Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin bəyanatı

image

Son günlər özünü politoloq kimi elan edən Mübariz Əhmədoğlunun sosial şəbəkələrdə Gürcüstanda yaşayan azərbaycanlılarla, bağlı səsləndirdiyi fikirlərlə tanış olmuşuq.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbərliyi adıçəkilən şəxsin səsləndirdiyi fikirləri qətiyyətlə pisləyir və bu cür ümumiləşdirilmiş, təhqiramiz yanaşmanı Gürcüstanda yaşayan hər bir azərbaycanlı üçün qəbuledilməz hesab edir. İctimai-siyasi prosesləri təhlil edən, özünü politoloq kimi təqdim edən şəxsin bütöv bir xalqın ünvanına bu cür məsuliyyətsiz ifadələr işlətməsi ciddi təəssüf doğurur.

Bildirmək istəyirik ki, Gürcüstan azərbaycanlıları hər zaman Azərbaycanı öz mənəvi vətənləri hesab etmiş, Azərbaycan Respublikasının dövlətçiliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişlər. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində soydaşlarımız Azərbaycanın haqq mübarizəsində iştirak etmiş, bu yolda şəhidlər vermişlər. Bu gün Borçalıda və Gürcüstanın digər bölgələrində Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanlarımızın valideynləri, ailə üzvləri və yaxınları yaşayır. Belə bir icmanın ünvanına səsləndirilən təhqiramiz fikirlər, eyni zamanda, şəhid ailələrinə, onların valideynlərinə və xatirəsinə qarşı dərin hörmətsizlikdir.

Digər tərəfdən, Gürcüstan azərbaycanlıları minilliklərdir bu torpaqlarda yaşayan, yaradan, ölkənin ictimai, iqtisadi, mədəni və siyasi həyatına töhfə verən bir xalqdır. Onlar Gürcüstanı öz vətənləri bilir, onun dövlətçiliyinə, ərazi bütövlüyünə və inkişafına hörmətlə yanaşırlar. Azərbaycanlı icması Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsidir və iki ölkə arasında dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır.

Əlbəttə, hər bir bölgədə və cəmiyyətdə müxtəlif maraqlara xidmət edən ayrı-ayrı şəxslər və kiçik qruplar ola bilər. Xarici dövlətlərin maraqlarına uyğun fəaliyyət göstərən, dini və ya digər amillərdən istifadə edən müəyyən qrupların mövcudluğu bütöv bir icmanın mövqeyi kimi təqdim edilə bilməz. Ayrı-ayrı şəxslərin və qüvvələrin fəaliyyətini yüz minlərlə Gürcüstan azərbaycanlısına şamil etmək nə obyektiv siyasi təhlilə, nə də sağlam ictimai düşüncəyə uyğundur. Belə yanaşma cəmiyyətdə əsassız şübhə və qarşıdurma yaratmaqdan başqa heç bir məqsədə xidmət etmir.

Hesab edirik ki, Gürcüstan azərbaycanlıları haqqında fikir bildirən hər bir şəxs tarixi reallıqları, bu xalqın Azərbaycan dövlətçiliyinə verdiyi töhfələri, göstərdiyi sədaqəti və yaşadığı ölkəyə bağlılığını nəzərə almalıdır. İctimai mövqeyi olan şəxslərdən daha çox məsuliyyət, obyektivlik və qarşılıqlı hörmət tələb olunur.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi olaraq hesab edirik ki, bütöv bir xalqı təhqir etmək, onun milli ləyaqətinə toxunmaq və ayrı-ayrı halları ümumiləşdirərək kollektiv ittihamlar səsləndirmək yolverilməzdir.

Mübariz Əhmədoğlunu səsləndirdiyi fikirlərə görə Gürcüstan azərbaycanlılarından tezliklə üzr istəməsini tələb edirik!

Rezo Həsənov

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri

20 noyabr 2026-cı il

Gürcüstan,Bolnisi

Soydas.az

Paylaş:

Xəbər lenti