"Soydaş" üzvləri Şuşada...
"Soydaş" üzvləri Şuşada...
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrup Şuşa şəhərinə səfər edib. Səfər “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşıb. Xatırladaq ki, iyulun 27-də Komitənin təşkilatçılığı ilə diaspor nümayəndələrinin Şuşa şəhərinə ilk səfəri təşkil olunmuşdu.
Bu günkü birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi-memarlıq incilərini, erməni vandalizminin sübutu olan “Güllələnmiş heykəllər”in olduğu meydanı, iki qardaş ölkəni bir-birinə sıx tellərlə bağlayan Şuşa Bəyannaməsinin imzalandığı yeri, Şuşa qalasının üç əsas qapısından biri olan Gəncə qapısını, qədim tarixə malik Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini, Mehmandarovların evini, Xurşidbanu Natəvanın evini, Cıdır düzünü və digər tarixi əhəmiyyətli yerləri ziyarət ediblər.
Tədbirdə “Soydaş” İctimai Birliyi İdarə Heyətinin üzvü Namiq Veysəl və Birliyin NTK üzvü Əziz Mursaqulov da iştirak edib. Birlik üzvləri səfərin təşkilatçılarına minnətdarlıq bildirərək, qeyd ediblər ki, bu cür səfərlərin təşkili diaspor təşkilatları arasında birlik və bərabərliyi sağlamaqla yanaşı, onların gələcək fəaliyyətlərinin əsas istiqamətlərini müəyyənləşdirmələrində də öz müsbət təsirini göstərir.
Soydas.az