Milli ideya və onun ifadə tərzi

image

İdeyanın mahiyyətilə onun ifadə tərzi simbioz münasibət təşkil edir. Bu münasibət qarşılıqlı asılılıqda olan müxtəlif proseslərin birinin digərindən ayrı mövcud ola bilməməsidir. Sadə, yaxud mürəkkəb ideya mahiyyətcə nəzəri olaraq, nə qədər dəyərli olsa da, onun faktiki dəyəri bu ideyanı oxucunun anladığı qədərdir. Fikrin oxucuya keyfiyyətcə necə çatdırılması ritorika mövzusudur.

Ritorika natqilik sənəti haqqında nəzəriyyədir.
Bu nəzəriyyənin  məqsədi natiqlik vasitələrinin, nitq qaydalarının, effektiv danışma və yazma sənətininin öyrənilməsidir. Burada əsas hədəf natiqdə dinləyicini inanadırma bacarığının formalaşmasıdır. Qarşısındakını inandırma üsullarından biri arqumentasiyadır. Arqumentasiya natiqin öz fikrini  müxtəlif inandırıcı arqumentlərin köməyindən istifadə edərək, dinləyici qarşısında əsaslandırmasıdır.

 Aristotelin eyni adlı “Ritorika” əsərində natiqliyin texniki qaydalarından, ədəbi keyfiyyətindən, publik çıxışın hədəf və vəzifələrinin öyrənilməsindən bəhs edilir.  Müəllif öz əsərində publik çıxışı “pafos”, “etos” və “loqos”  olmaqla 3 əsas metoda ayırır.  Bu metodların funksiyası  nitqə  aktuallıq, uyğunluq və aydınlıq gətirməklə tamaşaçıya təsir etmək və onu inandırmaqdır. İnandırmaq natiqlik sənətinin əsas predmetidir. Qədim yunan dövründən bu iş əsasən şifahi danışıqla əlaqəli olduğu üçün biz burada bəlağətli danışıq qaydalarına yox, fikrin ifadə metoduna toxunacağıq.
Hal hazırkı  mövzu  üçün  “natiq” sözünü “müəllif”, “tamaşaçı” sözünü “oxucu” ilə əvəz edəcəyik.

Pafos, etos, loqos

Pafos müəllifin duyğulara müraciət edərək fikirlərin  dramatik duyğusallıq üzərindən  ifadə tərzidir.
Pafos insanın qəlbinə təsir üsuludur.
Etos müəllifin hisslərə müraciət edərək, fikirlərin mənəvi dəyərlər üzərindən ifadə tərzidir.
Etos insanın ruhuna təsir üsuludur.
Loqos müəllifin zəkaya müraciət edərək fikirlərin faktlar və məntiq üzərindən ifadə tərzidir. 
Loqos insanın idrakına təsir üsuludur.
Pafos ədəbi təfəkkürə, etos imperativ təfəkkürə, loqos məntiqi təfəkkürə əsaslanır.

Milli ideya

Ölkə başçısı vətəndaş cəmiyyətinə müraciət edərək,  “Qarabağ zəfərindən sonra milli ideyamız nə olmalıdır?” - sualı verir və ardınca “Biz tarixi zəfərimizi istismar etməməliyik!” - fikirini  əlavə edir.
Müraciətin ikinci hissəsi pafosdan uzaq durmağa, birinci hissəsi əsasən loqosa, qismən etosa müraciət etməyi nəzərdə tutur.

Sosial şəbəkələrdə düşüncələrimizi  təqdim edərkən alət olaraq biz  şəkil, video və mətnlərdən, metod olaraq, əsasən pafos və qismən etosdan istifadə edirik. Loqosa isə demək olar ki, azsaylı şəxslər istisna olmaqla yaxın belə düşmürük. Hətta əksər siyasətçilərimiz, politoloqlarımız, jurnalistlərimiz, ziyalılarımız, elm adamlarımız, o cümlədən TV kanallarımız, siyasi verliş  aparıcıları ağırlıqla pafosa, qismən isə etosa üz tuturlar.

Əlbəttə müəllif pafosdan istifadə etməlidir, lakin bu mahiyyətə keçməzdən əvvəl  oxucularda  “qızışma hərəkəti” effekti yaratmaq üçün olmalıdır.  Təsəvvür edin ki, “qızışma hərəkətləri”ndən sonra dayanıb məşq etməyən idmançı yarışlara gedib çempion ola bilərmi? Yalnız öz müraciətində pafosdan istifadə edib dayanan, loqosa çatmayan müəllif oxucularda hansı milli ideya formalaşdıra bilər?  Halbuki, “qızışma hərəkətləri” də, pafos da belə demək olarsa, qan dövranını yaxşılaşdırmaqla  ümumi ruh yüksəkliyini artırmaq üçündür.
Kəlamçılıqla, istirahət yerlərindən, yemək masaları arxasından “filtirləşmiş” şəkillər paylaşmaq, düşmənlərimizi  aşağılamaq, rəqiblərimizi bəyənməmək, tarixi uğurlarımızı istismar etmək bizi milli hədəfə nə qədər yaxınlaşdıra bilər?.

Statistika üçün diqqət etsək, sosial şəbəkələrdə populyar müəlliflərin pafoslu çıxışları, spekulyativ “söz oyunu” oxucular tərəfindən necə aktiv izləndiyini görərik. Bu “söz oyunları”  sanki qədim Romada qladiator döyüşləri ilə qara camaatı əyləndirməni xatırladır.

İnsan xarakterində pafos təkəbbürü, etos əxlaqı, loqos elmi düşüncəni möhkəmləndirir.

Əxlaq hər kəsə aid olsa da, təkəbbürlə elmi düşüncə ayrı-ayrı peşə sahiblərinə xarakterik olmalıdır.
Məsələn, idmançının çempion, hərbiçinin qalib ola bilməsi üçün təkəbbürün xüsusi əhəmiyyəti var. Elm adamı, siyasətçi, iş adamı, dövlət məmuru, ziyalı üçün isə təkəbbür tamamilə əks göstəricidir.
Odur ki, sosial şəbəkə müəllifləri oxucularına müraciət edərkən  pafosun fəsadları ilə loqosun faydalarını nəzərə almalıdırlar. Vərdiş edildiyi kimi eyni cür hərəkət edib, müxtəlif nəticə gözləmək olmaz. Çünki pafosa sürükləyib loqosdan uzaqlaşdıran bizdə zəngin ədəbi, zəif məntiqi təfəkkür formalaşıb. Deyən olacaq ki, insanlarda loqos, yaxud məntiqi təfəkkürü yalnız təhsil formalaşdıra bilər. Halbuki, təhsilli, hətta Qərb təhsilli adamlarımızın belə əsasən pafosdan qidalandığını görürük.

Hesab edirəm ki, “Milli ideyamız nə olmalıdır?” - sualına məhz bundan başlamalıyıq; Hər birimiz (siyasətçi, elm adamı, ziyalılar) öz ünvanlandığı hədəf kütləsinə bu yazı kontekstində yenidən baxmalıdır. 

Uğurlu Şərifov

 

Soydas.az

Paylaş:

Xəbər lenti