Gürcüstanda soydaşlarımız üçün daha bir İcma Mərkəzi yaradıldı

image

Gürcüstanda soydaşlarımızın yaşadığı Bolnisi rayonunun Arxılı kəndində yeni İcma Mərkəzi açılıb. Mərkəz son illər Gürcüstanda soydaşlarımız yaşayan bölgələrdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gənclər və Təhsil Mərkəzinin təşəbbüsü ilə yaradılan mərkəzlərdən biridir.

Soydas.az xəbər verir ki, Mərkəzdə Azərbaycan dili, gürcü dili, ingilis dili və universitetə hazırlıq kursları təşkil olunacaq. Yaxın zamanda hüquqi xidmətlərin də göstərilməsi nəzərdə tutulur.

Mərkəzin açılışında çıxış edən Gənclər və Təhsil Mərkəzinin rəhbəri Rezo Həsənov mərkəzin fəaliyyəti, görüləcək işlər və proqramlar barədə ətraflı məlumat verib.

Tədbirdə Arxılı İctimai Məktəbinin tarıx müəllimi Fariz Bayramov, Azərbaycan dili müəllimi Fəridə Seyidova, Arxılı Cümə məscidinin axundu Çoşqun Tanrıverdiyev, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin hüquqşünası Əmrah İbrahimov, Kvemo Bolnisi İcma Mərkəzinin Azərbaycan dili müəllimi Çingiz Yaqubov və İmirhəsən İcma Mərkəzinin gürcü dili müəllimi Alidə Məmmədəlizadə çıxış edərək, yeni mərkəzin kollektivinə uğurlar arzulayıblar.

Qeyd edək ki, Arxılı İcma Mərkəzi Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərəcək sayca 4-cü mərkəzdir. Bundan əvvəl Savaneti (İmirhəsən), Qeta (Aşağı Güləver) və Kvemo Bolnisi (Kəpənəkçi) kəndlərində icma mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə Azərbaycan dili, gürcü dili, ingilis dili və məktəbəqədər hazırlıq kursları tədris olunur.

Soydas.az

Paylaş: