AZƏRBAYCANIN BATUMDA İLK DİPLOMATİK TƏMSİLÇİSİ MAHMUD BƏY
ƏFƏNDİYEV: HƏYATI VƏ SİYASİ-DİPLOMATİK FƏALİYYƏTİ
AZƏRBAYCANIN BATUMDA İLK DİPLOMATİK TƏMSİLÇİSİ MAHMUD BƏY
ƏFƏNDİYEV: HƏYATI VƏ SİYASİ-DİPLOMATİK FƏALİYYƏTİ
1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsinin nəticəsində 13 iyul 1878-ci il tarixli
Berlin müqaviləsi ilə Osmanlının birlikdə Əlviyeyi-səlasə adlanan Batum, Qars və Ərdahan livaları təzminat olaraq Rusiyaya verilmişdi. Böyük Britaniyanın təkidi ilə Berlin konqresində Batuma “porto franco” (sərbəst liman) statusu verilməsi barədə razılığa gəlinmişdi. Qeyd etmək lazımdır ki, Batum və ümumən Qafqaz 1853-1856-cı illər Osmanlı-Rusiya savaşı ilə böyük Britaniyanın iqtisadi maraq dairəsinə daxil olmuşdu. Bu savaşdan sonra ingilis sahibkarlar Qara dənizdə intensiv şəkildə ticarətlə məşğul olmağa başlamışdılar.
Batumun “porto franco” statusu 1886-cı ildə ləğv edilsə də, Çar Rusiyasının idarəçiliyi
altında olan Cənubi Qafqazda Bakı-Batum dəmir yolu və neft boru xətti, özəlliklə neft
sənayesinin inkişafı ingilis sahibkarların xüsusi diqqətini çəkmiş və 1898-1903-cü illər arasında bu sahəyə yatırılan sərmayələrin 85 %-i onların payına düşmüşdür. Həmin dövrdən etibarən Batum şəhəri sürətlə böyüməyə və inkişaf etməyə başlamış, Rusiyanın bir çox bölgələrindən müxtəlif sahələr üzrə mütəxəssislər iş təyinatı ilə burada məskunlaşmışdılar.
Əmək fəaliyyəti ilə bağlı Batuma üz tutanlar arasında azərbaycanlı həkim Mahmud bəy
Əfəndiyev (Əfəndizadə) də var idi. Mahmud bəy 1880-ci ildə 1 Alı (Əli) əfəndi və Fatma xanım Əfəndizadələrin ailəsində dünyaya göz açmışdır. O, 1906-cı ildə Tiflisin “Viktoriya” hotelində keçirilən təmtəraqlı toy mərasimi ilə Axalkələk qəzasının ən zəngin və nüfuzlu nəsli olan Palavandovlardan (Pəhləvanoğulları-Mutubəyzadələr) Məmmədəli bəyin və Nəzakət (Niyazə) xanımın qızları Mahinur xanımla evlənmişdir. Həm Mahmud bəy, həm də Mahinur xanım eyni dövrdə Xarkov İmperator Universitetində ali tibb təhsili almışdırlar.
Mahmud bəy Əfəndiyevin nəsil şəcərəsi
Mahmud bəy Əfəndiyev əslən Qazax mahalının Dağ Kəsəmən kəndindəndir. Onun
mənsub olduğu “Cənnətoğulları” və ya “Əfəndi öyü” ruhani nəsli Dağ Kəsəmənin nüfuzlu
soylarındandır. Bu nəslin ağsaqqalları ulu babaları Molla Mustafanın Dağ Kəsəmənə Qazağın
Kəmərli kəndindən gəlib məskunlaşdığını deyirlər (İ.Umudlu. Dağ Kəsəmən: Yurd bilgisi.
İnsanlar. Talelər, Bakı, 2009, s. 284-285).
1723-1728-ci illərdə tərtib olunmuş “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə əks olunmuş
Osmanlı təhrir siyahılarından XVIII əsrin 20-ci illərində Qazax livasının Çuvar nahiyəsinin
Kəsəmənli kəndində Molla Mustafa Mahmud oğlu adlı şəxsin yaşadığı bəlli olur.
Mahmud bəy Əfəndiyevin Türkiyə və ABŞ-da yaşayan törəmələrinin verdiyi bilgiləri,
eləcə də nəsillərin təqribi dəyişmə tezliyi və adların yaşadılması məqsədilə ənənəyə uyğun
təkrarlanma ardıcıllığını nəzərə alaraq ehtimal edirik ki, Molla Mustafanın Abdulla, Abdullanın
isə Süleyman adlı oğlu olub və beləliklə, XVIII - XIX əsrin ilk yarısında
Cənnətoğulları//Əfəndizadələrin soy kötüyünün bir budağı Qazax qəzasının Kəsəmənli//Dağ
Kəsəmən kəndində Mahmud → Molla Mustafa → Abdulla → Süleyman xətti üzrə inkişaf edib.
Süleymanın Molla Mikayıl və Alı əfəndi adlı övladlarının olduğu bəllidir (İ.Umudlu,
göstərilən əsəri, s. 284-285).
Mahmud bəy Əfəndiyevin məzar daşında doğum tarixi 1878-ci il yazılsa da, Türkiyə Cümhuriyyətinin rəsmi
elektron qeydiyyat portalında həmin tarix 01.07.1880-ci il kimi göstərilir.
Qazax nahiyəsinin 1860-cı ilə aid kameral təsvirlərində həmin dövrdə Dağ Kəsəmən
kəndində mülkədar torpaqlarında yaşayan dövlət kəndliləri sırasında aşağıdakı ailələr qeyd
olunubdur:
- Molla Rəhim Süleyman oğlu (35 yaş); oğulları İbrahim (10 yaş), Süleyman (7 yaş)
[Molla Rəhimin Tiflis gimnaziyasında müsəlman dini üzrə şəriət müəllimi olaraq
xidmətdə olduğu və Hökumət Senatının 2 sentyabr 1853-cü il tarixli qərarı əsasında
ailəsi ilə birlikdə rəiyyət siyahısından çıxarıldığı ayrıca qeyd şəklində əlavə
olunmuşdur].
- Molla Mustafa Molla Mikayıl oğlu (24 yaş); qardaşları: Molla Yaqub (33 yaş), Musa
(30 yaş) və onun oğlu Məhəmməd (2 aylıq), Məmməd (22 yaş);
- Molla Bəkir Alı əfəndi oğlu (26 yaş, ikiqat vergidən azad olunub).
Sözügedən mənbədə Molla Mahmud Molla Mikayıl oğlu (42 yaş) və Molla Məmməd Alı
əfəndi oğlu (27 yaş) Dağ Kəsəmənin imtiyazlı ruhaniləri kimi göstəriliblər.
Yuxarıda adıkeçən şəxslərdən Molla Rəhim Süleyman oğlunun ( 1825-ci il təvəllüdlü)
Molla Mikayıl və Alı əfəndinin kiçik qardaşları olduğunu güman edirik.
Cənnətoğullarının Azərbaycanda olan törəmələri Alı əfəndinin oğulları sırasında Ömər, İbrahim, Sofu və İsmayılın adlarını çəkir, Türkiyədəki törəmələri isə Mahmud bəy Əfəndiyevgilin ən kiçiyi Mahmud bəyin özü olan 5 qardaş olduğunu söyləyir, qardaşların adlarını Abdulla, Hüseyn, Süleyman, Həsən, Mahmud olaraq sıralayırlar. Sonuncu bilginin müqayisədə həqiqətə daha yaxın olduğunu düşünürük. Belə ki, Borçalı əsilli tədqiqatçılar G.Qocayeva-Məmmədova və P.Əfəndiyevin araşdırmalarında qazaxlı Alı əfəndinin Borçalıda məskunlaşmış oğulları Abdulla, Hüseyn və Mahmud Əfəndiyevlər, eləcə də ərə gedərək Qaraçöp mahalında yaşamış qızı Xədicə barədə məlumat verilir (Ə.Paşayev, N.Bayramov, G.Qocayeva-Məmmədova. Gürcüstanda Azərbaycan məktəbləri, Tiflis, 2012, s. 244-245; P.Əfəndiyev. Keçmişdən bu günə: Borçalı, Arıxlı və arıxlılar, Bakı, 2019, s. 157-158).
Qeyd olunanları və yuxarıda istinad edilən kameral təsvirdəki məlumatları nəzərə alaraq,
Alı əfəndinin Molla Mə(hə)mməd ( 1833-cü il təvəllüdlü), Molla Bəkir ( 1834-cü il
təvəllüdlü), Molla Abdulla, Hüseyn, Süleyman, Həsən (ixtisasca geoloq olduğu və gənc yaşda
vəfat etdiyi söylənilir), Mahmud adlı oğullarının və Xədicə adlı qızının olduğunu ehtimal edirik.
Alı əfəndinin övladlarından Molla Abdulla və Hüseyn Borçalı qəzasının Arıxlı kəndində
məskunlaşıb ömürlərini orada başa vururlar. Tanınmış din xadimi olan Molla Abdulla Əfəndiyev (1850-1938) Arıxlı kəndinin mollası olub. Onun Məhəmməd, Əlixan, Zeynəb, Nabat, Minəxanım və Sinəxanım adlı övladları dünyaya gəlib. Molla Abdullanın böyük oğlu
Məhəmməd Əfəndioğlu (1906-1934) əmisi Mahmud bəyin himayəsində İzmirdə yaşayıb
(Məhəmməd bəyin və Mahmud bəyin böyük oğlu Niyazi bəyin məzarları yan-yanadır). Əlixan
Əfəndiyev Qori Müəllimlər Seminariyasında təhsil alarkən öldürülüb. Molla Abdullanın böyük
qızı Zeynəb xanım Arıxlı kəndindən Paşa ağa ilə evli olub və bu nikahdan Əflatun və Loğman
adlı oğulları, Abuhəyat və Günəş adlı qızları dünyaya gəlib. Əflatun və Loğman Bolnis rayon
mərkəzində yaşayıblar. Paşa ağa vəfat etdikdən sonra Zeynəb xanım Arıxlıya qonşu Kolayır
kəndindən Keyqubad adlı şəxslə ailə qurub və bu evlilikdən Fərhad adlı oğlu doğulub. Nabat
xanımın həyat yoldaşı Arıxlı sakini Yusuf ağa idi; onlar Zahid və Naz adlı iki övlada sahib
olublar. Minəxanım Qafqaz İslam Ordusunun Azərbaycana yürüşündə iştirak edən Xəlil əfəndi
ilə ailə həyatı qurub. Onun bu evlilikdən İzmirxan adlı oğlu və Hafizə adlı qızı dünyaya gəlib.
Xəlil əfəndi əslən İzmir yaxınlığındakı Manisa vilayətindən olduğu üçün oğlunun adını İzmirxan qoymuşdu. Minəxanım gənc yaşda Arıxlı kəndinin içindən axan Xram çayında boğulduqdan sonra Xəlil əfəndi qızı Hafizəni də götürüb Türkiyəyə gedir, oğlu İzmirxan isə xalası Zeynəb xanımın himayəsində Bolnis şəhərində yaşayır və sonradan Gəncədə məskunlaşır. Göygöl şəhərinin qəbiristanlığında dəfn olunan İzmirxan bacısı Hafizənin adını öz övladına qoyubdur.
Molla Abdullanın Arıxlının Novruzqulular nəslindən Molla Mustafanın oğlu Əmirlə evlənmiş
kiçik qızı Sinəxanımın bu nikahdan Əli, Sayalı, Səyyarə adlı övladları qalmışdır. Sayalı Bolnis
rayonunun Qoşakilsə kəndinə ərə getmiş, Səyyarə isə tez vəfat etmişdir.
Hüseyn Əfəndiyev (1862-1939) Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında oxuyub.
Onun Borçalıda təhsil sahəsinin inkişafında mühüm xidmətləri olub. 1886-cı ildə Telav
qəzasının Qaracala kəndində Tiflis-Kutais quberniya sünni məclisinin sədrinin iştirakı ilə açılmış məktəbin ilk iki müəllimindən biri H.Əfəndiyev olub. O, 1893-cü ildən Axalsıx (Ahısqa)
qəzasının Azqur kəndində müəllimlik fəaliyyətini davam etdirmiş, sonra Arıxlı kəndində özəl
məktəb açıb uşaqlara ev təlimi vermiş, 1901-ci ildə isə Arıxlıda dövlət xətti ilə məktəb təşkil
edərək uzun müddət müdir-müəllim olmuş, Azərbaycan türkcəsi, hesab və şəriəti tədris etmişdir (Ə.Paşayev, N.Bayramov, G.Qocayeva-Məmmədova, göstərilən əsər, s. 244, 391). Arıxlı kənd orta məktəbi H.Əfəndiyevin adını daşıyır. Hüseyn bəy qazaxlı Fatma xanımla (Qayıbzadələrdən olduğunu təxmin edirik) ailə qurmuş, bu nikahdan onun 3 oğlu və bir qızı (Sürəyya, Ziya, Rza və Murtuz) dünyaya gəlmişdir. Fatma xanım vəfat etdikdən sonra H.Əfəndiyev Marneul rayonundan Güləndam adlı qadınla evlənmişdir. Hüseyn bəy Əfəndiyevin oğullarından Ziyanın övladı olmamışdır. Gənc yaşda dünyasını dəyişmiş Rzanın Ziya, İlhamə və Yasəmən (o da atası kimi gənc yaşda vəfat edib) adlı övladları qalıb. Anası rəhmətə getdikdə 6 aylıq olan Murtuz Əfəndiyev Qazaxdakı qohumları Qayıbzadələrin himayəsində böyümüş, Qazax Müəllimlər Seminariyasını bitirmişdir. Onun 5 oğlu (Rza, Məhəmməd, Yusif, Hüseyn, Nəsib) və 3 qızı (Fatma, Abidət, Kəklik) dünyaya gəlmişdir. Hüseyn Əfəndiyevin qızı Sürəyya Əfəndiyeva 1928-ci ildə Arıxlı kənd orta məktəbinə müdir təyin olunmuş, bir müddət Kolayır kəndindəki uşaq bağçasında da müdirlik etmişdir.
Süleyman bəy Əfəndiyev (05.10.1864-21.02.1919) 1885-ci ildə Yelizavetqrad süvari
məktəbini bitirdikdən sonra 43-cü Tver draqun alayında hərbi xidmətə başlamış, 1888-ci ildə
kornet rütbəsində 44-cü Nijeqorod draqun alayına keçirilmişdir. Bundan sonra onun xidmət yeri bir neçə dəfə dəyişdirilmişdir. 1910-1916-cı illərdə Zaqafqaziya polis keşikçi dəstəsinin Kutais quberniyası üzrə baş nəzarətçisi vəzifəsində çalışan Süleyman bəy [o zaman Kutais qəzasının polis rəisi vəzifəsini Əli Heydər Yusufov adlı şəxs tuturdu] həmin dövrdə Tiflisdə
azərbaycanlıların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaxından iştirak etmiş, tez-tez Qori şəhərinə gələrək buradakı Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alan azərbaycanlı soydaşlarının məişət şəraiti ilə tanış olmuş, onlara maddi və mənəvi cəhətdən dəstək göstərmişdir. S.Əfəndiyev 06.12.1912-ci ildə polkovnik rütbəsini almış, 1917-ci ilin dekabrında təşkilinə başlanan Müsəlman korpusunda 5-ci atıcı alayın komandiri olmuş və hətta bir müddət bu korpusda 2-ci diviziya komandirinin vəzifəsini icra etmişdir. Xalq Cümhuriyyəti dövründə o, miralay (polkovnik) hərbi rütbəsində Tərtərdə yerləşən 2-ci Qarabağ süvari alayına komandanlıq etmiş, hökumətin 29 dekabr 1918-ci il tarixli qərarı əsasında mirliva (general-mayor) rütbəsi almışdır. Bu rütbəyə layiq görülən ilk AXC zabitlərindən olan S.Əfəndiyev I piyada diviziyasının komandiri vəzifəsini icra etmişdir. General-mayor Süleyman bəy Əfəndiyev 1919-cu ilin fevral ayının 21-də Azərbaycan ordusunun Ağdam qarnizonunda yayılmış səpmə yatalaq (tif) xəstəliyindən dünyasını dəyişmişdi. O, həyat yoldaşı Laləndar xanım Əfəndiyeva- Palavandovanın (1866-1930) xahişi ilə Qazax qəzasının Dağ Kəsəmən kəndində dəfn olunmuşdur. Hökumətin qərarı ilə Süleyman bəyin Batumda yaşayan ailə üzvləri ‒ xanımı və 3 övladı (Firudin, Zəkiyyə, Adilə) məvacib və yemək xərci ilə təmin olunmuşdular.
Süleyman bəyin böyük qızı Zəkiyyə xanım (1905-1980) professor olub və ABŞ-da
yaşayıb, kiçik qızı Adilə xanım (1880-1927) isə mersinli oftalmoloq dr. Fazil bəylə evli olub.
Süleyman bəyin böyük oğlu Həsən atasının vəfatından bir az əvvəl Batumda intihar edərək
həyatla vidalaşmışdı.
Süleyman bəy və Mahmud bəy Əfəndiyev qardaşları həm də bacanaq idilər. Onların
qayınatası Məmmədəli bəy Palavandovun (1919-cu ildə 80 yaşında vəfat edib) Münəvvər,
Laləndar, Bədirmah, Dərviş və Mahinur adlı 5 övladı olub. Məmmədəli bəyin həyat yoldaşı
Niyazə xanımın məşhur gürcü zadəgan sülaləsi Cambakur-Orbelianilərdən olduğu
söylənməkdədir.
Alı əfəndinin Gürcüstandakı törəmələri əsilləri Qazax mahalının Salahlı kəndindən olan
Qayıbzadələrlə yaxın qohumluq münasibətləri olduğunu, Mahmud bəyin anası Fatma xanımın Qafqaz müsəlmanlarının V müftisi Hüseyn əfəndi Qayıbovun (Mirzə Hüseyn Qayıbzadə) əmisi qızı olduğunu bildirirlər. Tiflisdə ermənicə yayımlanan “Mşak” (Մշակ) qəzeti 1903-cü ildə çap olunmuş 75-ci sayında (səh. 3) Alı əfəndinin qudası Məmmədəli Palavandovun “Tiflis müftisi” ilə qohumluq əlaqələrinin olduğunu yazırdı.
Qazax nahiyəsinin 1860-cı ilə aid kameral təsvirinə istinadən daha öncə təqdim olunan
məlumatdan Alı əfəndinin qardaşı Molla Mikayılın Molla Mahmud ( 1818-ci il), Molla Yaqub
( 1827-ci il təvəllüdlü), Musa ( 1830-cu il təv.), Mustafa ( 1836-cı il təv.) və Mə(hə)mməd
( 1838-ci il təv.) adlı övladlarının olduğu bəlli olur.
Molla Mikayılın övladlarından Mahmud, Mustafa və Məhəmməd barədə daha geniş
məlumatı İ.Umudlunun Cənnətoğullarının görkəmli nümayəndəsi, mərhum akademik Rasim
Əfəndiyə istinadən çap etdirdiyi bilgilər (İ.Umudlu, göstərilən əsəri, s. 285-286) əsasında aşağıda diqqətinizə təqdim edirik:
Molla Mikayılın böyük oğlu Hacı Mahmud əfəndi Əfəndiyev-Cənnətzadə ( 1818-1896)
Məşhəri təxəllüsü ilə şeirlər yazmış, el arasında adına Hacı İmam da deyilmişdir. Onun
Tükəzban, Şərifə və Nabat adlı üç qızı olub. Nabat Əfəndiyeva (1877-1946) Qazax mahalında tanınmış xalça ustalarından olub. O, əmisi Mustafanın oğlu Məhəmmədlə evlənib. Məhəmməd və Nabat Əfəndiyevlərin Mustafa (01.01.1909 – 18.02.1981) və Mahmud (03.01.1912-17.11.1975) adlı oğullarının hər ikisi sovet dönəminin ən yüksək fəxri adlarından olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər.
Mustafa əfəndi Cənnətzadə ( 1836-1897) Dağ Kəsəmən kəndinin məscidi nəzdində
fəaliyyət göstərən məktəbxanada şəriət və ərəb-fars dillərini tədris etmişdir. Onun Məhəmməd, Səməd, Səid və Həmid adlı dörd oğlu olmuşdur. Bu qardaşlardan ilk üçünün Qori Müəllimlər Seminariyasında təhsil aldıqları söylənilir. Məhəmməd Mustafa oğlu Əfəndiyevə (1875-25.07.1960) el arasında “Molla Məhəmməd” deyilsə də, ruhaniliklə məşğul olmamış, peşəsi müəllim olmuşdur. Səməd Mustafa oğlu Əfəndiyev (1883-1956) Bakıda neft sənayeçilərindən Murtuza Muxtarovun neft mədənlərində iş icraçısı işləmişdir. O, Bakı neft milyonçularının saraylarının Avropa rəssamlarının əsərləri ilə bəzədilməsində mütəxəssis hesab olunurmuş və M.Muxtarovun sarayında (indiki Səadət sarayı) ayrıca mənzildə yaşayırmış. Səməd əfəndi Qazağın Fərəhli kəndindən Hürü xanımla evli olub. Onun bu nikahdan Simuzər (1915-1996) və İzzət (1922-1991) adlı iki qızı qalıb. Hürü xanım vəfat etdikdən sonra Səməd əfəndi qazaxlı Lalə xanım Zeynalova ilə evlənmiş və bu nikahdan qızı Rasimə (filoloq-alim) və oğlu Rasim Əfəndi (1928-2010, sənətşünas-alim, akademik) dünyaya gəlmişdir. Səid Mustafa oğlu Əfəndiyev sovetləşməyə qədər iri neft sahibkarı M.Muxtarovun kontorunda mirzə işləmiş, sonra öz doğma kəndinə qayıdaraq Qazaxda xırda məmur vəzifələrində çalışmışdır. O, iki dəfə evlənmiş, birinci nikahdan 5 qızı (Füruzə, Növrəstə, Qüddisə, Həmidə və Validə) olmuşdur. İkinci dəfə Böyükxanım Vəkilova ilə evlənmiş, bu nikahdan Aliyə (Ərəbova), Xalidə, Zahid və Edison doğulmuşlar. Həmid Mustafa əfəndi oğlu Əfəndiyevdən (1872-1897) Əhməd və Teyyibə adlı 2 övlad qalıb.
Molla Məhəmməd Cənnətzadə zəmanəsinin ziyalı şəxsiyyətlərindən olmuş, Dağ
Kəsəmən sakini şair Mustafa ağa Nasirin əsərlərini toplayaraq tərtib etmişdir.
“Cənnətoğullarının keçmişini təmsil edən şəxslər Dağ Kəsəmən qəbiristanlığında
“Əfəndilərin hərəmi” deyilən iri ölçülü hasarın daxilində dəfn edilmişlər” (İ.Umudlu, göstərilən
əsəri, s. 286).
Mahmud bəy Əfəndiyevin Acarıstanda həkimlik fəaliyyəti və Bakı Müsəlman
Xeyriyyə Cəmiyyətinin Batum şöbəsində fəallığı Təhsil aldığı universitetdən 1909-cu ildə məzun olan Mahmud bəy bundan sonra illərcə Artvində və mərkəzi Batum şəhəri olan Acarıstan (Acara) bölgəsinin müxtəlif tibb müəssisələrində, xüsusən 1912-ci ildən Batum dövlət tibb müəssisəsində karantin həkimi, Çakva dövlət malikanəsində həkim, Çürüksu (Kobulet) xəstəxanasında baş təbib kimi çalışaraq yerli əhali arasında böyük şöhrət qazanmışdır. “Qafqaz təqvimi” toplusunun 1915, 1916 və 1917-ci illər üzrə seriyalarında Batum dəniz həkim-nəzarət stansiyasının kiçik həkimlərinin soyadları sırasında “Əfəndi-zadə Əfəndiyev” soyadına rast gəlinir.
Mahmud bəy Batum şəhəri yaxınlığındakı Çakva məntəqəsində yerləşən və gəlirləri
imperatorun ailəsinin saxlanılmasına yönəldilən xüsusi dövlət malikanəsinin həkimi vəzifəsində çalışarkən Rusiya imperatoru II Nikolay tərəfindən qızıl zəncirli qızıl saatla
mükafatlandırılmışdı. Bununla bağlı Rusiya İmperator Sarayı və Malikanələri Nazirliyinin
Malikanələr Baş İdarəsinin rəisi, general-leytenant knyaz Viktor Sergeyeviç Koçubeyin 10 aprel 1916-cı ildə Petroqradda imzaladığı 5727 nömrəli şəhadətnamədə yazılırdı:
“1916-cı il aprelin 10-cu günü hökmdar imperator Çakva xüsusi malikanəsinin həkimi
Mahmud bəy Əfəndiyevi əla xidmətə və çalışqanlığına görə qızıl zəncirli qızıl saatla
mükafatlandırmaq qərarına gəlmişdir. Bununla bu ali monarx tapşırığını yerinə yetirmək üçün
sözügedən zəncirli saat Mahmud bəy Əfəndiyevə göndərilir”.
M.Əfəndiyev Acarıstanda həkimlik fəaliyyəti ilə yanaşı, ictimai məsələlər və xeyriyyə
işləri ilə də məşğul olmuş, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Batum şöbəsi ilə yaxından
əməkdaşlıq etmişdir.
1905-ci ildə təsis edilmiş Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Birinci Dünya Müharibəsi
illərində öz nizamnaməsinə dəyişikliklər edərək, fəaliyyət çərçivəsi və coğrafiyasını xeyli
genişləndirmiş, Qafqazın və Şimal-Şərqi Anadolunun cəbhəboyu bölgələrində qaçqınlara, yetim uşaqlara, əsir düşmüş türk əsgərlərinə yardım etmişdir. Cəmiyyətin Qars, Ərzurum, Tiflis və Batum şöbələri açılmışdır. 30 oktyabr 1915-ci ildə fəaliyyətə başlayan Batum şöbəsi Qara dənizin cənub-şərq hövzəsində yerləşən məntəqələrdə xeyriyyə işləri ilə məşğul idi. Şöbədə bir araya gələrək, onun işinə böyük töhfələr vermiş tanınmış azərbaycanlı ziyalılarının adları arasında Cəmo Hacınski, Əhməd Cavad Axundzadə, Əli Səbri (Qasımov), Ələkbər Qərib (Abbasov), Əliqulu Qəmküsar və qardaşı Rzaqulu Nəcəfovla birlikdə Mahmud bəy Əfəndiyevin adına da rast gəlinir.
Mahmud bəy Əfəndiyevin Batumda nüfuzu, Müsəlman Xeyriyyə Cəmiyyətinin Batum
şöbəsində fəallığı və Azərbaycanın milli mütərəqqi qüvvələri ilə sıx iş birliyi barədə məlumatlar Naxçıvan əsilli tanınmış yazıçı-jurnalist, ictimai xadim Əli Səbrinin və istiqlal mücahidlərindən Nağı bəy Şeyxzamanlının (1919-cu ilin avqustundan 1920-ci ilin martınadək “Əks-inqilab ilə mübarizə təşkilatı” adlanan AXC-nin xüsusi xidmət orqanının rəisi) xatirələrində öz əksini tapır.
Əli Səbri xatirə qeydlərində I Dünya müharibəsi dövründə Bakı “Cəmiyyəti-xeyriyyə”
təşkilatının qızğın fəaliyyətə başladığını vurğulayaraq, Qara dənizin cənub-şərq sahillərində
yerləşən türk-müsəlman yaşayış məntəqələrində həmin təşkilatın xətti ilə həyata keçirilən
xeyriyyə aksiyalarında iştirakından geniş bəhs edirdi. Batum limanında gəmilərlə qarğıdalı alıb qaçqınlara payladıqlarını yazan Ə.Səbri bu yöndə fəaliyyəti sırasında Trabzonda yunan əsilli tərcüməçi Qunarisin xainliyi səbəbindən üzləşdiyi həbs təhlükəsindən yaxa qurtarmaq üçün Batuma, Mahmud bəyin yanına gəldiyini yazırdı: “Mən Mahmud bəy Əfəndiyevin evinə gəldim. Məni görüb təəccübləndi. “Səni axtarırlar, bura da gəlmişdilər”, − dedi. Mən daha burada dincəlməyi münasib bilmədim. Tiflisə gəldim və Qazax yolu ilə Gəncəyə varid oldum” [Ə.Səbri. Ömürdən yarpaq düşür, Bakı, 1983, s. 144-145]. Ə.Səbri Gəncədə çox qalmır və tezliklə Batuma qayıdır. Belə ki, müharibənin getdikcə şiddətlənməsi nəticəsində müsəlman qaçqınların sayının artması ilə “Cəmiyyəti-xeyriyyə” Trabzondan Batumadək olan sahədə xeyriyyəçilik fəaliyyətini tənzimləməkdə çətinlik çəkməyə başlayır və Batumda bu təşkilatın ayrıca şöbəsinin yaradılması qərarlaşdırılır. Həmin şöbənin işinə Əli Səbri yaxından cəlb olunur. Onun bu barədə qeydlərindən: “Batumda ayrıca şöbə təşkil olundu. Mahmud bəy Əfəndiyevə isə daha əziyyət vermədik, çünki o həkim idi, harada olsa işə yarıyacaqdı, biz isə tonlarla qarğıdalı, duz və s. alıb şəhərlərə, kəndlərə göndərirdik. Batumdakı şöbəni təşkil etmək üçün Cəmo Hacınski (Mehdi bəy Hacınskinin qardaşı) Bakıdan Batuma gəldi. Batumdakı dəstəmizdə şair Əhməd Cavad da var idi”. Ə.Səbrinin xatirələrindən o da bəlli olur ki, M.Əfəndiyev Əhməd Cavad üçün onun sevdiyi Şükriyyə xanımın ailəsinə − Acarıstanın zəngin əsilzadələrindən və Müsəlman Xeyriyyə Cəmiyyətinin Batum şöbəsinin fəaliyyətinə dəstək verib, ən çox maliyyə yardımı göstərən acar (Acarıstanda yaşayan müsəlman gürcü) bəylərindən olan Süleyman bəy Bejanoğlunun (Bejanidze) hüzuruna elçiliyə getməkdən qəti imtina etmiş, Ə.Səbrinin özü bu funksiyanı yerinə yetirməyə məcbur olmuş, lakin “Mən şiəyə, qızılbaşa qız vermərəm”, − deyən Süleyman bəy tərəfindən qapıdan qovulmuşdur [Ə.Səbri. Ömürdən yarpaq düşür, s. 145-146].
N.Şeyxzamanlının “Xatirələr”inin “Türkiyənin yardımını təmin etmək” bölümündə
Osmanlı zabiti və siyasətçisi Əhməd Hüsaməddin bəy Tuğaçla birlikdə Bakıdan Tiflisə gizli
səfər etdiklərini və burada Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin cəbhə bölgəsi üzrə vəkili
Xosrov bəy Sultanovdan sözügedən cəmiyyətin üzvü olmalarını təsdiqləyən sənəd aldıqdan
sonra Batuma yollandıqlarını yazırdı: “...Batum Xeyriyyə Cəmiyyətinin sədri doktor Mahmud
bəyin yanına getdik. Məqsədimizi anladıb, təhlükəsiz yolla bizi Türkiyəyə keçirməsini xahiş
etdik. Sonra birlikdə doktorun evinə gəldik. Orda Tiflisdə nəşr olunan “Molla Nəsrəddin”
jurnalının mühərrirlərindən Axıskalı Ömər Faiq bəylə görüşüb tanış olduq. Doktor onun da
Türkiyəyə getmək istədiyini söyləmişdi. Biz çay içib söhbət edərkən, qapının zəngi çalındı və
içəri bir şəxs girdi. Doktorun hörmətlə qarşılayıb təqdim etdiyi bu adam əslən girəsunlu olub,
Batumda tütün ticarəti ilə məşğulmuş. Adı Bünyadoğlu idi. Doktor bizi Xeyriyyə Cəmiyyətinin
üzvləri kimi təqdim etdi”. Milliyətcə rum//yunan olan Batum tütün fabrikinin sahibi Murad
Bünyadoğlu Mahmud bəyə rus əsgərləri çəkildikdən sonra Trabzonda türklərlə rumlar arasında yaranmış gərginliyi araşdırmaq üçün oraya nümayəndə heyəti göndərəcəklərini bildirir, heyətə Xeyriyyə Cəmiyyətindən iki nəfərin daxil edilməsinin təmin olunmasını xahiş edir.
N.Şeyxzamanlı: “Bundan sonra Mahmud bəy bizim üzümüzə baxdı və biz də “Bəli, Mahmud
bəy, əgər əmr etsəniz, gedərik”, dedik”. Bu minvalla Nağı bəy Şeyxzamanlı, Hüsaməddin bəy və Ömər Faiq Nemanzadə Mahmud bəy Əfəndiyevin vasitəsilə Türkiyəyə getməyə müvəffəq
olmuşdurlar.
Qeyd olunanlardan və digər əlavə mənbələrdən Mahmud bəy Əfəndiyevin Birinci Dünya
Müharibəsi illərində müəyyən dövrdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Batum şöbəsinə
rəhbərlik etdiyi bəlli olur.
Əlavə edək ki, Mahmud bəyin qayınatasının əmisi nəvəsi, hüquqşünas Murtaza bəy
Kamal bəy oğlu Palavandov 1915-1917-ci illərdə Batum şəhərində andlı müvəkkil statusunda
vəkillik etmişdir.
1918-ci ildə Batum vilayətində səkkiz aylıq Osmanlı idarəçiliyi dövrünün qısa
xülasəsi Batum bölgəsi 3 mart 1918-ci ildə imzalanmış Brest-Litovsk sülh müqaviləsinə əsasən 40 ildən sonra Əlviyeyi-səlasənin digər 2 vilayəti – Qars və Ərdahan vilayətləri ilə birlikdə yenidən Osmanlının hakimiyyəti altına qaytarılmışdı. 14 aprel 1918-ci ildə Batuma ilk Osmanlı hərbi birlikləri daxil olmuşdu. O zaman Mahmud bəy həyat yoldaşı Mahinur xanımla Batumda “Hilali-əhmər” (“Qızılay”) Cəmiyyətinin xəstəxanasında işləyirdi.
Türk hərbçiləri və məmurlarından sonra Osmanlıdan Batuma ilk gələnlər arasında həmin
ərəfədə xarici jurnalistlər heyətinə rəhbərlik edərək Şimal-Şərqi Anadolu və Cənub-Şərqi Qara dəniz bölgələrini gəzib dolaşan Osmanlı darülfünununun professoru, tarixçi-yazar Əhməd Rəfiq (Altınay) da var idi. 24 aprel 1918-ci ildə baş tutmuş bu gəlişi sırasında Batumdakı durumu və dr. Mahmud bəy Əfəndiyevin ailə üzvləri ilə görüşünü Əhməd bəy “Qafqaz yolları” adlı xatirə qeydlərində belə təsvir edirdi:
“Osmanlı işğalı əmin, sülhpərvər, müntəzəm, mütəvazi və səssiz idi. Heç bir mağaza
qarət olunmayıb. Heç bir şüşə qırılmayıb. Heç kim təcavüzə uğramayıb. Rus zabitləri rahat və
sakit küçələrdə dolaşırlar...
Batum bənzərsiz, zərif, təmiz, sevimli və cəlbedici bir məntəqədir. Rus irfanı bütün gücü
və nüfuzu ilə bu məkanı dəyişdirmişdir. Qoqol, Lermontov, Puşkin, Tolstoy və Dostoyevskilərin rus ruhuna təsirləri Batumda də özünü göstərir. Binalar, kilsələr, caddələr, evlər, qiyafətlər, ticarət malları, mağazalar hamısı rusdur. Müsəlmanlar arasında belə rus irfanına yaxınlaşanlar fikir və hiss baxımından yüksəlmişdilər; həyatı daha həqiqi şəkildə dərk edirdilər. Qiyafətlərinə düzən vermişdilər. Hətta onlar bu bilik və təsir sayəsində milliyyət məsələsini daha yaxşı anlamışdılar. Mahinur xanım bu həqiqətin qadın aləmində görünən misalıdır.
Mahinur xanım uzun boylu, qaragözlü, ciddi türk xanımıdır. O, həyat yoldaşı doktor
Mahmud bəylə Batum “Hilali-əhmər” (“Qızılay”) Cəmiyyətinin xəstəxanasında işləyir. Qızı
Leyla albalı rəngli çadrası, sürməli gözləri, incə və narın siması ilə şərq gözəlliyinin cazib bir
miniatürüdür. Mahinur xanımdan şəhərin əsgərlərimiz tərəfindən necə bombalandığını
soruşduqda o, belə cavab verdi:
‒ Hamımız qorxduq. Axırda Osmanlıların şəhəri alacağını anlayanda artıq qorxumuz yox
idi. Osmanlının top gülləsi həmişə üçbucağa düşürdü.
Sonra əli ilə onun ətrafında ağ əlbisələri, oynaq rəftarları, təbəssümlü baxışları ilə
dayanmış, Osmanlı zabitlərini heyrətlə seyr edən sarışın və mavi gözlü rus qızlarını, eləcə də
yaşıl ağacların, səliqəli dəfnələrin arasında gəzən kazak zabitlərini əli ilə göstərərək dedi:
‒ Bunların topu isə heş bir şey edə bilmirdi; vay bunların başına...”.
Batumun türk idarəçiləri ilə yerli ağqvardiyaçılar əməkdaşlıq edirdilər. Onların arasında
kadet Prislibtiyan Maslov da var idi. P.Maslov Batumun komendantı olan türk zabitinə bu
sözlərlə müraciət edərək həbsə atılmış ağqvardiyaçı zabitlərin azadlığa buraxılmasını xahiş etmişdi: “Tərəfinizdən Batum – hüquqən sizə məxsus olan və 40 il əvvəl zorla əlinizdən alınan köhnə şəhəriniz tutularkən biz ruslar sizə heç bir müqavimət göstərmədik. Əgər şəhərin müdafiəçiləri arasında ruslar da var idisə, onlar mövqelərə gürcülər tərəfindən məcburən aparılmışdılar. Biz Batumu sizə Brest müqaviləsi əsasında verdik və o gündən sizinlə səmimi müttəfiq və dostuq. Biz sizin gəlişinizə qəlbimizə yaxın müttəfiqlər kimi sevinirik və siz tamamən boş yerə qəlbən sizə sadiq rus zabitlərini həbs edirsiniz” [«Борьба» qəz., 1919, № 30 (286)]. Gürcü tarixçisi D.Cumburidzenin fikrincə, P.Maslov türkləri rusların onlara qarşı xoş niyyətli, gürcülərin isə antitürk yönümlü olduğuna inandıra bilmişdi. Əvvəlki hakimiyyət təmsilçilərinin bir hissəsi, o cümlədən şəhər dumasının qlasnılarının (deputatlarının) bir çoxu məhz buna görə Acarıstanı tərk etmişdi. Əvəzində şəhər duması, başlıca olaraq, Rus Milli Şurasının üzvləri olan rus deputatlarla doldurulmuşdu.
Batumda Osmanlı hakimiyyətinə qarşı siyasi və silahlı mübarizə çağırışlarına görə İslam
Gürcüstanı Xeyriyyə Cəmiyyətinin sədri Məmməd bəy Abaşidze (Sancaqbəyzadə) və onunla
birlikdə bir neçə Gürcüstan meyilli acar hüquq-mühafizə orqanlarının nəzarəti altına alınaraq
Trabzon həbsxanasına göndərilmiş, cəmiyyətin rəhbər heyətinin digər üzvləri Batumdan
deportasiya edilmişdilər. Bu sonuncular Tiflisdə İslam Gürcüstanı Azadlıq Komitəsini (İslam
Gürcüstanının Təxlisi Cəmiyyəti) təsis etmişdilər. Komitəyə Gürcüstan Demokratik
Respublikasının (GDR) hökuməti tərəfindən 25 oktyabr 1918-ci il - 28 avqust 1919-cu il
tarixləri arasında ümumilikdə 1 milyon 975 min manat yardım göstərilmişdi. Komitənin mətbu
orqanı “Samuslimano Sakartvelo//İslam Gürcüstanı” („სამუსლიმანო საქართველო“//”اسلام
كورجستانی“) qəzeti də GDR-in maliyyə dəstəyi ilə nəşr olunurdu. 11 yanvar 1919-cu ildən gürcü
və türk (osmanlı) dillərində işıq üzü görən bu qəzet səhifələrində antiosmanlı yönümlü
məqalələrə geniş yer ayırırdı.
8 may 1918-ci ildə Acarıstanda Osmanlı yönümlü “Sədayi-millət” təşkilatı fəaliyyətə
başlamışdı. Təşkilatın Batum vilayətinin demək olar ki, bütün bölgələrində və iri yaşayış
məntəqələrində filialları və şöbələri yaradılmışdı. Təşkilatın xətti ilə həftədə 3 dəfə eyniadlı
“Sədayi-millət” qəzeti çap olunurdu.
4 iyun 1918-ci il Batum müqaviləsinə görə, Osmanlı-Gürcüstan sərhədi Çolox çayı,
Abastuman və Azqurun cənubundan keçmiş və beləliklə, Əlviyeyi-səlasədən başqa Axısqa və
Axalkələk qəzaları da (Azqur və Abastuman məntəqələri istisna olmaqla) rəsmən Osmanlı
hakimiyyəti altına verilmişdi. Bundan sonra Batuma Osmanlı hərbi naziri Ənvər Paşa səfər
etmişdi. Ənvər Paşanın böyük bayramla qarşılandığını vurğulayan Tiflis mətbuatı Azərbaycan və Şimali Qafqaz nümayəndələrinin Ənvər Paşanın şərəfinə Batum bələdiyyəsinin ictimai zalında təşkil olunan ziyafətdə iştirak etdiklərini və səhəri gün hərbi nazir tərəfindən qəbul olunduqlarını yazırdı [“Saxalxo sakme” qəzeti, 1918, 15 iyun, № 257].
Batum konfransından sonra Acarıstanın gələcək taleyi ilə bağlı referendumun - plebisitin
təşkili üçün aşağıdakı tərkibdə komissiya yaradılmışdı: E.A.Poray-Кoşits (sədr), Mahmud bəy
Əfəndiyev, K.A.Krasnitski, M.Volfenzon, İoseb Nakaşidze, Süleyman bəy Sancaqbəyzadə
(S.Abaşidze), İ.İ.Kalfoğlu, Qriqol Gigineişvili, Gübner və M.L.Bünyadoğlu. Sadalanan
şəxslərdən yalnız M.Əfəndiyev milliyətcə türk idi. O, Osmanlılar tərəfindən Batumun baş
karantin həkimi vəzifəsinə təyin edilmişdi.
Komissiyanın 11 iyul 1918-ci ildə keçirilmiş toplantısında plebisitin açıq və ya gizli
səsvermə yolu ilə keçirilməsi məsələsi müzakirə olunur. Toplantıda mövzuya münasibət bildirən komissiyanın üzvləri sırasında Mahmud bəy Əfəndiyev də olur. O, öz çıxışında deyir: “Batum heç bir istisna təşkil etmir ki, hər yerdə açıq səsvermə keçirildiyi halda, onun sakinlərinə gizli səsvermə hüququ verək. Komissiyanın, bəzilərinin düşündüyü kimi, elə də böyük hüququ yoxdur. Bu, yalnız qubernator (mütəsərrif) yanında mövcud olan məşvərət orqanıdır. Səsvermə prosesində hər şey daha sadədir və heç bir məcburiyyət yoxdur. Gizli səsvermənin keçirilməsi isə qubernatorun tələblərinə ziddir” [“Ertoba” qəzeti, 1918, 16 iyul, № 154].
Əlviyeyi-səlasənin əksər yaşayış məntəqələrində 1918-ci ilin iyun ayında, Acarıstanda
isə 14 iyulda keçirilmiş plebisitdə səs verənlərin böyük əksəriyyəti Osmanlı idarəçiliyində
yaşamağa üstünlük vermişdilər. 15 avqust 1918-ci ildə Əlviyeyi-səlasənin Osmanlı dövlətinə
ilhaqı ilə əlaqəli xətti-humayun (sultanın fərmanı) yayınlanmışdı.
30 oktyabr 1918-ci il tarixli Mudros barışığı nəticəsində Osmanlı yenidən Brest-Litovsk
müqaviləsinə qədərki sərhədlərinə çəkilmək məcburiyyətində qalmış, onların yerini ingilislər
tutmuşdu.
Osmanlının tərk etməli olduğu Cənub-Qərbi Qafqaz bölgələrində – Batum, Qars,
Ərdahan və Axısqa (Axalsıx) vilayətlərində əhalinin böyük əksərini müsəlmanlar təşkil edirdi.
Türk hakimiyyətinə son verilməsi ilə yarana biləcək hakimiyyət boşluğu və xaosun qarşısının
alınması, eləcə də mövcud tarixi təcrübədən qaynaqlanaraq türk-müsəlman əhaliyə qarşı qətliam və etnik təmizləmələrin önlənilməsi məqsədilə həmin bölgələrdə müvəqqəti yerli xalq
hökumətləri, milli şuralar qurulmuşdu. 17 yanvar 1919-cu ildə sözügedən xalq hökumətlərinin
təmsilçilərinin qatıldığı Böyük Qars Konqresi çağırılmışdı. Qars, Ərdəhan, Batum, Naxçıvan,
Axısqa və Axalkələk bölgələrindən 131 nümayəndənin iştirak etdiyi konqresdə Cənub-Qərbi
Qafqaz müvəqqəti milli hökuməti qurulmuş, 25 mart 1919-cu ildə isə həmin bölgələri əhatə edən təqribən 40 min km 2 ərazidə Cənub-Qərbi Qafqaz Respublikası elan olunmuşdu.
Tiflisdə gürcücə nəşr olunan “Saxalxo sakme” qəzeti 18 dekabr 1918-ci ildə işıq üzü
görmüş buraxılışında yazırdı: “Axalsıx-Axalkələyə gürcü ordusu daxil olduqdan sonra oradan
qaçmış 4 bəy özlərini Batumda Axalsıx və Axalkələk qəzalarının müvəqqəti komissarı elan
edibdir. Onlar həmin qəzalarda məskunlaşmış millətlər adından ingilislərə memorandum
(hansısa məsələyə baxışı əks etdirən diplomatik sənəd – F.V.-H.) təqdim etməyi planlaşdırırlar.
Onlara yerli Azərbaycanlı həkim Əfəndiyev başçılıq edir. Onlar Cənubi Qafqaz ştatının
(dövlətinin – F.V.-H.) yaradılmasını xahiş edirlər, gələcəkdə bu ştatın hansı ölkəyə birləşəcəyi
barədə memorandumun müəllifləri heç nə demirlər”.
19 dekabrda Batum limanına tam sahiblənən ingilislər 5 gün sonra – 24 dekabrda şəhəri
də işğal etmişdilər və bununla Batumda ingilis hakimiyyəti dövrü başlanmışdı. 25 dekabrda
general-mayor Ceyms Kuk-Kollis Batumun hərbi qubernatoru təyin edilmişdi. 30 dekabrda
C.Kuk-Kollis Batumda mülki idarəçiliyi türklərdən alaraq Batum Rus Milli Şurasının sədri
P.Maslova vermiş, səhəri gün Osmanlı mülki qubernatoru Cəmil bəyin dəftərxanasından türk
bayrağı endirilmişdi.
Batumda Azərbaycan diplomatik təmsilçiliyinin təsis olunması və Mahmud bəy
Əfəndiyevin konsul vəzifəsinə təyin edilməsi
Qara dəniz hövzəsində yerləşən Batum geostrateji mövqeyinə və əhəmiyyətli liman
şəhəri olduğuna görə regionda siyasi və ticari maraqları olan dövlətlərin diqqət mərkəzində idi.
1917-ci ilin əvvəllərində Batumda 11 ölkənin – ABŞ, İran, Niderland, Norveç, Böyük Britaniya,
Fransa, Belçika, Yunanıstan, Danimarka, İspaniya və İtaliyanın konsulluq müəssisələri fəaliyyət göstərirdi.
1918-ci ilin noyabr ayında o zaman Osmanlı sərhədləri daxilində olan Batum şəhərində
Azərbaycan Xalq Cümhuriyyətinin də diplomatik təmsilçiliyinin ‒ konsulluğunun təsis
olunmasına qərar verilir.
Batumda Azərbaycan konsulluğunun açılması məsələsini 1918-ci ilin sentyabr ayında
Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Əlimərdan bəy Topçubaşov gündəmə gətirmiş,
hətta müstəqbəl konsul vəzifəsinin müvəqqəti olaraq həmin dövrdə Batumun baş karantin həkimi olan Azərbaycanlı ziyalı Mahmud bəy Əfəndiyevə həvalə edilməsini təklif etmişdi. Belə ki, Paris Sülh Konfransında iştirak üçün Tiflis və Batum üzərindən İstanbula yola düşən Ə.Topçubaşov 1918-ci ilin 15 sentyabrında Batumdan Cümhuriyyətin baş naziri Fətəli xan Xoyskiyə yazırdı ki, İstanbula sənədləri aparıb-gətirmək üçün kuryerlərə ehtiyac olacaq, “hələlik isə təsadüfən imkan yaransa, bütün korrespondensiyanı burada – Batumda həkim Mahmud bəy Əfəndiyevin adına göndərə bilərsiniz (Vladikavkazskaya, ev 4). O, hazırda baş karantin həkimi vəzifəsindədir; yeri gəlmişkən, bizim qaçqınlar təşkilatının üzvü olub. 12 ildir burada yaşayır, hamının hörmətini qazanıb. İndi bizə Batumda konsul qismində səlahiyyətli nümayəndəmizin olması çox zəruridir.
Artıq bizim iştirakımızı tələb edən, xüsusilə ticarət xarakterli işlər var. Müvəqqəti olaraq bu işləri həmin Əfəndiyevə həvalə etmək olardı və o, buna həvəslə razılaşar, faydalı olmağa çalışardı.Karantin həkimi vəzifəsində olması ona əngəl törətməyəcək. Hələlik uyğun olan odur, sonra
başqasını taparıq”.
Elə həmin məktubda Ə.Topçubaşov Fətəli xandan ona yeni məzmunlu mandat
göndərilməsini xahiş edir və yazır ki, “mən burada olmasam kuryer həmin sənədi Mahmud bəy Əfəndiyevə versin, o, mənə İstanbula göndərər”.
Əlimərdan bəy Topçubaşov baş nazir F.Xoyskiyə Batumdan 1918-ci il 21 sentyabrda
yazdığı məktubunda təkrarən konsul təyinatı məsələsinə qayıdırdı: “Yenidən Batumda
konsulumuzun təyinatı kimi yetişmiş bir məsələ üzərində dayanmaq istəyirəm. Uyğun bir
adamımız yoxdursa, konsul vəzifəsini müvəqqəti olaraq Mahmud b. Əfəndiyevə
(Vladikavkazskaya, ev № 4) həvalə etməyi məsləhət görürəm. Onun vasitəsilə hər cür yazışmanı İstanbula göndərmək və İstanbuldan almaq mümkündür. Bax, indi konsula aid bir məsələ var.
Bu, Türkiyə hökuməti üçün keçmiş Çakva malikanəsindən çayın gətirilməsi haqqındadır. Bizdə demək olar ki, çay yoxdur, burada isə onu funtu 30-40 manata almaq mümkündür. Alırlar da: Şimali Qafqaz, kazaklar, ukraynalılar, bolqarlar, rumınlar və s.. Türklər həvəslə buğdaya dəyişirlər. 5-10 min funt dərhal almaq mümkündür. Bunun üçün Türkiyənin 3-cü ordusunun komandanı Əsəd paşa ilə əlaqə saxlamaq, həmin Əfəndiyevə xəbər vermək gərəkdir və o, hər şeyi öz qaydasına qoyacaq”.
Ə.Topçubaşov F.Xoyskiyə 1918-ci il 31 oktyabrda yazdığı məktubunda iki aydır
Bakıdan, hökumətdən bir sətir belə məlumatın olmadığından gileylənir və ən geci 10 gündən bir yazışma mübadiləsinin aparılmasının vacibliyini vurğulayaraq, çıxış yolu kimi heç olmasa
Batumadək pulla xüsusi kuryer tutulmasını və orada sənədlərin doktor M.Əfəndiyevə verilməsini təklif edirdi.
Beləliklə, Ə.Topçubaşovun tövsiyəsi nəzərə alınaraq, Azərbaycanın Batumda konsulu
vəzifəsinə doktor Mahmud bəy Əfəndiyev təyin edilir. Bu barədə xarici işlər naziri vəzifəsini
icra edən Adil xan Ziyadxanov M.Əfəndiyevə ünvanladığı 21 noyabr 1918-ci il tarixli
məktubunda yazırdı:
“Əlahəzrət Mahmud bəy,
Azərbaycan Respublikasının hökuməti 7 noyabr 1918-ci il tarixli iclasında Sizi Osmanlı
imperiyasının Batum şəhərində Azərbaycanın konsulu vəzifəsini tutmağa dəvət etmək barədə
qərar qəbul etdi. Bu vəzifəni Sizə həvalə etməklə Azərbaycan Respublikası ümid edir ki, onun bütün vətəndaşlarının maraqları tərəfinizdən lazımi qaydada qorunacaq. Bununla yanaşı,
hökumət onu [Batum bölgəsindəki] siyasi vəziyyət barədə məlumatlandırmanızı xahiş edir”.
Elə həmin gün A.Ziyadxanov M.Əfəndiyevin razılıq barədə yazılı cavabını gözləmədən
aşağıdakı məzmunda 596 saylı vəsiqəyə imza atır: “Verilir doktor Mahmud bəy Əfəndiyevə ona görə ki, o, Azərbaycan Respublikasının Osmanlı İmperiyasının Batum şəhərindəki konsulu təyin olunmuşdur”.
Dr. M.Əfəndiyev xarici işlər naziri vəzifəsinin icraçısının yuxarıda qeyd olunan
məktubunu 2 dekabrda Batum şəhərindən belə cavablandırır: “Sizin Azərbaycan Respublikasının Batumda konsulu vəzifəsini tutmaq barədə 7 noyabr tarixli təklifinizi cari ilin 30 noyabrında aldım. Öz vətənimə, xüsusən də yeni doğulmuş müstəqil respublikaya xidmətdən imtina etməyə heç bir mənəvi haqqım yoxdur və ona görə də Sizin diqqətinizə çatdırmağı özümə borc bilirəm ki, mən hər yerdə və hər zaman dəyərli Azərbaycanın qulluqçusu olmağa hazıram, çünki bu, vətənin yenidən doğulduğu belə kritik zamanda hər bir müsəlmanın borcudur. Bununla yanaşı, nazirliyin diqqətinə çatdırıram ki, Batumda konsulluğun rəsmi açılışını yalnız konsulluğun katib, kargüzar-tərcüməçi, makinaçı və digər dəftərxana işçilərindən ibarət zəruri əməkdaş ştatı göstərilməklə və təsdiq olunmaqla dəqiq xidməti təlimat veriləndən sonra mümkün hesab edirəm. Azərbaycan Respublikasının nümayəndəsi olaraq onun şərəf və ləyaqətini qorumaq istəyi ilə konsulluğun, bütün digər xarici dövlətlərdə qəbul olunduğu kimi, lazımi səviyyədə təmsil olunmasını işin maraqlarına uyğun zəruri hesab edirəm. Bunun üçün nazirliyin uyğun gördüyü müvafiq təlimatların Batum konsulluğuna göndərilməsinin tezləşdirilməsi zəruridir.
Sizin cavab qərarınızı gözləməklə bərabər bütün Azərbaycan vətəndaşlarının maraqları istənilən halda tərəfimdən lazımınca təmin olunacaq. Bu diyarlardakı siyasi duruma dair isə ümumi vəziyyətlə bağlı bəzi qeyri-müəyyən məsələlərə aydınlıq gətirildikdən sonra tərəfimdən xüsusi məlumat göndəriləcək”.
M.Əfəndiyev konsul qismində öz funksional vəzifələrinin icrasına olduqca fəal
başlayaraq, Azərbaycanın maraqlarının təmin olunması və nüfuzunun artırılması üçün böyük
səylər göstərmiş, Batum şəhərində və bütövlükdə Acarıstanda, eləcə də ətraf bölgələrdə cərəyan edən siyasi-ictimai proseslərin nəbzini tutmağa çalışmış, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə davamlı olaraq bilgi vermiş, Batumun türk-müsəlman icması ilə sıx ünsiyyət qurmağa müyəssər olmuşdur.
Konsul vəzifəsinə təyinatının ilk günlərində Azərbaycan Xarici İşlər Nazirliyinə
ünvanladığı məktublarda Mahmud bəy Əfəndiyev İrəvan və ətraflarından Gümrü və Axalkələyə köçmüş, lakin oraları da tərk etmək məcburiyyətində qalaraq Batumda sığınacaq tapmış müsəlman qaçqınlara yardım göstərilməsi üçün maddi vəsait ayrılmasını, həmçinin Batumda dolaşan müəyyən şayiələrə istinad edərək, Azərbaycanda baş verən daxili siyasi proseslər və ölkənin proqressiv inkişafı barədə mütəmadi olaraq məlumatlandırılmasını xahiş edirdi. Bu müraciətlərə 4 yanvar 1919-cu il tarixli cavabında xarici işlər naziri v.i.e. A.Ziyadxanov konsulun iki məktubunu 29 dekabr 1918-ci ildə aldığına diqqəti çəkərək, Azərbaycanda daxili vəziyyət barədə məlumat verərək, konsulun Azərbaycandakı vəziyyət barədə mütəmadi bilgiləndiriləcəyini və istənilən yalan şayiələri qəti şəkildə inkar edə biləcəyini vurğulayırdı.
Eyni zamanda M.Əfəndiyevin qaldırdığı müsəlman qaçqınlar məsələsinə toxunaraq yazırdı:
“Onların ehtiyacları üçün mənə təqribi smeta göndərsəniz yaxşı olardı. Bu, öz yurdlarından
qovulmuş bizim qardaşlarımız üçün Himayədarlıq Nazirliyi qarşısında vəsatət qaldırmamız üçün lazımdır. Hələliksə, onlara xeyriyyə ianələri və Batumda olan digər qaynaqlarla köməklik edə bilərsiniz” [Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), fond 970, siyahı 2, iş 143,
vərəqlər 6-8].
Qeyd etdiyimiz kimi, Mudros barışığının şərtləri əsasında 1918-ci ilin sonunadək Cənubi
Qafqazdan çıxarılmalı olan Osmanlı və Almaniya qoşunlarının yerini Böyük Britaniya ordu
hissələri tutmalı idi. Dr. M.Əfəndiyev 14 dekabr 1918-ci ildə Batumdan Azərbaycan Xarici İşlər
Nazirliyinə şəhərdəki mövcud vəziyyət barədə yazırdı ki, ingilislər buraya kəşfiyyat tipli 4 gəmi
ilə gəliblər; hələ ki, şəhər və vilayətin daxili işlərinə qarışmırlar; liman və dəmir yolu stansiyası
onlar tərəfindən tutulub; ümumən türklərə münasibətləri müsbətdir və burada yaradılmasına
türklər tərəfindən icazə verilmiş 21 nümayəndədən ibarət milli şura fəaliyyətə başlayıbdır.
Batumda Azərbaycan konsulluğunun rəsmi fəaliyyətə başlaması. Konsul
M.Əfəndiyevin diplomatik yazışmaları Batum vilayəti (Acarıstan) ingilis qoşunlarının tam nəzarətinə 24 dekabr 1918-ci ildə keçir. Azərbaycanın Batumdakı konsulluğu rəsmi fəaliyyətə bundan sonra – 1 yanvar 1919-cu ildə başlayır.
M.Əfəndiyev Nazirlər Şurasının sədri və xarici işlər naziri F.Xoyskiyə 15 yanvar 1919-cu
ildə ünvanladığı məktubunda rəhbərlik etdiyi konsulluqda katib vəzifəsinə “iş qabiliyyətinə və
əxlaqi keyfiyyətlərinə” yaxından bələd olduğu doktor Əziz bəy Qədimbəyovun, kargüzar
vəzifəsinə isə “Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Batum üzrə fəaliyyətindən yaxşı tanıdığı, millətinə sadiq olan vətənpərvər”, nuxalı (şəkili) Safvət əfəndi Ağayevin təyin olunduğunu bildirir, eləcə də 1919-cu il üçün konsulluğun smeta xərclərini təqdim edirdi.
Batum şəhərində ingilis hakimiyyəti ümumən bərqərar olduqdan sonra Azərbaycan xarici
işlər naziri v.i.e. Adil xan Ziyadxanov Batum vilayətinin general-qubernatoru Ceyms Kuk-
Kollisə 26 yanvar 1919-cu ildə göndərdiyi məktubunda “doktor Mahmud bəy Əfəndiyevin
Azərbaycan Respublikasının hökuməti tərəfindən Batum vilayətində konsul” təyin olunduğunu
bildirərək, ona xidməti fəaliyyətində mümkün köməkliyin göstərilməsini xahiş edirdi. Həmin
gün Batumun rusdilli mətbu orqanı olan “Naş kray” («Наш край») qəzetində Azərbaycana
gedən istənilən şəxsin Batumdakı Azərbaycan konsulluğundan buraxılış götürməsi, eləcə də
Batumda yaşayan Azərbaycan vətəndaşlarının bir ay ərzində konsulluqda qeydiyyatdan keçib
pasportu əvəz edən müvafiq vəsiqə alması zəruriliyi barədə elan dərc olunmuşdu. Elanda
konsulluğun müvəqqəti olaraq Vladiqafqaz//Vladikavkazskaya küç. 4 (indiki Parnavaz
Mepe//Çar Parnavaz küçəsi) ünvanında, konsul dr. M.Əfəndiyevin mənzilində yerləşdiyi qeyd
olunurdu.
1919-cu ilin əvvəllərində Paris Sülh Konfransına qatılacaq Qafqaz respublikalarının
nümayəndələri dəniz yolu ilə İstanbula getmələri üçün Batuma toplaşırlar. Buraya Tiflis
üzərindən yanvarın 11-də Gürcüstan və Dağlılar Respublikasının heyətləri ilə birlikdə gələn,
tərkibi Əhməd bəy Ağaoğlu, Ə.Şeyxülislamov, M.Mehdiyev, C.Hacıbəyli və M.Məhərrəmovdan ibarət olan və Məmməd Həsən Hacınskinin müvəqqəti başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Acarıstanın müsəlman ziyalıları tərəfindən təntənəli şəkildə qarşılanır. Azərbaycanlı qonaqların şərəfinə “doktor Mahmud bəy Əfəndiyev cənablarının xanələrində Acara üməra və vəkillərinin iştirakı ilə” ziyafət verilir [“Azərbaycan” qəz., 1919, 31 yanvar (Bax: “Azərbaycan” qəzeti: 1918-1920, IV cild, Bakı, 2022, s. 523)].
Məmməd Həsən Hacınski və Əhməd bəy Ağaoğlu Batumdan xarici işlər naziri Fətəli xan
Xoyskiyə şifrəli məktublarında yazırdılar: “...Türklərin gedişi və ingilislərin peyda olması Batum və Qars vilayətinin müsəlmanlarını gözlənilmədən yaxaladı... Batumdakı konsulumuzu hər bir şəraitlə təmin etmək və onun statusunu rəsmiləşdirmək zəruridir. Onun sərəncamına təbliğat məqsədilə hesabatsız istifadə üçün mütləq şəkildə 200 min manata yaxın vəsait göndərmək zəruridir. Bu, çox vacibdir. Bu barədə yalnız Mahmud bəy Əfəndiyev bilməlidir” [ARDA, f. 894, s. 10, iş 66, vv. 5-7]. Qeyd olunanları nəzərə alaraq, 1919-cu ilin fevral ayında XİN M.Əfəndiyevə məxfi xərclər üçün 200 min manat ayırmışdı.
31 yanvar 1919-cu ildə M.Əfəndiyevin Azərbaycan XİN-ə göndərdiyi məktubunda
Gürcüstan Respublikasının qoşunlarının Qars vilayətinin Posxov nahiyəsinə hücumu ilə bağlı
Cənub-Qərbi Qafqaz müvəqqəti hökumətinin etiraz məktubunun surəti təqdim edilərək, bölgədə baş verən siyasi məsələlər və antiazərbaycan meylləri barədə məlumat verilirdi: “Qars, Batum və Ərdahan vilayətlərinin sakinlərinə türklərin mütləq bu diyarları tərk edəcəyi bəlli olanda, onlarda birləşmək və ümumdünya konfransının (Paris sülh konfransı – F.V.-H.) qərarı əsasında Qafqaz və Rusiya arasında qarşılıqlı münasibətlərin tənzimlənməsini gözləmək fikri yarandı. Batum vilayətinin sakinlərinin əksəri bu düşüncənin həyata keçirilməsində canlı iştirak etdilər və ona həssaslıqla yanaşdılar. Türk hakimiyyətinin Batumu tərk etməsi ilə Batum şəhəri və vilayətinə çox sayda təbliğatçılar, Məmməd bəy və Aslan bəy Abaşidze qardaşları və digərlərinin başçılığı altında gürcüfil müsəlmanlar soxuldular... Həmin Məmməd bəy, eləcə də qardaşı Aslan bəy rus hakimiyyəti tərəfindən təqib olunarkən Azərbaycanlılar arasında qonaqpərvərlik sığınacağı axtarırdı, indi Azərbaycan Respublikasındakı dindaşlarının qatı əleyhdarına çevrilib. İslam yolunda öz vəzifəni yerinə yetirərkən əlbəttə ki, hər cür maneələrlə qarşılaşmaq mümkündür, ancaq Azərbaycan Respublikasının bayrağı yenə də hər zaman öz layiq olduğu yüksəkliklərdə dalğalanacaq. Təəssüf ki, öz dindaşlarının bu cür davranışlarını sakit qarşılamaq olmur”.
Məktubun sonunda qeyd olunurdu ki, “naşükür ünsürlərin İslamın və Zaqafqaziyada yeni
doğulmuş müsəlman respublikasının nüfuzuna xələl yetirməsinə imkan verməmək üçün bizim
respublika bütün vasitələrlə reaksiya verməlidir”.
M.Əfəndiyev Azərbaycan XİN-ə 12 fevral 1919-cu ildə göndərdiyi məktubunda da qeyd
olunan mövzuya toxunurdu: Bildiyiniz kimi, burada Abaşidze qardaşları tərəfindən Gürcüstan
hökumətinin maliyyələşdirdiyi və Acaranın Gürcüstana birləşməsini təbliğ edən “İslam
Gürcüstanı” qəzeti çap olunur; əks mövqedə olan acarlar da öz qəzetlərini buraxmaq istəyir,
ancaq maliyyə vəsaitləri olmadığı üçün bununla əlaqədar mənə müraciət ediblər və mən hökumət qarşısında yeni qəzetin nəşri ilə bağlı vəsatət qaldırmışam; eyni zamanda yerli müsəlmanlar Azərbaycan hökumətindən Qaraağazadənin müvəqqəti vəzifədən azad edilməsini xahiş edirlər; ona görə ki, Əhməd Həmdi Qaraağazadə Batumda bu yeni mətbu orqana rəhbərlik etmək üçün lazımdır.
Qeyd edək ki, haqqında bəhs edilən Əhməd Həmdi əslən acar idi. O, Azərbaycan
mətbuatında mütəmadi olaraq məqalələrlə çıxış edərək, Cənub-Qərbi Qafqaz müsəlmanları
mövzusuna geniş yer ayırırıdı. Ə.H.Qaraağazadə “Azərbaycan” qəzetinin 29 yanvar 1919-cu il tarixli sayında işıq üzü görən “Batum oblastı və gürcülər haqqında” məqaləsində “”Qurani-
Kərim”i su kimi əzbər bilən hafiz Məhəmmədtağı bəyin (Məmməd bəy Abaşidze-
Sancaqbəyzadə − F.V.-H.)”, həmçinin, onun qardaşı Aslan bəy və əmisi oğlu Süleyman bəyin
fəaliyyətlərini tənqid edərək, sonuncuların konsul Mahmud bəy Əfəndiyev və özünün timsalında Azərbaycan təmsilçilərinə qarşı təxribatlarla məşğul olduqlarını yazırdı: “...Arslan bəy Azərbaycan Hökumətinin Batum konsulu və çox illərdən bəri Batumda camaat xadimliyi ilə tanınmış və həlim bir zat doktor Mahmud bəy Əfəndiyevə gürcü qəzetəsi ilə o qədər adi
təhdidnamələr yazır ki, bir adamın qələmindən nasıl çıxdığına heyrət edərsiniz”.
M.Əfəndiyev XİN-ə ünvanladığı 14 fevral 1919-cu il tarixli məktubunda bir daha
Cənub-Qərbi Qafqaz bölgəsində mövcud siyasi vəziyyəti təsvir edərək bildirirdi ki, ingilislər
vəziyyətə hakimdirlər, ancaq məmuriyyət istisnasız ruslardan ibarətdir; bu ruslar da özlərinin
milli proqramlarını həyata keçirirlər.
AXC Xarici İşlər Nazirliyinə 1919-cu il 25 martda göndərdiyi məktubunda M.Əfəndiyev
Şimali Qafqazdakı hərbi-siyasi vəziyyətlə bağlı narahatlığını dilə gətirərək yazırdı ki, bizdə olan məlumatlara görə, oradakı dindaşlarımız könüllülərlə (general A.Denikinin komandanlığı
altındakı Könüllü ordunun mənsubları ilə) mücadilədə kritik vəziyyətdədirlər. Konsulluğun
dağlıların vəziyyəti barədə də mütəmadi olaraq məlumatlandırılması faydalı olardı. Dağlılar
Respublikasının Batumda nümayəndəsi olmalıdır, çünki bu, onların öz marağındadır.
Ümumiyyətlə, xəbərlərin olmaması bu və ya digər respublikanın nüfuzuna təsir edən bir sıra
şayiələrin yaranmasına səbəb olur. Buna cavab olaraq XİN-dən konsulluğa 7 apreldə gondərilmiş məktubda Şimali Qafqazda baş verən proseslər barədə məlumat verilərək, konsul M.Əfəndiyevin qaldırdığı digər məsələlərə, o cümlədən Batumda türk məktəbinin subsidiyası təklifinə də toxunularaq, onun baxılması üçün Xalq Maarifi Nazirliyinə göndərildiyi diqqətə çatdırılırdı. Bu məsələ çox keçmədən öz müsbət həllini tapmış və 1919-cu ilin may ayında konsulluq tərəfindən Batumdakı türk məktəbinə 10 min manat yardım edilmişdi.
İstanbulda olan Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak üçün
Avropaya getməsinə uzun müddət maneəçilik törədilirdi. Müttəfiq dövlətlərin İstanbuldakı
təmsilçilikləri heyətin 2 üzvündən başqa digərlərinə, o cümlədən heyətin başçısı Ə.Topçubaşova viza vermirdilər. AXC Xarici İşlər Nazirliyini bu barədə məlumatlandıran konsul Mahmud bəy Əfəndiyev bu məsələdə ermənilərin əlinin olduğunu yazırdı: “Məndə olan məlumatlara görə, xaricdəki erməni nümayəndə heyətinin səyləri ilə Əli M. [Mərdan] bəy və Əhməd bəy [Ağayev//Ağaoğlu] kimi ən yaxşı xadimlərimiz bizim taleyimizi həll edəcək xaricilərin gözündə, ən azından indiki lazımlı məqamda, hörmət və etimadlarını itiriblər... İstanbul mətbuatında Əhməd bəy əleyhinə yazılar bizim çox hörmətli və məşhur xadimimiz, Azərbaycanın vətənpərvəri Əli M. [Mərdan] bəyin nüfuzuna da haqq etmədiyi kölgə saldı...
Bundan bizim vətənimizin düşmənləri istifadə edib ona nail oldular ki, nə Ə.M.B. [Əli Mərdan bəy], nə də Əhməd bəy konfransa gedə bilmirlər...” [ARDA, f. 970, s. 1, iş 141, vv. 6-6 arx.].
1919-cu il 22 apreldə Azərbaycan nümayəndə heyətinin tam heyətlə İstanbuldan Parisə
yola düşməsinə icazə verilir. Dönəmin baş naziri Nəsib bəy Yusifbəyliyə artıq Fransadan
ünvalandığı məktubunda Ə.Topçubaşov 1919-cu il 19 noyabrda 165 qutu tibbi ləvazimatın
“Anatoliya” paroxodu ilə Marseldən Batuma dr. M.Əfəndiyevin adına göndərildiyini və bu
barədə onun özünü məktubla məlumatlandırdığını bildirərək yazırdı ki, Əfəndiyev orada olmasa, yükü qəbul edib Bakıya göndərməsi üçün başqa bir adama göstəriş vermək lazımdır.
AXC mətbuatının səhifələrindən Azərbaycanın ilk qadın publisisti və tənqidçisi olan
axısqalı pedaqoq və yazıçı Şəfiqə xanım Əfəndizadənin həmin ərəfədə Batumda Mahmud bəy Əfəndiyevlə görüşdüyü bəlli olur. 1918-ci ilin avqust ayında Bakıdan çıxıb Axısqaya gedən, orada qısa müddət qaldıqdan sonra bir neçə ay İstanbulda yaşayan, 1919-cu ilin aprelində isə Batuma gələn Şəfiqə xanım “Azərbaycan” qəzetində dərc etdirdiyi “Yol əsnasında gördüklərim” sərlövhəli yol qeydlərində yazırdı: “Bəndəniz Batuma gəldikdə, əvvəlcə Axıskaya gedib pədərimi [atamı] görmək və sonra Bakıya gəlmək istəyirdim. Fəqət Batuma gəldikdə, orada bir kaç axıskalı adamlar gördüm. Bunlardan əlavə doktor Mahmud bəy Əfəndiyevlə, Yusif əfəndi Talıbzadə ilə görüşdüm. Onlar mənim Axıskaya getmək fikrimi eşitdikdə, o fikirdən dönməyimi məsləhət gördülər. Axıskalılar Axıskanın və ətraf kəndlərin halını ağlanacaq bir halda təsvir etdilər ki, hələ də bu vəhşilik davam etmək üzrə imiş”.
Batumda Azərbaycan diplomatik təmsilçiliyinə baş konsulluq statusunun verilməsi.
M.Əfəndiyevin baş konsul qismində siyasi-diplomatik fəaliyyəti
Azərbaycan hökumətinin 30 may 1919-cu il tarixli qərarı ilə AXC-nin Batumdakı
konsulluğun statusu Ermənistan və Gürcüstanın Batumdakı diplomatik təmsilçilikləri ilə eyni
səviyyəyə qaldırılaraq, baş konsulluğa çevrilir. Xarici işlər naziri M.Y.Cəfərovun 20 iyun 1919-
cu il tarixli 19 nömrəli əmri ilə dr. Mahmud bəy Əfəndiyev Azərbaycanın Batumdakı baş
konsulu təyin olunur.
Baş konsul M.Əfəndiyev 22 iyun 1919-cu ildə öz ölkəsinin XİN-inə yazırdı: “Daha əvvəl
göndərilmiş hesabata əlavə olaraq, Batum konsulluğunun düzgün və faydalı şəkildə fəaliyyət
göstərə bilməsi üçün aşağıdakı təxirəsalınmaz tədbirlərin görülməsini zəruri hesab edirik:
1) Batum şəhəri həm siyasi baxımdan, həm də Avropa ilə əlaqələr baxımından vacib
məntəqə kimi tanınmalıdır və orada konsulluq buna müvafiq olaraq qurulmalı və təmin
olunmalıdır;
2) Konsulun smetası üzrə şəxsi heyət, dəftərxana avadanlığı, konsulluğun ekipajı
(arabası) və digər lazımi xərclər üçün vəsait ayrılsın;
3) Bir halda ki, Nazirlər Şurası konsulluğu baş konsulluğa çevirmək barədə qərar qəbul
etdi, onda ştatlar və maaşlar baş konsulluğun əsasnaməsinə uyğun olaraq tərtib və təsdiq
edilməlidir, yoxsa ümumdövlət və beynəlxalq hüquq baxımından adi konsulluqla baş
konsulluğun məna və funksiyalarının ayırd edilməməsi yolverilməzdir. Nazirlər Şurasının cari il 8 aprel tarixli qərarında baş konsulluqların maaşları barədə ümumiyyətlə heç nə qeyd olunmur.
Əsasnaməyə görə, Batum baş konsulluğu Gürcüstandakı və Ermənistandakı diplomatik
nümayəndəliklərdən (AXC-nin diplomatik nümayəndəlikləri nəzərdə tutulur – F.V.-H.) aşağıda
dayanmamalıdır. Bir çox siyasi səbəblərə görə Batum baş konsulluğu Zaqafqaziyanın Avropaya yeganə siyasi və ticarət-sənaye pəncərəsi kimi, özünün fəaliyyətinin ümumi təşkili və diplomatik işin qurulması baxımından xeyli yuxarıya qoyulmalıdır. Bu mövqeyi ilə Batum şəhərinin böyük önəmi kifayət qədər xarakterizə olunur;
4) Azərbaycanın ticarət marağından irəli gələrək, mal mübadiləsini Batumda həyata
keçirmək zəruridir. Bunun üçün Batumda xammal və neft məhsulları üçün anbarlar əldə etmək və ya icarəyə götürmək lazımdır. Eləcə də xaricdə hər cür əməliyyat və əlaqələr üçün və ümumən ticarət işləri üçün konsulluq nəzdində ticarət agentliyinin yaradılması zəruridir;
5) Ümumi siyasət maraqlarımız naminə Batum baş konsulluğu siyasi xarakterli
ekstraordinar hallar üçün məxfi vəsaitlə təmin olunsun;
6) Həm Türkiyədən, həm də Qars və İrəvan quberniyalarından gələn qaçqınların məsələsi
çoxdan yetişib və öz həllini gözləyir;
7) Batumda və ətraflarında olan müsəlman məktəblərinin məsələsini həll etmək lazımdır,
onlara kömək göstərilsinmi və hansı şəkildə?;
8) İndiyədək diplomatik kuryerlər və bütün missiyaların informasiya təminatı barədə
məsələlər tənzimlənməyib (Batuma Tiflisdən sürətli qatarla gəlmək mümkündür);
9) Batumdakı həyat şərtlərinə uyğun Batum baş konsulluğunun smetası əlavə olunur.
Krım qaçqınları səbəbindən dəhşətli bahaçılıqldır; çörəyin funtu 10-12 manat, ətin funtu 25-30
manatdır”.
M.Əfəndiyevin qeyd olunan təkliflərinin demək olar ki, hamısı öz müsbət həllini tapır.
1919-cu ilin 27 sentyabr tarixində baş konsulluq nəzdində ticarət şöbəsi yaradılır və şöbənin
işinə AXC-nin Yollar, Ticarət və Sənaye, Ərzaq nazirliklərinin nümayəndələri cəlb edilirlər.
Hökumətin 18 oktyabr 1919-cu il tarixli qərarı ilə baş konsulluğa Azərbaycan Dövlət Bankının
müxbiri vəzifəsi həvalə edilir, 22 oktyabr 1919-cu il tarixli qərarla isə baş konsulluğun ticarət
şöbəsi yanında Azərbaycan Maliyyə Nazirliyinin nümayəndəliyinin təsis olunması qərara alınır.
1919-cu ilin fevral ayında Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa və həmin
ordunun tərkibindəki V Qafqaz Piyada Firqəsinin komandanı Mürsəl Paşa ingilislər tərəfindən
saxlanılaraq Batumda həbsxanaya atılmışdılar. Azərbaycan hökuməti şanlı komandanları
həbsdən azad etmək üçün səfərbər olunmuşdu. Bu məqsədlə gizli planların hazırlanıb icra
edilməsinə Batumdakı baş konsul dr. Mahmud bəy Əfəndiyev də yaxından cəlb olunmuşdu. Eyni zamanda paşaların məhbəsdə heç bir korluq çəkməmələri üçün Batumdakı baş konsulluq vasitəsilə tədbirlər görülmüşdü. Azərbaycan xarici işlər naziri v.i.e. A.Ziyadxanov M.Əfəndiyevə yazdığı 2 iyun 1919 tarixli təliqədə baş konsulluğun istədiyi 80 min man. əvəzinə ilkin olaraq 30 min man. göndərildiyini, qalan məbləğin də imkan daxilində göndəriləcəyini vurğulayaraq yazırdı: “Bilirsiniz ki, Nuri Paşa və Mürsəl Paşa Batumda həbs olunublar. Onların maddi ehtiyac duymamaları üçün tədbirlər görün. Onlara pul və möhtac olduqları hər şeylə kömək edin. Bu mənada maliyyə və digər məsələlərdə qənaət olmamalıdır. Onların bütün qayğısı sizin üzərinizə qoyulur”.
Cümhuriyyət xadimlərindən Nağı bəy Şeyxzamanlı xatirələrində yazırdı: “Nəsib bəy
(dönəmin baş naziri Nəsib bəy Yusifbəyli – F.V.-H.) gülərək, − “Üzülmə, Nuru Paşanı
qurtarmanın daha asan yolu var. Batumdan xəbər gətirdilər ki, Hopa bəyləri plan hazırlayıblar.
Nuru paşanı zor işlətməklə xilas edəcəklər. Ancaq maddi cəhətdən çətinlik çəkirlər. Sən dərhal 200 min manat götürüb Batuma get”, − dedi. Mən sevinc içərisində, − “Əmr edin, pulu versinlər, axşam yola düşüm” – dedim. Pulu alıb Batuma gəldim və Azərbaycan konsulu dr. Mahmud bəylə görüşdüm. Gəlişimin məqsədini ona anlatdım və Nuru Paşa ilə necə görüşə biləcəyimi soruşdum. Doktor, − imkan yoxdur, ancaq Mürsəl Paşa ilə görüşə bilərsən. O da ingilislərin nəzarəti altındadır”, − dedi. Mən dərhal gedib Mürsəl Paşa ilə görüşdüm. Mürsəl Paşa, − “Mənə bir şey olmaz, ancaq Nuru Paşanı buraxmayacaqlar. Ola bilsin ki, onu edam etsinlər. Onun qaçırılması təşkil edilməlidir”, − dedi. Mən gəlişimin səbəbini anlatdım. Çox razı qaldı... Bakıya qayıtdıqdan sonra Nuru Paşanın qurtulması xəbərini aldım”.
1919-cu il avqust ayının 8-dən 9-na keçən gecə Nuri Paşa həbsxanadan qaçırılır. Təməl
bəy adlı azərbaycanlının rəhbərlik etdiyi qaçırılma əməliyyatı zamanı baş vermiş atışmada 3
ingilis hərbçisi (1 zabit ilə 2 əsgər) və bir batumlu Azərbaycan türkü öldürülür.
Baş konsul M.Əfəndiyev təbliğat-təşviqat işlərinin böyük əhəmiyyət daşıdığı qənaətində
idi. Tiflis sakini dr. V.Tsederbaum M.Əfəndiyevə yazılı müraciət edərək, Azərbaycanın siyasi-
iqtisadi nailiyyətlərini və dünya bazarında əhəmiyyətini işıqlandırmaq məqsədilə broşür və dövri mətbu orqanın rus və ya başqa xarici dildə çapının “Qərbə yaxın beynəlxalq mərkəzə çevrilmiş, Qərbi Avropa maliyyə və ticarət dairələri ilə birbaşa əlaqə imkanları olan” Batum şəhərində təşkil olunmasının önəmini əsaslandırmış və bu sahədə öz xidmətlərini təklif etmişdi.
M.Əfəndiyev dr. V.N.Tsederbaumun müraciətini Azərbaycan XİN-ə göndərmiş və məktuba
əlavə olaraq bildirmişdi ki, Batumda ingilis və rus dillərində broşür və dövri nəşrlərin təşkil
edilməsi barədə V.Tsederbaumun fikrini bölüşür, XİN-in öz proqramını (plan və təkliflərini)
göstərməklə zəruri məbləğə sanksiya verəcəyi təqdirdə, bunun həyata keçirilməsini mümkün
hesab edir [Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər
Arxivi (ARPİİİSSA), f. 277, s. 2, iş 53, v. 2].
AXC Xarici İşlər Nazirliyinə 4 dekabr 1919-cu ildə yazdığı məktubunda baş konsul
M.Əfəndiyev Acarıstandakı siyasi vəziyyət barədə məlumat verərək bildirirdi ki, Batum şəhərini ingilislər inzibati cəhətdən tam olaraq öz əllərinə alıblar. Öz istədikləri kimi Batumun ətraflarını şəhərə birləşdirərək əlavə hissələrə bölüblər. Administrasiya və polis heyəti, əsasən, ingilis çavuşlarının başçılığı altında erməni hərbi əsirlərinin hesabına önəmli dərəcədə artırılıb. Şəhərin mühasirə vəziyyəti davam edir, burada qayda-qanun bir batalyon hindlinin hesabına təmin olunur. Şəhərin mülki idarələrinin rəhbərliyinə ingilis zabitləri təyin olunub. Bu faktlar yerli müsəlmanlar tərəfindən sərt reaksiyaya səbəb olur. Onlar idarəçilikdə məhəlli şərtləri yaxşı bilən yerli sakinlərin təmsil olunmasını istəyirlər. Ona görə də Batumun Gürcü-Müsəlman Komitəsi (İslam Gürcüstanı Azadlıq Komitəsi – F.V-H.) və Batum vilayətinin Müsəlman Milli Şurası (Batum Livası İslam Cəmiyyəti – F.V.-H.) birgə toplantı keçirərək, özmüqəddəratını təyinetmə hüququna malik köklü əhalinin maraqları naminə əl-ələ verib fəaliyyət göstərmək qərarına gəliblər. Yerli sakinlər – acarlar mövcud durumun ağırlığını üzərlərində hiss edərək, tez-tez vaxtında düzgün dəyər verə bilmədikləri öz qonşu dindaşlarını (türkləri – F.V.-H.) xatırlayırlar.
Möhkəm hakimiyyətin olmaması səbəbindən qarətlər və qətllər çoxalıb. Belə ki, Acarıstanda
səyahət etmək təhlükəsiz deyil. Daha sonra öz məktubunda Batum bölgəsində xəstəxana və
feldşer məntəqələrinin yarıyadək ixtisar edildiyinə, yaranmış vəziyyətə görə kənd məktəblərinin fəaliyyət göstərmədiyinə diqqəti çəkən M.Əfəndiyev qeyd edirdi ki, “Batum yaxınlığındakı 5 kəndin sakinləri konsulluğa müraciət edərək məktəblərin fəaliyyəti üçün maddi dəstək istəyiblər.
Bəzi kəndlər konsulluğa dəfələrlə müraciət edib türk dili müəlliminin dəvət olunmasında maddi köməklik göstərilməsini xahiş ediblər. Konsulluq məsələyə tamamilə heç bir siyasi çalar vermədən gənc Azərbaycanın nüfuzu, eləcə də dini mənəviyyat nöqteyi-nəzərdən yanaşaraq, öz dindaşlarımızı dəstəkləməyin zəruriliyini qeyd edir. Acaranın bir çox kəndlərinin məscidlərində xoca yoxdur və rəhmətə gedən olanda molla axtarılır. İngilislərin tələbinə cavab vermədiyi üçün Şəhər Dumasının vaxtından əvvəl buraxılması gözlənilir. Sabiq Şəhər Dumasının başçısı general Qolitsın istefa verib və Denikin ordusunun sıralarında hərbi xidmətə keçib” [ARDA, f. 970, s. 1, iş 151, vv. 11-11 arx. və iş 27, vv. 44-44 arx.].
Azərbaycan və Gürcüstanın müttəfiq dövlətləri tərəfindən de-fakto tanınması ilə əlaqədar
12 yanvar 1920-ci ildə Batumda təntənəli şənlik düzənlənir. Şənlikdə Azərbaycanlı natiqlər iki
böyük Osmanlı sancağı (bayrağı) altında Türkiyə lehinə çıxışlar edirlər. 14 yanvarda isə
Azərbaycan və Gürcüstanın Batumdakı konsulları tərəfindən tanınmaya həsr olunmuş banket
təşkil olunur. Banketə hərbi qubernator general C.Kuk-Kollis və digər yüksək rütbəli ingilis
zabitləri, xarici dövlətlərin konsulları və milli şuraların nümayəndələri, eləcə də həmin dövrdə
Batumda olan fransız gəmisinin dənizçi zabitləri dəvət olunurlar. Mərasimdə Azərbaycan baş
konsulu M.Əfəndiyev və Gürcüstanın Batumdakı baş konsulu Petre Çiniciyev (P.Çinicişvili)
salamlama nitqi söyləyirlər. M.Əfəndiyev öz nitqində Gürcüstan və Azərbaycanın qardaşlıq
ittifaqının əhəmiyyətini xüsusi vurğulayır [«Борьба» qəz., 1920, 22 yanvar, № 15].
1920-ci ilin əvvəllərindən etibarən ingilis qoşunları təxliyəyə hazırlıq görür. Batumun
müqəddəratının London konfransında (12 fevral - 10 aprel 1920-ci il) həll olunmasına qərar
verilir. Acarıstanda hakimiyyətin tədricən Gürcüstan Demokratik Respublikasına ötürüləcəyinə
dair şayiələr yayılır. Qeyd olunanlarla bağlı Batum Livası İslam Cəmiyyəti 17 fevral 1920-ci ildə (rumi təqvimlə 17 şubat 1336-cı il) Azərbaycan XİN-ə müraciət edərək bildirirdi ki, Batumdan ingilis qoşunlarının təxliyəsi nəticəsində şəhəri Gürcüstan hökuməti tutacaq. 400 illik tarixi və dini-hüquqi əlaqələrə istinadən üç quberniyaya (Əlviyeyi səlaseyə - F.V.-H.) türklərin daha çox hüququ çatır. Batum Gürcüstan Respublikası hökumətinə verilsə, yerli müsəlmanlar silahlı çıxış edərək Xilafətin dinini qoruyacaqlar. Yerli müsəlmanların mövqeyi barədə ingilislər və digər xarici missiyalar artıq məlumatlandırılıb. Onların hamısı cavab olaraq deyir ki, Batumdan təxliyə barədə məlumatları yoxdur. Müraciət bu cümlələrlə sonlanırdı: “Gecə-gündüz demədən İslam maraqları naminə çalışır və Azərbaycanın müsəlman hökumətinin köməyinə ümid edirik. Bu yaxınlarda buraya gəlmiş nümayəndə heyətinin vədinə uyğun olaraq, Batum baş konsulu vasitəsilə bizim cəmiyyətə ən azı 5 milyon manat verilməsini xahiş edirik” [ARPİİİSSA, f. 277,s. 2, iş 53, vv. 5-5 arx.].
Xarici işlər naziri F.Xoyski baş konsul M.Əfəndiyevə “məxfi” qrifli məktubunda həm
Batum Livası İslam Cəmiyyətinin Osmanlı Türkiyəsinə birləşmək barədə mövqeyinə münasibət bildirir, həm də Azərbaycanın sözügedən məsələyə dair mövqeyini açıqlayırdı: “İngilislərin Batumdan təxliyəsi barədə məktubunuzu aldım. Eyni zamanda Batum Müsəlman Komitəsinin məktubunu aldım. Bu məktubda Komitə ingilis komandanlığı qarşısında Batum şəhəri və vilayətinin Türkiyəyə birləşdirilməsi barədə vəsatət qaldırır... Türkiyəyə birləşmək ideyası indi Antantanın gözündə populyar ideyalardan deyil və yerli əhalinin arzu və iradəsini tam diskreditasiya edə və çox arzuolunmaz nəticələrə gətirə bilər. Batum şəhəri barədə bizim
hökumət hesab edir ki, şəhər və liman neytral olmalıdır və Zaqafqaziya respublikalarının
hamısının, xüsusən də Qara dəniz və Avropaya heç bir başqa çıxışı olmayan Azərbaycanın
iqtisadi və ticari istifadəsi üçün tam açıq olmalıdır. Bununla yanaşı, Batum bizim kerosin (neft)
xəttinin son stansiyasıdır və ona görə bizim üçün Batumun taleyi həyati vacib məsələdir.
Bununla bağlı artıq tərəfimdən Antanta ölkələrinin nümayəndələrinə memorandum verilib,
surətini diqqətinizə təqdim edirəm”.
Daha sonra məktubda ingilis komandanlığı qarşısında qeyd olunanlarla bağlı təcili və
açıq addımların atılması xahiş olunur. Eyni zamanda yerli təşkilat və əhalinin ələ alınması tələb olunur ki, “gələcəkdə yuxarıdakı kimi düşünülməmiş addımlar atılmasın və ingilislər gedəcəyi təqdirdə, Batumda Azərbaycanın maraqları təmin olunmaqla, yerli hakimiyyət qurulsun” [ARPİİİSSA, f. 277, s. 2, iş 53, v. 21-21a.]
Göründüyü kimi, Batum şəhərinin gələcəyi barədə Azərbaycan tərəfinin mövqeyi ona heç
bir ölkənin tərkibində olmadan neytral status verilməsini özündə ehtiva edirdi. Cənubi Qafqazın Acarıstanla birbaşa sərhədi olmayan digər respublikası – Ermənistan isə şəhərin etnik tərkibini əsas gətirib, Paris sülh konfransında Batumun Ermənistana birləşdirilməsi iddiasını irəli sürmüşdü.
Böyük Britaniya qoşunlarının Batum vilayətindən təxliyəsi şayiələrinə paralel olaraq,
Gürcüstan Demokratik Respublikasının hərbi birləşmələri bölgədə fəallaşmağa başlamışdı. Bu barədə baş konsulluqdan Azərbaycan Xarici İşlər Nazirliyinə 1920-ci ilin mart ayında
göndərilmiş teleqramda bildirilirdi: “Qeyri-rəsmi məlumatlara əsasən gürcülər tərəfindən
Batumun və Batum vilayətinin iki istiqamətdən – Notanebi və Şavşet tərəfdən tutulması güman edilirdi. Gürcü dəstələri hətta Ardanuça daxil olmuşdular. Ardanuça gedən general-qubernatorun tələbi ilə gürcülər geri öz hüdudlarına çəkilməyə, həmçinin, Notanebiyə doğru qoşunlarının irəliləməsini dayandırmağa məcbur edilmişdirlər. Bu günlərdə italyan, fransız və amerikan qoşun bölmələrinin gəlişi gözlənilir. Rəsmi dairələrdə Ali Şuranın Batumu azad şəhər elan etdiyi barədə çox danışırlar, eyni zamanda Batumun azad liman (porto-franko – F.V.) olacağını, çox olmasa da, deyənlər var. Məlumatlara görə, “Qafqaz” paroxodu ilə Batuma Ermənistan üçün nəzərə tutulmuş çox sayda mərmi gətiriblər. Görünür, Gürcüstan üzərindən aparacaqlar. Burada Gürcüstan və Ermənistan arasında gizli razılaşma haqqında kifayət qədər aydın şayiələr dolaşır; bu, Tiflisdə yoxlanılmalıdır. Qaçqınlar barədə təlimatın müntəzəm olaraq icrası təmin edilir” [ARPİİİSSA, f. 277, s. 2, iş 87, v. 55 və iş 53, vv. 10-10 arx.].
İslam Gürcüstanı Azadlıq Komitəsinin rəhbər heyətindən Camal bəy Ximşiaşvili
(C.Ximşiyev) “Sakartvelo” qəzetinin 17 mart 1920-ci il tarixli nömrəsində dərc etdirdiyi
“Batumda təxribat” sərlövhəli məqaləsində Batum vilayətinin hərbi qubernatoru C.Kuk-Kollisi
Azərbaycanın nümayəndələri ilə yaxın münasibətdə ittiham edir, Azərbaycanın öz agentləri
vasitəsilə Acarıstana 7 milyon manat göndərdiyini yazırdı. Azərbaycan konsulluğunda ingilis
zabitləri və Azərbaycan nümayəndələrinin sıx-sıx görüşdüyünü və hətta 1920-ci ilin mart ayında Kobuletdə keçirilmiş mitinqdə qəbul olunmuş müstəqil Acarıstan dövlətinin yaradılması haqqında qətnamənin mətninin də bu görüşlər zamanı hazırlandığını iddia edirdi. 1918-1920-ci illərdə Acarıstanda siyasi vəziyyətlə bağlı araşdırmasında eyni mövzuya toxunan gürcü tarixçisi N.Zosidze “Samuslimano Sakartvelo”//”İslam Gürcüstanı” qəzetində dərc olunan məlumatlara istinadən M.Əfəndiyevin Sədayi-millət”in qrupu ilə birbaşa əlaqədə olub, açıq-aşkar antigürcü təbliğatı apardığını yazırdı.
Baş konsulluqdan Bakıya XİN-ə göndərilmiş şifrəli teleqramda baş konsul M.Əfəndiyev
“İslam Gürcüstanı” qəzetinin məqsədli şəkildə Azərbaycanın ünvanına hücumlar etdiyi, 4 nəfər kobuletlinin sui-qəsd törətmək üçün Bakıya yola düşdüyü və ingilis komandanlığı tərəfindən Batum şəhər dumasına seçkilərin ləğv edildiyi barədə məlumat verirdi [ARPİİİSSA, f. 277, s. 2, iş 53, v. 19]. M.Əfəndiyev həmçinin, “İslam Gürcüstanı” qəzetinin redaksiyasına məktub yazaraq, onun redaktorundan bu mətbu orqanda Azərbaycanın Batumdakı baş konsulluğu adından aşağıdakı bəyanatın yerləşdirilməsini xahiş edirdi:
“...Batum vilayəti məsələsi ilə bağlı qəzet (“Samuslimano Sakartvelo”//”İslam
Gürcüstanı”- F.V.-H.) tərəfindən mənim hökumətimə və Batumda baş konsulluq timsalında onun rəsmi nümayəndəsinə hücum edildiyi üçün mən Azərbaycan Respublikasının baş konsulu qismində bəyan edirəm: 1) Azərbaycan hökuməti heç zaman yerli Müsəlman Milli Şurasına və ya hansısa təşkilata yerli əhali arasında Batum vilayətinin Gürcüstana verilməsi əleyhinə təbliğat aparılması məqsədilə heç bir maliyyə və digər yardım göstərməyib, göstərmir və göstərmək fikrində deyil; 2) Azərbaycan hökuməti Batum vilayətinin taleyinin bu və ya digər şəkildə həll olunması ilə bağlı marağı olmadığı və bununla bağlı heç bir məqsəd güdmədiyi üçün konsulluq hansısa şəkildə müstəqil siyasət yürüdə bilməz və belə bir hüququ yoxdur; 3) Qəzetin buraya guya ki, təbliğat aparmaq məqsədilə göndərilmiş ayrı-ayrı məsuliyyətsiz şəxslər və hansısa komissiya barədə yazdıqlarına gəldikdə, konsulluğa bu barədə heç nə məlum deyil; 4) Sonra çox hörmətli “İslam Gürcüstanı” qəzetinə xatırlatmağı və bunu qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan Respublikasının hökuməti həmişə olduğu kimi, bütün mübahisəli məsələlərin silah gücü, təbliğat və ya hansısa gizli işlərlə yox, Zaqafqaziya respublikalarının konfransında sülh yolu ilə həlli mövqeyində durur. Təəssüflər olsun ki, qəzet kommersiya limanı ilə bağlı toxunulan məsələni Batum vilayətinin taleyi ilə qarışdırır. Bu əsaslarla ehtimal edirəm ki, Azərbaycan hökuməti bu məsələni qaldırmağı məqsədəuyğun hesab etmədi. Beləliklə, sizin qəzetinizdə yer alan məlumatlar Azərbaycan Respublikası əleyhinə bədxah ruhda köklənmiş və şəxsi məqsədlərini güdən qara qüvvələrin işləridir və qətiyyən həqiqətə uyğun deyil”
[ARPİİİSSA, f. 277, s. 2, iş 87, vv. 56-56 arx.].
Baş konsul Mahmud bəy Əfəndiyevin siyasi fəallığı, yerli müsəlman əhalisinin haqq və
hüquqlarının qorunması istiqamətində gərgin fəaliyyəti Gürcüstan hökumətinin ciddi
narahatlığına səbəb olurdu. Gürcüstan xarici işlər naziri öz Azərbaycanlı həmkarına 5 mart 1920 tarixli məktubunda yazırdı:
“Gürcüstan hökumətinin etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Batumdakı
Azərbaycan konsulu cənab Əfəndiyevin fəaliyyəti Gürcüstanın maraqları baxımından günü-
gündən daha dözülməz hal alır. Bu üzücü fakt mənim hökumətimin nümayəndələri ilə
Azərbaycan Respublikasının hökumət üzvləri arasında şəxsi söhbətlərdə artıq bir neçə dəfə dilə gətirilib.
Hazırda Xarici İşlər Nazirliyində olan inkarolunmaz faktlar mənə onu deməyə əsas
verir ki, Azərbaycanın Batum Konsulluğu cənab Əfəndiyevin rəhbərliyi altında Gürcüstanın
düşmənləri tərəfindən yürüdülən siyasi kampaniyanın mərkəzidir. Şübhə etmirəm ki, cənab
Əfəndiyevin davranış xətti Batum və onun vilayəti məsələsində Azərbaycan hökumətinin
siyasətinə uyğun deyil, cənab Əfəndiyevin bu cür fəaliyyəti iki respublika arasında bərqərar olmuş münasibətlərə kökündən ziddir. Zati-alinizin diqqətini bu məsələyə yönəltməyi özümə
borc bilirəm”.
Gürcüstan XİN-in baş konsul Mahmud bəy Əfəndiyevin fəaliyyət xarakterinin
qəbulolunmazlığı barədə yuxarıda qeyd olunan məktubu Azərbaycanın Gürcüstandakı
diplomatik nümayəndəliyi tərəfindən 8 mart 1920-ci il tarixli 29 saylı “məxfi” qrifli məktubla
Azərbaycan xarici işlər naziri F.Xoyskiyə göndərilir. Məsələ ilə bağlı xarici işlər nazirinin
M.Əfəndiyevə 18 mart 1920-ci ildə yazıb göndərdiyi “məxfi” qrifli məktubu:
“Sizinlə şəxsi görüşümdə bildirmişdim ki, Sizə etibar olunan bölgədə siyasi fəaliyyətiniz
ciddi konfidensial xarakter daşımalıdır və zahirən elə qurulmalıdır ki, heç bir şübhə oyatmasın.
İndi Sizə verdiyim təlimatı təkrarlayaraq yenidən xahiş edirəm ki, Batum vilayətində bu və ya
digər siyasi quruluşun yaradılmasına yönəlmiş siyasi təşkilatlarda açıq iştirak etməyin. İşinizi elə qurmalısınız ki, antigürcü təbliğatında özünüzə qarşı müəyyən şübhələr yaratmayasınız.
Ümumiyyətlə, yadınızda saxlamalısınız ki, yaranmış şəraitdə Sizin fəaliyyətiniz həm gürcü
hökumətinin, həm də Antantanın nümayəndələrinin diqqətini xüsusi cəlb edir. Ona görə də
fəaliyyətinizdə, görüşlərinizdə və danışıqlarınızda xüsusilə ehtiyatlı olmanız gərəkir”.
Xarici işlər naziri F.Xoyski həmin gün Azərbaycan Respublikasının Gürcüstandakı
diplomatik nümayəndəsinə də məktub ünvanlayaraq yazırdı: “8 mart tarixli məktubunuz
xüsusunda Gürcüstan xarici işlər nazirinə onun Batumdakı baş konsul Əfəndiyevin
fəaliyyətlərinə dair müraciətinə cavab olaraq bildirmənizi xahiş edirəm ki, tərəfimdən
Əfəndiyevə lazımi göstərişlər verildi və əminəm ki, gələcəkdə bizim baş konsulun fəaliyyəti
Gürcüstan hökumətinin hansısa narazılıq bildirməsinə əsas yaratmayacaq”.
“Naş kray” qəzetinin 27 mart 1920-ci il tarixli buraxılışında M.Əfəndiyevin və
Ermənistanın Batumdakı baş konsulunun Batum limanında lövbər salmış “Jül Mişle” (“Jules
Michelet”) gəmisində 23 martda fransız general Martinlə görüşü barədə xəbər verilirdi.
Dr. Mahmud bəy Əfəndiyev 27 aprel 1920-ci ildə Azərbaycanda xalq cümhuriyyəti süqut
etdikdən və bir gün sonra sovet hakimiyyəti elan edildikdən sonra da – 1920-ci ilin 8 iyulunadək, yəni Batum Gürcüstan Demokratik Respublikasının (GDR) nəzarətinə keçənədək bu şəhərdə Azərbaycanın diplomatik təmsilçiliyinə rəhbərlik etmiş, faktiki olaraq həm də Sovet Azərbaycanının (Azərbaycan İctimai Şura Cümhuriyyətinin//Azərbaycan SSR) Batumda ilk və son baş konsulu olmuşdur.
Mahmud bəy Əfəndiyevin həbsi
M.Əfəndiyev Batum Gürcüstanın yurisdiksiyası altına keçdikdən sonra – 1920-ci ilin iyul
ayında GDR hakimiyyətinə qarşı silahlı dəstə yaratmaq ittihamı ilə gürcü hüquq-mühafizə
orqanları tərəfindən həbs olunmuşdu. Azərbaycan SSR xalq xarici işlər komissarı
M.D.Hüseynov gürcüstanlı həmkarına göndərdiyi 10 iyul 1921-ci il tarixli məktubda
M.Əfəndiyevin təcili surətdə azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edirdi. Bu
məktuba cavabında Gürcüstan xarici işlər naziri Yevgeni Gegeçkori yazırdı:
“Doktor Əfəndiyev həqiqətən gürcü hakimiyyəti tərəfindən Batumda həbs olunubdur,
ancaq konsul kimi deyil, fərdi şəxs kimi. Bildirmək istərdim ki, bu fakt beynəlxalq hüququn nə
nəzəriyyəsinə, nə də təcrübəsinə zidd deyil. Əgər doktor Əfəndiyev Azərbaycanda hakimiyyət
dəyişikliyindən, eləcə də Batum şəhəri və vilayətinin rəsmi olaraq [Gürcüstana] verilməsindən
sonra doğrudan da konsul hesab olunurdusa, Azərbaycan SSR hökuməti bütün formal qaydaların yerinə yetirilməsi barədə düşünməli idi. Konsulların öz vəzifələrində fəaliyyətə başlamaları bu qaydalardan asılıdır. Özünü Azərbaycan SSR konsulu kimi təqdim etməzdən əvvəl cənab Əfəndiyev Azərbaycan Xalq Komissarları Şurasının yeni təqdimat məktubuna sahib olmalı və Gürcüstan hökumətindən “exequator” (ekzekvatura) almalı idi” [ARDA, f. 28, s. 1, iş 63, v. 28].
Konsulluğun katibi Safvət Ağayevin Azərbaycan SSR-in Tiflisdəki diplomatik
missiyasına 12 iyulda vurduğu teleqramda bir gün əvvəl axşam saatlarında M.Əfəndiyevin
mühafizə konvoyunun nəzarətində Tiflisə aparıldığı bildirilirdi. Bu teleqramı aldıqdan sonra
Azərbaycan SSR-in Gürcüstandakı diplomatik nümayəndəsi vəzifəsini icra edən Əkbər Sadıqov Gürcüstan xarici işlər naziri Y.Gegeçkori ilə görüşür. Görüş nəticəsində gürcü tərəfi
M.Əfəndiyevin həbsdən azad olunmasına razılığını verir. Bu barədə Azərbaycan SSR xalq xarici işlər komissarı M.D.Hüseynovu 14 iyul 1920-ci il tarixli məktubu ilə məlumatlandıran
Ə.Sadıqov yazırdı: “Təcili surətdə Batuma konsulluğu təhvil alması üçün nümayəndə təyin
olunmalıdır. Əfəndiyev Gürcüstan hökuməti üçün müvəqqəti olsa belə, qəbulolunmazdır. O,
bizim hökumətin nümayəndəsi hesab olunmayacaq”.
Gürcüstan XİN-dən Azərbaycan SSR-in Gürcüstandakı diplomatik nümayəndəliyinə 26
iyul 1920-ci ildə göndərilmiş məktubda Azərbaycan SSR-in Batuma konsul təyin etməsi və ya
Batumda konsulluğunun mövcudluğu barədə indiyədək heç bir məlumatın təqdim edilmədiyi
xatırladılır, bu səbəbdən Azərbaycanın Batumdakı konsulluq mənsubları fərdi şəxslər hesab
olunduqları üçün onların xüsusi imtiyazlara sahib olmayacaqları bildirilirdi.
1920-ci il 1 sentyabrda Azərbaycan SSR-in Batumda diplomatik təmsilçiliyi konsulluq
statusunda fəaliyyətə başlayır. Konsul vəzifəsini rəsmən 1 sentyabrdan, faktiki olaraq isə 28
sentyabrdan Şeyxəli Hüseynov (Hüseynzadə) tutur. Mahmud bəy Əfəndiyev baş konsul
qismində diplomatik fəaliyyətinin 1920-ci il üzrə sənədlərini Ş.Hüseynova həmin il 20
sentyabrda aktla təhvil verir.
Mətbuat səhifələrindən M.Əfəndiyevin 1920-ci ilin noyabr ayında yenidən Gürcüstan
Daxili İşlər Nazirliyinin diqqət və maraq dairəsinə düşərək, həbs olunduğu bəlli olur.
“Batumskaya jizn” qəzetinin 11 noyabr 1920-ci il tarixli sayında qeyd olunurdu ki, Gürcüstan
daxili işlər naziri Batumun fövqəladə komissarına “doktor Əfəndiyev barədə işi” Tiflisə
göndərməyi xahiş etmişdir.
Bundan sonra Mahmud bəyin ailə üzvləri – arvadı və uşaqları Batum limanından
“Gülcamal” gəmisi ilə Trabzona yola düşürlər. Çox keçmədən M.Əfəndiyevin özü də Osmanlı
hökümətinin, xüsusən Şərq cəbhəsi orduları qrupunun böyük səyləri ilə Türkiyəyə verilir və
ailəsinə qovuşub ömrünün qalan hissəsini orada yaşayır.
Mahmud bəy Əfəndiyev və ailə üzvlərinin həyatlarının Türkiyə dövrü
M.Əfəndiyev Türkiyəyə keçdikdən sonra əvvəlcə Qars hərbi xəstəxanasında çalışmış,
sonra isə 1922-1923-cü illərdə Trabzonda mülki həkim kimi fəaliyyət göstərmiş, daha sonra
İzmir şəhərində məskunlaşmış və həmin ölkəyə sığınmış müsavatçılarla əməkdaşlıq etmişdir.
Abdulla Şaiqin Mənzil Muzeyinin arxivində saxlanılan “Naxçıvan əsgəriyyə komissarı və
xarici işlər naziri Yusif Ziya Axund Mustafa oğlu Talıbzadənin Azərbaycan dövlət xadimləri
Mirzə Davud Hüseynova və Əliheydər Qarayevə məktubu”ndan Acarıstanda sovet hakimiyyəti qurulduğu zaman M.Əfəndiyevin artıq Qars şəhərində olduğu bəlli olur. 1921-ci ilin ilk yarısında Qarsda qələmə aldığı bu məktubunda Y.Z.Talıbzadə Azərbaycan SSR-in Qars şəhərində konsulu vəzifəsinə Türkiyədə tanınan və türklərlə ünsiyyət qura biləcək siyasi mütəxəssisin təcili surətdə göndərilməsini zəruri hesab edir və sözügedən vəzifəyə həmin parametrlərə cavab verən M.Əfəndiyevin namizədliyini tövsiyə edirdi: “Sabiq Batum konsulu Mahmud bəy Əfəndiyev buradadır. Kəndisinə türklərin etimadı vardır. Mümkünsə, ona etimadnamə göndəriniz, o müvəqqəti konsul olsun”.
1923-cü ildə M.Əfəndiyev artıq İzmirdə məskunlaşmışdı və burada həm öz ixtisası üzrə
həkimlik edir, həm də həmin dövrdə Finlandiyadan Türkiyəyə gələn Məhəmməd Əmin
Rəsulzadənin İstanbulda qurduğu Müsavat Partiyasının Xarici Ölkələr Bürosunun İzmir
Komitəsinin rəhbərliyində təmsil olunurdu.
Mahmud bəy Əfəndiyev 1923-cü ildə İzmir vilayətinin Urla qəsəbəsinin karantin həkimi
vəzifəsində çalışmış və təqribən 27 min əsirin təslim edilməsində iştirak etmişdir. O, İzmirin
Buca rayonunda həkimlik edən ilk türk tibb işçilərindən idi. Mahmud bəy o zamanlar Bucada
yerləşən (sonradan Göztəpə məhəlləsinə köçmüşdür) İzmir Amerika Kollecinə (American
Collegiate Institute) həkim təyin edilmişdir. Türkiyənin əhalinin rəsmi dövlət qeydiyyatı
bəlgələrindən Mahmud bəy və xanımının Bucanın Vali Rahmi bəy məhəlləsində daimi
qeydiyyatda olduqları bəlli olur.
1927-ci ildən etibarən Mahmud bəy İzmirin Karşıyaka (Qarşıyaxa) səmtinə köçmüş və
burada “Hilali-əhmər” (“Qızılay”) cəmiyyətində düz 17 il peşə fəaliyyəti ilə məşğul olmuş,
təqribən 215 min xəstəni müayinə etmişdir. Türk Qızılay Cəmiyyətinin Karşıyaka şöbəsinə bəlli bir dövrdə rəhbərlik də edən M.Əfəndiyev 1944-cü ildə pensiyaya çıxmışdır. Mahmud bəyin Xarkov Universitetindən aldığı ali təhsil diplomunun həqiqiliyi 22 qanunisani (yanvar) 1930-cu ildə İzmirin 3 saylı notariusu tərəfindən təsdiq olunmuşdur.
M.Əfəndiyev Türkiyədə 2 yanvar 1935-ci ildən qüvvəyə minən “Soyad Qanunu”ndan
sonra Mahmud Şəfqət Atalkın ad-soyadı ilə tanınmışdır.
Dövrün İzmir qəzetlərində tez-tez Dr. Mahmut Şəfqət Atalkın adı ilə qarşılaşmaq
mümkündür. “Halkın sesi” qəzetinin 1935-ci il avqust saylarında “daxili və uşaq xəstəlikləri
həkimi, Rusiya darülfünunundan məzun (diplom nömrəsi 448-348) Atalkın Mahmut Şevketin”
hər gün saat 15-dən 18-ə qədər İzmir şəhəri Karşıyaka məhəlləsindəki İnqilab küçəsi 15
ünvanında xəstə qəbulu keçirdiyi barədə elan dərc olunmuşdu.
“Yeni Asır” qəzetinin 16 fevral 1940-cı il tarixli nömrəsində İzmir 2-ci məntəqə “etibba
odasında” (təbiblər dərnəyində) qeydiyyatda olan təbiblərin topladığı yardım siyahısında
M.Ş.Atalkının da adına rast gəlinir.
Mahmud bəy Karşıyakada Aydoğdu küçəsində böyük bir bağçanın içərisində inşa
edilmiş ikimərtəbəli malikanədə yaşamışdır. Dr. M.Ş.Akalına məxsus vizit kartında ad və
soyadın altında “sabiq Azərbaycan genel konsulu” yazılıb, ünvan “Karşıyaka-İzmir, Aydoğdu
Sokak 3” kimi göstərilirdi. Dr. M.Ş.Atalkının həkim olaraq istifadə etdiyi resept kağızında da
eyni ünvan qeyd olunurdu.
Aydoğdu küçəsində (indiki 1734-cü küçə) yaşayan Atalkınların qonşusu Əhməd Raqıb
Karaçelebi uşaqlıq illərini belə xatırlayır:
“...Küçəmizin çarşı tərəfindən girişində indinin Telekomu, o zamanların PTT-sinin binası
var idi... Həmən yanında sevimli Cem Atalkıngilin evi vardı, qocaman bir bağça içərisində, küçə tərəfindən dəmir barmaqlıqlar vardı, tam ortada dəmir qapı, oradan girirdin və hər iki tərəfi narınc ağacları olan upuzun yolda yeriyirdin, kiçik bir açıqlığa gəlirdin. Burada bir hovuz və arxasında 2 qatlı Cemgilin evi dururdu. Uşaqlığımız o bağçada keçdi. Cem Atalkın (Mahmud bəyin nəvəsi – F.V.), Atilla Markoviç, Zəfər Altınbaşlı, Əli (soyadını xatırlamıram), Cemin böyük bacısı Mahinur, onların anaları Sevim xanım teyzə...”. Sözügedən bağçada hazırda Donanmacı məh., 1734-cü küçə № 1 ünvanı üzrə Mahmud Şəfqət Atalkın apartamenti və pasajı yerləşir.
Dr. M.Ş.Atalkın eyni zamanda xeyriyyəçiliklə məşğul olur, şəhərin və xüsusən, yaşadığı
Karşıyaka məhəlləsinin ictimai-sosial həyatında yaxından iştirak edirdi. Onun həm özü, həm də “Bambino Süleyman” ləqəbi ilə tanınan kiçik oğlu Süleyman Paşa Atalkın “Karşıyaka” idman klubunun fəal azarkeşləri və dəstəkçiləri olmuş, futbol hakimi olan Süleyman Atalkın hətta 1948-ci ildə adıçəkilən klubun idarə heyətində təmsil olunmuşdur.
Mahmud bəy və Mahinur xanım Atalkın cütlüyü ailələrində 4 övlad (Leyla, Niyazi,
Fevziyyə, Süleyman Paşa) böyüdüb tərbiyə etmiş, qızları və böyük oğlu İzmirdə Amerika
Kollecində, kiçik oğlu isə fransız kolleci, hərbi məktəb və Karşıyaka liseyində orta təhsil
almışdırlar.
Mahmud bəyin ilk övladı Leyla Atalkın Akgönenç (24.07.1913 – 13.12.1995)
Axalkələkdə, Mahinur xanımın atası evində dünyaya gəlmişdir. 1933-cü ildə məzun olduğu
İzmir Amerika Kollecinin məzunlar cəmiyyətinə başqanlıq edən Leyla xanım Osmanlı və
Azərbaycan türkcəsindən əlavə, rus, ingilis və fransız dillərini yüksək səviyyədə bilib. O, dərc
olunmuş kiçik hekayələr müəllifi, İzmir Kültür, Sənət və Təhsil Vəqfinin qurucularındandır.
1937-ci ildə Ankara universitetinin Hüquq fakültəsini bitirən Leyla xanım həmin il hüquqşünas
Əkrəm Şinasi Akgönənçlə (06.02.1911-04.06.1993) evlənmişdir. Əkrəm bəy Yunanıstandan
İzmirə köçmüş bir ailənin övladı idi. Əkrəm bəy və Leyla xanımın Oya və Azra adında iki qız
övladları olmuşdur. Onların hər ikisi anaları kimi İzmir Amerika Kollecini bitirmişdirlər.
Oya Akgönenç (11.12.1938 – 17.10.2018) daha sonra Ankara Universitetinin Siyasi
bilgilər və Hüquq fakültələrindən məzun olmuş, Vaşinqtonda yerləşən Amerika Universitetində
(American University, Washington D.C.) Beynəlxalq əlaqələr ixtisası üzrə magistratura və
doktorantura təhsili almış və müəllim olaraq fəaliyyət göstərmişdir. O, özü kimi beynəlxalq
əlaqələr üzrə mütəxəssis olan Pakistan əsilli amerikalı professor Mohammed Muğisuddinlə
(08.04.1930 – 29.11.2022) ailə həyatı qurmuş, bu evlilikdən Smaiyra adlı qızı (doğum tarixi:
12.12.1963, məsləyi: turizm, həyat yoldaşı: Bill Meagher, övladları: Olivia Leyla Million,
Alexandra Nourin Million) və Tarık Kamal (doğum tarixi: 16.09.1973, məsləyi: reklamçı, həyat
yoldaşı: Samira Sheikh Mughisuddin, övladı: Zəhra Banu Mughisuddin) adlı oğlu dünyaya
gəlmişdir. Ailə 1985-ci ilədək ABŞ-da yaşamış, sonra Türkiyəyə köçmüşdür.
Oya xanım Türkiyədə yaşadığı dövrdə Dünya Bankının Ankara ofisində, Çukurova,
Bilkent və Ufuk universitetlərində çalışmışdır. O, 2009-cu ildə yayımlanmış “Türkiyənin AB
strategiyası” kitabının müəllifi, Türkiyədə ilk 1-ci sıradan millətvəkili namizədi göstrərilən
qadındır. Prof. Dr. Oya Akgönenç Muğisuddin Fəzilət (sonradan Səadət) partiyasından 21-ci
dönəm (1999-2002-ci illər) Türkiyə Böyük Millət Məclisinin Ankaranı təmsil edən millətvəkili,
Səadət Partiyasının Ümumi İdarə Heyətinin üzvü olmuşdur.
Leyla Atalkın Akgönençin Ankara Universitetinin Hüquq fakültəsini bitirmiş kiçik qızı
Azra İzmirdə vəkillik fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda İzmir Kültür, Sənət və Təhsil
Vəqfinin idarə heyətinin üzvü və Ege bölgəsi Mədəni Dəyərləri Qoruma Vəqfinin
qurucularındandır. Azra Akgönenç İnmeler (21.10.1947 – 17.01.2019) Ela İnmeler Gürsoy
(təvəllüdü: 03.01.1976, məsləyi: iqtisadçı//sığortaçı, həyat yoldaşı: Hakan Gürsoy, övladları: Ata Yar və Ela Elif) və Ceyla İnmeler (təvəllüdü: 06.07.1977, məsləyi: gəmi inşaat və dəniz
texnologiyası mühəndisi, evli deyil) adlı qız övladlarının anası olub. Azra xanımla 1971-ci ildə
evlənmiş qarslı makina mühəndisi Rıdvan Zəki İnmeler (07.01.1947 – 10.07.1981) avtomobil
qəzasında həyatını itirmişdir.
Mahmud bəyin böyük oğlu Niyazi də kiçik qardaşı Süleyman kimi idman sahəsində
məşhur olub 1933-1934-cü illərdə diskatma və yadro itələmə üzrə Balkan ölkələri üzrə
beynəlxalq yarışda birincilik qazanmış, eyni zamanda atletika idman növü üzrə hakimlik
etmişdir. Rumi təqvimi ilə 1330-cu il (miladi: 1914-cü il) Batum doğumlu Niyazi Atalkına
Türkiyə Atletika Federasiyasının 1952-ci il tarixli qərarı ilə milli, 19 mart 1957-ci il tarixli qərarı
ilə isə beynəlxalq hakim statusu verilmişdir. İzmirdə nəşr olunan “Ulus” qəzetinin 1942-ci il
tarixli sayında həmin il 12 iyulda “19 mayıs” stadionunda keçiriləcək “Gül kuboku” atletika
müsabiqəsində hakimlik edənlər arasında Niyazi bəyin də adı çəkilirdi. Niyazi Atalkın
(27.12.1914 – 17.01.1977) və 1936-cı ildə evləndiyi istanbullu Cəmilə Atalkın (01.07.1913-
21.05.1987) Ülkü və Füsun adlı iki qız övladının valideynləri olmuşdurlar. Ülkü Atalkın Orxan
Dikmen ilə, Füsun Atalkın isə Bülent Akkaya ilə ailə qurmuşdurlar. Sonuncu cütlüyün Sarp və
Niyazi Qürur adlı iki oğlu var.
Mahmud bəyin kiçik qızı, opera ifaçısı (soprano) Fevziyyə Atalkın Birol (04.11.1918 –
01.11.1990) 1947-ci ildə Səlanik mühaciri, advokat Ömər Birolla (01.05.1912 - 04.07.2001) ailə həyatı qurmuş, cütlük Önər və Günər adlı iki övlad sahibi olmuşdur. Reklamçı və advokat
məsləyinə sahib Önər Birol Nuran Birolla evlənmişdir, Əminə adlı qızı var. 19.01.1949-cu il
doğumlu Günər Birol pianoçu, onun əri Koray Çital isə ticarətçidir; Mert və Gül adlı 2 övladları
var.
Mahmud bəyin kiçik oğlu, Karşıyaka sosial müdafiə qurumunda çalışmış və eyni
zamanda futbol hakimliyi etmiş Süleyman Paşa Atalkın (11.02.1923-15.08.1987) 1960-cı ildən etibarən balıkəsirli Sevim xanımla (10.05.1931 – 22.11.2017) evli olmuşdur. Onların övladları – qızları Mahinur hazırda 2019-cu ildə ailə həyatı qurduğu Yusuf Rıza Düvenci ilə İzmir şəhərində, oğulları Mahmud Cem isə 1996-cı ildə evləndiyi həyat yoldaşı İlknur Atalkın və 2 övladı (oğlu Doruk və qızı Dərin) ilə birlikdə İzmirin Çeşmə ilçəsində yaşayırlar. Mahinur
Atalkın Düvenci (07.09.1961-ci il təvəllüdlü) uzun müddət tekstil firmalarının xarici ticarət
departamentlərində işləmişdir. Mahinur xanımın yeganə övladı – oğlu Arda İnellioğlu 2017-ci
ildə motosiklet qəzasında həyatını itirmişdir. Dr. Mahmud Şəfqət Atalkının öz adını daşıyan ən
kiçik nəvəsi Mahmud Cem Atalkın (12.12.1963-cü il doğumlu) iş adamıdır. O, bank və soyutma sənayesi sektorlarında çalışmış, baş ofisi İstanbulda yerləşən SOSİAD-ın (Soğutma Sanayi İş İnsanları Derneği) idarə heyətinin 2007-2011-ci illərdə sədr müavini, 2011-2013-cü illərdə isə sədri olmuşdur.
Mahmud bəy kiçik oğluna qardaşı Süleymanın adını vermişdi. 1864-cü ildə doğulmuş
Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev (Əfəndizadə) 1885-ci ildə Yelizavetqrad süvari
məktəbini bitirdikdən sonra 43-cü Tver draqun alayında hərbi xidmətə başlamış, 1888-ci ildə
kornet rütbəsində 44-cü Nijeqorod draqun alayına keçirilmişdir. Bundan sonra onun xidmət yeri bir neçə dəfə dəyişdirilmişdir. 1910-1916-cı illərdə Zaqafqaziya polis keşikçi dəstəsinin Kutais quberniyası üzrə baş nəzarətçisi vəzifəsində çalışan Süleyman bəy [o zaman Kutais qəzasının polis rəisi vəzifəsini Əli Heydər Yusufov adlı şəxs tuturdu] həmin dövrdə Tiflisdə
azərbaycanlıların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaxından iştirak etmiş, tez-tez Qori şəhərinə gələrək buradakı Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alan azərbaycanlı soydaşlarının məişət şəraiti ilə tanış olmuş, onlara maddi və mənəvi cəhətdən dəstək göstərmişdir. S.Əfəndiyev 06.12.1912-ci ildə polkovnik rütbəsini almış, 1917-ci ilin dekabrında təşkilinə başlanan Müsəlman korpusunda 5-ci atıcı alayın komandiri olmuş və hətta bir müddət bu korpusda 2-ci diviziya komandirinin vəzifəsini icra etmişdir. Xalq Cümhuriyyəti dövründə o, miralay (polkovnik) hərbi rütbəsində Tərtərdə yerləşən 2-ci Qarabağ süvari alayına komandanlıq etmiş, hökumətin 29 dekabr 1918-ci il tarixli qərarı əsasında mirliva (general-mayor) rütbəsi almışdır. Bu rütbəyə layiq görülən ilk AXC zabitlərindən olan S.Əfəndiyev I piyada diviziyasının komandiri vəzifəsini icra etmişdir. O, həyat yoldaşı Laləndar xanım Əfəndiyeva- Palavandovanın (1866-1930) xahişi ilə Qazax qəzasının Dağ Kəsəmən kəndində dəfn olunmuşdur. Hökumətin qərarı ilə Süleyman bəyin Batumda yaşayan ailə üzvləri ‒ xanımı və 3 övladı (Firudin, Zəkiyyə, Adilə) məvacib və yemək xərci ilə təmin olunmuşdular. Süleyman bəyin böyük qızı Zəkiyyə xanım (1905-1980) professor olub və ABŞ-da yaşayıb, kiçik qızı Adilə xanım (1880-1927) isə mersinli oftalmoloq dr. Fazil bəylə evli olub.
Azərbaycan Cümhuriyyətinin ordusunun general-mayoru Süleyman bəy Əfəndiyev 1919-
cu ildə Qarabağda dünyasını dəyişmişdi. Ondan bir az əvvəl isə onun böyük oğlu Həsən
Batumda intihar edərək həyatla vidalaşmışdı. Əhməd Həmdi “Azərbaycan”ın 27 fevral 1919-cu il tarixli buraxılışında “bütün həyatını millətə xidmət, haqq yolunda qeyrət etməklə Zaqafqaziya islamları arasında tanınmış” Süleyman bəy Əfəndiyevin vəfatı ilə bağlı emosional tərzdə, hüznlə yazırdı: “İsti yay aylarında, qışın soyuq günlərində Ağdamda, Tərtərdə və Qarabağın sair yerlərində vətənin hüdudlarını mühafizə edərək düşmən qarşısında ər kişilərə məxsus bir qəhrəmanlıqla çalışıb-çabalayan o aliqiymət əsgər kiçik bir dövreyi-istirahətə nail olammadan və Azərbaycanın müşkül və zəhmətli şu zamanında həyata vida etdi... Zavallı həyatında oğlunun Batumda intihar etdiyindən də xəbərdar olmamışdı. Bəradəri [qardaşı], Batumda camaat xadimliyi ilə bilinmiş Azərbaycan Hökumətinin Batum konsolosu doktor Mahmud bəy Əfəndiyev sözsüz bütün ailənin böyüyü olmaq etibarı ilə çox mütəəssir olacaqdır. Biz bütün ailəsilə bərabər hörmətli Mahmud bəyə təziyət edir və səbr təmənni ediriz”.
Azərbaycan SSR-in Batumdakı konsulu Şeyxəli Hüseynov Gürcüstanın Batum şəhəri və
vilayətində xüsusi səlahiyyətli nümayəndəsinə 25 noyabr 1920-ci ildə yazdığı məktubda doktor Fazil bəy və “dul qadın Əfəndiyeva”nın adlarını çəkir, onların eyni ailə olduğunu vurğulayırdı.
Süleyman bəy Əfəndiyevin ailəsinin Batumda yaşadığını nəzərə alaraq, bu məktubda barələrində bəhs edilən “dul qadın Əfəndiyeva”nın Süleyman bəyin arvadı Laləndar xanım olduğu qənaətindəyik, dr. Fazil bəy isə Süleyman bəyin kiçik qızı Adilə xanımın həyat yoldaşı idi.
Süleyman bəy və Mahmud bəy Əfəndiyev qardaşları həm də bacanaq idilər. Onların
qayınatası Məmmədəli bəy Palavandovun (1919-cu ildə 80 yaşında vəfat edib) Münəvvər,
Laləndar, Bədirmah, Dərviş və Mahinur adlı 5 övladı olub.
Mahmud bəyin Türkiyədə yaşayan törəmələrinin verdiyi bilgiyə görə, Mahmud bəygil 5
qardaş olublar. Onlardan böyüyü Abdulla 1850-1938-ci illərdə yaşayıb. Din xadimi olan Abdulla bəyin Məhəmməd, Nəvat və Miyanə adlı övladları olub. Məhəmməd Əfəndioğlu (1906-1934) İzmirdə yaşayıb (Məhəmməd bəy və Mahmud bəyin böyük oğlu Niyazi bəyin məzarları yan-yanadır); Miyanənin Hafizə adlı qızının olduğu məlumdur.
Mahmud bəyin digər iki qardaşının adı İsrafil (1917-ci ildə vəfat edib) və Nuri olub.
Onların atasının Vladiqafqaz müftüsü oluğu, babasının adının Abdulla olduğu da törəmələri
tərəfindən verilən, amma dəqiqləşdirilməyə ehtiyac olan bilgilərdəndir.
Azərbaycan sevdalı Mahmud bəy hər nə qədər Türkiyədə özünü doğma mühitdə hiss etsə
də, Qafqaz nisgili, vətən həsrəti daim onun qəlbini göynədirdi. O, Karşıyakadakı evində tez-tez “Azərbaycan günü” təşkil edir, öz azərbaycanlı həmvətənlərini bir araya toplayırdı.
Dr. Mahmut Şəfqət Atalkın 1969-cu ilin 30 noyabr tarixində 89 yaşında vəfat edir və
İzmirdə Karşıyaka Soğukkuyu məzarlığında həyat yoldaşı, dalaq xərçəngi xəstəliyi səbəbindən ölümə məhkum olmuş Mahinur Atalkının (01.07.1893 – 09.06.1954) yanında dəfn olunur.
Bu barədə İstanbulda Türk Göçmən və Mültəci Dərnəkləri Federasyonu tərəfindən yayımlanan 3 aylıq “Türk Dünyası” fikir-kültür dərgisinin 1969-cu ildə işıq üzü görmüş 15-ci sayında yazılırdı: “Keçmiş Azərbaycan dövlətinin Batum baş konsulu, yoxsulların atası olaraq tanınan dürüst insan Dr. Mahmut Şevket Atalkın (Əfəndizadə) 30.11.1969 tarixində vəfat etmişdir. Tanrı məğfirət eyliyə” [Bu mənbəni mənimlə bölüşən dəyərli tədqiqatçı dostum Dilqəm Əhmədə minnətdarlığımı bildirirəm. Mahmud bəy Əfəndiyevin Türkiyədə daşıdığı soyadın məhz bu mənbə əsasında müəyyən edilməsiylə onun nəvəsi, hörmətli Mahinur Atalkın Düvənci ilə irtibat qurub, görkəmli diplomatımızın həyatının Türkiyə dövrü və ailə üzvləri barədə daha dolğun məlumatların əldə edilməsinə nail ola bildik].
Dr. M.Ş.Atalkının (Əfəndizadənin) övladları və nəvələri “ölümü ilə onları sonsuz kədərə
qərq edən” Mahmut bəyin həyatda ikən müalicəsiylə böyük diqqət və qayğı ilə məşğul olan Dr. Feridun Bilginerə, eləcə də bu məsələdə yardımlarını əsirgəməyən Dr. Yavuz Doğaner, Dr. Mesut Bayatlı, Dr. Tahsin Bor və Dr. Kemal Tanselə, eləcə də ailənin hüznünü bölüşən
dostlarına “Yeni Asır” qəzeti (1969-cu il, № 7680) vasitəsi ilə sonsuz təşəkkürlərini bildirirdilər.
Fəxri VALEHOĞLU-HACILAR
tarix elmləri doktoru,
Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri
FOTOLAR
1 a - Mahmud bəy Əfəndiyev və xanımı Mahinur Palavandova
1 b – Mahinur xanımın nişan üzüyü
2- M.Əfəndiyevin ali tibb təhsili aldığı Xarkov İmperator Universiteti
3 a – 3 b - 4 - Rusiya çarı II Nikolayın Mahmud bəyi mükafatlandırdığı qızıl
zəncirli qızıl saat
5 - Rusiya imperatorunun M.Əfəndiyevi qızıl zəncirli qızıl saatla
mükafatlandırdığını təsdiq edən şəhadətnamə (bərat)
6 - Rusiya çarının M.Əfəndiyevə hədiyyə etdiyi siqar qutusu
7 - Dr. Mahmud bəy Əfəndiyev iş otağında
8 – Konsul Dr. M.Əfəndiyevin vizit kartı
9 a – M.Əfəndiyevin Azərbaycanın Osmanlı İmperiyasının Batum şəhərində
konsulu təyin olunmasını təsdiq edən vəsiqə
9 b - 9 c – Azərbaycan Cümhuriyyəti xarici işlər naziri vəzifəsini icra edən Adil
xan Ziyadxanovun M.Əfəndiyevin konsul təyin olunması barədə Batum vilayətinin
general qubernatoruna məktubu
10 a- 10 b – Nuri Paşanın Batumda həbsdə saxlandığı “Ərdahan” kazarmasının
binaları
11 – Batumda həbsdə olan Nuri Paşa və Mürsəl Paşa ilə bağlı Azərbaycan
Cümhuriyyəti Xarici İşlər Nazirliyindən Azərbaycanın Batumdakı baş konsulu
M.Əfəndiyevə təlimat
12 – Mahmud bəy və həyat yoldaşı Mahinur xanım
13) Mahmud bəyin diplomunun notarial təsdiqinin surəti
14) M.Əfəndiyevin istifadə etdiyi resept kağızı
15) M.Əfəndiyevin İzmirdə istifadə etdiyi vizit kartı
16a - 16 b – Mahmud bəy xəstə müayinəsi zamanı...
17) M.Əfəndiyev (ayaq üstə soldan birinci) “Qızılay”ın İzmir şöbəsindəki
həmkarları ilə
18) Mahmud bəy və ailə üzvləri (soldan sağa: oğlu Niyazi, xanımı
Mahinur, qızı Fevziyyə, özü, qızı Leyla; oturan: kiçik oğlu Süleyman
Paşa)
19) M.Əfəndiyevin övladları (soldan sağa: Leyla, Niyazi, Fevziyyə,
Süleyman Paşa)
20) M.Əfəndiyev (sağdan ikinci) və qızı Leyla (soldan üçüncü)
21) M.Əfəndiyevin İzmirdə - Karşıyakadakı evində təşkil etdiyi
«Azərbaycan günü»ndən foto
22 a) Mahmud bəy Əfəndiyev və xanımı Mahinur xanım Əfəndiyeva-
Palavandova
22b) Mahinur xanım Palavandova və qızları Leyla və Fevziyyə
23) Mahmud bəyin qızı Leyla xanım valideynlərinin məzarları üstündə
dua oxurakən...
24 a – 24 b - Mahmud bəy və Mahinur xanımın məzarları
25) İzmirin Karşıyaka səmtində Dr. Mahmut Şefket Atalkın apartmanının
girişi
26) Mahmud bəy Əfəndiyevin oğlu Niyazi Atalkın və qardaşı oğlu
Məhəmmədin məzarları.
Soydas.az