Mərkəzi Asiyanın “İsveçrəsi”

image

Qırğızstan Respublikasının müstəqilliyinə söz ardı  (I yazı)

1991-ci il avqustun 31-də özünü suveren və müstəqil respublika elan edən Qırğızıstan dünyanın altı müstəqil türk dövlətindən birinə çevrildi. 1992-ci il martın 6-da Qırğızıstan MDB-ni tanıyan bəyannaməni imzaladı. MDB-nin üzvü olaraq Qırğızıstan postsovet ölkələri, xüsusilə Rusiya Federasiyası ilə sıx əlaqələrin qurulmasına əhəmiyyət verirdi. 1993-cü il mayın 5-də Qırğızıstan Konstitusiyası qəbul edildi. Həmin il Qırğızıstanın milli valyutası olan "som" dövriyəyə buraxıldı.

1990-cı ildə Qırğızıstanın Oş şəhərində qırğız və özbək türkləri arasında etnik zəmində baş verən qarşıdurmada ən azı 320 nəfər həyatını itirdi, minlərlə insan evdiz qaldı. Ölkənin cənubunda baş verən bu xoşa gəlməz hadisələr şimalda, paytaxt Bişkekdə böyük hiddətə səbəb oldu. Bu zaman Demokratik Qırğızıstan Hərəkatı adlı siyasi qurum Qırğızıstan KP-nin baş katibi Absamat Masaliyevin istefasını tələb etdi.

Hadisələrdən 4 ay sonra keçirilən seçkilərdə Masaliyev yetəri qədər səs toplaya bilmədi. Əslində prezidentliyə namizədlərdən heç biri parlamentdə kifayət qədər səs toplaya bilmədi və siyasi böhran yarandı. Bu zaman Qırğızıstan SSR Ali Sovetinin qərarı ilə siyasi arenada  heç bir təcrübəsi olmayan, Qırğızıstan Elmlər  Akademiyasının prezidenti, prof. Əsgər Akayev ölkə rəhbəri elan olundu.

1991-ci ilin oktyabrında prezident Ə.Akayev alternativsiz əsasda iştirak etdiyi ümumxalq səsverməsində 96 faiz səs toplayaraq öz mövqeyini möhkəmləndirdi və legitimləşdirdi. Dövlət başçısı olan prezident ümumxalq səsverməsi yolu ilə beş illik müddətə seçildi.

 1993-cü il mayın 5-də qəbul olunmuş Konstitusiyaya görə, prezident geniş səlahiyyətlərə malik olub Baş naziri və Konstitusiya Məhkəməsinin üzvlərini təyin etmək, yeni qanunvericilik təşəbbüsü ilə çıxış etmək və qanunverici orqanın çıxardığı qərarlara veto qoymaq və s. hüquqlara malik idi.

2000-ci il dekabrın 23-də Qırğızıstanda alrernativ əsasda növbəti prezident seçkiləri keçirildi. Əsgər Akayev yenidən qələbə qazandı və seçicilərin 74 faizinin səsini topladı. 27 fevral və 13 mart 2005-ci ildə Qırğızıstanda yeni parlament seçkiləri keçirildi. Parlamentdəki 75 yer uğrunda 400 nəfər mübarizə aparırdı.

2004-cü ildə Qırğızıstanda Roza Otunbayeva, Almazbek Atanbayev və Kurmanbek Bakiyevin rəhbərliyi altında müxalifət toplaşmağa başladı. Onlar "El Birimliyi" ("Xalq Birliyi") adlanan hərəkatda seçkilərə qatıldılar.

 Ölkənin ali qanunverici orqanına keçirilən seçkilərdə yerlərin mütləq əksəriyyətini (90 faizə qədər) iqtidaryönlü və bitərəf deputatlar qazandılar.

Lakin Akayevin siyasi gedişləri nəticəsində hərəkat cəmi 6 deputat yeri qazandı. Bu isə xalqın narazılığının artmasına, ölkədəki vəziyyətin kəskin surətdə gərginləşməsinə  gətirib çıxardı. Nəticədə, Qırğızıstanın cənubunda, Bakiyevin seçki dairəsində üsyanlar başladı. Bakiyev cənubdakı rayonları və digər dövlət qurumlarını ələ keçirdiyini açıqladı. Üsyan dalğası paytaxt Bişkekə çatdı.

Beləcə, 2005-ci ildə Qırğızıstanda "zanbaq inqilabı" baş verdi və inqiabçılar prezident və hökumətin istefasını tələb etdilər. Akayev martın 24-də ölkəni tərk edərək Moskvaya qaçdı, sonra isə müxalifətlə əldə olunan razılaşmaya görə könüllü surətdə istefa verdi.

Qırğızıstanın birinci prezidenti Əsgər Akayev (1990-2005) müstəqilliyin ilk illərindən siyasi, iqtisadi və sosial islahatlara təşəbbüs göstərmiş, ABŞ-la ikitərəfli müqavilələr  imzalamışdır. Bu da ABŞ-ın ölkəyə iqtisadi dəstək göstərməsinə imkan vermişdir.

  Bütün bunlar respublikada sivil və demokratik sivil və demokratik cəmiyyətlərin formalaşmasına səbəb olmuşdur. Bu prosesin ən mühüm nəticələrindən biri onun regional respublikalar arasında ilk olaraq Ümumdünya Ticarət Təşkilatına üzv olması idi.

2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror hadisəsi və ondan sonra ABŞ-ın həyata keçirdiyi Əfqanıstan əməliyyatı Qərbin gözündə Qırğızıstanın əhəmiyyətini artırdı. Əslində, qısa müddət sonra respublikada "Manas" hərbi bazası açıldı. Baza qısa zamanda 300 min ABŞ əsgərinin Əfqanıstana çatdırılmasını təmin etdi.

 Lakin Akayev ailəsinin  korrupsiyada ittiham olunması, xarici dəstəyə rəğmən ölkənin iqtisadi vəziyyətinin pisləşməsi, baş vermiş nümayişlərə qarşı Akayevin həddindən artıq güc nümayiş etdirməsi ölkədəki narazılığı daha da artırdı. Bu isə ABŞ-ın Akayevə dəstəyini kəsməsinə səbəb oldu.

Növbədənkənar prezident seçkilərində müxalifət liderlərindən olan Kurmanbek Bakiyev prezident seçildi.

Ardı var...

Taleh CƏFƏROV

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru

Soydas.az

Paylaş:

Xəbər lenti