Gürcüstanda 20 Yanvar şəhidinin məzarı ziyarət olunub
Gürcüstanda 20 Yanvar şəhidinin məzarı ziyarət olunub
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə yanvarın 19-da Bolnisi rayonunun Faxralı kəndindən olan şəhid İlqar Hümbət oğlu Əhmədovun xatirəsi anılıb, məzarı ziyarət olunub.
Soydas.az "Report"un yerli bürosuna istinadən xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları Eldar Bayramov, Ramel Lətifov, Elyar Məmmədzadə, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusifov, eləcə də şəhidin orta təhsil aldığı Faxralı orta məktəbinin (hazırda Arif Əliyev adına tam orta məktəb) kollektivi iştirak ediblər.
Səfirliyin müşaviri Eldar Bayramov bildirib ki, şəhidlərin xatirəsi hər zaman milli iftixar hissi ilə anılır. Onların ailələrinin qayğıları diqqətdə saxlanılır.
Qeyd edilib ki, 20 Yanvar faciəsi həm də, Azərbaycanın şanlı tarixinin qəhrəmanlıq səhifəsidir: "Şəhidlər bizim qürur mənbəyimizdir və onların əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq".
Səfirliyin məsul əməkdaşı Ramel Lətifov Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizəsindən danışıb. O bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra İ.Əhmədov və bütün şəhidlərin ruhu rahatlıq tapıb: "İşğal olunan torpaqların azad edilməsi həm də 20 Yanvar şəhidlərinin qanının alınması demək idi".
Kənd sakinləri adından çıxış edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva deyib ki, Qanlı Yanvar faciəsindən 34 il keçsə də, Azərbaycan müstəqillik uğrunda canlarından keçən övladlarını unutmur.
Sonra səfirliyin əməkdaşları, ziyalılar Bolnisi rayonu Kəpənəkçi kəndindən 20 Yanvar şəhidi Tengiz Məmməd oğlu Turabovun ailəsini ziyarət ediblər.
Qeyd edək ki, İ.Əhmədov 1990-cı il yanvarın 20-də şəhid olub. Onun nəşi anasının xahişi ilə Gürcüstana gətirilərək doğulduğu Faxralı kəndində torpağa tapşırılıb. Səfirlik adından şəhid ailələrinə ərzaq yardımı edilib.
Soydas.az