Gürcüstanın qeyri-gürcüdilli məktəblərdə diskriminasiya hallarının olması təsdiqlənib
Gürcüstanın qeyri-gürcüdilli məktəblərdə diskriminasiya hallarının olması təsdiqlənib
Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) qeyri-gürcüdilli məktəblərdə diskriminasiya hallarının olmasını təsdiq edib.
Soydas.az 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva sosial media hesabında məlumat paylaşıb.
O bildirib ki, azərbaycandilli məktəblərdə yaşanan problemlərlə, ayrı-seçkiliklə bağlı Gürcüstanın Xalq Müdafiəçisinə (Ombudsman) ünvanladığı müraciətlər dərindən araşdırıldıqdan sonra məktəblərdə diskriminasiya halları aşkar edilib və bununla bağlı Gürcüstanın Təhsil, Elm və Gənclər nazirliyinə bildiriş göndərilib:
“Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) etdiyim müraciətlər əsasında azərbaycandilli məktəblərdə diskriminasiya faktının olmasını təstiq etdi. Edilən müraciətlər əsasında araşdırma aparıldıqdan sonra Gürcüstanın Xalq Müdafiəçisi Levan İoselianı Təhsil, Elm və Gənclər naziri Giorgi Amilaxvariyə müraciət ünvanlayıb.
Müraciətdə müəllimlərin karyera yüksəlişi imkanlarından tam faydalana bilməmələri, təcrübəçi müəllimlərin statuslarını itirmək təhlükəsi ilə üzləşdikləri, “baş müəllim”, “aparıcı müəllim” və “mentor müəllim” statuslarının əldə edilməsi ilə bağlı yaşanan çətinliklər, azərbayandilli məktəblərdə çalışan müəllimlərin maaş artımından tam faydalana bilməmələri və bunun müəllimlərin motivasiyalarına əks təsiri, yaşlı müəllimlərin üzləşdikləri çətinliklər, eləcə də qeyri-gürcüdilli məktəblərin müəllimlərinin gürcüdilli məktəblərin müəllimləri ilə müqayisədə bərabər imkanlardan yararlana bilməmələri qeyd edilib.” – deyə Aygül İsayeva bildirib.
A. İsayevanın sözlərinə görə dövlət qurumlarına ünvanladığı müraciətlərdə ibtidai sinif müəllimlərinin, eləcə də inklüziv təhsil sistemində çalışan xüsusi müəllimlərin üzləşdiyi problemlər, həmçinin gürcü və qeyri-gürcüdilli məktəblər arasındakı kəskin fərq də əks etdirilmişdi.
Qeyd edək ki, Gürcüstan dövlətinin “Diskriminasiyanın bütün formalarının ləğvi haqqında” qanununun 6-cı maddəsinə uyğun olaraq Gürcüstanın Xalq Müdafiəçisi diskiriminasiya hallaırnın aşkar edildiyi halda aidiyyəti qurum və şəxslərə ayrı-seçkiliyin qarşısının alınması və ona qarşı mübarizə məsələləri ilə bağlı ümumi təkliflər hazırlayıb göndərir.
Soydas.az