Tbilisidə Nərimanovun ev muzeyində uşaqlarla bağlı tədbir keçirilib

image

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iyunun 1-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı və səfirliyin dəstəyi ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tbilisidə yerləşən Nəriman Nərimanovun ev muzeyində təşkil edilmiş tədbirdə iştirak edib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda cari ilin “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də Şuşa şəhərinin bu il İslam dünyasının mədəniyyət paytaxtı elan edildiyi nəzərə alınaraq, tədbir çərçivəsində uşaqların qeyd olunan mövzular üzrə ərsəyə gətirdiyi rəsm əsərlərindən ibarət sərgi də təşkil edilib.

Tədbirdə çıxış edən səfir F.Quliyev tədbir iştirakçılarını salamlamış, uşaqları bayram münasibətilə təbrik etmiş, onlara daimi əmin-amanlıq və firəvanlıq arzu etmişdir. Qeyd olunan bayramın tarixçəsindən, ölkəmizdə uşaqlara yönəlik dövlət siyasətindən bəhs edən diplomat uşaqların ekoloji cəhətdən daha təmiz mühitdə böyüməsi üçün bütün səylərin səfərbər edilməsinin önəmini vurğulayıb. Uşaqların təhsilli və dünya görüşünün çoxşaxəli olması üçün səylərini əsirgəməyən valideyn və müəllimlərə təşəkkürünü bildirən F.Quliyev sərgidə nümayiş olunan rəsmlər arasında işğaldan azad edilmiş Şuşa şəhərinə dair rəsmlərin də yer almasının qürurverici olduğunu vurğulayıb. Uşaqlarımızın vətənpərvər ruhda böyüdülməsinin əhəmiyyəti qeyd olunmuş, bu uşaqların gələcəkdə həm Azərbaycan həm də Gürcüstanın daha da çiçəklənməsinə töhfə verəcəklərinə inam ifadə edilib. Daha sonra tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edilib.

Tədbirin bədii hissəsində uşaq və gənc yeniyetmələr tərəfindən rəqs nömrələri nümayiş olunub, şeirlər oxunmuş və musiqi alətlərində ifalar edilib. Cizgi filmi qəhrəmanları obrazında olan aktyorlar tərəfindən isə uşaqlar üçün nəzərdə tutulan əyləncəli oyun və yarışlar təşkil edilib. Tədbirin yekunu olaraq, muzeyin həyətyanı sahəsində uşaqlar tərəfindən rəmzi məna daşıyan gül və çiçəklər əkilib.

Soydas.az

Paylaş:

Xəbər lenti