Borçalıya münasibətdə siyasi məsuliyyət və obyektivlik unudulmamalıdır

 

image

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk politoloq Mübariz Əhmədoğlunun Gürcüstan azərbaycanlıları, xüsusilə Borçalı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, bu cür ümumiləşdirici yanaşmanı məsuliyyətsiz hesab edərək, illərdir siyasi prosesləri təhlil edən bir şəxsin belə mövqedən çıxış etməsinin təəssüf doğurduğunu qeyd edib.

Elnur Eltürkün fikrincə, İranın Borçalıya yönəlik maraqları və bu bölgədə öz siyasi təsir imkanlarını genişləndirmək cəhdləri danılmazdır. Tehranın maraqlarına uyğun qüvvələrin formalaşdırılması istiqamətində müəyyən fəaliyyət göstərdiyi də diqqətdən kənarda qalmamalıdır. Ancaq ayrı-ayrı qüvvələrin və ya şəxslərin fəaliyyəti əsasında bütöv bir icma haqqında hökm vermək nə obyektiv təhlilə, nə də siyasi məsuliyyətə sığır.

Ekspert hesab edir ki, mürəkkəb siyasi prosesləri araşdırarkən emosiyalara deyil, faktlara və reallıqlara söykənmək lazımdır. Çünki hər hansı xarici təsir cəhdinin mövcudluğu həmin bölgədə yaşayan insanların hamısına eyni münasibəti bəsləməyə əsas vermir.

Eltürk Borçalı insanının xarakterinə, milli kimliyinə və Azərbaycanla bağlılığına diqqət çəkib. Onun sözlərinə görə, bu insanlar mərdliyi, zəhmətkeşliyi, milli dəyərlərinə sədaqəti və Azərbaycana olan sevgiləri ilə seçilirlər. Ekspert özü də dəfələrlə Borçalıda olduğunu, yerli əhalinin Azərbaycanla bağlı məsələlərə necə həssas yanaşdığının canlı şahidinə çevrildiyini bildirib.

O, bu bağlılığın yalnız sözlə ifadə olunmadığını, konkret ictimai fəaliyyətlərdə də özünü göstərdiyini xatırladıb. Nümunə kimi 2023-cü il dekabrın 24-də Marneulidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan-Gürcüstan arasında mədəni əlaqələrin inkişafı” mövzusunda keçirilən konfransı göstərib.

Türk Ağsaqqalları Birliyi (TAİB) və Gürcüstanda fəaliyyət göstərən İnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə reallaşan tədbir yerli əhalinin böyük marağına səbəb olub. Yüzlərlə insanın iştirak etdiyi konfrans Borçalı azərbaycanlılarının tarixi köklərinə, milli-mənəvi dəyərlərinə və Azərbaycanla əlaqələrə münasibətini nümayiş etdirən mühüm hadisələrdən biri olub.

Elnur Eltürk hesab edir ki, Borçalı haqqında danışarkən bu bölgənin tarixi, ictimai-siyasi reallıqları və insanlarının milli kimliyi nəzərə alınmalıdır. Ayrı-ayrı siyasi qrupların və ya şəxslərin fəaliyyəti bütöv bir xalqın, icmanın adına yazıla bilməz.

Borçalıya münasibətdə ən vacib prinsip də məhz budur: siyasi prosesləri təhlil etmək olar, xarici təsir cəhdlərini araşdırmaq lazımdır, ancaq bütün bunlar yüzillik tarixi, milli yaddaşı və Azərbaycan sevgisi olan bir toplum haqqında əsassız qənaətlər formalaşdırmağa əsas verməməlidir.

Soydas.az

Paylaş:

Xəbər lenti