Paleolit “Venera”sından XXI əsrə - QADIN
Paleolit “Venera”sından XXI əsrə - QADIN
Palelolit - qədim daş dövrü indi bizə çox uzaq görünür. Bu gün özümüzü sivilizasiyanın, inkişafın çox üstün səviyyəsində görürük. Arxeologiya elmi qədim daş dövrünün sirlərini bizə açmaqda çox böyük kömək olur, olmaqda da davam edir.
Əslində, tarixin dövrlər üzrə bölünməsi də insanın yaratdığı bir nəsnədir. Bu gün burada oturub o dövrü, daş, tunc, dəmir və s. adlandırırıq. Bəs görəsən, o dövrdə yaşayan insanlar özləri öz dövrləri haqqında hansı fikirdə olublar?
Bu gün deyilənlər isə heç şübhəsiz ki, daha çox ehtimallardı, müxtəlif mülahizələrdi.
Amerikalı mifoloq Jozef Kempbellin “Mifin gücü” kitabında çox maraqlı bir fikir oxudum. O yazır ki, keçmişin fəzilətləri indi qüsura çevrilib. Təbii ki, burada çox şey haqda danışmaq və yazmaq olar. Nədənsə ağlıma XXI əsr qadını ilə qədim dövrdə yaşamış qadınlar gəldi.
Qədim dövrlərdə qadın məhsuldarlıq, bərəkət simvolu hesab edilirdi. Ocağın əsas qoruyucusu idi. Əslində, uzun müddət bizim cəmiyyətdə də bu fikir hakim idi, amma yavaş-yavaş bu anlayış dəyişməyə və ya dağılmağa doğru gedir.
Hətta tarixdə qısa bir dövr Matriarxat (Anaxaqanlığı) da adlandırılıb. Avropanın müxtəlif ölkələrində “Palelolit Veneraları” adlandırılan qadın heykəlləri də tapılıb. Bu daş heykəllər əsasən dolğun bədənli təsvir edilirdilər. Xüsusən, ayaqları və qarın hissələri daha qabarıq şəkildə görünürdü. Bu formada təqdimat isə daha çox qadının doğurqanlığını simvolizə edirdi.
Qadın həm də icmanın həyatında mühüm rol oynayırdı, o yığıcı idi. Qədim insanların iki məşğuliyyətindən biri olan bu yığıcılıq qabiliyyəti qadınların icma daxilində üstünlüyünü xarakterizə edirdi.
Bəlkə də, buna görədir ki, bu gün də qadınlar daha çox iri çantalarla gəzir, alış-veriş etməkdən doymur, öz yığıcılıq xüsusiyyətini biruzə verir. Bu, qadın üçün həmin yığıcılıqdan qalan bir ənənədir, onu davam etdirir.
Qadınlar həm də ilk dulusçu, toxucudurlar. Onlar həm də ilk kəndlərin yaradıcısı hesab edilirlər. Saxsı qabların formalarına baxsaq, onlar daha çox qadın bədəninin formasını xatırladır.
Maraqlıdır ki, folklorşünas Lidija Stonajanovic hətta təndirin, ocağın, qazanın, tavanın, quyunun da ana bətnini simvolizə etdiyini yazır.
Qədim daş dövründə dolğun bədənli, iri biçimli qadın fəzilət hesab olunsa da, müasir dövrdə o qüsur kimi qəbul olunur. Hətta təbiiliyin yerini silikonlar, süni yaradılmış bədən formaları alır. Təbii ki, bunun altında yatan səbəblər çoxdur və müxtəlifdir. Kimisə qınamaq niyyətimiz də yoxdur. Bu gün bütün dünyanın girdiyi psixoz durum yalnız qadınlarla bağlı deyil, daha çox qlobal bir problemdir.
Qadınlara rəğbəti olmayan alman filosof Nitsşe deyirdi ki, qadınların ikinci planda qalmağa təbii meylləri olmasaydı, bəzənib-düzənməklərinə də ehtiyac olmazdı. Tarixi aspektdə bu fikrə haqq qazandırmaq olmaz. Amma günümüzdə qadınların özünü inkişaf etdirmə imkanları daha çox genişlənib. Lakin bu gün bütün dünyada qadınların düşdüyü duruma nəzər saldıqda, iç səsimizi boğa da bilmirik; kaş ki qadın xoş olmayan zahiri görkəmini belə dəyişməkdənsə, bilgilərini zənginləşdirəydi.
Paleolit dövrünün mağarasında yaşayan qadınla bu gün meqapolislərdə, böyük, daha rahat evlərdə yaşayan qadınlar arasında elə də böyük fərq yoxdur. Qadın yenə də daha çox instiktlərilə hərəkət edir, sadəcə o özünü bir qədər fərqli formalarda göstərir.
Məncə, qadına çox böyük bir şey də lazım deyil, o sadəcə tamamlanmaq istəyir, yarımçıqlıq insanı axtarışlara sövq edir.
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az