İnsan o vaxt öz xalqının tarixinə töhfə verə bilər ki…

image

Tarix deyiləndə yəqin ki, böyük çoxluğun beynində sadəcə rəqəmlər canlanır; ölüm tarixi, doğum tarixi, hansısa döyüşün başlanma və bitməsi tarixi, bağlanmış müqavilənin tarixi və s.

Düzünü desəm, uzun illər mən də belə fikirləşirdim. Lakin zamanla, yaşla bağlı olaraq, bir çox şeyin dəyişdiyi kimi tarixə münasibətim də dəyişdi. İndi mənim üçün tarix bir yaddaşdı; dünəndi, bu gündü, həm də sabahdı. Tarixə təkcə dünyanın, xalqların, millətlərin tarixi kimi deyil, ona həm də fərdi insanların tarixi kimi də baxılmalıd.

Düşünürəm ki, tarixin yaradılmasında hər bir insanın zərrə də olsa, öz payı var. Belə bir dilemma həmişə olub; tarixi ayrı-ayrı şəxslər yaradır, yoxsa xalqlar? Bu günün prizmasından baxanda hər bir insanın burada öz payının olduğu qənaətinə gəlirəm. Təbii ki, passiv və aktiv rol məsələsi də mübahisələndirə bilər.

Tarix həm də yaşananların rəqəmsallaşdırılmış formasıdır. İnsanların əzablarının, ağrılarının, mübarizələrinin ifadə olunduğu rəqəmlərdi. Tarix heç vaxt köhnəlmir, daima bizimlədir, yenidir, addım-addım bizimlə birgə irəliləyir.

 Elə tarixlər var ki onlar heç vaxt unudulmur, istəsən də, istəməsən də beynində özünə əbədi yer edir. Mənim üçün belə tarixlərdən biri, bəlkdə birincisi 20 Yanvardı.

Bu günü qanlı faciədən başqa heç nə ilə assosiyasiya edə bilmirəm. Nə vaxt “20 Yanvar”la bağlı bir şey eşitsəm, o dəqiqə beynimdə həmin faciə canlanır. Baxmayaraq ki, o qanlı faciə yaşananda mənim cəmi 3 yaşım olub. Həmin günlərdə heç Bakıda da olmamışam.

Sovetlərin burulğanlı, çalxantılı günlərinin yaşandığı o günlərdə dağ kəndində dünyanın belə ağır dərdlərindən xəbərsiz yaşamaqdaydım. Sonradan fərqində olacaqdım ki, 70 illik rejimin çökməsi mənim şəxsi taleyimə də təsirsiz ötüşməyəcək. Sovetlərin dağılması həm də Gürcüstanda yaşayan Azərbaycan türklərinin dinc, sakit həyatını da dağıdaraq, onları Bakı və Rusiyannın müxtəlif şəhərlərinə getməyə məcbur edəcəkdi.

Bu gün həmin qanlı yanvar gecəsindən artıq 35 il keçir. O günlər  indi sadəcə rəqəmlərə çevrilib, həm də hər il dəyişəcək rəqəmlərə. Dəyişməyən isə o rəqəmi özündə ehtiva etdiyi ağrı, acı və kədərin hələ də qalmasıdır. Bir də dağılmaqda olan imperiyanın qəddarlığının, azğınlığının, əsl mahiyyətinin təkrar-təkrar üzə çıxmasıdır.

Həmin o qanlı gecədə doğulan uşaqların indi 35 yaşı var. Onların həyatının başlandığı tarix, həm də bir xalqın qan yaddaşıdır.

Bu da bir tarixdir....

Belə baxanda, bir insan taleyi ilə bir xalqın, millətin, dövlətin tarixinin paralleliyini də aparmaq olar. İnsan kimi xalq da yaranır, doğulur, böyüyür, ömrünün ən coşqun zamanını yaşaya bilir və s. Dövləti yaşadan xalqdır, xalq olmasa o dövlət nəyə və kimə lazım olacaq?!

Gürcü yazıçısı Otar Çiladzenin “Mart xoruzu” əsərində belə bir fikir var: “İnsanın öz şəxsi tarixi “Pun müharibələri”, “Səlib yürüşləri” və s.dən daha önəmlidir.

 Bu fikrin üzərində uzun müddət düşünmüşəm. Əlbəttə, yazıçıya haqq verməmək olmur. Mənə elə gəlir ki, insan o zaman öz xalqının, dövlətini tarixinə töhfə verə bilər ki, şəxsi tarixini yarada bilsin, yaşaya bilsin. İnsan öz tarixini zəfərlə yaza bilməsə, xalqına, millətinə, dövlətinə də faydalı ola bilməz.

Tarixi yaradanlara sayğılarımla!

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti