salayev deyir ki, rusdilli məktəblərə qarşı çıxan bütün insanların hamısında natamamlıq kompleksi var. Çünki, onlar rus dilində təhsil alanların səviyyəsinə baxanda özlərini əzilmiş kimi hiss edirlər.
Bu günlərdə Sərdar Cəlaloğlu rus dilində bilməyənləri bəyənməyən şoumen Bəhram Bağırzadəyə “Rus evi” ilə bağlı da söz ünvanladı. Amma, bu münasibətə “Baxram bek” heç öz təbirincə desək, zarafatla da cavab vermədi.
Nəzdində ingilis, rus, türk bölmələri də olan azərbaycandilli liseyin orta və ali təhsilini rus dilində almış rusdilli direktoru ilə danışıram. Yəni, Bakıda azərbaycandilli liseyin rusdilli direktoru!..
Lisey direktor olan xanım deyir ki, Qarabağ müharibəsi zamanı ermənilərlə sərhəddə görüşən zabitlərimizin içində rus dilini bilən tək bir zabitimiz olub. Nə yaxşı ki, heç olmazsa o da olub. Amma, çoxları rus dilinə qərəzli baxırsız.
Xanım direktorun dediklərinə qarşılıq deyirəm ki, erməni zabitlərilə bizimkilər arasında ünsiyyət dili rus yox türk dilində olmalıdır və olacaq da. Çünki, bura türk əraziləridir.
Xanım hirslə durub gedir....
İndi təsəvvür edin, bu liseydə hansı siyasi mədəniyyət inkişaf edə bilər!
Sərdar Cəlaloğlunun rus dili bilgisi akademik səviyyədə olsa da, onun kimi mənim də rus dilini bilib rusca düşünməyənlər də, rus dilini heç bilməyənlər də hər biri «Бахрам & Аяз Ko” üçün eyni “çuşka” kateqoriyasında birləşirlər.
«Бахрам & Аяз Ko” deyir ki; sən rus dilində danışa bilmirsənsə demək “çuşkasan”!..
Onların məntiqinə görə, bir azərbaycanlı ingilis dilini bilib, rus dilini bilmirsə, o yenə də “çuşka” sayılır. Sadəcə müasir “çuşka” sayılırsan.
Onların məntiqinə görə, rus dilini sərbəst danışa bildiyin halda rusca düşünmürsənsə, deməli sən həm də “nankor çuşkasan”. Ona görə ki, sən rus dilinin faydalarından yararlanırsan, amma “russkiy mir”ə xidmət etmirsən, “sovet nostaljisi” yaşamırsan, bu nostalji ideologiyanı təbliğ etmirsən.
Bunları etməməyin azmış kimi, hələ bir türkçülüyü də təbliğ edirsən, Moskvanı qoyub Qərbə təhsil dalınca gedirsən.
Rusdilli təhsil:
Sovetlər vaxtı rus dilində oxumağın öz yeri vardı. Çünki, başqa dillərə çıxış imkanları çox az idi.
Bəs bu gün rusların da özlərinin ingilis, çin və s. dilləri öyrənməyə cəhd etdiyi bir vaxtda rus dilində təhsil almaq kimə lazımdı?.
İndiki dövrdə uşaqlarını rus dilində təhsil almağa yönləndirənlər əsasən, orta-yaşlı nəsil və yaxud bunların təsiri altında olan gənc valideynlərdi.
Bunlar da rus dilini sərbəst bilənlər və heç bilməyənlər kimi iki qrupa bölünür.
Sərbəst bilənlər:
Bu cür insanlar Google-da bütün məlumatları rus dilində axtarır (sosial şəbəkələrdə hərdən öz dilində danışsalar da, mətnləri yalnız rus dilində yazırlar). Çünki, dilimizlə müqayisədə internetdə rus dilindəki məlumatlar qat-qat çoxdur. Buna görə də adamda rus dilinin imkanına heyranlıq hələ də qalmaqdadır.
Amma, bu yaşlı adamlar yalnız rusdilli olduğuna görə, rus dilindən başqa dildə axtarış verə bilmədiyinə görə bilmir ki, internetdə olan məlumat bazası öz həcminə görə Azərbaycan dilinə nisbətən rus dilində nə qədər böyüksə, rus dilinə nisbətən ingilis dilində də bir o qədər daha böyükdür. Yəni, məlumat bazası həcminə görə ENG:RUS nisbəti RUS:AZE nisbətindən qat-qat böyükdür.
Pis bilənlər və heç bilməyənlər :
Rus dilini bilmədiyinə görə sovet və postsovet dövründə rusdillilərdən bilik həcminə, informasiya bolluğuna və sosial statusa görə daim geridə qaldığını hiss edənlər, köhnə emosional yaddaşla indi öz övladlarını rus bölməsinə qoyurlar ki, onlar da ataları kimi əziyyət çəkməsin, daha təhsilli olsunlar.
Digər biri yalnız rus dilini yaxşı bildiyi üçün bu dilə sevgisinə görə, başqa biri rus dilini bilmədiyi üçün ona həsədlə baxıb, pərəstiş etdiyinə görə, hər ikisi öz fokuslarını rus dili üzərindən ayıra bilmir. Adamlar rus təhsil sistemindəki böhranı, ölkəmizin təhsil sisteminə daxil olan yeni dillərin (türk, ingilis, çin, alman və s.) imkanlarını görə bilmirlər.
Rus dili ilə bağlı işlər əvvəlcə V.İ Leninin “Milli dillərin inkişafı” konsepsiyası ilə başlasa da, 1930-cu ildən başlayaraq, İ.Stalin hakimiyyəti rus dilini sovet xalqının birləşdirici dili kimi dominat mövqeyə çıxartdı.
Stalin “Marksizm və Dilçilik məsələləri” əsərində dilin siniflərarası mübarizə ilə əlaqəsini inkar edirdi. Halbuki, onun bu əlaqəni aydın görə bilməsi onu rus dilini yeganə dominant dilə çevirməyə sövq etmişdi.
Daha sonra 1939-40-cı illərdə bir çox respublikaların istifadə etdiyi latın əlifbası da kiril əlifbası ilə əvəz edildi. Yəni burada dilin siyasi rolunun əhəmiyyəti aydınca görünür. Sonra rus dili sürətlə inkişaf etdirilməyə başladı. Lakin, burada bir problem yarandı ki, o zaman bu elə də qabarıq görünmürdü.
Verbal intellektin aşırı inkişafı özü ilə xeyli fəsadlar da gətirir. Bunlardan aşağıdakıları misal çəkə bilərik:
1. Hərəkətsizlik, praktiki bacarıqların zəifləməsi (işi əməldə deyil sözlə yola vermək);
2. Başqalarının emosiyalarını anlama və empati qurmanın zəifliyi;
3. Aşırı analiz və qərarsızlıq;
4. Adi məsələyə nəzəri yanaşma, abstraklaşma və reallıqdan uzaqlaşma;
5. Həddən artıq mürəkkəb ifadələr işlətməklə ünsiyyətdə çətinlik yaratmaq.
Diqqət etsəniz, bu 5 bəndin ən azı 3-nü hər tanıdığınız rusdilli bir insanda mütləq müşahidə edə bilərik.
Bu mövzu heç bitməyəcək qədər çox uzundu. Həm də hamı bilir ki, indiki dövrdə şagird ana dilində oxuya-oxuya, parallel olaraq başqa ən azı iki dili də mükəmməl öyrənə bilər. Əgər öyrənə bilməzsə, onun başqa dildə oxumasına heç gərək də yoxdur!
Lakin, gen və psixologiyanın sağlamlığı və monolit dövlət quruculuğu üçün orta məktəbi hər kəs yalnız öz ana dilində birtirməlidir!
Əslində İ.Stalinin üzdən getdiyi, amma narahat olduğu bu mövzu çox ciddi bir mövzudur; dövlətçilik prinsipləri inkişaf yolunda olan istənilən bir ölkədə uşaqlar orta məktəbi müxtəlif dillərdə bitirirsə, bu özlüyündə “sinifləşmə” və onların gizli mübarizəsini yaradacaq.
Lakin Stalinin anlamadığı bir məsələ də var idi ki, rus dilinin inkişafının süni şəkildə, qeyri-təbii inkişafı başqa bir fəsada da yol açacaqdı; xüsusi fokuslanma olmadan rus dili mahiyyəti izah edə bilmir, mahiyyətin ətrafında dolanır.
Göründüyü kimi, Bakının rusdillilləri Azərbaycanın qeyri-rusdillilərini bəyənmirlər. Bu onların şəxsi istəyi ilə baş vermir, bu rusdilli təhsilinin ideoloji təzahürüdü.
Azərbaycanda dövlət məktəblərində rus dilində təhsil yalnız milliyyətcə rus vətəndaşlarımız üçün olmalıdır. Digərləri isə rus dilində özəl məktəblərdə vəsait ödəməklə təhsil ala bilərlər!
…"Dağ" və "гора" iki fərqli mənəvi anlayışlardı…
Uğurlu Şərifov
Soydas.az