Füzuli Qurbanov "Tərəqqi" medalına layiq görülüb
Füzuli Qurbanov "Tərəqqi" medalına layiq görülüb
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə bir çox elm adamları Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, “Şöhrət” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunub.
Soydas.az xəbər verir ki, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun idrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov "Tərəqqi" medalına layiq görülüb.
Xatırladaq ki, Füzuli Məhəmməd oğlu Qurbanov 1959-cu ildə Başkeçid (Dmanisi) rayonunun Az-Gəyliyən kəndində anadan olub.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1982-ci ildə universitetdə təhsilini başa vurub təyinatla Kəlbəcər rayonunun Qaragüney kəndinə göndərilib və burada 1985-ci ilədək orta məktəbdə müəllim işləyib.
Füzuli Qurbanov 1985-1986-cı illərdə SSRİ Fəlsəfə Cəmiyyətinin Azərbaycan şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
O, 1986-cı ildə SSRİ Fəlsəfə İnstitutunun məqsədli əyani aspiranturasına daxil olub.
1990-cı ildə Moskvada “Özünü təşkil edən sistemlərin tədqiqi metodları. Fəlsəfi aspekt” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, fəlsəfə elmləri namizədi elmi adına layiq görülüb.
Qeyd edək ki, Füzuli Qurbanov sinergetikanın fəlsəfi metodoloji problemləri üzrə elmi iş müdafiə edən ilk azərbaycanlı alimdir.
Füzuli Qurbanov 1990-1993-cü illərdə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq institutunda elmi işçi, 1993-1995-ci illərdə dosent əvəzi vəzifəsində çalışıb.
1995-ci ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Milli Məclisi yanında humanitar tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin birinci şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1997-ci ildə həmin Mərkəz ləğv edildikdən sonra o, yenidən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq institutunda dosent kimi fəaliyyətə başlayıb və hazırda da burada çalışır, İdrak nəzəriyyəsi və elmin fəslsəfəsi şöbəsinin müdiridir.
“Sinergetikanın sosial sistemlərə tətbiqi imkanları” mövzusunda yazdığı doktorluq dissertasiyasını da uğula müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüş Füzuli Qurbanov bir sıra Beynəlxalq elmi konfransların iştirakçısı olub, elmi məruzələrlə çıxışlar edib. O, 4 monoqrafiyanın, 70-dən çox elmi məqalənin müəllifidir. Müxtəlif elmi jurnallarda və qəzetlərdə onlarla elmi və analitik xarakterli məqalələri dərc olunub.
Füzuli Qurbanovun “Sinergetika: xaosun astanasında” (Bakı, Bakı Universiteti, 2004, 360 səh.), “Elmə sinergetik yanaşma” (Bakı, Elm, 2005, 400 səh), “Avtopoyesiz və sinergetika: sosial təşəkkül metodları” (Bakı, Adiloğlu, 2007, 480 səh.), “Tarixin “postqərb” mərhələsinə keçid” (I cild. Risklər, proqnozlar və ssenarilər. Bakı, Təknur, 2009, 420 səh.) adlı monoqrafiyaları filosof alimlər tərəfindən yüksək qiymətləndirilib.
Bundan başqa "Bir millət-iki dövlət: fəlsəfi- tarixi təhlil". 2020; Heydər Əliyev və yeni liderlik: fəlsəfi-elmi təhlil. 2023 və "AMEA inkişaf və yeniləşmə yollarında", 2025. Bundan başqa bir neçə monoqrafiyada həmmüəlliflik var. Məqalələrin say 200-ü keçib.
Eləcə də onun “Sosial qrupların dinamikası” və “Sinergetikanın sosial sistemlərə tətbiqi imkanları” adlı proqramları çap olunub və BDU-da tədris olunur.
Soydas.az