Başqasının adında itən adsız bir həyat - Dostoyevskinin bəyaz gecələri
Başqasının adında itən adsız bir həyat - Dostoyevskinin bəyaz gecələri
İnsan bəzən heç vaxt ona aid olmamış birini itirməkdən qorxur. Hətta qarşılıq görməyəcəyini bildiyi halda, öz daxilində o sevgi üçün bir dünya qurur. Sonra isə həmin dünya dağılanda, əslində heç vaxt sahib olmadığı bir şeyin yoxluğuna yas tutur.
Dostoyevski “Bəyaz gecələr” əsərini 1848-ci ildə- Sibir sürgünündən əvvəl yazmışdır. Əsər əsasında 1957-ci ildə Luchino Visconti tərəfindən eyniadlı film də çəkilmişdir.
Sankt-Peterburqda yaşayan tənha bir gənc Nastenka adlı qızla tanış olur. Qısa müddətdə ona bağlanır, gələcəklə bağlı xəyallar qurur. Lakin Nastenkanın qəlbində başqa biri var. Həyat da belədir: İnsan həmişə onu heç vaxt sevməyən adamı, onu heç kimin sevmədiyi qədər sevir…
Bu əsərdə sevgi həm tənhalıqdan xilas olmaq ümidi, həm də yeni bir mənəvi sarsıntının başlanğıcıdır.
Əsər çox kiçik olsa da, insan həyatının ən vacib hisslərindən birinə- həyatı, anları paylaşa biləcəyin birinə duyulan həsrətə toxunur. Yəni daha çox bir yalnızlıq hekayəsidir. 200 illik bir əsər olsa da, hazırkı dünyamızın da bir portretidir.
Əsər boyunca Nastenka adı 179 dəfə çəkilir(tərcümədə), xəyalpərəstin adını isə bir dəfə də olsun öyrənmirik. Bəlkə də qarşılıqsız sevginin ən ağrılı tərəfi elə budur: birinin adı sənin bütün dünyanı doldurarkən, sən onun hekayəsində adsız qalırsan.
Baş qəhrəmanımız Peterburqda balaca bir otaqda tək yaşayan və özünə qapanıq bir xəyalpərəstdir. Bəlkə də xəyallar və reallıq arasında sıxışıb qalıb. Ən sevdiyi şey gecələr Peterburq küçələrində gəzməkdir. Həmişə gecələri üstün tutur. İnsan gündüzləri başqalarına görə formalaşır, gecələr isə özü ola bilir. Gündüzləri evdə keçirən gənc, axşamları isə daim küçələrdə dolaşır. Çünki qaranlığın içində təklik, insanların baxışlarından xilas olma azadlığı vardır.
Gecə dərin həqiqətlərin və içimizdəki kimliyin üzə çıxdığı zamandır. Gecələrin səssizliyi sayəsində insan içindəki səsi eşidir. Ona görə də insan daha çox gecələr duyğusallaşır və özü ilə hesablaşır.
Kitab belə bir cümlə ilə başlayır: “Gözəl bir gecə idi, sevimli oxucum, belə gecələri biz ancaq gəncliyimizdə hiss edə bilirik. Səma elə ulduzlu, elə parlaq idi ki, ona baxan qeyri-ixtiyari öz-özünə bu sualı verərdi: “Doğrudanmı belə bir səma altında müxtəlif xasiyyətli, acıqlı və şıltaq insanlar yaşayır?” Əslində bu sualı biz də bəlkə də hər gün öz-özümüzə veririk: Ağlasığan şeydirmi ki, belə çiçəkləri, mavi səması olan ölkədə belə insanlar yaşayır?
Bu qısa əsərdə Dostoyevski bizi xəyalpərəstin həyatından dörd gecəyə qonaq edir.
Bir gecə yenə gəzərkən gənc bir qızla qarşılaşır. Qızı narahat edən biri olduğunu görür və ona kömək etmək üçün qızın yanına gedir. Dostoyevskinin çox gənc yaşlarda yazdığı bu kitabda da “xilaskar kişi” obrazı yaratmağa çalışdığını görürük.
İkinci gecə hər ikisi bir-birinə həyat hekayələrini danışır. Xəyalpərəst öz tənhalığından və xəyallarla keçən ömründən danışır. Nastenka isə kor nənəsi ilə yaşadığını və evlərində kirayə qalan bir gəncə aşiq olduğunu deyir. Gənc bir il sonra qayıdıb onunla evlənəcəyinə söz verərək şəhəri tərk etmişdir. Artıq bir ildən çox keçib, gənc qayıdıb, lakin Nastenkanı itirib-axtarmayıb. Xəyalpərəst onların məktublaşmasına vasitəçilik etməyə razılaşır.
Üçüncü gecə Nastenka ilə xəyalpərəst həmin gənci gözləyir, lakin o gəlmir. Nastenka xəyalpərəstin sevgisindən xəbərsiz halda onu sevdiyi insanla müqayisə edir: “Bilirsiniz, indicə ağlımdan nə keçdi? İkinizi müqayisə etdim. Niyə o, siz deyilsiniz? Niyə o, sizin kimi deyil? Onu sizdən daha çox sevsəm də, o, sizdən daha pisdir.” Bu sözlər xəyalpərəstin içindəki ümidi də, çarəsizliyi də daha da dərinləşdirir.
Press enter or click to view image in full size
Dördüncü gecə də gözlənilən məktub gəlmir. Nastenkanın ümidsizliyini görən xəyalpərəst nəhayət sevgisini etiraf edir. Nastenka zamanla onu sevə biləcəyini deyir. Hətta birgə gələcəkləri haqqında xəyallar qurmağa başlayırlar. Lakin bu xoşbəxtlik uzun sürmür. Küçədə qəfil qarşılarına çıxan həmin gənc hər şeyi dəyişir. Nastenka sevdiyi insanla gedir, xəyalpərəst isə yenidən öz tənhalığına qayıdır. Və qəflətən gələn ayrılıq, yollarda qalan gözlər, qəfil yoxa çıxan sevgili…
Sevgi çox vaxt yanlış zamanda, yanlış insana qarşı yaranır. Halbuki sevgi insanın həyatı boyu yaşamalı olduğu ən ülvi duyğudur. Ömründə bir dəfə də olsun sevməyən insan, öz duyğularının sərhədlərini heç vaxt tam görə bilməmişdir. Bu dərinliyi hiss etməmək insanı anlayışdan və incə duyğulardan məhrum buraxır. Çünki hisslərin dərinliyinə enmək, duyğuların sonsuzluğunu yaşamaq insanı mənəvi yetkinlik pilləsinə çatdırır.
Bəzən insan birini sevməkdən daha çox, onunla qurduğu gələcəyə aşiq olur. Qarşılıq görməyəndə isə yalnız həmin insanı deyil, heç vaxt yaşanmamış bir həyatı da itirir.
Əsas sual isə yerində qalır: reallıq meyvəsinin dadına baxan xəyalpərəst əvvəlki kimi olacaqmı, yoxsa bu itki onu dəyişəcəkmi? O öz dünyasına çox alışmışdı; reallığın yerini xəyallar almışdı. İndi hansı dünyada həyatına davam edəcək? Bəlkə də onu məyus edən yenidən qayıtdığı yalnızlığı yox, ehtiyac duyduğu o çox özəl yaxınlığı itirməsidir.
Hekayənin sonunda baş qəhrəman Nastenkadan məktub alır. Məktubdan sonra ev sahibəsi ona əldən düşmüş kimi görünür. Hətta “hər şey solğun bir rəng aldı”- deyir. Bununla da biz gördüyümüz hər şeydə psixoloji durumumuzun necə təsirli olduğunu görürük.
Şübhəsiz, sevgi bəzən uğrunda hər şeydən keçməyə dəyəcək bir duyğudur. Lakin insanın həyatını tükədib hər şeyi mənasızlaşdırırsa, deməli, amansız və qəddar bir hissə çevrilib. Sevgini tükətmək ədalətli deyil, amma sevgi uğrunda tükənmək də ədalətli deyil…
Bəs insan bütün bunlara baxmayaraq, yaşadığı sevgiyə görə peşman olmalıdırmı? Xəyalpərəst peşmandırmı, yoxsa dəydimi? Dostoyevski bu suala qəhrəmanın son sözləri ilə cavab verir.
Baş qəhrəmanın sonda dediyi- “Pərvərdigara! Tam bir xoşbəxtlik dəqiqəsi! Məgər bu bircə dəqiqə, bütün bir insan ömrü üçün olsa belə, azdırmı?!” nidası başlanğıcda oxuduğumuz Turqenevin
“…Bəlkə bundan ötrü yaranmışdı o:
Bütün həyatında yalnız bircə dəm
Olaydı qəlbinə ən yaxın həmdəm!..”
misraları ilə birləşir və hekayə elə başladığı nöqtədə də bitir.
İndi özümüzə baxaq: Bir gün gələcək, xəyallarda qurduğumuz dünya dağılacaq, ümidlər və arzular payızın saralmış yarpaqları kimi bir-bir töküləcək… “Bəs xəyallarımız haradadır?”, “illər necə sürətlə ötüb keçir!” deməkdən başqa əlimizdən heç nə gəlmir. Ardınca başqa suallar da axın-axın gəlir: illəri hara sərf edirik? Ömrün ən gözəl çağları haradadır? Həqiqətən yaşayırıqmı, yoxsa sadəcə yaşadığımızı zənn edirik? Ətrafda hər şey getdikcə soyuyur, rəngini itirir, yadlaşır… Bir neçə il daha keçəndən sonra bəlkə də özümüzü tənhalığın qoynunda tapacağıq. Sonrası isə gözlərdə öləziləmiş ümid işığı, sevgi işığı…
Natiq Məmişov
Soydas.az