Aralıq dənizində “Anadolu fırtınası”
Aralıq dənizində “Anadolu fırtınası”
Bu yazıda Anadolu türklərinin Aralıq dənizindəki fəaliyyətləri, Çaka bəy, Qazi Umur bəy kimi dəniz akınçıları, Kamal rəis, Piri rəis, Oruc rəis, Barbaros Xeyrəddin paşa, Turgut rəis, Saleh rəis, Aydın rəis, Seydi Əli rəis, Kılıç Ali paşa kimi düşmənlərinin qorxulu röyasına çevrilmiş Osmanlı dənizçiləri haqqında məlumatları sizlərə çatdırmaq istərdim.
Tarix boyu bir çox türk xalqları çaylar, göllər, dənizlər ətrafında məskən salaraq mədəniyyət yaratmış və dövlətlər qurmuşlar. Qərbi Hun imperatorluğu, Avar xaqanlığı, Xəzər xaqanlığı, Səlcuq imperiyası, Xarəzmşahlar dövləti, Dehli Sultanlığı, Atabəylər dövləti, Osmanlı imperiyası kimi türk dövlətləri su hövzələri ilə sərhədlərə malik olmuşlar. Bundan başqa Mezolit dövrünə aid Qobustan qayaüstü rəsmlərdə təsvir olunan qayıq rəsmi onu deməyə əsas verir ki, qədim türklər müəyyən mənada dənizlə, dənizçiliklə bağlı az da olsa təcrübəyə malik olmuşlar.
Mahmud Kaşğarlının “Divani Lüğəti Türk”, Yusif Has Xacibin “Kutadgu Bilik” əsərində gəmi və dənizlə bağlı sözlər, fikirlərlə yanaşı dənizlə dağlı inanclarında yer alması, Qıpçak türklərinin ağaçdan qayıq düzəldərək Volqa çayını keçmək istəmələri, IX əsrdə budist uyğur türkləri ilə müsəlman qaraxanlı türklərinin müharibəsində müsəlman türklərin gəmilərlə İli çayını keçmələri türklərin dəniz mədəniyyətinə yad olmadıqları anlamına gəlir.
Erkən orta əsrlərdə Məsudi ”Mürucüz –zəhəb” adlı əsərində xəzərlərin qayıqlarının olduğun və bu qayıqlarlaVolça çayına tökülən Burtas çayında fəaliyyət göstərdikləri haqda məlumat vermişdir. O cümlədən, Xəzər dənizi də türklərin dənizlərlə bağlı fikirlərinin formalaşmasında müəyyən ənənələrin yaranmasında özünə məxsus yer tuturdu. Xəzər dənizində Abeksun limanı mühüm ipək bazarı idi. Yaxınlıqdakı yerlərdən istehsal olunan kətan və qırmızı boya Dərdənddən ixrac edilir, həmçinin qul ticarəti aparılırdı.Bakıdan neft yükləndiyi kimi, Gilan, Deyləm və Amul limanları arasında qızğın ticarət aparılırdı.
Məşhur səyyah Marko Polo genuyalıların Gilandan ipək və sahildə istehsal olunan digər malların daşınması üçün xəzər dənizindən istifadə etdiyini qeyd edirdi. Bütün bu məlumatlar onu göstərir ki, bəzi türk qövmləri Xəzər dənizində və Baykal gölündə dənizçiliklə məşğul olmuşdular. Yazının əsas mövsusu olan Aralıq dənizi sahilləri isə dünya tarixinə bənzəri olmayan Misir, Finikiya, Krit, Yunan, Roma mədəniyyətləri kimi bir irs bəxş etmişdir. Sahilləri sivilizasiyaların beşiyi olan bu dənizdən keçən su yolları qədimdən bu günümüzə qədər öz əhəmiyyətini heç vaxt itirməmişdir.
Tarixə nəzər saldıqda görərik ki, uzun müddət Aralıq dənizi ətrafı əraziləri əlində saxlayan dövlət dünyanın ən qüdrətli dövləti statusunda olmuşdur. Müxtəlif mənbələri oxuyub analiz etdiyimiz zaman Aralıq dənizi hövzəsinin necə böyük strateji əhəmiyyətə malik olduğuna dair heç bir şübhə yeri qalmır. Sahilləri sivilizasiyaların məskəni olmuş, bir neçə dənizi özündə birləşdirən Aralıq dənizinə kimlər sahib olmaq istəməyib ki?. Misir dövləti, Roma imperiyası, Karfagen dövləti, Yunan dövlətləri, Əhəməni imperiyası, Ərəb imperiyası, Bizans imperiyası, Səlcuq imperiyası, Roma papalığı, Venetsiya dövləti, Genuya dövləti, Malta cəngavərləri, Fransa dövləti, Habsburqlar imperiyası və Osmanlı imperiyası bu dənizə nəzarət uğrunda qanlı müharibələr aparmışlar. Aralıq dənizinin mədəni, siyasi, iqtisadi əhəmiyyəti haqqında nə qədər danışsaq azdır. Ancaq fikrimizcə Aralıq dənizini haqqında ən gözəl fikirləri tarixçi Fernand Braudel söyləyib: “Nədir bu Aralıq dənizi? Minbir nəsnənin hamısı birdən. Bir mənzərə deyil, saysız mənzərələr. Bir dəniz deyil, birbirini izləyən bir çox dəniz. Bir sivilizasiya deyil, bir-biri üzərində qurulan sivilizasiya... Aralıq dənizi bir-birinə bağlı dəniz və quru yolları deməkdir; əl-ələ vermiş kiçik, orta, böyük şəhərlər və yollar, bitib tükənməyən yollar...” Tarixən dənizçi millət olmayan köçəri həyat tərzi keçirən, uzun müddət oturaq şəhər həyatına tam alışmayan, necə deyərlər “at belində doğulub at belində ölən” türk xalqları üçün dənizçilik ənənəvi olmayan peşə sayılırdı. O dövrdə gəmilərin hazırlanması üçün həm küllü miqdarda vəsait, həm çoxsayda ləvazimat, həm xüsusi texnologiya, həm də təcrübəli ustalar lazım idi. XIV əsrdə Mərmərə, Egey və Aralıq dənizi sahillərində yerləşən Anadolu bəylikləri gəmi inşatı üçün lazım ola biləcək vəsaitə və ləvazimatlara müəyyən mənada sahib olsalarda, texnolgiya və təcrübələri demək olar ki, yox idi. Bəs necə oldu ki, köçəri olan qövm bu peşəyə yiyələnib istedadlı, qorxmaz dənizçilərə çevrildilər? Tarixçi Halil İnalcıkın qeyd etdiyi kimi bu texnologiya və təcrübəni türklər Rumlulardan (red: Bizans imperiyası sərhədləri içərisində yaşayan şəxslər) öyrəndilər.
Belə ki, 1284-cü ildə Bizans dövləti donanmasını xeyli xərc tələb etdiyi üçün ixtisara salmağa başladı. İşsiz qalan rumlular gəmi inşaasında, gəmi idarə edilməsində türklərə kömək etdilər. Türklər özləri də gəmiçiliyi öyrəndilər. Təsadüfi deyil ki, günümüzdə belə çox az istisnalar olmaqla Türkiyə türkcəsində balıq adlarının demək olar ki hamısı yunanca, gəmi kompanentlərinin, avadanlıqlarının, manevr və komanda terminlərinin bir hissəsi yunanca, böyük hissəsi isə italyancadır. Əvvəlcə Anadolu türk bəyliklərindən dənizçiliklə, dəniz qaziliyi ilə məşğul olan Menteşə, Saruhan və Aydınoğlu bəylikləri sahil ərazilərdə yunanca danışan, balıqçı kəndlərinin, Bizansın, italyan tacirlərinin təcrübəsini mənimsədilər.
Daha sonra isə osmanlılar həm əvvəl var olan dənizçilik mirasına, həm Anadolu bəyliklərinin mirasına, həm də sonrakı dövrdə Gelibolunu və Konstantinopolu alaraq buradakı Bizans donanma təşkilatı və tərsanə mirasına sahib oldular. Dənizçilik təcrübəsinə tədricən yiyələnən Anadolu türklərinin dənizçilik sahəsində ilk parıldayan ulduzu Çaka bəy olmuşdur.
Çaka bəy Oğuzların Çavuldur boyundan olan Çaka bəy ilk İzmirdə müstəqil bəylik qurub donanmasını inşa etdirərək İzmir ətrafinda apardığı döyüşlərlə şöhrət qazanmışdı. Lakin 1078-ci ildə Bizans imperatorunun İzmiri türklərdən geri almaq üçün məhşur sərkərdə Kabalika Aleksandrın başçılığı ilə göndərdiyi qüvvələr türkləri məğlub edərək Çaka bəyi əsir almağa nail oldu. Lakin Çaka bəy digər əsirlər kimi ağır işlərə cəlb edilməyərək sarayda saxlanıldı və ona bəzi imtiyazlar verildi. Bizans sarayın olduğu müddətdə Bizansın güclü və zəif tərəflərini, dənizçiliyin bütün incəliklərini öyrənən Çaka bəy saraydan qaçmağı bacararaq İzmirə gəldi və Bizansla mübarizəyə yenidən başladı.
Türklərin ilk əfsanəvi dəniz komandanı olan Çaka bəy 1081-ci ildə İzmirdə qurduğu tərsanə sayəsində inşa etdirdiyi, dənizçiləri bizanslılardan, döyüşçüləri isə türklərdən ibarət olan üstü bağlı, çekdiri tipli 40 gəmilik donanması ilə Bizans donanmasına qarşı uğurlu əməliyyatlar aparmağa nail oldu. ( Qeyd: Anadolu Səlcuq sultanı Süleyman şah 1086-cı ildə Mərmərə dənizi sahilindəki Kios limanında gəmilər inşa etdirməsi barədə məlumatlar mövcuddur. Lakin Süleyman şahın ölümündən sonra Bizans imperatoru hücuma keçərək İzniki mühasirə aldı və inşaa edilməkdə olan gəmiləri yandırdı. Səlcuqlar XII əsrin əvvəllərində Aralıq dənizində Antalya və Alaiyə, Qara dənizdə isə Sinop və Samsun limanlarında tərsanələr quraraq donanma yaratmağa nail oldular. Əlaəddin Keyqubad Qara dəniz donanması ilə Krım səfərini uğurla yerinə yetirdi. Lakin Səlcuq dənizçiliyi inkişaf edərkən baş verən Monqol istilası dövlətlə birlikdə dənizçiliyində süqutuna səbəb oldu)
Çaka bəyin donanması ilə ilk fəth etdiyi yer Urla oldu. Daha sonra Foça, Midilli, Sakız, Sisam, Rodos və Egey dənizinin irili-kiçikli adalarını fəth etdi. 1090-cı ildə “Koyun adaları müharibəsi”ndə 17 çekdiri və 33 yelkənli gəmidən ibarət donanması ilə Bizans donanmasını ağır məğlubiyyət uğradan türklər ilk dəniz qələbələrini qazanmış oldular. Bu qələbə türk donanmasının Egey dənizində bizanslılara qarşı qazandığı ilk dəniz döyüşü idi. Çaka bəyin Bizansı fəht etmək istəyi onu müttəfiqi Səlcuqlu sultanı ilə qarşı-qarşıya gətirmişdi. Çaka bəyin Çanaqqala ətrafındakı fəaliyyətlərindən Qılınc Arslan mənmun deyildi. Çünki o bu bölgəyə öz fəht sahəsi kimi baxırdı. Ona görə də 1092-ci ildə Qılınc Arslan tərəfindən təşkil edilən ziyafət məclislərindən birində Çaka bəy öldürüldü. Bu ölüm türklərinin dənizdəki hakimiyyətlərinə böyük zərbə vurdu.
Qazi Umur bəy Çaka bəyin ölümündən sonra demək olar ki, yox olan türk dənizçiliyi Aydınoğlu Qazi Umur bəylə yenidən canlandı. Hətta Aydınoğulları o dövrdə olan anadolu bəylikləri içərisində ən güclü daonanmaya sahib bəylik idi desək yanılmarıq.İzmir tərsanəsində inşaa etdirdiyi bir kadırga və yeddi qayıqdan ibarət donanması ilə 1329-cu ildə ilk səfərinə çıxaraq Bozcaadanı yağladıqdan sonra iki gün davam edən döyüşdə beş gəmidən ibarət Bizans donanmasını məğlub etməyə nail oldu. Egey dənizində Bizans və genuyalılarla baş verən dəniz döyüşlərində bir çox qələbələr qazanan, Rodos adasından Çanaqqala boğazına və Rumeli sahillərinə qədər ərazilərdə dəniz nəzarətini ələ keçirən Qazi Umur bəy İzmirdə yerləşən Aydınoğlu bəyliyinin donanmasını Egey dənizinin qorxulu royasına çevirmişdi.
İzmiri o dövrdə dəniz akınları üçün bir baza halına gətirən Qazi Umur bəyin dəniz qüvvələrinin döyüşçü qaziləri türklərdən ibarət idi. Bizans tarixçisi Nikephoros Gregorasın qeyd etdiyi kimi “bəzi Türk bəylikləri ehtiyyatlı hərəkət etməli və döyüş təcrübələri sayəsində inkişaf etdilər, bəziləri çətinliklə öz mövqelərini qorudular, bəziləri isə yox oldular. Ancaq biri , Aydınoğlu Umur bəy ən güclü oldu. Lidya və İoniya hakimi Umur bəy donanması ilə Egey dənizini istila edərək qısa zamanda buranın hakimi oldu. İstanbula qədər Eğriboz, Mora, Rodos və Girit adaları ilə Tesalyanın bütün sahillərinə dəhşət verdi. O buranın sakinlərindən böyük məbləğdə xərac əldə etdi”.
Bulqar türklərinin Bizansa qarşı təzyiqlərinin qarşısı alan, Bizans imperiyasında baş verən hakimiyyət daxili çəkişmədə Kantekuzenosu dəstəkləyən Umur bəy təkcə Egey dənizində deyil, Balkanlarda da böyük nüfuza malik idi. Getdikcə artan bu təhlükəni aradan qaldırmaq üçün birləşən Roma papalığı, Venetsiya, Rodos və Kipr donanmalarından ibarət müttəfiq donanması Umur bəyin donanmasını yandıraraq İzmiri işğal etdilər. 1348-ci ildəİzmiri geri almaq uğrunda gedən döyüşdə bizanslı tarixçinin deyimi ilə “Dənizlərin, Egey adalarının, Eğribozun, Peloponnesin, Giritin, Rodosun və Bizansa qədər bütün Tesalya sahillərinin hakimi olan” Umur bəy 1348-ci ildə şəhid oldu. Qazi Umur bəyin ölümündən sonra qazi akınlarına liderliyi osmanlılar öz əllərinə aldılar. Burada bir haşiyəyə çıxmaq istərdim. Bildiyimiz kimi, 1453-cü ildə II Mehmetin Konstantinopolun mühasirəsi gedişatında Dolmabağça sarayından Qasımpaşaya qədər olan quru əraziyə donuz piyi ilə yağlanmış ağaclar düzdürərək 70-ə yaxın (bəzi tarixçilər 67 və ya 72 gəmi göstərir) gəmini Haliçə endirərək donanmanı qala divarlarına yaxınlaşdırması və şəhəri tam mühasirəyə ala bilməsi Kostantinopolun süqununda mühüm rol oynamışdı.
Tarixçilərin bəzilərinin qeyd etdiyinə görə gəmilərin qurudan keçirilməsi İstanbulun mühasirəsindən əvvəl Aydınoğlu Qazi Umur bəy tərəfindən tətbiq olunmuşdu. Umur bəy, Afina körfəzi ilə İnebahtı körfəzi arasında olan (bu gunku Korint boğazı) altı millik məsafədə donanmasını qurudan keçirdərək Keşişlik adasını feth etmişdi. Düsturnaməyə görə isə Gazi Umur paşa Moradakı Karme qalası ətrafında gəmiləri quruya çıxartmışdı. Çox güman ki, II Mehmet Konstantinopolun mühasirəsi zamanı məhz Qazi Umur bəyin təcrübəsindən bəhrələnmişdir. Qazi Umur bəyin etdiyi səfərlər və dənizlərdə əldə etdiyi uğurlar Osmanlı dənizçiləri arasında əfsanəvi bir imic qazanmasına səbəb olmuşdu. Hətta Rumelidəki osmanlı qaziləri özlərinə Umurca qaziləri adını vermiş, Umur bəyi balkanların ilk fatehi hesab edərək buradakı qazi akınlarının mənəvi lideri kimi qəbul etmişdilər..
(ardı var)
Ceyhun Quliyev
Bütöv Azərbaycan Ocaqlarının üzvü
Soydas.az