Azərbaycanda Arbitraj günləri: Kimlər arbitr ola bilməzlər?

image

Polad Mehdi 

Arbitrum Vəkil Bürosunun rəhbəri, hüquqşünas

Dünən Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir keçirildi. Tədbirdə ölkəmizin dövlət və hökumət nümayəndələri, yerli və xarici hakimlər, eləcə də beynəlxalq arbitraj üzrə ekspertlər və hüquqşünaslar iştirak edirdilər.

Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin 2.1.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə “Arbitraj haqqında” qanunun layihəsi hazırlanmışdır.

Ardınca “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Qanun arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyir, arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.

Qanuna əsasən arbitraj dedikdə daimi arbitraj təşkilatı tərəfindən idarə edilib-edilməməsindən asılı olmayaraq arbitraj məhkəməsi tərəfindən məcburi hüquqi qüvvəyə malik qərarın çıxarılması məqsədilə həyata keçirilən mübahisəyə baxılma prosesi başa düşülür.

Qanun məhkəmələr tərəfindən arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının yerinə yetirilməsi, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası, habelə məhkəmə icraatı çərçivəsində arbitraj icraatı ilə bağlı məsələlərin tənzimlənməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər nəzərdə tutan qanunla eyni gündə qüvvəyə minir.Qanun qüvvəyə mindiyi gündən “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədən düşür.

Qanuna əsasən kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə bilər.

Aşağıdakı işlər arbitrajda həll edilə bilməz:

1. cinayət və inzibati xətalarla bağlı işlər;

2. inzibati və digər publik hüquq münasibətlərindən irəli gələn işlər;

3. ailə münasibətlərindən irəli gələn mübahisələr;

4. şəxsin hüquqi vəziyyəti (statusu) ilə bağlı işlər;

5. əmək mübahisələri;

6. ətraf mühitin mühafizəsi sahəsində mübahisələr;

7. vərəsəlik işləri;

8. əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və bu hüquqların qeydiyyatı ilə bağlı mübahisələr;

9. rəqabət hüququ və istehlakçıların hüquqlarının müdafiəsi, habelə istehlak kreditləri ilə əlaqədar yaranan mübahisələr;

10. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı yaranan mübahisələr;

11. müflisləşmə və iflasa dair işlər;

12. hüquqi şəxsin ləğvi, yaxud onun qərarlarının ləğvi ilə bağlı iddialara dair işlər (hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) olduqda);

13. fiziki şəxslərin tərəf olduğu mübahisələr (bu mübahisələr fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda);

14. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər;

15. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr.

Qanuna əsasən işin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 (üç) il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər. Mübahisəni təkbaşına həll edən arbitr bu tələblərlə yanaşı ali hüquq təhsilinə malik olmalıdır.

Mübahisənin kollegial qaydada həll edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitrlər kollegiyasının sədri ali hüquq təhsilli olmalıdır.

Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün əlavə tələblər müəyyən edilə bilər.

Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə üzvləri və qulluqçuları, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan Respublikasının hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 (üç) il (arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər.

 

Soydas.az

Paylaş:

Xəbər lenti