Ermənistan qanunvericiliyi sülh müqaviləsinin bağlanmasına maneədir

image

2020-ci ilin noyabrında “Vətən müharibəsi”ndən dərhal sonra Azərbaycan tərəfindən sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürülərək Ermənistana sülh müqaviləsinin əsasını təşkil edəcək “beş prinsip” təqdim edildi. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş ölkə olmasına baxmayaraq Ermənistanla sülh prosesinin təşəbbüskarı və müəllifi olarq addım atdı.

Ölkə Prezidenti cənab İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirmişdir ki, “Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”.

Hesab edirəm ki, sülh müqaviləsinin bağlanmasına əsas maneə Ermənistanın destruktiv mövqeyi ilə yanaşı həm də onun qanunvericilik sistemindəki Azərbaycana qarşı olan ərazi iddialarıdır.

Belə ki, 01 dekabr 1989-cu il tarixində Ermənistan SSR Ali Soveti tərəfindən “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edilmişdir.

Həmin qərarın əsasında 23 avqust 1990-cı il tarixində “Ermənistanın Müstəqillik Bəyannaməsi” qəbul edilmişdir.

Müstəqillik Bəyannaməsində “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi” haqqında qərara əsaslanaraq müstəqil Ermənistan Respublikasının yaradılması məqsədini elan edilmişdir.

Müstəqillik Bəyannaməsinin əsasında Ermənistan Respublikasında iki dəfə - 05 iyun 1995 ci il tarixli və 12 noyabr 2005 ci il tarixli (qüvvədə olan) Konstitusiyalar qəbul edilmişdir.

Hər iki Konstitusiyasının Preambulasında qeyd olunur ki, “Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərini əsas götürərək Ermənistan Respublikasının Konstitusiyası qəbul edilir”.

Bu o deməkdir ki, Azərbaycana qarşı ərazi iddiası, Qarabağın Ermənistana “birləşdirilməsi” ideyası hal-hazırda Ermənistanın mövcud qanunvericilik aktlarında öz təsbitini tapmışdır.

Göründüyü kimi, qeyd edilən normativ aktlarda və Ermənistanın Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dair birbaşa çağırışlar mövcuddur. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları və ittihamlar irəli sürülmüşdür.

Eyni zamanda, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddialarının əsasını həm də Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrı bir subyekt olaraq göstərilməsi kimi məsələlər təşkil edir.

Bundan başqa, 03 oktyabr 2023-cü il tarixində Ermənistan parlamentində ratifikasiya edilən Roma Statutunun Ermənistana təcavüskar müharibə başlatmağı (crime of aggression) və başqa dövlətlərə qarşı ərazi iddiasında olmağı qadağan etməsinə baxmayaraq Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır.

Konstitusiya isə Ermənistanda ən yüksək və birbaşa hüquqi qüvvəyə malik aktdır. Ermənistanın qanunvericilik sisteminin əsasını təşkil edir. Bütün normativ hüquqi aktlarla, o cümlədən tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Ermənistan konstitusiyası arasında ziddiyyət yaranarsa konstitusiya əsas götürülür.

Bu isə o deməkdir ki, nəzəri cəhətdən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansa belə Ermənistan konstitusiya məhkəməsi həmin sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğunsuzluğu barədə qərar qəbul edərək onu qüvvədən düşmüş hesab edə bilər.

Belə olan halda hesab edirəm ki, yalnız Azərbaycana qarşı ərazi iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi aktlarda dəyişikliklər edildiyi halda iki dövlət arasında sülhə nail oluna bilər.

Polad Mehdi

Vəkillər Kollegiyasının üzvü

Soydas.az

Paylaş:

Xəbər lenti