Dumbadzenin əbədiyyət qanunu
Dumbadzenin əbədiyyət qanunu
Gürcü yazıçısı Nodar Dumbadzeni “Mən günəşi görürəm” əsəri ilə tanımışam. Əsərin annotasiyası diqqətimi çox çəkmişdi. Bu əsərdəki hadisələr 1937-ci il repressiyalarında valideynlərini itirmiş, bibisi Ketovanla yaşayan 12 yaşlı oğlan Sosoyanın dilindən verilir.
İkinci Dünya müharibəsinin başlaması, arxa cəbhə insanlarının keşməkeşli, çətin həyatı, kənd sakinlərinin qarşılaşdıqları çətinliklər, ölüm kağızları, "qara xəbərlər", gözü yaşlı analar, bacılar, həyat yoldaşları, yaşlılar, uşaqlar...
Müəllif adı çəkilən əsərində yazır ki, müharibələr sözlərin bitdiyi yerdə başlayır. Məncə bu fikir doğrudur; bəlkə də özünə məğlub olmuş insanlar başlayır müharibələri, məğlubiyyətlərinin əvəzini də onlar belə çıxırlar.
Yazıçı əsərdə belə bir fikir sərgiləyir: "Əgər səma güzgü olsaydı, yaxşı olardı... Çoxlu ölkə görərdim, bütün ölkələri. Hamı da bizim ölkəni görərdi. Və onda, yəqin, daha müharibələr olmazdı, çünki adamlar başa düşərdilər ki, onlar bəzən bir-biri barədə fikirləşdikləri qədər də pis deyillər”.
Göründüyü kimi, yazıçı Dumbadzenin dünyası çox təmiz, insancıl, tərtəmiz idi. Bu onun əsərlərində də çox açıq-aşkar hiss olunur.
Müəllifin dilimizə yeni tərcümə olunmuş “Əbədiyyət qanunu” kitabının adı da istər-istəməz adamı özünə çəkir. “Əbədiyyət” sözü insanı çox uzaqlara, sonsuzluğa, zamanın içindəki gözlə görünməyən illüziyaya aparır, insanı dərindən düşündürür.
“Əbədiyyət qanunu” yazıçının sonuncu əsəridi. Bu əsərdə yazıçı daha çox öz bioqrafiyasını yazıb. Yazıçı dördə dəfə infakt olub və bundan sonra vəfat edib.
Əsər özü də infarkt olmuş yazıçı Baçana Ramişvilinin xəstəxana səhnəsi ilə başlayır. Yazıçı ürək ağrısının təsvirini o qədər dəqiq, hissiyyatla yazıb ki, oxuyan kimi düşünürsən, bunu yaşamayan insan belə hissiyyatla yaza bilməz. Fikrimcə, Dumbadzenin uğuru həm də onun dilinin sadəliyindədir. Həyatın gerçəkliklərini belə ifadə edə bilmək də hər yazıçıya nəsib olmur.
Dumbadzenin əbədiyyət qanunu əslində çoxumuzun bildiyi, amma tətbiq etmədiyi və ya fərqinə varmadığımız məsələlərdir. İnsanlar yaxşılığı yaymağa çalışmalı, bir-birinə kömək etməlidir. İnsan ölümlüdür, ideyalar, dəyərlər, əməllər isə əbədi yaşayır. Bizə edilən təmənnasız yaxşılığı biz də başqasına edərək, beləcə dünyanın daha gözəl yer olmasına öz töhfəmizi verə bilərik.
Uzun bir zəncirdə kiçik həlqə olan insan sonsuzluğu necə yaşaya bilər?
Bunu ancaq yaxşılığı yaymaqla, çevrəmizin, mühitimizin, dünyamızın daha yaxşı bir yer olması üçün çalışmaqla etmək olar. Əbədiyyət hansısa başqa yerdə deyil, bəlkə, lazımı anda lazımı yerdə olmaqdır. Bəlkə ac olan insanın qarnını doyurmaqdır, ya da kiminsə dar günündə dadına çatmaqdır?
İnsan zamanın tozudur, böyük səhralıqda qum dənələri kimiyik. Səhra da mənə sonsuzluğu, əbədiyyəti xatırladır, ucsuz-bucaqsız, ənginlik...
Dumbadzenin doğum günü 14 iyuldadır. Maraqlıdır ki, 1789-cu ilin iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı aldılar, bu da Böyük Fransa inqilabının başlanğıcı olmuşdur.
Fransa Burjua inqilabı mütləqiyyətə qarşı çıxırdı, Dumbadze isə əsərlərində bizi insanlığa, ədalətə, insan kimi yaşamağa çağırır və bunu çox sadə yolla, sadə qəhrəmanların dili ilə edir.
“Əbədiyyət qanunu” romanının qəhrəmanı yazıçı Baçana Ramişvili müalicəsini tamamlayıb xəstəxanadan çıxarkən onu müalicə edən professora əbədiyyət qanununun düsturunu açıqlayır:
“İnsanın ruhu bədəndən qat-qat ağırdır, o qədər ağırdır ki, onu bir adam daşıya bilməz, ona görə də biz sağ ikən bir-birimizə kömək edib, bir-birimizin ruhunu xilas etməyə, əbədiləşdirməyə çalışmalıyıq. Sən mənimkini, mən başqasının, başqası bir başqasının ruhunu xilas etməlidir və bu əl tutma sonsuzluğa qədər uzanmalıdı. Bir sözlə elə etməliyik ki, o birisi öldükdən sonra biz yetim qalmayaq, bu dünyada tək-tənha olmayaq...”
Kim bilir dünyadan əbədiyyət qanununa sadiq nə qədər gözəl insan keçib gedib.
Nə xoş ömrünə əbədiyyəti sığdıranlara!
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az