Üzeyir bəyin susduğu yerdə "Koroğlu" danışırdı - Məhəmməd İsrafiloğlu yazır..

image

İşə susuz barmaqların kədərini insan bilir, Nəğmələrin həsrətini bir qırılmış teldən soruş...

Məşhur fransız filosofu, yazıçısı və maarifçisi Deni Didronun (1713–1784) “Zəkanın genişliyi, təxəyyülün gücü və ruhun diriliyi – dahilik budur” sözlərinin bir ünvanı da Üzeyir Bəydir. Üzeyir Bəydə Didronun sadaladığı məziyyətlərdən artığı belə var, mübaliğəsiz.

18 sentyabr Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Böyük bəstəkarın doğum günü, eyni zamanda, ənənəvi olaraq Azərbaycan Milli Musiqi Günü ilə şərəfləndirilir. Aşağıdakı məqaləmi Üzeyir Bəyin əziz və işıqlı xatirəsinə ithaf edirəm. İşıqlar içində yatsın!

“İşte böyle Laz İsmail,
mesele esir düşmekte değil,
teslim olmamakta bütün mesele!”

Nazım Hikmət bu şeiri yazanda Bursa həbsxanasındaydı. Və tarix 1948-ci ili göstərirdi. 1948-ci il, həmçinin, Üzeyir Bəyin vəfat etdiyi ildir. Qəribə və qəmli bir təsadüf…

Bu status-məqaləm 8 il öncəsinə aiddir. Müəyyən düzəlişlər etməklə yenidən paylaşıram.

Biz Üzeyir Hacıbəylini çox vaxt bəstəkar kimi tanıyırıq. Onun milli musiqimiz adına yazıb-yaratdıqları fövqəladə bir ucalıqdadır, istedadı qeyri-adidir. Oysa, Üzeyir Bəy, həmçinin, özünün jurnalistikasıyla, publisistikasıyla, olduqca mətanətli istiqlaliyyətpərvər ruhuna sahib olan görkəmli bir dövlət xadimi çərçivəsindədir. Cümhuriyyət qurucularından biri olan Üzeyir Bəy hər yönüylə – siyasi dünyagörüşü, inanılmaz analitik təfəkkürü ilə – heç də digər Cümhuriyyətçi dövlət xadimlərimizdən əsla geri qalmırdı. Bəlkə də Cümhuriyyətimiz yaşasaydı, biz tamamilə başqa bir ampluada Üzeyir Hacıbəylidən bəhs edəcəkdik – M.Ə. Rəsulzadə, Ə. Topçubaşov, F.X. Xoyski, N. Yusifbəylidən bəhs etdiyimiz kimi.

Dövlət quruculuğu və siyasi səhnəmizdə də Üzeyir Bəyin öz bəstələri olacaqdı, həm də musiqidə, jurnalistikada yaratdıqlarından geridə qalmayacaq səviyyədə... Fəqət, hər şey yarımçıq qaldı. 28 aprel bolşevik istilası Günəşimizin önünü tutan qara bulud oldu. Çox çəkdik bu qara buluddan. Uzun illər tarlalarımıza qan yağdı, öz qanımızla yağdırdılar bunu həm də...

Üzeyir Bəyin Sovet dönəmindəki yaradıcılığı bəlkə də onun ən böyük ələmi, kədəridir. Hər dəfə “Koroğlu” operasından uvertüranı dinləyəndə, gah enən, gah da qalxan, kükrəyən musiqi dalğalarında sanki 28 aprellə 28 mayın savaşını izləmiş kimi oluram. Stalin sanki Cümhuriyyətin qisasını Üzeyir Bəyin musiqi istedadını Sovet quruluşuna həbs etməklə alırdı...

Amma bütün bu basqılara rəğmən, Üzeyir Bəy hər zaman özünün daxili istiqlalçı mətanətini qoruyub saxlaya bildi.

Himnimiz və Üzeyir Bəy. Hər ikisi həmişəyaşardır...

İSTİQLALÇI VƏ CÜMHURİYYƏTÇİ ÜZEYİR HACIBƏYLİ...

Universitet illərimdə Puşkinin “Sibir” şeirini oxumuşdum. 1825-ci il dekabristlər üsyanı basdırıldıqdan sonra onların buzlu, şaxtalı Sibirə sürgünlərinə, fədakarlıqlarına həsr etdiyi şeiri 1827-ci ildə yazmışdı. Şeirin məni ən həyəcanlandıran misraları elə əvvəliydi:

Во глубине сибирских руд
Храните гордое терпенье,
Не пропадет ваш скорбный труд
И дум высокое стремленье.

Sibir mədənlərinin dərinliyində,
Qoruyun qürurlu təmkininizi.
Boşa getməyəcək məşəqqətli əməyiniz
Və düşüncələriniz, onun uca amalı.

(Tərcümə mənə aiddir – M.İ.)

Üzeyir Hacıbəylinin “Koroğlu” operasının içəriyi də eynən “Sibir” şeiri ilə həmahəngdir, amma musiqi dili ilə. Və bu yazıma səbəb olan çox hisslərim var, basdıra bilmədiyim. Bəlkə də fazla duyğusal sanacaq oxucu məni. Amma qəddar rejimlərin yapdıqları ağlasığmaz edamlar, işgəncələrə gücün çatmayanda, nə yazıq ki, sənə qalan duyğuların olur. Hələ bir də bu keçmiş olunca əlin çatmır, ünün yetmirsə, ağ vərəq, qələm ürək olur. Mən də ürəyimdən keçənləri yazdım...

ÜZEYİR HACIBƏYLİ VƏ “KOROĞLU” OPERASI

Keçən il sentyabr ayında (Məqalə 8 il öncə yazılıb, 2018-ci il nəzərdə tutulur – M.İ.) dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə evdə ailəcə onun “Koroğlu” operasından sevgilisi Nigarın Həsən xanın əsirliyinə dözməyərək həsrətini, hicranını ifadə edən Koroğlunun ariyasını dinləyirdik.

Dinləmədən öncə Üzeyir Bəyin Cümhuriyyət dönəmində tutduğu istiqlaliyyətçi mövqedən, Sovet dönəmində çəkdiyi çilələrdən, 1825-ci il dekabristlər üsyanı qanla basdırılarkən onların fədakar həyat yoldaşlarından da söhbət etmişdik, duyğudolu.

Koroğlunun ariyasına diqqət kəsildiyimiz anda:

Düşdün yadıma, Nigar,
Getdi əldən ixtiyar.
Sən çək orda min cəfa,
Biz görək burda səfa, ah...
Gəl, Nigar!...

Yerində həyat yoldaşım, gözləri dolmuş bir vəziyyətdə, mənə dedi ki, bəs sanki 37-ci ildə gedər-gəlməzə gedənlərin faciəsini anladıb Üzeyir Bəy...

Düzü, çox təsirlənmişdim. Amma operanın 1937-ci ildə səhnəyə qoyulması tarixi yadıma düşdükdə, gerçəkdən bunun yüzdə yüz belə olduğu qənaətim qətiləşdi. Və istər-istəməz Üzeyir Bəyin Cümhuriyyətin rus-bolşevik istilasına etiraz olaraq yazdığı “Xammal” məqaləsi düşdü yadıma.

Üzeyir Bəyin istiqlaliyyət məsələsində cəsarəti, prinsipiallığı ayrıca uca bir təqdirə layiqdir. 27 aprel 1920-ci il işğalından iki gün öncə yazdığı “Surna” başlıqlı, “xammal” sözü üzərində qurulan siyasi pamflet-felyetonu bunun bariz nümunəsidir. 25 aprel 1920-ci ildə “Azərbaycan” qəzetində dərc olunan bu yazı onun Cümhuriyyətin süqutundan iki gün öncə bolşevik təhlükəsini necə açıq gördüyünü göstərirdi.

Halbuki Cümhuriyyətdə təmsil olunan bir çox ali dərəcəli mənsublar bolşevik istilası öncəsi onlarla separatçılıq içindəydilər – Məhəmməd Hacınski və digərləri timsalında. Fəqət, Üzeyir Bəy həyatına olan təhlükələrə rəğmən, çox böyük risk alaraq alov püskürürdü.

“Xammal”ı oxuduqca bu dərin təfəkkür sahibi, təpədən-dırnağa istiqlaliyyətçi olan Üzeyir Bəyin iti zəkasına, uzaqgörənliyinə heyran qalırsan. Siyasətdə xamxəyallığın bütün faciəsi güclü sarkazm və ürək ağrısıyla qələmə tökülüb Üzeyir Bəy tərəfindən.

Onu da bilirdim ki, Cümhuriyyətin süqutundan sonra Üzeyir Bəy əvvəlki sərbəst publisistik nəfəsini və siyasi açıq danışıq imkanlarını kəskin şəkildə itirmiş, sovet mühitində ciddi basqılar altında yaşamağa məcbur olmuşdur. Bununla belə, o dövrdə də fəaliyyətsiz qalmamış, musiqi təhsili, musiqişünaslıq, təşkilatçılıq və publisistika sahəsində ciddi işlər görmüşdür. Onun Sovet dövründə də Azərbaycan və rus dillərində çoxsaylı məqalələri çap olunmuşdur.

Təpədən-dırnağa Cümhuriyyətçi, istiqlaliyyətçi bir ruha sahib olan Üzeyir Bəy bolşevik-kommunist mühitində adətən boğulurdu. Hətta Fransada yaşayan qardaşı Ceyhun Bəylə məktublaşmalarında Parisə gəlmək istədiyini belə yazmışdır. Çünki Üzeyir Bəy olduqca böyük basqılar altında idi.

M.Ə. Rəsulzadənin hələ 1927-ci il 12 yanvar tarixində Üzeyir Bəyin Parisdə yaşayan qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubda belə bir not var:

“P.S. Bakı qəzetlərində Üzeyir bəyin musiqi haqqında çox mühüm bir məqaləsini oxudum. Məqalədə “operanı” aşağılayan Nəriman adlı birisinə atılmış daşları gördüm. Bir çoxları bəlkə də bunu anlamamışlar.”

Fəqət, Azərbaycanda kommunist rəhbərliyi heç də avam deyildi və maksimum dərəcədə fövqəladə dahi bir bəstəkarı öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Nifrət etdiyin bir quruluşda yaşamaq bütün mənalarda əzabdır, işgəncədir. Odla su arasında qalmaq kimi də heç qiymətləndirmək olmur Üzeyir Bəyin bu situasiyasını. Çünki su yox idi, eləcə odun, alovun içində qalmışdı Üzeyir Bəy...

Biz o dönəmlərdə Üzeyir Bəyin ruh halını, nə yazıq ki, təsvir etməkdə acizik. Çünki “Desəm, öldürərlər, deməsəm, ölləm” dilemmasıyla sonadək ömür başa vurmaq Üzeyir Bəyin uca məfkurəsinə tamamilə yabançı hisslər idi. Bu susqunluğuna dözməyəcəyini özü də bilirdi. Hayqırmaq, üsyan etməmək əlində deyildi. Bu mənada, musiqi haqsızlığa qarşı etirazı min bir duyğu yükünə çevirib ifadə etməkdə tək çarəydi.

1937-ci il kommunist-bolşevik repressiyası Vətənsevər, elitar ziyalı kəsimini oraq kimi biçib tökürdü, qan gövdəni götürmüşdü. Əhməd Cavad, Abbas Mirzə Şərifzadə, Bəkir Çobanzadə, Vəli Xuluflu, Hənəfi Zeynallı, Əhməd Bəy Pepinov – daha kimlərin başı bolşevik gilyotinasında ildırım sürətiylə bədənindən ayrılırdı... Sibirin buzlu çöllərinə sürgün edilənlərin ailələrinin çəkdiyi məşəqqətləri qələm anlatmaqda aciz...

Və bütün bunlar Üzeyir Bəyin gözləri önündə baş verirdi. Dözmək mümkünsüz idi. Hətta Hüseyn Cavid sürgündə olarkən onun oğlu Ərtoğrula bəstəkarlıq istedadına gücü çatdığı qədər ayna tutan, dəstək verən də məhz Üzeyir Bəy olmuşdu. Məhz bu məqamda o, “Koroğlu” operasını ərsəyə gətirdi.

Bu xalq qəhrəmanının seçilməsi ayrı bir sərrast tapıntıdır Üzeyir Bəyin adına. Çünki Koroğlu həmişə xalqın yaddaşında zülmə, haqsızlığa qarşı mübarizənin bir qəhrəmanı olaraq qəbul edilib xalq tərəfindən. Bolşeviklər bu xalq qəhrəmanının xotkar və paşalara qarşı mübarizəsinə sinfi don geydirməyə çalışsalar da, Üzeyir Bəyin bu operanı yazmaqda qəsdi əsla bu deyildi.

Operanın musiqi ruhunda elə bir hüzn, hicran və zülmə qarşı üsyankar dalğalar var ki, dərindən dinlədikdə və bu operanın yazanının kimliyinə diqqət kəsildikdə bunu hiss etməmək mümkün deyildir.

Əlbəttə, “Koroğlu”nun birbaşa 1937-ci il repressiyalarına həsr edildiyini söyləmək tarixi fakt deyil; bu, mənim həmin əsəri Üzeyir Bəyin həyat yolu, Cümhuriyyətçi keçmişi və 1937-ci ilin faciələri fonunda dinləyərkən gəldiyim duyğusal qənaətdir. Amma bu yozumun özü mənim üçün hələ də çox canlıdır. “Koroğlu”nun 1937-ci il aprelin 30-da ilk tamaşasının keçirilməsi, ardınca 1938-ci ildə Moskva Azərbaycan incəsənəti dekadasında böyük uğur qazanması isə danılmaz faktdır.

Operanın librettosunu M.S. Ordubadi yazmışdı. Ordubadi özü də tərəddüdlü bir nəslin nümayəndəsidir. Ermənilərin 1905-ci ildə törətdiyi qətliamları olduqca doğru, dürüst biçimdə qələmə aldığı “Qanlı sənələr”inə baxanda heç bir bolşevik, kommunist ruhunun zərrəsini belə bulmaq olmur. Ayrıca, onun Üzeyir Bəylə şəxsi dostluğunun da librettodakı “Ezop dili”nə ayrıca bir təsiri olduğu düşüncəsindəyəm.

Səhnəyə qoyulan opera inanılmaz bir ilgi, təqdir və alqış hədəfinə çevrilmişdi. Bəlkə də Üzeyir Bəy içində yığılıb qalmış yükü, ağır daşı müvəqqəti olsa da beləsinə çıxarmışdı. Əlbəttə, dəyişən bir şey yox idi. Əksinə, hər gün NKVD-nin qara əlləri yenə qapıları döyməkdə idi, güllələnmələr, gedər-gəlməz sürgünlər artan silsilə ilə davam edirdi.

Fəqət, Üzeyir Bəy “Koroğlu” operasıyla yenə də Cümhuriyyətçi ruhunu ortaya qoyurdu, vazkeçilməzliyini musiqisi ilə bəyan edirdi. Bu belə olmasaydı, dahi bəstəkarın ölümünə acı təəssüf və sayğı dolu fikirlərini M.Ə. Rəsulzadə ürək yanğısıyla 1952-ci ildə “Azərbaycan” jurnalının ikinci sayında beləsinə dilə gətirməzdi:

“Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə nüfuzunu hər kəsə tanıdan bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onun bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir qisim rəsmi və siyasi vəzifələrlə onu mənimsəmişdir. Fəqət bihudə dəmir pərdənin arxasında özünə süni marşlar yazdırsa da, Moskvada süni diktatorlar tərəfindən oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgili olmayan komissarlar növbəyə dursa da, Hacıbəyli Üzeyiri Azərbaycanda azəri-türk tarixindən kimsə ayıra bilməz. O, milli Azərbaycan varlığının dayaqları arasında qalacaq ayrılmaz bir dəyərdir”.

37-ci il sürgünlərinin, öz həyat yoldaşlarının həsrətinə, hicranına dözə bilməyib gecənin bir vaxtında mazidəki kövrək xatirələrin işığında balıncı isladan göz yaşlarıdır aşağıdakı misralar, bütün musiqi ruhuyla. Rəsulzadələrdən vur-tut 24 yaşındaykən güllələnən oğlu Rəsul, bu dəhşətə dözməyib “Oğlumu nahaq güllələdilər” deyib göz yaşı qurumayan, 51 yaşında ürəyi partlayan ana Ümülbanu xanım, Bakıdan gətirdiyi əncir qurusu qurtardıqdan sonra ümumiyyətlə heç nə yeməyib 1937-ci ildə Qazaxıstan sürgünündə dünyasını dəyişən yaşlı ana Maral xanım, uzaq Qazaxıstan soyuğuna və işgəncəli şəraitə dözə bilməyib 1944-cü ilin soyuq yanvar gecəsində qızı Evşənlə birlikdə həyata göz yuman qızı Lətifənin acılarla dolu dramına üsyandır bu:

Dağılsın, məhv olsun kainat,
Onda nə zövq var, nə həyat.
Bu aləm sevgilər, məhəbbət
Yaratsın, yaratsın, ah...!

Üzeyir Bəyin yorğun ölümün bağçasında can verən dostlarına, ailələrinə dərindən çəkdiyi ahdır bu musiqi, opera...

KƏDƏRLİ BİR HAŞİYƏ

Qəribədir, istər Azərbaycan Cümhuriyyəti, istərsə də Azərbaycan Sovet Sosialist Respublikasının himnlərinin müəllifi Üzeyir Bəydir. Birincinin sözləri Əhməd Cavadındır, ikincisini isə az qala bütün Yazıçılar İttifaqı yazıb: Süleyman Rüstəm, Səməd Vurğun və Hüseyn Arif.

Azərbaycan SSR-in himnindən parça:

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Azərbaycan Cümhuriyyətinin himnindən parça:

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Bu himn müqayisəsini elə-belə yazmadım. Yazıda Üzeyir Bəyin odla su arasındakı dilemmasına toxunmuşdum. Hər iki himni dinləyin və o zaman Üzeyir Bəyin nələr çəkdiyinə şahid olun.

İşə susuz barmaqların kədərini insan bilir.
Nəğmələrin həsrətini bir qırılmış teldən soruş!

MÜHÜM QEYD

Üzeyir Bəyin Sovet dönəmində yaşayıb-yaratması və ən əsası, necə oldu ki sağ qaldı sualı hər zaman kafalarda sual işarəsi yaradıb. Gah Nərimanovun, gah da Mircəfər Bağırovun onu qanadları altına alıb himayə etməsi haqqında deyilənlər az qala mifologiya həddindədir. Amma əslində məsələ tamamilə başqadır.

“Respublikaların ongünlüyünü keçirmək qərarını alarkən, Stalin büronun iclasında Bağırovdan soruşub ki: Bir Azərbaycan bəstəkarı vardı, “Arşın mal alan”ı yazan, o yaşayırmı? Vaxtilə Tiflisdə mən anamla tez-tez gedib baxardıq o tamaşaya... Məlumdur ki, “Arşın mal alan” 30 dilə tərcümə olunmuşdu, o cümlədən, gürcücəyə də... Bağırov cavab verib ki, yaşayır və “Koroğlu” operasını yazıb. Stalin Bağırova deyir ki: “Передайте ему привет от меня!”*

Bax, bu cümlənin Üzeyir Bəyi xilas edən amillərdən biri olduğu söylənilir. Bu məlumatın mənim əlimdə olan ilkin sənədi yoxdur; ona görə də bunu tarixi fakt kimi deyil, sonradan mənə çatdırılmış xatirə-rəvayət kimi təqdim edirəm. Bununla belə, Stalinin “Koroğlu”ya xüsusi diqqət göstərməsi, 1938-ci il Moskva dekadasında operaya baxması və Üzeyir Bəyin həmin dekadadan sonra böyük dövlət səviyyəli nüfuz qazanması ayrıca sənədləşmiş və xatirələrlə təsdiqlənmiş bir hadisədir.

Bu yazımı ilk paylaşdığımda Cümhuriyyət dövrünün və Ü.Hacıbəyli irsinin dəyərli tədqiqatçısı, alim, professor Solmaz Rustamova-Tohidinin statusuma münasibət bildirərkən verdiyi məlumatlar da olduqca maraqlı və aydınladıcı idi. Özü “Məlum və naməlum Üzeyir Hacıbəyov” adlı geniş məqaləsindən bəhs etmişdi.

Solmaz xanım qeyd etmişdi:

“Burada sadəcə, “Koroğlu” ilə bağlı bir məqama diqqət çəkmək istərdim ki, nə qədər paradoksal olsa da, bu operanı Üzeyir bəy dövlətin sifarişi ilə yazıb (sovet dövrü himnini yazmağı da birbaşa Stalinin göstərişi ilə yazıb). Əslində, Koroğlu mövzusuna əvvəlcə M. Maqomayev müraciət etmək istəyib, Üzeyir bəy o vaxt – 1932-ci ildə – “Dəmirçi Kave” operası üzərində işə başlayıb və bu haqda sənədlər var. Hökumət işə qarışıb, bu iş Üzeyir bəyə həvalə edilib, pul, not kağızı və s. ayrılıb və opera üzərində iş daim nəzarətdə olub ki, vaxtında bitsin. Bu opera Üzeyir bəyə möhtəşəm şöhrət gətirməklə yanaşı, həm də onu 1937-ci ildə repressiyadan xilas edib. Belə ki, Üzeyir bəyin üzərində real təhlükə olduğu bir zamanda 1938-ci il Moskvada keçiriləcək Azərbaycan mədəniyyəti ongünlüyünün proqramının əsas hissəsini Üzeyir bəyin əsərləri, ilk növbədə “Koroğlu” təşkil etdiyindən, onun haqqında yazılan kompromat və artıq həbs edilmiş insanların (Ruhulla Axundov və d.) ifadələrinə göz yumublar.

İnşallah, bu işi bitirmək nəsib olarsa, “Koroğlu” və “Arşın mal alan” əsərləri ilə bağlı sənədlər ayrıca fəsillər təşkil edəcək.”

Sonra Solmaz xanım mənim ondan ricam üzərinə özünün “Məlum və naməlum Üzeyir Hacıbəyov” irihəcmli məqaləsini göndərdi. Və nə yaxşı ki göndərdi. Oxuyub aldığım yüksək zövqü unutmam mümkün deyildir, əsla!

Məhəmməd İsrafiloğlu

P.S. Bu qeyd etdiyim məlumat ilk dəfə Kuzey Kıbrısda yaşayan, Avrupa Lefke Universitesinin Hosası Alim Dostum Nazim Muradov dəyərli bəstəkarımız Cavanşir Quliyevlə aralarında keçən söhbət zamanı olmuşdur. Nazim Bəy mənimlə bir söhbətimizdə bu bilgini mənimlə bölüşdüyündən aydınlatıcı yönüylə faydalı bildiyim üçün Sizlərlə paylaşmayı özüməborc bildim.

Soydas.az

Paylaş:

Xəbər lenti