“Portfelsiz nazirlər” və ya üçüncü sektorun durumu
“Portfelsiz nazirlər” və ya üçüncü sektorun durumu
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edərkən prezident İlham Əliyevin Azərbaycanda ictimai nəzarətin vacibliyini ciddi şəkildə vurğulaması ilk növbədə QHT-lərin və mətbuatın rolunu diqqət mərkəzinə gətirdi. Bəli, çünki yarandığı gündən məhz bu iki təsisatın - sonunucunun funksiyası insanlara informasiya çatdırmaqdırsa, QHT-lərin (Qeyri-Hökumət Təşkilatlarının) işi isə birbaşa ictimai nəzarəti həyata keçirmək olub. Məhz bu səbəbdən təsadüf deyil ki, vətəndaş cəmiyyəti institutlarını üçüncü, KİV-i isə dördüncü hakimiyyət adlandırılıb.
Elə isə gəlin öncə dövlət başçısının çıxışındakı detalları bir daha xatırlayaq: “Məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır. Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik”.
Dövlət başçısının qeyd etdiyi kimi, İctimai nəzarət olmadan ölkəmiz uğurla inkişaf edə bilməz. Nöqsanların aradan qaldırılmasında ictimaiyyətin rolu, VC insultlarının fəaliyyəti daha aktiv olmalıdır. Əgər belədirsə, o zaman birbaşa funksiyası ictimai nəzarət olan Qeyri-Hökumət təşkilatlarına niyə bəzi məmurlar, dövlətdən kənar qurum kimi təqdim etməyə cəhd edirlər. Axı qeyri-dövlət olmaq heç də, dövlətinin, Vətəninin qarşısında olmaq demək deyil. Əksinə ictimai nəzarəti yerinə yetirən VC institutlarının əsas qayəsi dövlətin və cəmiyyətin inkişafına töhfə verməkdir.
Xüsusilə uzun müddət müharibə şəraitində olmuş və 44 günlük Vətən müharibəsindən sonra hazırda postmüharibə dövrünə qədəm qoyan Azərbaycana gücü VC institutları - QHT-lər, beyin mərkəzləri lazımdır. Çünki döyüş meydanda bitib, dəyirmi masalarda, kürsülərdə, beynəlxalq təşkilatlarda isə davam edir. Azərbaycanın dünya ictimaiyyətinə açıq olması, Qarabağda yalnız ermənilərin deyil, istənilən Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin olunması, azərbaycanlıların ermənilərin dünyaya sırımağa çalışdığı kimi heç də “barbar” olmadıqları, əksinə tolerant, qədim mədəniyyətə məxsusluğunu təbliğ etməyə start vermişik. Bu isə bir diplomatiyadır. Hansı ki, burda yalnız dövlət başçısı yox, hamı öz sahəsində üzərinə düşən vəzifəni layiqinə yerinə yetirməldir. Əks təqdirdə, o torpaqları qanı ilə, canı ilə düşmən pəncəsindən azad etmiş şəhidlərimizin ruhu qarşısında boynumuz bükük qalar.
Qısacası, bu gün VC insultlarımızın əsas rolu, dövlətin, prezidentin publik olaraq deməyi məqsədə uyğun sayılmayan məsələləri beynəlxalq kürsülərdə səsləndirməkdir. Çünki bu sektor vətəndaş təşəbbüsünü ifadə etdiyindən, sərbəst sürətdə vacib mesajları dünya birliyinə çatdırmaq səlahiyyətindədir və bu davranış beynəlxalq miqyasda doğru qəbul olunur. Bu təşəbbüslərə isə əvvəlki illərdən fərqli olaraq indi daha çox ehtiyac var. Çünki ölkəmizə qarşı qərəz, ikili standart, bəzi dövlətlərin, beynəlxalq təşkilatlar dili ilə daha tez-tez səslənir. Belə olduğu halda biz niyə qeyri -hökumət təşkilatlarında digər sahələr kimi islahatlar apararaq, daha da gücləndirib, onların milli maraqların müdafiəsi istiqamətində fəaliyyətində maraqlı olmayaq?
Qarabağda gedən quruculuq işlərində QHT-lərin imkanlarından istifadə etməyək? Axı bu bir reallıqdır ki, güclü VC institutlarının səsi ölkə hüdudlarından kənarda daha ciddi qəbul qəbul olunur, nəinki hər hansı bir qurumun və ya məmurun QHT-yə yönəlik nümayiş etdirdiyi inad. Təəssüf ki, buna inaddan başqa ad vermək olmur.
Onsuzda 2014-cü ildən QHT-lərin xarici donorlara çıxışını məhdudlaşdıran qanun qəbul edildikdən sonra fəaliyyəti iflic vəziyyətə düşmüş bu təsisatın yeganə ümid yeri QHT-lərə Dövlət Dəstəyi Agentliyi olsada, burda vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, 19 aprel 2021-ci il tarixində cənab Prezidentin fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradıldı, fərmanda bu qurumun 3 ay müddətində fəaliyyətə başlaması üçün zəruri şəraitin, binanın, işçi heyətin və maliyyənin ayrılması nəzərdə tutulsa da, havadanmı, küləkdənmi hələ də bu istiqamətdə bir tərpəniş müşahidə olunmur. Qurumun Müşahidə Şurasının üzvləri “portfelsiz nazirlər” kimi hökumətlə, QHT-lərin arasında keçid zonasında fəaliyyət göstərməyə vadar ediliblər.
Bəs buna səbəb nədir? Siz də, biz də bilirik ki, burada ucsuz-bucaqsız səbəblər göstərə bilərik. Ancaq unutmayaq, hər hansı QHT-nin, KİV-in doğru işləməməsi, satqın olması heç də hamının belə olması demək deyil. Necə ki, büdcəni talayaraq bu gün dəmir barmaqlıqlar arxasında olan məmurların işləri digərlərinin adına yazılmadığı kimi. Bəli bütün sahələrdə nəfsinə dayan deyə bilməyənlər var. Kimsə bunu inkar etmir. Yalnız QHT-də deyil, media kapitanları, nazirlər, məmurlar, təhsil, səhiyyə, qısası bütün sahələrdə “pulsevərləri” görmək olar. Ancaq bir-iki yaşın oduna bir meşəni yandırmaq çox böyük məsuliyyətdir. Bunun hesabını vermək o qədər də asan olmayacaq.
Vüsalə Hüseynli
İslahatçı Qadınlar və İnnovasiyalar İB-nin sədri
Soydas.az