Bəlkə də yer üzündə elə yerlər var ki, hasarlanmayıb

image

Bəşər öz yaratdığı döngünün içərisində dolanmaqdadır, nə etsə də, ondan qurtara bilmir. Bir zamanlar sadəcə ov edib, bitki toplayıb isti ocaq başında çox az şeylərlə xoşbəxt olan insan, indi bu qədər təminatla, rahatlıqda  xoşbəxt deyil, daima nələrsə axtarır, heç nə ilə qane ola bilmir.

Məşhur “Apokalipsis” filminin əvvəlində şamanın danışdığı hekayə ağlıma gəlir; filmdə şaman bayquşun dilindən deyir ki, insanın ürəyində elə bir dəlik var ki, o heç vaxt dolmayacaq qədər dərindir. Bəlkə də bu əfsanədə gerçəklik payı var.

Daima beynimdə bir sual dolanıb ki, bəlkə elə insanın ən böyük öhdəliyi nəsilartımına xidmət etməkdir. Niyə həyatımızı bu qədər yükləmişik, o qədər “izm”lər yaratmışıq ki, sonra da içindən çıxa bilmirik. Bu bitməz döngünü isə hər nəsil özünə uyğun davam etdirməkdədir...

İnsan beynindəki yaddaşından başqa bir də genetik, irsi “yaddaş”ı var. Nə qədər ali dəyərlər, yüksək ideallar axtarışında olsaq da, bir yerdə o irsi yaddaş bizim ən ibtidai  dövrümüzü bizə xatırladır, itmədiyini yadımıza salır. Bizim təbiətin bir parçası olduğumuzu unutmağımızı istəmir.

İnternetdə maraqlı bir yazı oxumuşdum, insan bədənində olan elementlərlə torpağın tərkibindəki elementlər arasında böyük oxşarlıq olduğu yazılmışdı. Təbii ki, bunun nə qədər doğru olduğunu deyə bilmərəm, amma maraqlı idi.

Con Maksvell Kutzee “Maykl. K-nın həyatı və zəmanəsi” adlı əsərində yazır: “Təbiətlə insan arasında bağ qırılarsa, torpaq qəzəblənər və öz övladlarnı birdəfəlik unudar”.

Bəlkə elə buna görədir ki, insan qocalanda öz doğulduğu torpağa qayıtmaq istəyir, orada yaşamaq istəyir, hətta öz doğulduğu yerdə dəfn olunmağı arzu edir. Hətta dilimizdə tez-tez işlənən “torpaq çəkirmiş” ifadəsi də var. Bəlkə də indi torpağın insanlığı unutduğu zamandayıq, yadlaşma dövründəyik.

Əksər folklor nümunələrinə, nağıllara, əfsanələrə, rəvayətlərə baxsaq, demək olar ki, hamısı təbiət-insan kontekstində verilib. Ən gözəl bayramlar, rituallar, mərasimlər da elə təbiətlə bağlıdır. Sözsüz ki, burada qədim insanların inancı, dünyagörüşü, təfəkkürü də böyük rol oynayıb. Onlar o bayramları ayin kimi, anlam qataraq icra ediblər. Bu gün isə biz o bayramların mahiyyətinə varmadan, ənənə kimi qeyd edirik.

 Əslində, indi bütün insan həyatı da sanki mahiyyətinə varılmadan yaşanır. Bu gün həm təbiətə, həm də özümüzə yadlaşaraq yaşayırıq.

Qayıdaq “Maykl. K-nın həyatı və zəmanəsi” əsərinə; orada qəhrəman da son ana qədər təbiətlə iç-içə olmağı seçir, insanlardan uzaqlaşır.

 Əsərdə maraqlı bir cümlə var, deyir ki, bəlkə də yer üzündə elə yerlər var ki, hasarlanmayıb və heç kimə məxsus deyil. Amma indi dünya bu əsərdə deyilənlərin tam tərsinə, hər yer sərhəddir, hasarlanıb, bağlanıb. İnsanların da kiçik bir çərçivənin, məkanın içərisində yaşamasını istəyirlər. Bunu isə həm cismani, həm də mənəvi olaraq istəyirlər və bacarırlar da…

Bu isə yadların dünyasında özgə kimi yaşamaqdır. Maraqlıdır ki, özgə sözünün kökü də “öz”dür…

 

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti