Gürcüstanda yaşayan soydaşlarımız anım tədbiri keçirib
Gürcüstanda yaşayan soydaşlarımız anım tədbiri keçirib
Gürcüstanda yaşayan soydaşlarımız 35 il əvvəl - 1989-cu ilin 9 Aprelində həmin ölkədə baş vermiş ağır faciə ilə əlaqədar olaraq anım tədbirləri keçiriblər.
“Rustavi Təhsil və İnteqrasiya Mərkəzi”ndə təşkil olunmuş tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına Gürcüstanın azadlıq mübarizəsi və qanlı faciənin xronologiyası haqqında ətraflı məlumat verilib. 21 nəfərin həlak olması, yüzlərlə insanın yaralanması ilə nəticələnən 9 Aprel faciəsinin gözlənilənin əksinə gürcü xalqının azadlıq istəyini daha da artırdığı bildirilib. Şair-publisist Rafiq Hümmət 9 aprelin Gürcüstanın ictimai-siyasi həyatında silinməz izlər qoyduğunu, bu tarixin təkcə müstəqillik uğrunda həlak olanların xatirə günü kimi yox, eyni zamanda Milli Birlik Günü kimi qeyd olunduğunu vurğulayıb.
“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə keçirilmiş anım tədbirində də ilk olaraq Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib, daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Çiçək Hüsüeynova tədbir işitrakçılarına 9 aprel hadisələri ilə bağlı məlumat verib. O, 35 il əvvəl Tbilisinin mərkəzində baş vermiş faciəvi hadisələrin Gürcüstanın müstəqillik mübarizəsində çox böyük rol oynadığını bildirib. Daha sonra Mərkəzin tarix müəllim Əvəzxan İsayev eyni dövrə təsadüf edən 20 yanvar və 9 aprel haqqında məlumat verərək bildirib ki, bu hadisələr azadlığa, müstəqilliyə can atan xalqlarımızın mübarizliyini, məğrurluğunu bütün dünyaya bir daha nümayiş etdirib.
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi” (GAİM), “İnkişaf və Təhsil Mərkəzi” və “Parlaq Gələcək Gənclər Mərkəzi”ni təmsil edən gənclər isə Marneuli bələdiyyəsinin Alget kəndində 9 Aprel və 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Gənclər faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edib, abidənin önünə qərənfillər düzüblər. GAİM-in icraçı direktoru Murad Muradov 9 Aprel və 20 Yanvar hadisələri, SSRİ-nin süqutu, Azərbaycan, Gürcüstan və digər xalqların müstəqillik uğrunda mübarizəsi, keçmiş sovet ordusunun bu xalqların mübarizə əzmini qırmaq üçün törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verib. Gənclərin diqqətinə çatdırılıb ki, SSRİ rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq Azərbaycan və gürcü xalqları öz müstəqilliklərinə yenidən qovuşmağa müyəssər olublar.
Soydas.az