Vətənpərvərlik və Türksevərlik
Vətənpərvərlik və Türksevərlik
Vətənpərvərlik yalnız bilgisəl, yaxud duyğusal dəyər deyil. Bu duyğularla başlayıb şüurlu bilgilərlə formalaşan anlayışıdı.
Vətənpərvərliyi konstruktiv və destruktiv olaraq iki şərti qrupa bölsək, bu zaman “Konstruktiv vətənpərvərllik” - özünüqoruyanlar, inteqrativlər, sülhsevərlər və “Destruktiv vətənpərvərlik” - şovinistlər, radikallar, militaristlər kimi başa düşüləcək.
Vətənpərvərliyin açıq-qışqırtılı, yaxud gizli-səssiz təbliğatı siyasi ideologiyadır. Hətta sosial şəbəkələrdə vətənpərvərliyi troll edən sitatlar özü bir manipulyasiyadır.
Məsələn, “Vətənpərvərlik yaramazların son sığınacağıdır” - deyən Samuel Conson bunu bir tərəfdən “destruktivlər” üçün, digər tərəfdən və əsasən qeyri-ingilislər üçün deyib. Çünki, ingilis vətənpərvərliyi hər iki formada əsrlərdir ki, bütün dünyaya əyani bir nümunədir.
Kənar ideologiyalardan deyil, 30 yaşına çatmış insanda yaşayıb öz gördüklərindən formalaşan vətənpərvərlik materiallaşmış bir dünyagörüşünə çevrilir. Bu dünyagörüşü bir xalqın yalnız öz xoş niyyəti ilə deyil, həm də düşmənlərin pis niyyəti hesabına formalaşır.
İki iri qonşumuzun Cənubi Qafqaz üzrə xüsusi institutları və siyasi texnoloqları bizdə indi də daim “incə yer” axtarışındadırlar, bu cür yerlər tapılmadıqda isə onu süni yaratmaqla məşğuldurlar. Zəfərimizə qədər onlar bunu bir cür edirdilərsə, Zəfərimizdən sonra başqa bir formada etməyə çalışırlar.
Məsələn, hal-hazırkı dövrdə hərbi və kriminal təhlükəsizlik baxımından, beynəlxalq imic, sosial stabillik və orta yaşam səviyyəsi baxımından Azərbaycan özünün hər iki iri qonşularından bir neçə pillə yuxarıdadı. Bəs bu durumda iri qonşularımız bizim vətənpərvərlik meyarlarımıza necə müdaxilə edə bilirlər?
Bunu ya puldan xərcləyib sapı özümüzdən baltalarla bizi zəiflədərək, ya da əzələ nümayişi ilə insanları qorxudaraq onlarda “Stohkolm sindromu” yaradaraq edirlər. (Stohkolm sindromu – qurban özünü qoruma mexanizmi kimi zorakını dost və müttəfiq kimi qəbul edir və zorakıya emosional bağılılığı yaranır).
Şimalın nüvə silahının girovuna çevrildiyini düşünən insanlarda elə məhz “Stohkolm sindromu” baş qaldırır və inkişaf edir.
Bəli, xarakterlər əlbəttə ki, rəngarəngdi.
Elə insanlar var ki, yaxşının dostu olmaqdansa, güclünün qulu olmağa hazırdı. Amma, Azərbaycanda bu cür adamların sayı çox azdı. Çünki bu bir müsəlman, bir qafqazlı, bir türk adamına xas olan cəhət deyil. O ki, qaldı bu üç mənsubiyyət bir adamda cəmləşsin. Bir türk ömrü boyu azad yaşayıb!
Prezidentimiz “Bizim tək ailəmiz Türk Dünyasıdır, bizim başqa ailəmiz yoxdur” deyir.
Amma, aşağılarda faktiki nə baş verir!?
Həqiqi vətənpərvər türsevərlər, prezident siyasətinə sadiq adamların sosial durumu səviyyəsinə baxanda ağlıma ordan-burdan qulağıma çatdırılan sözlər gəlir: "Türkçülükdən çox da açıq danışma! Çünki, ölkədə bu fikrin çoxsaylı düşmənləri var! Bir də özün də səbəbini anlamadan görəcəksən ki, işlərin çox pis gedir!".
Bizlərdə işlərimizin pis getməsinə əslində artıq güclü immunitet də yaranıb.
Məsələ isə bir qədər fərqlidi...
Əsas məsələ, ölkə başçısının tapşırıqlarının aşağılarda necə icra olunmasıdı; daha əsas məsələ isə bizi TDT-yə doğru yox, yenidən SSRİ-yə doğru aparmaq istəyənlərlə olmalıdı...
Uğurlu Şərifov
(ardı var)
Soydas.az