Gürcüstan azərbaycanlıları qeyri-milli soyad sonluqlarından imtinaya hazırlaşır
Gürcüstan azərbaycanlıları qeyri-milli soyad sonluqlarından imtinaya hazırlaşır
Gürcüstan parlamentinin Prosedural Məsələlər və Qaydalar Komitəsi ölkənin etnik azərbaycanlı vətəndaşları tərəfindən yaradılmış təşəbbüs qrupunun qeydiyyatdan keçirilməsi məsələsini dəstəkləyib. Xatırladaq ki, bəhs edilən təşəbbüs qrupu qeyri-milli soyad sonluqlarından (-ov, -yev və. s.) imtina edərək milli soyad sonluqlarının bərpasını istəyən etnik azərbaycanlılar tərəfindən yaradılıb. Təşəbbüs qrupunun nümayəndələri bildiriblər ki, müvafiq qanun layihəsi hazırlanaraq, azı 2500 seçicinin təşəbbüsü ilə parlamentə təqdim ediləcək.
Məlumat üçün deyək ki, 30 illik müstəqillik tariximizdə Azərbaycan soyadlarının milli idenfikasiya məsələsi dəfələrlə müzakirə müstəvisinə çıxarılıb. Təkcə dövlətimizin deyil, həm də soyadlarımızın imperiya əsarətindən xilas olması məqsədilə bir sıra addımlar atılıb. Buna rəğmən, “ov” və “ev”lərdən xilas olanlarımızın sayı həddindən artıq azdır. Statistikaya görə, bu günə kimi azərbaycanlıların 80 faizi “ov”, “ev” soyad sonluqlarını daşımaqdadır. Görünən odur ki, proses kütləvi deyil, fərdi şəkildə, özü də çox ləng davam edir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Şərq”ə deyib ki, Gürcüstanda, xüsusən Borçalıda yaşayan azərbaycanlıların qeyri-milli soyad sonluqlarından imtina ilə bağlı təşəbbüs qrupu yaratması təqdirəlayiq haldır. Alim qeyd edib ki, Gürcüstandakı soydaşlarımız belə bir təşəbbüslə çıxış etməklə, həm də öz milli varlıqlarını ortaya qoyurlar:
“Ümid edirik, Gürcüstan parlamenti soydaşlarımızın təşəbbüsünü müsbət qarşılayacaq. Bütün postsovet ölkələrində yaşayan soydaşlarımız eyni düşüncədə olmalıdır. Azərbaycanda bu məsələnin hələ də öz həllini tapmaması daha çox biganəlik və etinasızlıqla bağlıdır. Söhbət bu işi həyata keçirənlərdən gedir. Milli soyadların tətbiq olunması prosedurunu daha dəqiq addımlarla reallaşdırmaq mümkündür. Ancaq diqqət yetirəndə görürük ki, prosesi yürüdən şəxslərin özlərinin soyad sonluğu qeyri-millidir. Bunun səbəbi hələ də sovet təfəkküründən, həmin dövrün şüurundan xilas olmamaqla bağlıdır”.
Türkoloq Gürcüstandakı soydaşlarımızın təşəbbüsünün bizə də stimul olmasını arzulayıb:
"Əgər qonşu ölkədə yaşayan azərbaycanlıların təklifi parlamentdən keçərsə, bu addım bizim üçün gözəl örnək təşkil edəcək. Bəlkə o zaman Azərbaycanda proses sürətlənər. Biganəlik və məsələyə barmaqarası yanaşma ortadan qalxar. Hər şey bu işi həyata keçirənlərin iradəsindən asılıdır. Görünür, “ov, yev” sonluqlarının qalmasında maraqlı olan, bunu təbliğ edən “5-ci kalon” nümayəndələri iş başındadır. Ancaq əvvəl-axır bu proses başlanmalıdır. Əsas odur ki, bürokratik əngəl olmasın və prosedur mümkün qədər sadələşdirilsin. Azərbaycanda milli ruh dirçəlir, daha üst səviyyəyə qalxır”.
Soydas.az