Nəriman Nərimanov: “Mən yol vermərəm ki, Qarabağ erməni tapdağı altında qalsın"
Nəriman Nərimanov: “Mən yol vermərəm ki, Qarabağ erməni tapdağı altında qalsın"
4 iyul 1921-ci ildə keçirilən RK (b) P MK-nın Qafqaz bürosunun iclasında Qarabağ məsələsi müzakirə olunur.
Protokoldan:
a) Qarabağı Azərbaycanın tərkibində saxlamaq. Lehinə səs verənlər: Nərimanov, Maxaradze, Nazaretyan. Əleyhinə: Orconikidze, Myasnikov, Kirov Fiqatner.
b) Qarabağın dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək. Lehinə: Orconikidze, Myasnikov, Kirov, Fiqatner.
v) Yoldaş Nərimanovun bəyanatı: Qarabağ məsələsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq onun son həllini RKP MK-ya keçirməyi vacib hesab edirəm.
Qərar: Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək. Qarabağ haqqındakı məsələ ciddi fikir ayrılığına səbəb olduğuna görə RKP MK Qafqaz bürosu onun son həllini RKP MK-ya keçirməyi vacib sayır”.
Nərimanov bütün sərtliyi ilə Stalinə və Orconikidzeyə müraciət edir: “Mən yol vermərəm ki, Qarabağ erməni tapdağı altında qalsın. Bu gecə mən ya Qarabağı qaytaracağam, ya da məsələni başqa cür həll edəcəyəm”.
Görünür ki, o gecə Nərimanova Leninlə əlaqə yaratmaq və onun razılığını almaq müyəssər olub, yoxsa ertəsi gün Qafqaz bürosu başqa qərar çıxarmazdı.
Protokoldan: Dinlənildi: Qarabağ haqqında ötən Plenumda çıxarılmış qərarın nəzərdən keçirilməsi haqqında Orconikidze və Narazetyanın qaldırdığı məsələ. Qərara alındı: müsəlmanlar və ermənilər arasında milli barışığın vacibliyini və Dağlıq Qarabağın və Aran Qarabağın iqtisadiyyatının bağlılığını, onun Azərbaycanla daimi əlaqəsini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, ona Muxtar Vilayətin tərkibinə daxil olan inzibati mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilsin.
Anar, "Nəriman Nərimanovun faciəsi" məqaləsindən.
Soydas.az