Türkiyə üçün tək yol – ATATÜRK kimi düşünmək...

image

Dünən Diyarbəkirdə Azərbaycan əleyhinə yeni bir aksiya keçirilib. Cümə namazından sonra Ulu Cami önündə keçirilən aksiyada dini şüarlar da səsləndirilib.

Aksiyaya baxıram və orada iştirak edən insanların, xüsusilə də, qadınların geyimini gördükdən sonra, öz-ozümə düşünürəm; mənim tanıdığım, gördüyüm Türkiyə belə ola bilməz, olmamalıdı...

Bir zamanlar meydanlarında al qırmızı bayraqları ilə qürurlandığımız, Atatürkün qurduğu Cümhuriyyətin ruhunun duyulduğu o gözəlim ölkə necə oldu ki, bu durumlara gəldi?

Bütün Türklərin umud yeri olan Türkiyə necə oldu ki, bu gün öz tarixi, kimliyi və qurucu dəyərləri ətrafında belə mübahisələrin ortasında düşdü?

Azərbaycandakı hicab məsələsilə bağlı çoxlu dostlarım da mənə tez-tez müraciət edir, soruşurlar, bəzən də qınayırlar. Buradan həmin dostlarıma səslənirəm.

Bəs Türiyədə baş verənləri görmürsünüzmü? ATATÜRKlə Şeyx Səidin müqayisə edilməsinə, Cümhuriyyətin dünyəvi və hüquqi dəyərlərinə olan zülmət təcavüzdən heçmi rahatsız olmursunuz?

Bir zamanlar Türkiyə başdan başa, evləri, küçələri, eyvanları Türk bayraqları ilə donatılırdı. Bu gün bəzi meydanlarda onların yerinə daha çox biz başqa simvollar görürük. Milli dəyərlərin dini-siyasi qarşıdurmaların kölgəsində qalması düşündürmü sizləri?

Bu fotolardakı mənzərəni Azərbaycanda da görmək üçünmü mübarizə edirsiniz? Bizim bu görkəmə düşməyimiz sizə nə qazandıra bilər, düşünə bilirsinizmi heç?

Əziz Türkiyəli qardaşlar!

Əsl biz sizin durumunuzdan rahatsızıq bunu bilin! Əsla sizin taleyinizə biganə qala bilmərik! Qurtuluş savaşı dönəmində Anadoluya uzanan əlimiz hansı duyğudan, niyyətdən doğmuşdusa, bu gün də eyni niyyəti daşıyırıq. Çünki QARDAŞLIQ dindən, müsəlmanlıqdan fərqli olaraq, Tanrının özünün əzəli və əbədi verdiyi bir doğmalıqdır.

Hardasa oxumuşdum ki, yapon məktəblərində Atatürkdən danışarkən belə bir fikir səsləndirirlər; heç bir ümid qalmayanda, meydanda tək qalıb, heç bir yol olmayanda Atatürk kimi düşünün! Heç bir ümid qalmayanda belə əsgərinə ölməyi əmr etməklə əslində yeni bir yol göstərir Atatürk. Bu fikir Atatürkün ruhunu ən gözəl şəkildə ifadə edir. Çünki başqalarının məğlubiyyət gördüyü yerdə o mübarizə imkanı görürdü. Atatürk kimi düşünmək ümidsizliyə təslim olmamaq, ən çətin anda belə təslim olmamaq, iradə və əzmini itirməməkdir.

Buradan Türkiyədəki dostlarıma səslənirəm.

Türkiyəmizə sahib çıxmağın zamanıdır!

Şanlı tariximizi unutmayaq, milli kimliyimizi başqalarının yazmasına icazə verməyək! Hər kəsin inancını qorumaq bizim vəzifəmiz olsa da, Cümhuriyyət dəyərlərini qorumaq, ona sahib çıxmağımız bütün vəzifələrin ən alisi olmalıdır.

Tarixdən dərs çıxararaq, bilməliyik ki, bir millət öz torpağını itirmədən öncə çox vaxt tarix yaddaşını, şüurunu itirir. Yaddaşını itirən millət isə nəyini itirdiyini əsla xatırlaya bilməz. Meydanda tək qalsaq belə, tariximizi xatırlamalı, yenidən Atatürk kimi düşünməli və mübarizəmizdən vaz keçməməliyik. Çünki bütün yollar bağlansa belə, yücə Türk millətinin iradəsi yeni bir yol açmağa qadirdi.

İlqar İlkin

Soydas.az

Paylaş:

Xəbər lenti