Ailənin "arxeologiyası"

image

“Arxeologiya” yunan sözüdür. Keçmişi, tarixi maddi mənbələr əsasında öyrənən elm sahəsidir. Elm kimi isə XIX əsrdən formalaşmağa başlayıb. İnsanların geologiyaya olan marağı arxeologiyanın da meydana çıxmasına zəmin yaratdı.

Bu günkü mövzumuz təbii ki, arxeologiyanın inkişaf tarixi ilə bağlı deyil. Bu günkü yazımda mən daha çox ailə “arxeologiyası”na toxunmaq, onun dərin qatlarına enmək, daha dəqiq desək,bu mövzu üzərində “arxeoloji qazıntı” aparmaq niyyətindəyəm.

Bütün Şərqdə, eləcə də Azərbaycanda ailə institutu toxunulmaz, müqəddəs ali dəyər kimi qəbul edilir. Yeni ailələrin qurulması böyük sevincə səbəb olur. Demək olar ki, əksər valideynlərin ən böyük arzusu övladlarının ən xoş günü olan toyunu görmək olur.

Bu gün ibtidai dövr adlandırdığımız zamana təkrar qayıtsaq, təbii ki bu günkü ailə modeli ilə rastlaşmarıq. İbtidai icma dönəmlərində daha çox qarışıq münasibətlər və qarışıq əlaqələr mövcud olmuşdur.

Miladdan 12 min il əvvəl Anaxaqanlığı (Matriarxat) dövrü meydana gəldi. Bu dövr ictimai-siyasi məsələlərdə qadınların üstünlük təşkil etdiyi bir cəmiyyəti təmsil edir. Həmin vaxtlarda kişilər ov edəndə, ova gedəndə qadınlar ocağı qoruyurdu, uşaqlara baxırdı. Qadın nəsil artımına xidmət edən əsas fiqur kimi qəbul edilirdi. O həm də yığıcılıqla məşğul olurdu. Bu gün də qadınlar daha çox özləri ilə iri çantalar daşıyırlar. Bu qadınların həmin yığıcılıqdan qalan köhnə vərdişləridir.

Qadınlar həm də, ilk kəndlərin yaradıcısı, ilk dulusçular və toxucular olub.

Zamanla kişi əməyinin önə keçməsi, daha ağır işləri  icra etmələri kişilərin  rolunu cəmiyyətdə daha çox yüksəldib. Beləliklə, Ataxaqanalığı (patriarxat) adlandırılan dövr də beləcə başlayıb. Bu dövr isə hələ də davam etməkdədir.

Bir məsələyə də nəzər salaq; qədim dövrdə ailələr romantik sevgi üzərində qurulmurdu. Əsas fikir verilən məsələ, sağlam nəsil və iqtisadi məsələlər olmuşdur. Qadının daha sağlam olması, onun daha sağlam uşaq dünyaya gətirməsi kimi qəbul olunurdu. Kişinin də ailəni dolandıra bilməsi, ailəni qoruması əsas götürülürdü. Hətta, Yaxın Şərqdə çoxarvadlılığın geniş yayılmasının iqtisadi əsasları da olub. Belə ki, artan əkin sahələrində çalışmaq üçün daha çox işçi qüvvəsinə ehtiyac olurdu. Və bəzən bu ehtiyac da bir neçə nigahın bağlanmasına yol açırdı.  

Müasir dövrdə isə ailənin romantik sevgi üzərində qurulmasının üzərində daha çox dayanılır. Əslində, ailəyə ittifaq kimi baxmaq lazımdır. Bir yerdə nikah bağlanırsa, demək ki, burada qarşılıqlı vəzifə və öhdəliklər də meydana çıxır. Dünyaya gələcək körpənin daha yaxşı, təhlükəsiz və təmin olunmuş şəraitdə yaşaması üçün ailə quranlardan da çox şey asılıdır.

Psixologiya deyir ki, insan şüuraltı olaraq özü üçün ən uyğun insanı seçir, ona istiqamətlənir. Yəqin ədəbiyyatda buna “sevgi” deyib, ona bədiilik qatırlar. Məncə, nikah və sevgi haqda ən yaxşı fikri Höte deyib. O deyirdi ki, sevgi ideal, nikah isə realdır. Onların qarışdırılması cəzasır ötüşmür.

 Bu gün ailələr daxilində yaranan problemlərin çox məhz buradan qaynaqlanır. Bəli, qədim dövrdə insanlar daha praqmatik düşünürdü, həyata real yanaşırdı və hadisələri daha doğru qiymətləndirə bilirdi. Bu günlə bağlı gerçəkliklər isə artıq göz qabağındadır.

Sabah necə olacaq? Bunu isə zaman göstərər...

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

 

Soydas.az

Paylaş:

Xəbər lenti