Azərbaycanın Ermənistana qarşı qaldırdığı Arbitraj Bildirişi nədən ibarətdir?

image

Polad Mehdi: “Azərbaycanın qaldırdığı iddiada Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı nəticəsində kompensasiyanın ödənilməsi təşkil edir”

Azərbaycan 2024-cü il noyabr 19-da Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədinə baxılıb.

Sənədi şərh edən “Arbitrum” Vəkil Bürosunun rəhbəri, tanınmış vəkil Polad Mehdi bildirib ki, iddia sənədi, 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır:

“30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycanın enerji resursları Ermənistan dövləti tərəfindən qanunsuz istismar edilmişdir. Ermənistan hərbi güc yolu ilə Qarabağ bölgəsindəki enerji resurslarından istifadədən Azərbaycanı məhrum etməklə, Azərbaycanın enerji ehtiyatlarını öz xeyrinə istismar etmişdir.  Habelə, Azərbaycanın öz milli enerji siyasətinə və ətraf mühitlə bağlı öhdəliklərinə uyğun olaraq enerji ehtiyatlarını daha da inkişaf etdirmək imkanından məhrum etməklə, 1994-cü il Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn fundamental prinsiplərini də kobudcasına pozmuşdur. Artıq bu istiqamətdə Azərbaycan tərəfindən 27 fevral 2023-cü il tarixində Ermənistanın Enerji Xartiyası Müqaviləsinin müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə dövlətlərarası iddia qaldırılmışdır”.

Polad Mehdi qeyd edib ki, Azərbaycan tərəfindən təqdim edilən arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib:

“Qeyri-qanuni işğal dövründə Ermənistan, Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxış və onları inkişaf etdirmək imkanlarından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün zəbt edib. Azərbaycanın Qarabağ bölgəsində mövcud zəngin su, külək və günəş enerjisi ehtiyatlarından istifadəsinin də qarşısı alınıb.

Məhkəmə prosesi Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında həyata keçirilir. İddianın əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı nəticəsində kompensasiyanın ödənilməsi təşkil edir”.

Soydas.az

Paylaş:

Xəbər lenti