Qardabanidə tələbələrə sertifikatlar təqdim olunub

image

Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə tədris ilinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Soydas.az xəbər verir ki, tədbirdə tədris ilini uğurla başa vuran 220 tələbə və şagirdlərə sertifikatlar təqdim olunub.

Mərkəzin direktoru Çiçək Hüseynova çıxışında 2023-cü ilin sentyabr ayında fəaliyyətə başlayan mərkəzdə 300-ə yaxın tələbə və şagirdin Azərbaycan, gürcü və ingilis dilləri, eləcə də rəsm, musiqi üzrə təhsil aldığını, bilik və bacarıqlarını artırdıqlarını söyləyib.

Mərkəzinin təsisçisi Raul Əliyev bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin  dəstəyi və layihələri çərçivəsində fəaliyyətə başlayan Mərkəz artıq cəmiyyətdə böyük nüfuz qazanıb. Mərkəzdə gənclərin keyfiyyətli təhsil almaları, bilik və bacarıqlarını artırmaları üçün hər cür şərait yaradılıb. O, göstərilən dəstəyə və qayğıya görə, Azərbaycan dövlətinə minnətdarlıq edib.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov çıxışında Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb. Gəncləri daha yaxşı oxumağa, təhsil almağa dəvət edən diplomat təhsilin insanların inteqrasiyasında mühüm rol oynadığını deyib.

Qafqaz  Müsəlmanlar İdarəsinin Gürcüstandakı nümayəndəsi Məhəmməd Şamilov, fəlsəfə  elmləri doktoru Aygün İsayeva, “Maarif” qəzetinin redaktoru Ələddin Qarabağlı, Mərkəzin Azərbaycan dili müəllimi Sevda Şahverdiyeva çıxış edərək gənclərə  uğurlar arzulayıblar.

Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyin əməkdaşı Cavid Məhərrəmov, Qardabani merinin müavini Fuad Mirzəyev, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov, ziyalılar və valideynlər iştirak ediblər.  

Soydas.az

Paylaş:

Xəbər lenti