İRANDA BAYRAQ MƏSƏLƏSİ

image

İranda keçirilən rəsmi görüşlərdə, tədbirlərdə bayrağımıza qarşı sayğısızlıq, biganəlik, görməzdən keçilməsi, "unudulması" və ya tərsinə asılması halları ilə zaman-zaman mətbuatda, sosial şəbəkələrdə informasiyalara rast gəlirik...

Bu günlərdə Milli Məclisimizin spikeri İranın yeni "Rəisi-Cümhur" seçilmiş İ.Rəisi ilə görüşdə də eyni, ənənəvi hal təəssüf ki, təkrarlandı... Spiker xanım "Rəisi-Cümhurun" qəbul otağına daxil olarkən bayrağımızın yoxluğu şübhəsiz ki, diqqətini cəlb edib. Nə etməli idi? Bayraq qəbul otağına gətirilənə qədər görüşü dayandırmaqmı? Yoxsa məmur diqqətsizliyinə qarşı iradını bildirməli idi? Bəlkə, görüşdə bayrağın layiqli yerini alması üçün öncədən protokolda öz əksini tapması zərurəti diqqətdə saxlanılmalıydı?! Bütün hallarda diplomatik mübahisələrə yol açılırdı... Əhəmiyyət verməmək, görməzdən keçmək isə mümkünsüzdür. ...Ona da əminik ki, bu "kiçik" məsələ yüksək səviyyədə həllini tapmasa davamlı olaraq təkrarlanması ehtimal yüksəkdir.

Tehranda buna bənzər hadisə ilə mən də rastlaşmışam. 15 il əvvəl (Bu rəqəmi hadisənin şahidi olan Arif Buzovnalı ilə dəqiqləşdirdim) Tehran şəhərində keçirilən beynəlxalq konfransa dəvət aldım. Azərbaycandakı İran Səfirliyinin Mədəniyyət Mərkəzindən yola düşərkən həmkarlarımın əksəriyyətinin ali məktəblərdə müəllim işlədikləri bəlli oldu. Konfransa gedən qrupun rəhbəri təyin edildim. Tehranda Azadi Mehmanxanasının Konfrans zalında yerlərimizi tutduqdan sonra 15-dən çox ölkədən beynəlxalq tədbirə nümayəndə dəvət olunduğunu müşahidə etdik. Həmkarlarımdan biri mənə dərhal sual verdi ki, Asif müəllim, niyə Azərbaycanın bayrağı bu düzülmüş bayraqların arasında yoxdur? Doğurdan da Qazaxstan, Qırğızstan, Tacikstan, İraq, Pakistan, Ukraina respublikalarının, hətta uzaq Malaziyanın bayraqları Rəyasət Heyətinin önündə düzüldüyü halda Azərbaycanın bayrağı "unudulmuşdur". Həmkarımı üzləşdiyimiz vəziyyətə görə məyus etməmək üçün ona dedim ki, orada konfransın təşkilatçısı olan ölkələrin bayraqları düzülüb, biz isə təşkilatçı yox, iştirakçıyıq... Az qala cavabıma özüm də inanmışdım ki... bir nəfər mənə yaxınlaşaraq Rəyasət Heyətində əyləşməyə dəvət etdi. Həmkarlarım üzümə baxdı... Konfransın təşkilatçısına bildirdim ki, Azərbaycan bayrağı zala gətirilib layiqli yerinə qoyulmasa mən Rəyasət Heyətində əyləşmək səlahiyyətinə malik deyiləm. Cavabım təşkilatçını razı salmasa da, o məsləhətləşmək üçün bizdən uzaqlaşdı. Mötəbər nümayəndələr öz yerlərini tutmuşdu... Tədbirin açılışı gecikirdi... Zalda gərginliyin yarandığı müşahidə olunurdu. Rəyasət Heyətində bir stulun boş qalması hamının diqqətini cəlb etmişdir. Təşkilatçı yenə mənə yaxınlaşıb təkid edəndə artıq diqqət mərkəzində idim. O az qala yalvarırdı ki, mən RH-da əyləşim, iclas başlasın, fasilədən sonra mütləq Azərbaycan bayrağı zala gətiriləcək. Mən isə inadımdan dönmürdüm. Azərbaycan vətəndaşı kimi tələbimi düzgün hesab edirdim və hərəkətimə görə heç bir qurum qarşısında məsuliyyət daşımırdım.

Hətta problem yaratmamaq üçün təşkilatçıya məsləhət gördüm ki, digər ölkənin nümayəndəsini RH-yə dəvət etsin. Razılaşmadı... Əsəblər gərginləşdi... Hamının diqqəti bizdə idi... Gözlənilmədən xanım həmkarlarımdan biri çantasından Azərbaycan bayrağı və xəritəsi toxunmuş yığcam həcmli xalçanı çıxarıb göstərərək dedi: Asif müəllim, bu xalça ora qoyulsa RH-də əyləşərsinizmi? Bayraq məsələsinin müvəqqəti həlli tapılmışdı... Təşkilatçının gözləri güldü... Fasilədən sonra isə həqiqətən Azərbaycan bayrağını gətirib İranın və Türkiyənin bayraqlarının arasına qoydular.

...Mübahisə onunla yekunlaşdı ki, konfransın fasiləsində Tehran televiziyasında müsahibə verməyə dəvət olundum. Arif Buzovnalı ilə 35 dəqiqəlik canlı efirdə aparıcının radikal, təhrikçi suallarını iki ölkənin tarixi, ədəbiyyatı, mədəniyyəti kontekstində cavablandırmalı olduq.

Vətənə qayıtdıqdan sonra bu şəkilləri mənə göndərən İqtisad Universitetinin müəllimi Sənəm xanıma (Təəssüf ki soyadını unutmuşam. Tanıyanlar məlumat versə çox şad olaram) dərin təşəkkürlərimi bildirirəm.

...İkinci şəklə diqqətlə baxılsa bayraqlar arasındakı məsafə, smetriya məhz Azərbaycan Bayrağının sonradan gətirildiyi üçün qoyulduğu yerdə pozulmuşdur.

Bayrağımız şərəfimizdir! Bu məsələdə güzəşt üçün limit mövcud deyildir.

 

Asif Rüstəmli

filologiya elmləri doktoru, professor

 

Soydas.az

Paylaş:

Xəbər lenti