Nağılların təsiri və cəmiyyətdəki qadın obrazları...

image

Düşüncəmiz necədirsə, həyatımız da elə olur, elə də yaşayırıq...  

Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandi deyirdi: “Düşüncələrinizə diqqət edin, duyğularınıza çevrilər. Duyğularınıza diqqət edin, davranışlarınıza çevrilər. Davranışlarınıza diqqət edin, vərdişlərinizə çevrilər. Vərdişlərinizə diqqət edin, dəyərlərinizə çevrilər. Dəyərlərinizə diqqət edin, xarakterinizə çevrilər. Xarakterinizə diqqət edin, taleyinizə çevrilər...”

Heç şübhəsiz ki, düşüncələrimizi həm də yaşadığımız həyat, mühit, ətraf, çevrə formalaşdırır. Həyat tərzimiz necədirsə, ona uyğun da dərrakəmiz formalaşır. Nə qədər özümüzü inkişaf etdirməyə, daha yaxşı olmağa can atsaq da, biz daha çox öz mühitimizin məhsuluyuq.

Təbii ki, əncir ağacını təbii halda dağlıq ərazidə yetişdirə bilməzsiniz. Bəlkə də süni şəkildə yetişdirmək mümkün olacaq, amma onun dadı, keyfiyyəti təbii bitdiyi yerdəki kimi, əsla olmayacaq.

Bu gün insanların çoxu “biz niyə beləyik?!” sualına cavab verə bilmir; bu alma ağacından gilas gözləmək kimi bir şeydir.

Nə qədər şablon, pafoslu səslənsə də, bu gün baş verən bütün neqativ hallarda cəmiyyətdə hər kəsin payı, günahı var. Bu günlərdə çox dəyərli bir alimimiz söhbət əsnasında belə bir söz işlətdi; hansısa şərdə iştirak etməmək hələ günahsız olmaq demək deyil, onu susub izləmək də bir növ günaha ortaqlıqdır.  

Bu məqamda nağıllarımızdan ibrət götürüləcək çox şeylər var. Çünki bir xalqın nağıllarında onun həyatı, məişəti, dünyagörüşü, inancları, arzu və xəyalları əks olunur.

 Nağıllar da elə düşüncələrimizin məhsuludur. Öz izlərini də tarix boyu müəyyən qədər saxlayır, təsiri də hiss olunur.

 Nağıllarımızdakı qadın obrazlarını biz daha çox xilaskar gözləyən bir şəkildə görürük. Daha çox hansısa şahın, padişahın oğlu kasıb kəndli qıza aşiq olur, onu çətin həyatından xilas edir.

Beləcə nağıllardan başlayan bu şüuraltı istəklər qadınlarda utopik rahat həyat yaşamaq arzusu yaradır. Bu gün də “ağ atlı şahzadə” məsələsi aktualdır. Belə bir təfəkkürlə uzun əsrlər formalaşan cəmiyyətdən başqa nəticəni necə gözləyə bilərik?!

 İnsanlara özlərini realizə etmək imkanı verilmədən onları fəaliyyətsizlikdə günahlandırmaq olmaz. Mənə elə gəlir ki, kökləri daha dərində axtarmaq lazımdır. Bugünkü həyat isə nağıl deyil, reallıqdır. Düzdü, bir sıra nağıllarda müdrik, ağıllı qız obrazlarına da rast gəlirik.

Bu gün qızların böyük əksəriyyətinin “padişah, vəzir oğlu” istəməsi və ya seçimi daha çox o istiqamətdə etməsi təəccüblü deyil. Bu düşüncənin kökü əslində daha uzaqlara gedib çıxır.

Bu gün yaşadığımız cəmiyyət ağıllı, amma maddi imkanları zəif olan insanlara necə dəyər verir? Onlara nə qədər hörmət edirik? Bilmirəm, bəlkə də, ümumən insanlıq gücə həmişə meyilli olub. Hər dövrün də öz gücü olub.

Bəzi nağıllarımızda isə qızlar divlərə, əjdahalara qurban verilir. Günümüzdə qadınların fədakar obrazda görünməsi, özlərini qurban vermək tələbinin kökü də əslində bu nağıllara gedib çıxır. Sadəcə forma dəyişib, motivlər dəyişib, mahiyyət isə olduğu kimi qalır.

Bəlkə həyat da nağıldır, hər insan da öz nağılının qəhrəmanıdır. Baxır kim necə qəhrəman olur. Mənfi, yoxsa müsbət qəhraman olmaq isə insanın öz seçimidir. Mahatma Qandinin yazının başında söylədiyimiz fikirlərinə dönsək, müsbət düşünməliyik ki, düşüncələrimiz müsbət də əməllərə dönüşsün...

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti